Can ağrıyanda dünyanın dəyəri insanın gözündə bir qara qəpiklik olmur. Yazı-pozu işləri bir yana, dünya işlərindən də əl götürüb özünə qapanırsan. Son bir ayda vaxtım xəstəliklə çarpışmaya sərf olundu. Amma dostlar sağ olsun, məni tək qoymadılar, mənə dəstək oldular, ağrılarım bir az azaldı, yenə bilgisayarı açıb nəsə yazmaq üçün mənə stimul verdilər.
Hər gün yazmaq istəsəm də heç nə yaza bilmədim. Bir ay ərzində cəmi bir hekayə yazdım; günə üç-dörd cümlə ilə...
Həkim bilgisayardan bacardıqca uzaq durmağı tapşırıb. Amma uzaq durmaq olmur. Bütün günü gözüm bağlı noutbuka zillənir. Sanki həyatla aramda qalın, tikanlı bir divar yüksəlir və söz də bu divarın o tayında qalır... Belə düşünəndə dəli olmaq dərəcəsinə çatıram. Xəstə canla söz yükünü çəkmək çox çətindi. Bütün günü əlim sağ köksümü ovxalayır, ağrı kirimək bilmir. Amma bu ağrıların müqabilində yazmaq istəyi bir an belə məni tərk etmir.
Bəzən içimdən qətiyyətli bir səs ucalır: “Yox, mən bu ağrıları yenəcəyəm!”
Xoşbəxtlik nədisə, bir ayrı şeydi. Adam bəzən yazanda xoşbəxt olur. Müvəqqəti xoşbəxtliklərlə başımızı qatıb yaşayırıq.
Yazmadığım günlərdə həyatın mənasızlığı məni daha çox üzdü. Yazmayanda, hansısa bir işlə məşğul olmayanda insan özünün gərəksizliyini hiss edir və bu, daha çox ağrı verir... Yazmaq üçün gərək fiziki cəhətdən də sağlam olasan. Səhhətim mənə ardıcıl və davamlı yazmağa imkan vermir. Həkimin məsləhətlərinə səbrlə əməl edə-edə hər şeyin yaxşılığa doğru gedəcəyinə ümid edirəm. Amma heç də hər şey yaxşılığa doğru getmir... Həyatla ölümün mahiyyəti arasında əksər hallarda ağrı durur. Mənəvi ağrı...
Fiziki ağrılara daha çox mənəvi iztirablar səbəb olur. Mənəvi ağrılar fiziki ağrılara təkan verir. Həyat özünün idbar üzünü göstərir. Həyat insanın çiyninə çəkə bildiyindən qat-qat ağır yük qoyur. İnsan yumruq boyda ürəklə bu yükü necə daşısın?!
Biz gəncliyimizdə dünyanı dəyişmək şövqüylə həyata atılırıq və faciə odur ki, axırda üç arşın bezlə kifayətlənirik... İnsanlar dəyişir, nəsillər bir-birini əvəz edir, dünya isə heç də dəyişmək fikrində deyil. Ağrının da kökü eynidi, dünya kimi dəyişməz...
Şair demiş, dünya köhnə dünyadı...
Ağrı və ədəbiyyat
9 oktyabr 2012
14:00
2255 dəfə oxunub