“Səyavuş Aslanın nazı ilə çox oynamışam” - MÜSAHİBƏ

“Səyavuş Aslanın nazı ilə çox oynamışam” - MÜSAHİBƏ
27 aprel 2011
# 11:33
Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun APA-ya müsahibəsi

- Bəhram müəllim necəsiniz və haralardasınız? Akademik Milli Dram Teatrından işdən öz istəyinizlə uzaqlaşdınız. Bu hadisədən sonra atdığınız addımla bağlı təfərrüatı ilə danışmaq istəmədiniz...

- Görünür, insanın sənətdə elə bir vaxtı gəlib çatır ki, adam daha sərbəst işləmək, azad olmaq istəyir. Gənclik həyatımdan bu günə qədər Akademik Milli Dram Teatrında müxtəlif vaxtlarda hər hansı pyesin hazırlanması üçün teatra rəhbərlik edən şəxsi uzun bir inandırma prosesi keçmişəm. Bir əsərin hazırlanmasından əvvəl bir il söz-söhbət gedir və ondan sonra bu əsərin səhnələşdirilməsinə icazə verilir. Yəni gücün xeyli hissəsi onu inandırmağa gedir. Görünür, elə zaman çatdı ki, artıq bundan yoruldum, usandım və çox rahat şəkildə düşündüm ki, istər yaradıcılığı, istərsə də həyatı belə qurmaq olmaz. Mənim teatrdan getməyimdə qeyri-adi bir şey yoxdur. Mən onsuz da Akademik Milli Dram Teatrında işləyəndə də müxtəlif bölgə teatrlarında tamaşalar hazırlamışam.

- İndiki rəhbərliklə münasibətləriniz necədir? Bəlkə teatrda kardinal rəhbərlik dəyişikliyi və mövcud vəziyyət Sizi qane etmədiyi üçün bu addımı atdınız?

- İşdən çıxmazdan əvvəl indiki rəhbərliklə dəfələrlə söhbətimiz olub. Bu söhbətlər bizim ikimizə aid olub, yəni ictimaiyyətə aidiyyəti olmadığından danışmağı lüzum bilmədim. Sadəcə özümü İsrafil İsrafilovun düşündüyü komandada görmədim və getdim. Ümumiyyətlə, teatrda islahatlar adı altında baş verənləri qəbul edə bilmədim. İslahat o demək deyil ki, kimisə işdən xaric edəsən. İndiki islahat proqramında da bu şeylər vardı və görünür cənab direktor islahatı məhz bunda görür. Mən orada bu gün hökm sürən rejissuranın lazımsızlığını hiss elədiyim üçün o teatrdan getdim. İstəyirlər teatrdan getməyimi etiraz kimi qəbul etsinlər... 20 ilə yaxındır pedaqoji fəaliyyətlə məşğulam və tam dəqiqliyi ilə anlamışam ki, bir aktyorun yetişdirilməsi üçün təhsildən əlavə, peşəkar teatrda azı 10 il vaxt lazımdır və yalnız 10 ildən sonra demək olar ki, bu aktyordur, ya deyil. Əlbəttə lazımsız deməzdim, müəyyən yaşantılar nəticəsində artıq yorulan, bezən sənət adamları var ki, onlar bu gün deyil, onlar illərdir teatra yük olaraq qalırlar. Amma onlar sənət adamlarıdır və onları birdən kəsib atmaq düzgün deyil. O insan gərək özü lazım və ya lazımsız olduğunu hiss etsin.

- Və Siz bütün bunlarla mübarizə aparmaq istəmədiniz...

- ...Elə deyil. Mən işlədiyim müddətdə kifayət qədər öz düşüncələrimi demişəm və söylədiklərimin bəziləri keçib, bəziləri isə yox. Bir şeyi anlayıram ki, teatrda 70, 100, hətta 120 nəfər aktyor heyəti ola bilər və bu 120 nəfərdən 10 və ya 20 nəfəri sözün əsil mənasında istər cəmiyyət, eləcə də teatr üçün lazımlı olanlardır. Demək ki, teatrda artıq truppa var. Yerdə qalan 30-35 nəfər isə ümidverən heyət ola bilər. Vacib deyil ki, bir truppada 70 nəfərin hamısı gözəl aktyor olsun. Buna ehtiyac yoxdur. Ən əsası odur ki, sənət adamlarını sevmək lazımdır. Teatr bir ailədir və ailə kimi də fəaliyyət göstərməlidir. Onların qayğısına mütləq qalmaq lazımdır. Hələlik proses gedir və mən o prosesin içində deyiləm. Sözsüz ki, hər bir sənət adamının depressiyaya düşən və depressiyadan çıxan vaxtı olur. Mənim nəzərimdə bu gün sözdən əməli işə keçmək lazımdır, amma təəssüf ki, hələlik onu görmürük. Bu həyəcan təbiri elə-belə deyil.

- Teatrdan uzaqlaşandan sonra, rəhbərlik tərəfindən Sizə təklif gəlibmi?

- Bildiyimə görə, üç tamaşa bərpa olunub, amma mən bərpalarda iştirak etməmişəm. Ancaq bunlar 4-5 il bundan əvvəl oynanılan, mənim üçün artıq ləzzətini itirmiş tamaşalardır. Mənə də İsrafil müəllim təklif elədi və biz anlaşdıq. Sadəcə olaraq mən o tamaşaları bərpa etməkdən imtina etdim, amma anlaşmamız müsbət oldu, teatrın gələcək planlarından, arzulardan danışdıq. Arzular çox zaman çin olmur, mən istəməzdim ki, teatrda arzular arzu olaraq qalsın. Bu gün Azərbaycan teatrında çox güclü orta nəsil var. Bir neçə ildən sonra onlar da gözləməkdən usanacaqlar. Bu gün boş qalmaqları onları incidir.

- Çıxışınızdan belə qənaətə gəlmək olar ki, İsrafil müəllim rəhbər olduğu müddətdə o teatrda tamaşa qoymayacaqsınız? Əgər təklif gəlsə, hansı şərtləriniz olacaq?

- İsrafil müəllim o teatrın direktorudur və heç bir teatrda direktor yaradıcılıq işlərinə qarışmır. Hətta qonşu Rusiyada elə bir teatr yoxdur ki, orada direktor yaradıcılıqla məşğul olsun. Rusiyanın ən güclü rejissorları bu gün bədii rəhbərdir və direktor ikinci adamdır. Həmişə də belə olub. Azərbaycanda isə direktor həmişə Bədii Şuranın sədri olub, baş rejissor həmişə ikinci adam olub. İsrafil İsrafilov teatrın sadəcə direktorudur, o teatrın bədii rəhbəri deyil, baş rejissoru deyil. Bəlkə də İsrafil İsrafilov kimisə axtarır... Azərbaycan rejissurasında adları olmayan, amma rejissor sayılan şəxsləri teatra dəvət edib, onların vaxtını uzatmaq üçün tamaşalar verir ki, kollektivin başı qarışsın və işləsin. Yəqin ki, öz qəlbinə hansısa birini yaxın bir adam hesab edir və nə zamansa məsələ qaldıracaq ki, bu adam teatrın baş rejissoru olsun. Yəqin ki, belə olacaq, onsuz mümkün deyil. Teatrda rejissorun ənənəvi işləməməsi yaxşı hal deyil. Rejissorun teatrda işləməyi həmin truppanın sabit qalmağı deməkdir. Rejissor aktyorlara ümid verir.

- Akademik Milli Dram Teatrında sonuncu tamaşalara baxmısınızmı?

- Xeyr, baxmamışam. Adətən adamı belə yerlərə dəvət edirlər. Ümumiyyətlə, mən xüsusi bir dəvət gözləməyən adamam, Bakıda paralel olaraq bütün tamaşalara gedirəm. Sadəcə olaraq son bir-iki ildə istəyirəm ki, dəvət etsinlər, sonra gedim. Hansı teatrın rəhbəri ilə yoldaşamsa, dəvətsiz də gedib həmin teatrın tamaşasına baxıram. Bura getmədim, çünki mənim üçün maraqsızdır. Düz üç ilə yaxın Bakı tamaşaçısı çox möhtəşəm şəkildə Dram Teatrının açılışını gözlədilər, amma mən o təntənəni, möhtəşəmliyi görmədim və ona görə də orada yox idim. Mən o tamaşalardan qeyri-adi bir şey gözləmirdim. Hələ köhnə rəhbərliyin vaxtında repertuar təsdiqlənən zaman öz düşüncələrimi demişdim. Bilirsiniz, teatra yeni baxış olmalıdır, onsuz mümkün deyil. Açığı deyim, orada mən iki-üç tamaşa hazırlamalı idim, sonradan o pyeslər də lazım olmadı. Lazım olmadısa, mən yenidən gedib orada hansısa bir şərtlə tamaşa hazırlamaq istəmirəm. Heç bir şərtim yoxdur və istəmirəm. Bacardıqca yox demək fikrim var.

- Teatra yeni baxışı kim gətirəcək? Xarici rejissorlar?

- Tamaşanı hazırlayan rejissor gətirməlidir bu baxışı. Əgər onda yeni baxış yoxdursa, o zaman başqa bir rejissor dəvət olunmalıdır və bunu o etməlidir. Gəlmələr bilə bilməzlər, çünki heyəti tanımırlar. Gəlmələr gəlir, uzağı bir-iki tamaşaya baxır, teatrın direktoru rolları seçir və təqdim edir. O da işləyir, bir tamaşa qoyub pulunu alıb gedir. Bu, çıxış yolu deyil... Əgər mən bu gün Gənc Tamaşaçılar Teatrında dəvətli olaraq bir tamaşa hazırlayıramsa, bu o demək deyil ki, mən o teatrın sənət həyatını tamam dəyişəcəyəm. Qətiyyən. Dəvət olunan rejissorlar sadəcə bir balaca tərpəniş edib, öz işlərini görüb gedirlər. Yerdə qalan həyat teatrın öz həyatıdır. Hər dəvət olunan rejissor bundan başqa heç nəyə malik deyil. 40 günə heç bir insan gəlib burada heyrətamiz bir şey edə bilməz, heç buna həvəsi də olmaz. Kənardan dəvət olunan rejissorların heç biri gəlib Azərbaycan teatrını dünya səviyyəsinə çıxara bilməz. Azərbaycan teatrı daim inkişafda olub. Müxtəlif illərdə, müxtəlif uğurlu tamaşalar da olub. Azərbaycan teatrının 138 yaşı var və biz bu teatrı yaratmamışıq ki, şəxsi sərvətimiz kimi məhv edək.

- Sizcə rejissor teatra rəhbərlik edə bilər? Siz özünüzü Akademik Milli Dram Teatrının rəhbəri olaraq görürsünüzmü?

- Belə bir söz var - general olmaq istəməyən əsgər, yaxşı əsgər deyil. Bu gün normal sayılan bütün teatrların hər birinin rəhbəri rejissordur. Bizim teatr ənənəsində Adil İsgəndərov və teatrın ən çiçəklənən dövrü sizlərin, mənim görmədiyim həmin dövr olub ki, o dövrü əfsanəyə çeviriblər. Adil müəllim teatrı həm böyüdə, həm kiçildə bilərdi. Teatr həyatı məhz budur, ancaq yekunda nə isə bir şey göstərməlisən. Adil müəllim, Tofiq Kazımov bunu öz dövründə göstərməyi bacardı. Yenə də təkrar edirəm öz dövründə, amma bu gün XXI əsrin 2011-ci ilində oturub Adil İskəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, Nəsir Sadıqzadə, Əşrəf Quliyev üçün həsəd aparmaq lazım deyil. Teatr sənəti canlı sənətdir və bu gün yaşadığımız dövr üçün lazımdır. Hər bir dövrün özünün sənət adamları var, onları qiymətləndirmək lazımdır. Akademik Milli Dram Teatrında işlədiyim dövrdə müəyyən ekstremal vəziyyət olanda mən hər zaman çağırılmışam və həmişə mənimlə bir fikir mübadiləsi aparılıb. Gəncədə iki il müddətində baş rejissor əvəzi kimi ezamiyyətdə olmuşam və sözün əsil mənasında tam ölü bir yaradıcılıq müəssisəsini bu müddətdə yeni təyin olunmuş direktorla bərabər, bir balaca tərpəniş edən teatra çevirmişik. Təyin olunan rəhbər bir il müddətində repertuarı seçir və heyətini yığır. Və gələcək üç il müddətində konkret hansısa yüksəlişləri dəf edir. Akademik Milli Dram Teatrında növbəti üç il ərzində bu yüksəlişi görsəm, sevinərdim. Çox təəssüf ki, vədlər verilir, amma yerinə yetirilmir. Mən istərdim ki, bütün vədlər yetirə yetirilsin.

