Elə yazarlar var ki, oxucunu aldatmağı, oxucu ilə oynamağı sevirlər. Rəssamlar arasında da belələri var. Bəzən oxucu və ya tamaşaçı özü də bunu istəyir və könüllü şəkildə yazarın, rəssamın qurduğu tora düşür.
Çox uzatmadan mətləbə keçmək istəyirəm. Bu yaxınlarda fransız yazıçısı Andre Moruanın “Necə oldu ki, Pyer Duş məşhurlaşdı” hekayəsini oxudum. Hekayə məni xeyli düşündürdü. Uğursuz, heç cür məşhurlaşa bilməyən bir rəssamın emalatxanasına gəlmiş yazıçı Pol-Emil Qlez dostuna məşhurlaşmağın sirləri haqda danışır. O, dostuna deyir ki, sənin ustalığın, istedadın var, amma sən bu cür heç vaxt məşhurlaşa bilməyəcəksən. Axmaqlar ağıllılardan yüz qat artıqdır, axmaqları yuxudan oyatmaq üçün isə bircə yol var: gərək nəsə qeyri-adi bir iş görəsən, ağlasığmaz bir iş tutasan. Öz manifestini yarat, inkar et. Bir sözlə, ağlına nə gəlir et.
Pyer Duş əlindəki rəsmi divara çırpır, o, artıq rəssamlıqla vidalaşmaq istəyir, polisdə, sığorta kassasında və ya bankda, haradasa işləmək istəyir, o, hər şeydən bezib. Yazıçı dostu isə onu inandırmağa çalışır ki, o deyənlərə əməl etsə, tezliklə məşhurlaşacaq. Ona deyir ki, iki-üç məqalə yazıb bildirəcəyəm ki, guya sən rəngkarlıqda təzə məktəb yaratmısan. Səndən nəsə soruşanda yavaş-yavaş qəlyanını alışdır, bir-iki qullab al, tüstünü də səndən söz soruşan adamın düz üstünə püflə və sadə bir cavab ver:
“Sən heç görmüsən çay necə axır?”
Rəssam soruşur:
- Bu sözlərin mənası nədir?
- Heç nə, mənasızlıq, - deyə yazıçı cavab verir.
Əlbəttə, yazıçı bilir ki, bu söz hamıya mənalı görünəcək. Hamı bu rəssamla maraqlanacaq, onu tərifləyib göylərə qaldıracaq, onun rəsmlərinə baxıb heç nə anlamasalar da özlərindən müxtəlif izahlar uyduracaqlar. Onda bu axmaqlara demək lazımdır ki, biz sadəcə, oyun oynayırdıq.
Həmin rəssam yazıçının dediklərinə əməl edir və tez bir zamanda onun əsərlərinin şöhrəti hər yana yayılır, ilk sərgisi təntənə ilə keçir və o, qəlyanını sümürə-sümürə tüstünü ondan nəsə soruşanların sifətinə üfürüb müştəbehcəsinə müdrik poza alaraq deyir:
“Siz heç görmüsünüz çay necə axır?”
Axmaqlar onun bu “dahiyanə” fikrinə heyranlıqla “əla!” deyirlər.
Şəkil dəllalları onun şəkillərini alırlar... O, bu sualdan artıq təngə gəlib:
“Necə oldu ki, siz belə ecazkar aləmi kəşf etdiniz?”
O rəssam sənəti anlamayan adamlardan beləcə qisas alır. Bəzən axmaqları beləcə yedirmək lazım gəlir.
Yazıçının fırıldağı baş tutur.
Bir gün rəssam ona şöhrətin qısa və asan yolunu göstərən yazıçı dostuna “sarsaq” yarlığı yapışdırır və qəlyanın tüstüsünü onun sifətinə üfürüb deyir:
“Sən heç görmüsən çay necə axır?”
Bəzən axmaqlarla oyun oynamaq lazım gəlir. Çünki onlar özləri bunu istəyirlər...
Aldadan yazarlar
10 noyabr 2012
11:15
2572 dəfə oxunub