“Sonun başlanğıcı”: ətsiz şorba faciəsi

“Sonun başlanğıcı”: ətsiz şorba faciəsi
3 noyabr 2012
# 08:30
Bu yazım “Xəzər” telekanalında yayımlanan “Sonun başlanğıcı” serialı haqda olacaq.

Adı çəkilən teleməhsulun ssenari müəllifi və rejissoru Samir Qulamovdur.

S.Qulamov bundan əvvəl “Küləklər şəhəri” serialını ekranlaşdırmışdı. Kriminal janrda çəkilən serial həyatın alt, qorxunc qatlarından, mafiyadan bəhs edirdi.

“Küləklər şəhərinin” bəzi hissələrinə baxmışdım. Ümumiyyətlə, mafiya, xüsusən də italyan mafiyası haqda filmlərin, serialların həvəskarıyam. Bu mənada tələbkar tamaşaçı olduğumdan, “Küləklər şəhəri” ndə mövzu yozumu, rejissura, qısası, heç nə marağımı çəkməyib.

Hərçənd, S.Qulamov inadkardır, yeni serialı ilə həyatın başqa alt qatlarına enməyə cəhd edir.

“Sonun başlanğıcı”ını bir növ andegraund hesab etmək olar. Çünki serial yeraltı dünyanın, həyatın dibində məskən qurmuş insanların talelərini anladır. Hər iki serialdan da göründüyü kimi rejissor “ağır” mövzuları ekranlaşdırmağa meylli və iddialıdır.

Əhvalat zibilxanada iki “bomj”un – gənc kişi və qadınının tanışlığından başlayır. Və artıq ilk kadrlarından keyfiyyət bəlli olur: ANS-in keçmiş əməkdaşı Gülnarə Məmmədovanın oynadığı gənc qadın Güllər “bomj”a qətiyyən oxşamır, makiyajı solğun olsa da, ümumilikdə baxımlı qadın təəssüratı yaradır. Təsəvvür edin ki, zibilxanada elə ilk tanışlıqdan tərəflərin “ağır” söhbəti başlayır və biz Güllərin patetik monoloqunu dinləyirik: “Biz, evi-eşiyi olmayanlarıq, tərk edilmişlərik, atılmışlarıq, sındırılmışlarıq. Uca, dəbdəbəli binanın zirzəmisində siçan kimi yaşayan günahkarlarıq”.

Elə təkcə bu kadr bütün serialın ruhunu, atmosferini müəyyənləşdirmək üçün bəs edir. Rejissorun “səfil, amma ləyaqətlə yaşamaq, başqaları kimi yaxşı yaşamaqdan üstündür” diqtəsindən sonra aydınlaşır ki, bu, tamaşaçıya əxlaq dərsi keçən, öyüd-nəsihət verməyə iddialı serial olacaq. Qədimdən qədim, istifadə müddəti bitmiş, tipik şərqli təfəkkürü.

Məqaləni yazmazdan əvvəl S. Qulamovun bir neçə müsahibəsini oxudum. Müsahiblərdən birində rejissor fəxrlə qeyri-peşəkar aktyorlarla işlədiyini deyir. Çox əcəb, çox pakizə. Rejissorun qeyri-peşəkar aktyorlara müraciəti yenilik deyil. Dünyaca məşhur rejissorlar arasında da qeyri-peşəkar aktyorlarla əməkdaşlıq edən isimlər var. Fəqət, onlar peşəkar olmayanlarla sözün əsl mənasında çalışıb və ortaya keyfiyyətli məhsul qoyublar. Aktyorun oyunu alınmırsa, məsuliyyət hər şeydən əvvəl rejissorun boynuna düşür.

Güllər kədərli nitqini söyləyəndə üzündən işvə, əda süzülür, sanki o, qarşısındakına naz edir. Təkcə Güllərin yox, əksər obrazların xarakterləri, özünü ifadəsi, intonasiyası doğru tapılmayıb. Bu o deməkdir ki, rejissor yaradıcı prosesdə aktyorlarla işləməyib, sadəcə obrazların ümumi konturlarını cızmaqla kifayətlənib.

S.Qulamov hadisələri anlatmaq üçün fleşbekdən (yəni filmlərdə süjet xətti kəsilir, tamaşaçı keçmişdə baş verənlərin təsvirini görür) istifadə edir.

Beləcə, tədricən hər qəhrəmanın keçmişi ilə tanış oluruq. Anlayırıq ki, personajlardan biri Mənsur (Nizar Məmmədov) harın, atasının pulu hesabına yaşayan biri olub, sonradan iflasa uğrayıb və indi səfil həyat yaşayır. Rejissorun mənfəətpərəst dostların Mənsurun imkanlarından istifadəsini ibrət dərsi kimi vermək cəhdi primitiv dialoq və situasiyalarla həllini tapır.

Bəzi serialalrda olduğu kimi “Sonun başlanğıcı”nda da konflikti əsaslandırmamaq problemi var. Diqqətimi çəkən bir vəziyyəti təsvir etməyə çalışacağam. Bakının köhnə məhəlləsi. Ənlikli-kirşanlı orta yaşlı qadın zivədən paltar asır. Birdən eyvanın qapısı açılır və yeniyetmə oğlan çıxıb anasına çımxırır (həmin anda ata əlində çörək olan torba işdən gəlir):

- Üç aydan çoxdur ki, ət yemirəm, neynim, dərsimi oxuyum, ya gedib bazarda hamballıq edim?

- Dadlı sup bişirmişəm.

- Yenə sup? Ətsiz sup olar?
Beləliklə, ətsiz şorba sosial faciəyə çevrilir. Və ana-oğul tərəfindən ailəsini dolandıra bilməməkdə günahlandırılan ata “ətsiz şorbanın” qurbanına çevrilərək evi tərk edir.

Başa düşürəm, biz ət yeyən və sevən millətik, qida rasionumuzda ət önəmli yer tutur. Şübhəsiz ki, rejissor da bunu nəzərə alıb. Amma Tanrı xətrinə, ətsiz yeməyi sosial faciə kimi göstərib özümüzü gülünc vəziyyətə salmayaq. Ailənin sosial dramını göstərmək üçün başqa vasitələr, situasiyalar mövcuddur axı.

****

“Tənha adamların əksəriyyəti ağıllı olur. Tək qaldıqca dünyanı dərk etməyə başlayırsan. Həyatın girdabında formalaşan adamların axmaq olmaq şansları daha azdır”.

Serial başdan-ayağa bu cür didaktikadan, “fəlsəfəyə” söykənən dialoqlardan ibarətdir. Səfillər bəxti gətirməyən ziyalılardısa, o demək deyil ki, mütləq “ağıllı” danışmalıdırlar.

İnanın ki, Vyana Universitetində fəlsəfəni öyrənmiş Mixail Hanekenin filmlərində bu cür sözlər eşitməzsiniz. Çəlləkdə yaşayan, səfil Diogen belə “dərin, mənalı” söhbətlər etməyib.

Rejissor aclar və səfillərin mənəvi dünyasını az qala ilahiləşdirməklə reallıq hissindən uzaqlaşır: yəni çətinliklərə rəğmən onların mənəviyyatı laxlamayıb, deqradasiyaya uğramayıblar. Viktor Hüqonun səfilləri bu qədər mənəviyyatlı deyildi vallah.

...Məncə, həyatın dibindəki insanları dramını keyfiyyətli anlatmaq üçün S.Qulamov ara-sıra italyan neorealizminin nümunələrini və ya Zəki Demirkubuzun filmlərini diqqətlə izləməlidir.

Sevda Sultanova
# 2956 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #