Əlixan Rəcəbovun "Viktoriya"dakı məğlubiyyəti

Əlixan Rəcəbovun "Viktoriya"dakı məğlubiyyəti
21 fevral 2023
# 15:00

Kulis.az Ulucay Akifin “Viktoriya” adlı yazısını təqdim edir.

Həftəsonu “Viktoriya” qısametrajlı filmini izlədim. Quruluşçu rejissoru Əlixan Rəcəbov, ideya və ssenari müəllifi Azər Aydəmir olan filmin əsas rollarını da bu iki şəxs oynayır.

Əslində, bu yazını yazmaq fikri elə filmi izləyəndən sonra gəlmişdi, amma sonra tənbəllik elədim. Açığı, hərdən adama elə gəlir ki, yazdığı yazıların heç bir əhəmiyyəti yoxdur.

Elə bayaq təsadüfən Azər Aydəmirlə rastlaşdıq, “Viktoriya” filminə görə təbrik elədim, sonra dedim ki, bir yazı da yazacam bu film haqda. Dedi, çox şad olaram. Şad olacaqsa, yazım da. Söz ağızdan bir dəfə çıxar, demisənsə, eləməlisən.

Hə, keçək “Viktoriya” filminə. Əvvəlcədən demək istəyirəm ki, mən qətiyyən film tənqidçisi, kinodan güclü başı çıxan adam deyiləm. Düzdür, iki-üç rejissorun adını əzbərləmişəm: Tarkovski, Trier, Berqman, Fellini, Sorentino... Fürsətdən istifadə edib Sevda Sultanovaya salam və dualarımı çatdırıram.

“Viktoriya” filminə Yutubdan baxdım.

Filmin janrı və mövzusu haqda qısa da olsa, annotasiyanın verilməməyinin qüsur olduğunu düşünürəm. Bu, vayn, ya videobloq deyil, qısametrajlı filmdir, peşəkar işdir. Peşəkar işdə gərək ki, görülən işi, ortaya çıxan məhsulu (film, kitab, musiqi və s.) istehlakçısına (izləyici, oxucu, dinləyici və s.) düzgün formada təqdim edə biləsən. Çünki təqdimat peşəkarlığın ilk addımıdır.

Dostlar bu filmi sadəcə bir video kimi atıblar elə Yutuba. Heç “yerləşdirməyiblər” də, elə bil tutar qısametrajlı film, tutmaz video-bloq adıyla məhz “atıblar”.

“Viktoriya” filminin janrı trillerdir. Filmin ilk dəqiqələrindən izləyicinin içində yaranan həyəcan və qorxu hissi son ana qədər adamı buraxmır, hər dəqiqə bir az da artır.

Triller janrında çəkilən filmlərdə ssenari və aktyor işi ilə bərabər ən əhəmiyyətli komponentlərdən biri də musiqidir ki, ilk olaraq elə filmin səs rejissoru Sənan Güləhmədzadənin işinin yetərincə yaxşı olduğunu demək lazımdır. Hadisələr arasındakı musiqi keçidləri səliqəli işlənilib. Səs rejissorunun işinə qoya biləcəyim yeganə mız bəzi məqamlarda musiqinin tamamilə yoxa çıxmasının bir az uğursuz olduğunu düşünməyimdir.

Ssenaridə boşluq görmədim, ona görə də bu haqda xüsusi deyəcəyim nəsə yoxdur. Çox maraqlı süjeti var. Filmin adı da çox uğurlu seçilib. "Viktoriya" - qələbə.

Filmdə hadisələr qumar masası arxasında baş verir. Əsas rolları Əlixan Rəcəbov və Azər Aydəmir ifa edir.

Yəqin, son illərdə aktyor və aktrisalarımızın əksəriyyətində çatışmayan ən vacib xüsusiyyətin təbiilik olduğunu hamımız etiraf edərik. Filmlərimizdə, xüsusən də, seriallarımızda aktyor işinin süniliyi adamın gözünü deşir, qulağını cırmaqlayır. Azər Aydəmirin aktyor işində bu cür neqativ impulslar hiss olunmur. Həm də oynadığı obrazlar biri-birindən tamamilə fərqli olsa belə. Çox rahatca müxtəlif obrazları canlandıra bilir. Onun yaradıcılığı bir xətli deyil. Müxtəlif janrlardakı filmlərdə öz peşəkarlığını ortaya qoyur. Komediya, drama, melodrama, bədii film...

Təəssüf ki, əksər aktyorlarımız bunu bacarmır, onlar çox vaxt canlandırdıqları bir obraza uduzurlar və o obrazdan heç vaxt çıxa bilmirlər, tamaşaçı yaddaşında da ancaq həmin obrazla qalırlar. Məncə, bu, bir aktyorun ən böyük uğursuzluqlarından sayıla bilər. Bu qəbildən xeyli aktyor sadalaya bilərəm. Əgər həmin obraza uduzan aktyorlardan misal göstərməli olsam, heç şübhəsiz Fəxrəddin Manafovun adını çəkərəm. Fəxrəddin Manafovun çəkildiyi bütün filmlərində Zaur obrazındadır. Fəxrəddin Manafov şübhəsiz böyük aktyordur. Ancaq Zaur obrazından heç vaxt xilas ola bilmədi.

Canlandırdığı obraza uduzmuş hazırki digər aktyorların adını çəkməyə ehtiyac duymuram, çünki onların əksəriyyətinin aktyor olub-olmamağı ilə bağlı içimdə böyük tərəddüd və şübhələr var. Fəxrəddin Manafov isə oynadığı obraza uduzan aktyorlar siyahımda ən böyük və ən uğurlu, həqiqi aktyordur.