- O zaman belə qənaətə gəlmək olar ki, Azərbaycan teatrının mövcud vəziyyətində günahkar əslində rejissorlar yox, teatr rəhbərləridir?

- Azərbaycan rejissurasının yüksək səviyyədə olduğunu deyə bilmərəm. Bu gün Azərbaycanda rejissor barmaqla sayılacaq qədərdir. Əgər 4 -5 rejissor varsa və onlara dəstək verilirsə, o zaman kənardan rejissor axtarmağa ehtiyac yoxdur. Bu kifayət edir. Rejissor həmişə olub, sadəcə olaraq onlar qiymətləndirilmir, onlara lazımi şərait yaradılmır.

- Bir müddət hansı tamaşanın yaradıcı heyətinə baxırdıqsa, rejissor olaraq Sizin adınızı görürdük. Nə vaxtdır adınıza rast gəlmirik.

- Bu bir fasilədir. İnana bilmərəm ki, həmişə belə olacaq. Akademik Milli Dram Teatrında, Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar Teatrında və Mədəniyyət və İncəsənət Universitetində gənc aktyor və rejissorlarla tamaşa hazırladım. Sənət yanğısını bununla öldürmək olar. Yaratmaq isə hələlik qismət deyil, bu hissi də qəlbimdən tədricən çıxarıb atıram kənara ki, məni incitməsin. Bu bir il ərzində bəlkə də mən illərlə oxumadığım pyesləri oxumuşam. Sizin suala gəldikdə... Görünür, hələ uzun müddət sınaqlardan çıxmalıyam. Bakıda məni istəyən çoxlu sənət adamı var, çoxlu teatrlar var ki, onların rəhbərləri mənə inanır. Onların arasında Mübariz Həmidov, Əliqismət Lalayevin adını çəkə bilərəm.

- İsrafil İsrafilov isə inanmadı?

- İsrafil müəllimi 30 ildən çoxdur tanıyıram. Tədris Teatrının direktoru olub və mənim kövrək tamaşalarım onun rəhbərlik etdiyi dövrə təsadüf edib. Amma bu, təbii şeydir, hər bir adamın öz komandası olur, onun daha çox inandığı, pərəstiş etdiyi adamlar olur ki, buna da mən çox təbii baxıram. Allah eləsin ki, həmin o adamlar teatrı düzəltsinlər, sizin arzularınız gerçək olsun, aktyorların danışıqlarına son qoysunlar, onlar həyəcan təbili çalmasınlar. Qəzetlərə çıxanda teatra doğmalıqdan danışsınlar. Əgər bunu bacarmırıqsa, gərək işləyə bilən adama mane olmayaq və öz iddiamızı içimizdə boğaq və çıxaq gedək. Mən sənət yoldaşlarımla da danışıram, deyirəm gözləyin, bəlkə doğrudan da nə isə olacaq. Amma bir şey var, həyat uzundur, ömür isə qısa, ancaq sənət əbədidir, heç kəs deyə bilməz ki, “bu mənimkidir, mən varamsa, sənət var, mən yoxamsa, sənət olmayacaq”. Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov qəzet səhifələrində bildirir ki, “teatrlara rejissor lazım deyil, teatr direktorun teatrı olmalıdır”. Bu kökündən səhv fikirdir. Birinci növbədə bu çıxışlarla özünə yalan danışır, öz qəlbinə satqınlıq edir. Teatr rejissuradır, rejissura teatrın beynidir, aktyor rejissorsuz heç bir şey edə bilməz. Amma deyəndə ki, lazım deyil, bu fikir məni çox incidir. Amma mən bunu ürəklə deyirəm – lazımdır! Direktor hər şey edə bilər - teatra maddiyyat gətirə bilər, qastrollar təşkil edə bilər, müxtəlif ölkələrdən rejissorlar dəvət edə bilər, amma bu o demək deyil ki, o teatr canlı teatrdır. Teatra rəhbərlik edən həmişə rejissor olmalıdır.

- Müxtəlif teatrlarda tamaşalar qoyursunuz, azad rejissor kimi fəaliyyət göstərirsiniz. Bəs, özünü hansı teatrda tapmısınız?

- Heç bir teatrda. Bu gün mən ancaq tək olanda düşünürəm, çoxlu ideyalarım var. Əbdürrəhim bəy Haqverdiyevin “Şeytanın cəhənnəmə məktubları”nı səhnələşdirmək istəyirəm. Ancaq bunu hansı teatrda hazırlayacağam, onu bilmirəm.

- Aktyorlarımız vaxtı ilə də, elə indinin özündə də gileylənirlər ki, rejissorlar aktyor seçimində şəxsi münasibətlərə önəm verirlər, nəinki istedada.

- Mən belə şeylər etməmişəm. Bəlkə də mənim haqqımda bu cür fikirlər səsləndirirlər. Mehdi Məmmədov deyirdi ki, “rejissor gərək yalquzaq kimi tək olsun”. İnsanıq da, kimsə kiminləsə yoldaş, dost olar. Amma bu o demək deyil ki, şəxsi münasibətlər rejissorun rol bölgüsündə rol oynayır. Mənim aktyorlardan ən yaxın dostum olub, məsələn, mərhum Kamal Xudaverdiyev və Yaşar Nuri. Mən hətta onlara tamaşada oynayacaqlarını bilə-bilə əvvəldən bunu deməmişəm, istəmişəm ki, öz adlarını əmrdə görsünlər. Çünki son anda rollar dəyişilə bilərdi. Bəli, Akademik Milli Dram Teatrında elə aktyor və aktrisalar olub ki, onlara bir dəfə də rol verməmişəm. Hazırladığım pyeslərdə onları görməmişəm və bir qorxum olub ki, verdiyim rola nadinclik edər və gəlməz.

- Yeri gəlmişkən, eşitmişik xalq artisti Siyavuş Aslanla münasibətləriniz pozulub.

- Siyavuş Aslanla münasibətlərimiz çox gözəl olub, mən onu kifayət qədər çox istəyirəm. Siyavuş müəllim çox yaxın adamım olub. Sadəcə olaraq, son bir-iki ildə aramızda anlaşılmazlıq oldu. Mən həmişə onun nazı ilə oynamışam. Gördüm ki, onun nazı ilə həddindən artıq çox oynamağım artıq digər aktyorlara pis təsir edir. O da bundan çox ərköyünlük edir. Məcbur olub, Siyavuş Aslanı “Arılar arasında” tamaşasından çıxartdım. Bildiyimə görə, ondan sonra kifayət qədər çıxıb mənim haqqımda danışdı. Bu, onun öz fikirləridir. Siyavuş Aslan Azərbaycan teatrının çox mötəbər aktyorlarından biridir, amma daha böyük aktyor ola bilərdi...

- Bildiyimə görə, “Kaş araba aşmayaydı” tamaşası da məhz Siyavuş Aslanla olan münasibətlərinizə görə repertuardan çıxarıldı.

- Bəli, bu, Siyavuş Aslanın ən gözəl rollarından biri idi. Siyavuş Aslan Əli Əmirlinin “Varlı qadın” tamaşasında da çox gözəl rol oynayırdı. Amma təəssüf ki, hər iki tamaşanı müəyyən müddət keçəndən sonra oynamaqdan imtina etdi. “Varlı qadın” digər aktyorlar tərəfindən oynanıldı, amma “Kaş araba aşmayaydı” tamaşası qaldı böyrü üstə. Sonra bu tamaşanın da başqa aktyorlar tərəfindən oynanılması təklif olundu, razılaşmadım. Bu da mənim Siyavuş Aslana hörmətimdən irəli gəlir. Mən o pyesi onun üçün tapıb işləmişdim. Bu tamaşalar aktyor ərköyünlüyünün qurbanı oldu...s
# 1819 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #