Xaraba qalan Xan Bağı

Xaraba qalan Xan Bağı
11 oktyabr 2013
# 10:58

Şəkidəki Xan Sarayı, Xan Bağı haqqında eşitmişdim. Bakıda belə bir saray olduğundan xəbər tutanda təəccübləndim. Bu sarayın xarabalıqlarının qalıqlarına olan münasibətsə lap dəhşətə gətirir adamı.

Məlumat üçün deyim ki, saray, zamanında Bakı xanı Hüseynqulu xanın sarayından, Əbdürrəhim bəy və Mehdiqulu bəyin evlərindən ibarət olub. Kompleks yeddi qapalı həyətin ətrafında düzülmüş yüzdən çox otaqdan ibarət imiş. Kompleksin əsasını təşkil edən Xan Sarayının böyük həyətində meyvə bağı və bağın ortasında hovuz olubmuş bir zamanlar. Saray ikimərtəbəli olub, memarlıq xüsusiyyətinə görə sadə şəhər evlərindən fərqlənməyib. Eyvanlar, şəbəkəli pəncərələr. Kompleksin nə zaman inşa edilməsinə dair dəqiq məlumat yoxdur. Xan Sarayının XVII əsrin sonu, XVIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur.

Bu saray, İçərişəhərin Qoşa Qala qapısının girişindən sağ tərəfdə yerləşir. Bəlkə yanından min dəfə keçmişik, sizli-bizli. Amma fərqinə varmamışıq. Çünki sarayın Qoşa Qala qapısından giriş hissəsinin üz divarı təmir edilib. Təmirli hissənin üzərinə lövhə vurulub. Lövhədə yazılır: Bakı xanlarının iqamətgahının qalıqları. Amma buna qalıqlar demək olmaz...Əsl xarabalıqdı.

Lövhədə yazılan kimi qalıqlar olsaydı, iç tərəfdə qismən də olsa səliqə-səhman yaradılardı.

Fakt odur ki, bura İçəri Şəhərin təmizlik işləri ilə məşğul olan fəhlələrinin əşyalarını saxlamaq üçün yerdi. Onlar buranı həm də istirahət və nahar üçün dalda seçiblər. Kiçik yarıuçuq otaqların qapısına vurulan qıfıldan belə qənaətə gəldim.

Yüz illərin ağaclarının kökünü qazıyıb çıxarıblar. Xan bağı xırda əkin sahəsinə çevrilib fəhlələrin. Ağacların qalın gövdələrindən isə oturacaq düzəldiblər özlərinə. Nahar edəndə rahat oturmaq üçün.

Bağın düz ortasında iri bir əncir ağacı var. Təkcə o dözüb durub hələ. Dostunun çiyninə dirsəklənmiş kimi gəldi mənə. Torpağa əyilib qoca budağın biri. Kəsilən ağaclardan birindən dayaq düzəldiblər ona çünki. Zamanında ciddi qərarların müzakirə və qəbuluna şahid olub bu ağac da, onu dirsəkləndiyi kötük də. İndi xan sarayının gözətçisidir sadəcə. Son və sadiq gözətçisi.

Bu vəziyyətlə bağlı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin mətbuat xidmətindən verilən məlumatda bildirildi ki, sarayın qalıqları üzərində heç bir təmir-restavrasiya işləri getmir. Amma müəyyən məqsədlər üçün istifadə olunur...

Bizim anladığımız və gördüyümüz məqsəd-etinasızlıq oldu. Yəni məqsəd və ya səbəb-filan yoxdu, etinasızlıq və sayğısızlıq var sadəcə...

# 7239 dəfə oxunub

Müəllifin son yazıları

# # #