Qoqolun başsız meyiti

Qoqolun başsız meyiti
1 oktyabr 2015
# 20:00

İ.Qonçarovun “Oblomov” əsəri haqqında yazımda qeyd etmişəm, bu yazıda da xatırlatmağı vacib bilirəm. Qoqol özünün “Ölü canlar” əsəri haqqında məktublarından birində yazır ki, “Ölü canlar”ın ilk fəsillərini Puşkinə oxuyub bitirəndə o, qüssəli bir səslə dedi: “Pərvərdigara, bizim Rusiya nə qədər ürəkdarıxdırandır!”Bu sözlər məni heyrətə saldı. Rusiyaya bu qədər yaxşı bələd olan Puşkin başa düşmədi ki, bu yazılanların hamısı karikaturadır, şəxsən mənim uydurduğum şeylərdir!”

Halbuki “Ölü canlar”ın ideyasını Qoqola məhz Puşkin vermişdi. Sonralar Puşkin şikayətlənirmiş ki, bu hiyləgər maloross onun süjetlərini oğurlayıb. Puşkinlə tanışlığı Qoqolun ədəbi taleyində mühüm rol oynayıb, onların arasında qısa müddətdə sıx dostluq münasibətləri yaranıb. XIX əsrin 30-cu illərində Rusiyada iki nəsr yazan var idi – Puşkin və Qoqol. Puşkin də artıq nəsr yazmağa başlamışdı. “Qaratoxmaq qadın”, “Kapitan qızı” və digər povestlərini Puşkin yaradıcılığının artıq bitkin dövründə qələmə almışdı. Təəssüf ki, Puşkinin ömrü Danteslə dueldə yarımçıq qalır. Qoqol Puşkinin ölüm xəbərini vətənindən uzaqda, Romada alır və sarsılır. Bu zaman o, qızğın şəkildə “Ölü canlar” üzərində çalışırdı.

Qoqol bu əsərə ömrünün on yeddi ilini sərf etdi. 1835-ci ildə Puşkinə yazdığı məktubda bu cümlələr vardı: “Ölü canlar”ı yazmağa başlamışam. Əsərin süjeti çox uzun bir romana çevrilir və deyəsən, çox gülməli olacaqdır”. Qoqol həmin dövrdə qəlbində aslan gücü hiss etdiyini yazırdı. Qoqolun üslubuna xas olan sarkazm və qrotesk “Ölü canlar”da bütün boyalarıyla üzə çıxır. Qoqola qədər rus ədəbiyyatında Nikolay Karamzin dil islahatları aparmışdı, rus ədəbiyyatına yeni ideyalar gətirmişdi. Belinski yazır ki, Karamzin Rusiyada ilk dəfə olaraq ölü kitab dilini cəmiyyətin canlı dili ilə əvəz etdi. Onun povestlərində canlı insanlar iştirak edirdi və bu yeni üslub Karamzindən sonrakı nəslin yazı tərzinə əsaslı şəkildə təsir göstərmişdi. Qoqol bu nəslin içində ən parlaq imza oldu. O, bu xətti inkişaf etdirdi. O özü də Ukraynanın həyatını və folklorunu çox gözəl bilirdi, uşaqlığı kənd mühitində keçmişdi. “Dikanka yaxınlığındakı Xutorda axşamlar” povestini yazıb bitirəndən sonra əsəri mətbəəyə yollayan Qoqol Puşkinə məktubda bu barədə belə yazır: “Mənim mətbəə ilə görüşüm çox maraqlı oldu. Mən qapıdan içəri girən kimi mürəttiblər məni görüb hamı üzünü divara tərəf çevirdi, əllərini ağızlarına tutub gülüşməyə başladılar. Bu, məni bir qədər təəccübləndirdi, mən bunun səbəbini texniki işçidən soruşdum, o bir az sıxılıb-çəkinəndən sonra nəhayət, mənə dedi ki, sizin çap üçün Pavlovskdan göndərmiş olduğunuz əhvalatlar son dərəcə və olduqca əyləncəli və maraqlıdır, bu əhvalatlar mürəttiblərə böyük nəşə verdi. Bu danışıqdan belə nəticə çıxartdım ki, mən qara camaatın zövqünə tamamilə uyğun gələn bir yazıçıyam”. O, xalq dilinə, xalq yumoruna çox yaxın bir dildə yazırdı. Elə “Xutorda axşamlar” bunun ən bariz nümunəsidir.

Çiçikovun mənəvi çürüklüyünü göstərmək üçün Qoqol tünd boyalardan istifadə edir. Bircə detal onun nə qədər möhtəkir, xudbin adam olduğunu anlamaq üçün kifayət edir. Çiçikov mülkədarla görüşə gedərkən onun karetası xanımların əyləşdiyi kolyaska ilə toqquşur, atları bir-birindən ayırmaq olmur, yaxınlıqdakı kəndin mujikləri hadisə yerinə tökülüşüb gəlirlər. Kolyaskada oturan xanımların içində yeniyetmə, olduqca gözəl bir qız var, Çiçikovun yerinə başqası olsaydı, hər şeyi unudar, qızın heyrətamiz gözəlliyi önündə donub qalardı. Bu yaramazın isə görün ağlına nələr gəlir. Dərhal onun kim olmasıyla, atasının mülkədarmı, ya dövlət qulluğunda çalışan bir məmurmu olmasıyla maraqlanır. “Əgər bu qıza ikicə yüz min cehiz verilsə, o, çox yağlı bir tikə ola bilərdi”.

Qoqol mülkədarların mahiyyətini bir cümlə ilə ifadə etməyi bacarır. Məsələn, Sobakeviç haqqındakı cümləyə diqqət yetirin: “Sanki onun bədənində heç ruh yox idi, varsa da lazımi yerində deyildi”. Onun müti xislətli qadını haqqında görün nə yazır: “Elə adamlar var ki, onlar dünyada bir əşya kimi deyil, əşya üzərində olan xırdaca bir nöqtə, ya ləkə kimi yaşayırlar”.

Bu mülkədarlar Çiçikovun niyyətini duyan kimi dərhal onunla razılaşırlar, ölüləri ona satmaqla özlərinin bu sövdədə nə qədər qazanacaqları haqda düşünürlər. Nozdrev isə hiyləgərdir, Çiçikovun bütün yalanlarının üstünü açır və onun dələduz olduğunu üzünə deyir. Sobakeviçlə qiymət sövdələşməsi lap iyrəncdir. Sobakeviç ölü dəllalına deyir: “Siz niyə xəsislik edirsiniz? Mən doğrudan da baha deməmişəm! Ayrı bir dələduz sizi aldadar, sizə adam əvəzinə yaramaz bir şey satar; amma mənim satdığım adamların hamısı qoz ləpəsi kimi seçmədir: bəzisi əsnaf qismindən olmasa da lap sağlam mujikdir”.

Mülkədarlar içində xəsisliyin bariz nümunəsi isə Plyuşkindir. Qoqol yazır ki, Çiçikov onu bu geyimdə kilsə qarşısında görmüş olsaydı, yəqin ki, çıxarıb ona bir qara quruş verərdi. Amma o, dilənçi deyildi, mülkədar idi. Bu adamın əyin-başı kimi içi də çürümüşdü, arvadı və qızı ölmüş, bir qızı kiməsə qoşulub qaçmış, oğlu qumara qurşanmış Pluşkin hər cəhətdən səfalətin dibinə yuvarlanmış bir adamdır, amma mülkədardır, mindən çox kəndlisi var, təsərrüfatı gəlir gətirir, ona töycü verirlər.

Qoqol gözəl həyatı tərənnüm etmək istəyir və bu cür yazıçıları xoşbəxt yazıçılar adlandırır. Amma özünü həyatın, cəmiyyətin bataqlığını açıb göstərən yazıçılar qisminə aid edir, onun tutduğu mövqe ağırdır, sərtdir, o, tək qaldığını ürək ağrısıyla hiss edir. Amma o, bir an da olsun, mövqeyindən geri çəkilmirdi və “Ölü canlar” üzərində işləyirdi. Getsen yazırdı ki, bu əsər bütün Rusiyanı sarsıtdı. Qoqolu Rusiyaya nifrət etməkdə günahlandırırdılar. “Ölü canlar” Rusiyanın xəstəlik tarixçəsi idi. Qoqol zərif bir yalan toxumuşdu, “Ölü canlar” gerçək Rusiyanın üzüydü, uydurma deyildi. Axı o, azad bir cəmiyyətin, xoşbəxt insanların yazıçısı olmaq istəyirdi və bu istəyini elə həmin əsərdəcə açıq şəkildə yazır. Təhkimçiliyin rus insanının həyatını necə cəhənnəmə çevirməsini Qoqol gözlərimiz önündə sərgiləyir. Sonralar Lenin və Stalin inqilab düşmənlərini ifşa etmək üçün “Ölü canlar”dakı Çiçikov, Manilov, Sobakeviç, Nozdrev və digər personajlardan tez-tez istifadə edirdilər.

Əsərdəki hadisələr fransızların Rusiyadan qovulmasından az sonra baş verir. Qoqol həmin dövrdə Rusiyanın ictimai-siyasi həyatındakı vəziyyəti göstərir. O, yazır ki, səkkiz il ərzində məmurlardan, mülkədarlardan tutmuş savadsız camaata qədər hamı siyasətçi olmuşdu. Kimsə belə bir xəbər yaymışdı ki, Napoleon dəccaldır, özü də yeddi divar, yeddi dəniz dalında daş zəncirdə saxlanılır, amma sonra o, zənciri qıracaq və bütün dünyanı tutacaq. Bu xəbər hamını təşvişə salmışdı. Çox güman ki, bu detal hansısa real hadisədən qaynaqlanırdı, Qoqol bu fikri havadan götürməmişdi. İndi də məmurlar bir araya yığılıb məşvərət edirdilər və güman edirdilər ki, Çiçikov adadan qaçmış Napoleondur. Nozdrevin fantastik yalanları Çiçikovun kimliyini açmaq əvəzinə işi daha da dolaşığa salırdı. Onu gah qəlp pul kəsən dələduz, gah casus, gah da qubernatorun qızını qaçırmaq istəyən hərif hesab edirdilər. Amma heç kəs Çiçikovun əslində kim olduğunu müəyyən edə bilmirdi. Qoqol əsərinə yaxşı qəhrəman seçməməyini belə izah edirdi: “çünki yaxşı adamı ata döndəriblər və elə bir yazıçı yoxdur ki, atılıb onun belinə minməsin. Daha bəsdir, vaxt çatıb, alçaq adamı da arabaya qoşmaq lazımdır”. Bu alçaq adam da Çiçikovdur.

Qoqol bütün yaradıcı gücünü bu əsərə sərf edirdi, amma çox təəssüf ki, əsərin ikinci cildini ölümündən səkkiz gün əvvəl yandırdı. O, ikinci cildin çapında əvvəllər çox böyük tərəddüdlər yaşamışdı, bu hissə onu bədii cəhətdən qane etmirmiş. İkinci cild yazıçının ölümündən sonra onun kağızları arasında tapılan dörd dəftər əsasında bərpa olunaraq əsərə əlavə edilib.

“Ölü canlar” çap edildikdən sonra Qoqol ciddi hücumlara məruz qalıb. Sonra müxtəlif şəxslərə yazdığı məktublardan birində yazıçı bu barədə yazırdı: “Axı eybimizi gizlətməyin nə mənası var? Hamımız Rusiyanı çox pis tanıyırıq”. Əsərin ikinci cildinin yandırılmasına isə Qoqol özü belə qəribə və anlaşılmaz izah verir: “Ölü canlar”ın ikinci cildi ona görə yandırılmışdır ki, bunu belə də etmək lazım idi. Peyğəmbər deyib ki, “biri ölməsə, o biri dirilə bilməz. Yenidən doğulmaq üçün əvvəlcə ölmək lazımdır”. Əsərin birinci cildinin sonunda müəllif yazır ki, kitabın iki böyük hissəsi hələ qabaqdadır. Görünür, Qoqol bu əsəri daha geniş həcmdə, üç cilddən ibarət olan trilogiya kimi nəzərdə tuturmuş. Həm də “Ölü canlar” senzuradan çox böyük çətinliklə keçmişdi, onun nəşrinə heç cür razılıq vermirdilər. Qoqol dəfələrlə əsərin müəyyən hissələrini yumşaltmağa məcbur olmuşdu. O, hətta “Müfəttiş”i də yazmağına peşman olmuşdu, qeydlərindən birində yazırdı: “Bu əsərin meydana çıxması ədəbsizlikdir. Mən istəməzdim ki, əsər xarici dillərə tərcümə edilsin. Axı xaricilər onu oxuyub Rusiyanın portretində yanlış cizgilər görə bilərlər”.

Qoqol dindar bir ailədə böyümüşdü, ömrünün sonlarında kübar həyatını rahibliklə əvəz edəndə əvvəlki həyat tərzinə qayıtmaq istəyirdi. Bu istək Qüdsə səfərindən sonra daha da güclənmişdi. Onun ruhi və əqli tarazlığı pozulmuşdu, həkimlər maniakal depressiv psixoz diaqnozu qoymuşdular. Bu zaman isə Qoqol artıq öz üzərinə düşən missiyanı həyata keçirmişdi. Yazdıqlarını yazmışdı, dünyaya deyəcək başqa bir sözü qalmamışdı. O, dünya nemətlərindən könüllü imtina edərək aclıqla öz həyatına son qoydu.

1931-ci ildə yazıçının məzarını başqa yerə köçürməli olurlar. Qəbri açan ustalar tabutun içində başsız bədən gördülər. Hələ də bu sirrin üzərindən pərdə götürülməyib...

# 4532 dəfə oxunub

Müəllifin son yazıları

# # #