Azər Aydəmirin son illər müasir Azərbaycan kinematoqrafiyasında ən böyük tapıntılardan biri, bəlkə də, birincisi olduğunu düşünürəm. Xarizma, mimika və jestlərin təbiiliyi, səs tonunun idarə olunması, bir sözlə, obrazı peşəkarca canlandırmaq üçün lazım olan hər xüsusiyyət Azər Aydəmirdə var, özü də bəs qədər.


Azər Aydəmir triller janrında çəkilmiş “Viktoriya” filmində də bu ustalığını nümayiş etdirir. Filmin bütün ab-havasını, atmosferini də onun aktyor işi yönləndirir. Bir növ filmin aktyor truppasına (bu filmdə çəkilən aktyorların nə dərəcədə peşəkar olduğundan xəbərdar deyiləm və filmdə iki obrazdan başqa kiminsə önə çıxması üçün fürsət də yoxdur) dirijorluq edir. Aktyorun səsi, mimikaları, jestləri filmin musiqisi üzərində belə dominantlıq edir.

Gələk Əlixan Rəcəbova. Əlixan Rəcəbovun aktyor olmadığını (söhbət qətiyyən təhsildən getmir) hamımız bilirik, bu səbəbdən onun canlandırdığı obraz haqqında geniş danışmağa ehtiyac duymuram.

Ümumiyyətlə, düşünürəm ki, həmin obraz üçün başqa bir peşəkar aktyor seçilsə (məsələn, Hikmət Rəhimov), filmin dinamikası daha fərqli olardı. Əlixanın canlandırdığı Samir obrazı Azər Aydəmirin canlandırdığı Zaur obrazının təzyiqi altında çox kiçik və gücsüz görünür. Bunun səbəbini ssenariyə, yəni hadisələrin gedişatına bağlamaq isə doğru olmaz. Etiraf etmək lazımdır ki, Əlixanın da bütün filmlərdə canlandırdığı obrazlar eynidir, biri-birinin qardaşı, ən yaxşı ehtimalda isə əmioğlusudur. Filmdə Əlixan varsa, aşağı-yuxarı obrazın necə olacağı, haralarda səsinin əsəcəyi, haralarda güləcəyi, nəyə kədərlənəcəyi, nəyə əsəbiləşəcəyi əvvəlcədən bəli olur. Ruslar demiş, “нет ничего непредсказуемого”.

Yaxşı olardı ki, Əlixan bu obraz üçün daha uğurlu aktyor seçimi edərdi. Düzdür, onun filmdə özünün oynamaq istəyini də çox gözəl başa düşürəm, amma belə olmamalıdır. Ərsəyə gətirdiyi iş öz şəxsi şöhrətpərəstliyindən daha üstün olmalıdır. Daha doğrusu, şəxsi ambisiyası elə ərsəyə gətirdiyi iş olmalıdır.

Əgər aktyor olmaq istəyirsə, özünü bu sahədə inkişaf etdirməsi çox yaxşı olardı.

Əlixan Rəcəbovun “aktyor işi”ni bir qırağa qoysaq, igidi öldürüb, haqqını yeməməli olduğumuzu düşünürəm.

Xeyli tənqid olunsa da, onun və komandasının gördüyü işləri çox yüksək qiymətləndirirəm. Ən azından bu sahə üçün çox məhsuldar işləyirlər və ortaya uğurlu işlər də qoyurlar.

Elə “Viktoriya” qısametrajlı filminin yayımlandıqdan sonra Yutub platformasının Azərbaycan sektorunda trendlərdə birinci pilləyə qalxmağı gözəldir. Demək ki, Əlixan keyfiyyətli işi böyük kütlələrə çatdıra bilir.

“Viktoriya” filmindən əvvəl “Luger”, “Faberje”, “Sonuncu şam yeməyi”, “İblis” və digər işlərini də izləmişdim. O qısametrajlı filmlərin də uğurlu olduğunu düşünürəm.

Bütün bunlara görə Əlixana təbrik düşür. O, deyinməklə yox, ortaya iş qoymaqla məşğuldur. Bu fəaliyyətin mütəmadi olacağına ümid edirəm. Çünki uğurun ilk açarı mütəmadilikdir.

Əlixan Rəcəbovun və komandasının görəcəyi hər növbəti işin daha uğurlu və peşəkar olacağına inanıram.

Son olaraq. “Viktoriya” filminin metrajı 18 dəqiqə 39 saniyədir. 18 dəqiqə 39 saniyə ərzində edə biləcəyiniz nə qədər iş var ki? Belə kiçik zaman dilimində edə biləcəyiniz şeylərin sayı çox azdır. Zaman o qədər sürətlənib ki, indi 20 dəqiqənin heç bir əhəmiyyəti yoxdur. Heç 1 saat, 1 gün, 1 həftənin də.

Müasir dövrdə pul kimi vaxt da devalvasiyaya məruz qalır, pulla bərabər zaman da öz dəyərini itirir, inflyasiyaya uğrayır. Bu “zaman devalvasiyası” içində vaxtımızı çox mənasız, faydasız, boş şeylərə xərcləmək də rutinə çevrilir, heç birimizi narahat eləmir. Çünki artıq zaman qızıldan qiymətli deyil. Proses əksinə doğru getməkdədir. Əlbəttə, yəqin, axır-əvvəl zaman yenidən öz gücünü bərpa edəcək, amma görünür, buna hələ var.

# 20036 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #