Toy mövsümü - İsi Məlikzadənin hekayəsi

Toy mövsümü - İsi Məlikzadənin hekayəsi
14 yanvar 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Toy mövsümü”dür.

“Ömrün son səhəri” hekayəsinin müəllifi Elçinə

Evləri qədimdən qədim, küçələri dar-dolambac qəsəbənin balaca bazarında göy-göyərti ayaq tutub yeriyirdi. Saqqallı kişilər, bığlı oğlanlar, şala-çadraya bürünmüş yaşlı qadınlar piştaxtaların arxasında səbirlə dayanıb alıcı gözləyirdilər. Alıcı isə təkəmseyrək görünürdü; payızın axırı idi, qəsəbənin yaxınlığındakı bağlarda adam qalmamışdı, hamı köçmüşdü şəhərə. Bazarın hovu alınmışdı, səsi-küyü batmışdı.

Bazarla üzbəüz birmərtəbə, boz binanın dalında adam daha çox idi; hamısı da kişi. İki-iki, üç-üç toplaşıb söhbətləşirdilər, siqaret çəkirdilər. Amma hamısının gözü kənddən gələn xüsusi maşınlarda – “Jiquli”lərdə, “Volqa”larda idi. Heç kim maşınların üstünə qaçmırdı. Maşın sahibi əyin-başı tör-töküntü, üzü tüklü, boynu-boğazı çirkli, baxışlarını bir yerə cəmləşdirə bilməyən bu kişiləri nəzərdən keçirir, axırda birini seçib aparırdı kəndə.

Səttar birinci dəfəydi çıxmışdı bura. Hələ rayonda olanda eşitmişdi ki, Abşeronun bu qəsəbəsində bir yer var. Orda işsizlər özlərinə bir günlük iş tapırlar. Pul qazanırlar, qarınlarını doyuzdururlar. Ev yiyəsi səxavətli, ləyaqətli adam olsa, işin axırında ortalığa o zəhrimardan da qoyur. Səttar ürəyində: “zəhrimar... zəhrimar... zəhrimar...” deyə-deyə o baş-bu başa gəzişdi. Yadına düşmüşdü o zəhrimar. Payızın bu tutqun səhərində havanın nəmi üzünü isladırdı, əllərini, ayaqlarını üşüdürdü, amma içinə elə bil od parçası qoymuşdular. Bu odu təkcə o zəhrimar söndürə bilərdi. Pulu az idi, içkiyə çatmazdı. Bu səhər dəmiryol vağzalında iki qutu ucuz siqaret almışdı, bufetdə bir stəkan kakao içmişdi, piyi donmuş, soyuq qutab yemişdi. Qalan qəpik-quruş bir öynəsinə bəs eləməzdi heç. Bu içkini niyə bahalandırdılar, axı? Niyə kökünü kəsdilər bunun? Hara getdi o bəxtəvər, o qırmızı günlər, fələk? Bir manat iyirmi qəpiyə, lap bahası iki manata dəmlənib göyün yeddinci qatına uçmaq mümkün idi. Rayonun mərkəzində bir bağ vardı, o bağın içində bir balaca yeməkxana vardı, o yeməkxanada da yarlı-yaraşıqlı şüşələr vardı. İndi o bağ da yerindədi, yeməkxana da, ancaq şüşələr yoxdu. O şüşələrin qiymətini allahın yanına niyə qaldırırdılar? Yəni bilmirlər ki, Səttar o zəhrimardan içməyəndə ölüb o dünyalıq olur? Bilmirlər ki, bu ölkədə Səttar kimi ölənlərin sayı-hesabı yoxdur?

Üç gün idi dilinə içki dəymirdi. Dünən gecə vağzalda az qalmışdı başına hava gəlsin. Gözləmə zalındakı taxta skamyanın üstündə sanki birdən-birə bədənini mişarla doğradılar. Durub oturdu. Ağlı başındaydı. Bura necə düşdüyünü yadına salanda özünə yazığı gəldi və kövrəldi. Sonra cavan milisioner çıxdı böyürdən. Səttarı srağagün də burda görmüşdü. Dedi: “Nə oldu? Sənin poyezin getmədi?” Səttar başını elə tərpətdi ki, bilinmədi “hə” deyir, yoxsa “yox”. Milisioner cavan olsa da, deyəsən, hal əhli idi; Səttarı sorğu-suala tutmadı, yerindən tərpətmədi...

Maşın siqnal verdi. Yekəpər kişi idi. Səttar inanmadı ki, “Jiquli”nin içindən çıxıb o. Üzünü yana döndərdi. Gününə yüz manat versəydi də, onunla getməzdi. “Bu sir-sifətin yiyəsi adama ancaq daş daşıtdırar, adamın nəfəsini kəsər”.

Hava bozarmışdı. Dəniz tərəfdən qəsəbənin üstünə soyuq külək gəlirdi. Buranın payızı aranın quru qışına oxşayırdı. Səttar fikirləşdi ki, əynindəki nimdaş kostyumla iki-üç gün çıxıb burda beləcə dayansa, sətəlcəm olub ölər. Gərək plaş, palto götürəydi. Heç bildi ki, hara gedir? Bakıya gəlmək hardan beyninə girdi onun?

O gecə də qapını Ayna açdı və ömründə birinci dəfə Səttarın sinəsindən itələdi. “Gəlmə bu evə! Sənin kimi ər mənə lazım deyil! Utan! Xəcalət çək! İki yekə qızın var! – Bunu deyəndə Ayna ağladı. – İyirmi ildi içirsən. Ağlın-huşun gedib day. Sənə görə qızlarını alan yoxdu, ay bədbəxt. Bu evə elçi gəlmir. Sənin ucbatından gül kimi qızların evdə qalıb qarıyacaqlar. Onlardan pislərini toynan aparırlar. Bir qulaq as!”

Səttar qulaq asdı. Çalğı səsi gəlirdi. Ya sağdaydı, ya solda. Hardasa, lap yaxındaydı. Əl vururdular. Səttar aralı qapıdan, arvadının çiyni üstündən içəri baxdı. Qızları yan-yana dayanıb ağlayırdılar. İkisi də bir boyda, bir biçimdə. Qaraqaş, qaragöz... Bu göyərçinlər nə vaxt böyüyüblər, görəsən? Bunlar nə vaxt gözəlləşiblər?! İllər nə tez gəlib keçir, fələk? “Rədd ol burdan!” Ayna qapını çəkib örtdü.. – Çalğı səsi gəlirdi. Ya sağdaydı, ya solda. Hardasa, lap yaxındaydı...

-Druq, day siqaretu.

Cavan oğlan idi. Sapsarı, yumşaq saçı tökülmüşdü qulaqlarının üstünə. Əyni Səttarınkından da nazik idi. Ağzında üç-dörd dişi qalmışdı; ovurdları da, dodaqları da batmışdı içəri. Siqaretini Səttarın siqaretinin oduna yandırdı. Heç «sağ ol» da demədi, çəkilib getdi yoldaşlarının yanına.

Səttar darıxsa da, yan-yörəsindəki adamlarla kəlmə kəsib yaxınlıq eləmək istəmirdi. Burda hamının baxışından soyuqluq, biganəlik, yadlıq tökülürdü. Çoxundan kif iyi, qır iyi, zirzəmi iyi gəlirdi. Görəsən, bunlar harda yatırlar, harda eşələnirlər ki, sir-sifətləri his-pasa batır? Yəni bu soyuq payız gecələrində yatmaq üçün vağzaldan da betər yer var?

Ovurdları batıq oğlan, güman ki, yoldaşlarına nəsə qandırmışdı. Əlləri əsə-əsə bir nəfər də yaxınlaşdı, Səttara.

- Druq...

Biri də gəldi... Biri də... On dəqiqədən sonra Səttar bir qutu siqareti paylayıb qurtardı. Daha ikinci qutuya əl vurmadı. “Qoy görməsinlər. Qoy bilməsinlər ki, genə var. Bu dilənçilər adamı diri-diri yeyərlər.”

Siqnalı futbol marşı çalan yaşıl “Jiquli” gəldi. Kimsə dedi:

- Ağaibrahim priyexal.

“Ağaibrahim” deyilən oğlan maşından düşüb, səkidəki adamlara gülümsəyə-gülümsəyə nəzər saldı. Hamı gözünü zilləmişdi ona. Səttar lap arxada dayanmışdı, dabanlarını qaldırıb qarabığ, totuq oğlana baxırdı. Ağaibrahim boğazlı yun köynək, aşılanmış ağ dəridən gödəkçə geymişdi. Başında yumşaq tükləri titrəşib-dalğalanan papaq vardı. Birdən Səttara əl elədi: – A kişi! Bura gəl!

Səttar inanmadı ki, oğlan onu çağırır, qaldı döyükə-döyükə.

Ağaibrahim dedi:

- Sənnənəm! Bura gəl! – Səttar gəlib onunla göz-gözə dayanandan sonra oğlan astadan soruşdu ki: – İçən deyilsən?

Səttarın içindəki od hələ sönməmişdi, vücudu bircə qurtum spirtdən ötrü az qalırdı dilə gəlsin, başını bulayıb:

- Yox, – dedi.

- Bir maşın peyin var, onu daşıyacaqsan. Otur!

“Jiquli” qəsəbədən çıxanda Ağaibrahim soruşdu ki:

- Haralısan?

Səttar dedi:

- Rayonluyam. Qarabağdan...

- Dalda dayanıb boylanmağından bilinirdi ki, buralı deyilsən.

Amma, dost, içənsən, üzündə yazılıb... On iki imam haqqı içənsən.

Səttar gözlərini asfalt yola zilləyib utana-utana dedi:

- Əvvəllər olub... Day içmirəm... Tərgizmişəm.

Ağaibrahim: - Allah daduva yetsin! – dedi və daha evinə qədər bir kəlmə də danışmadı.

Hündür dəmir darvazanın yanında peyin topasını görəndə Səttarın gözləri kəlləsinə çıxdı... “Burda ən azı üç maşın peyin var. Bəlkə qiymət danışım?” Səttar, onsuz da, işin məzəndəsini bilmirdi, soruşmağa da utanırdı. “Nə verər, verər”.

Ağaibrahim üzünü həyətə tutub qışqırdı:

- Maksim!

Qaraja bitişik daxmadan arıq, balacaboy bir kişi çıxdı. Cavan, ya qoca olduğu bilinmirdi. Yerişindən, tərpənişindən qıvraq adama oxşayırdı. Hovuzun böyründəki əl arabasını Səttara göstərib dedi:

- Bunnan peyin daşıyacaqsan parniklərin yanına... Hərəsinə əlli araba... Səliqəli ol!

Səttar təəccübdən gülümsəyə-gülümsəyə qaldı. Adın Maksim ola, gözlərin gömgöy, bənizin sapsarı, özün də azərbaycanca belə təmiz danışasan?

Ağaibrahim maşına oturub getdi.

Səttar həyətə göz gəzdirdi. Həyət geniş, təmiz, sahmanlı idi. Yarıdan çoxunu ağ sellofan örtüklü parniklər tutmuşdu... Kürək bellə peyini balaca əl arabasına yığa-yığa Səttar yaddaşını ha gücə saldı, əvvəllər nəsə daşıdığını xatırlaya bilmədi. Əziyyət çəkməklə heç uşaqlıqdan arası yox idi.

Arabanı arxasınca darta-darta parnikə tərəf apardı.

Maksim o yandan qışqırdı:

- Ay kişi, neynirsən?! – Yaxınlaşıb astadan yenə soruşdu ki: – Ay kişi, neynirsən? Arabaya heyvan elə qoşulub çəkər. At döyülsən, kəl döyülsən... Arabanı qabağa sal... Bax, belə. – Arabanın qollarından tutub göstərdi. – Bunun fəndi belədi.

Üçüncü arabanı boşaldandan sonra Səttar başa düşdü ki, bir günə peyinin heç yarısının yarısını daşıya bilməyəcək Amma daşımalıdır. Daşımasa, əl açıb dilənməlidir, ya da oğurluq eləməlidir. Hansı yerdə, kim işə götürər onu? Əlində sənəd-filanı da yoxdur.

Boyun-boğazından tər axa-axa arabanı itələyirdi. Dəmir təkər xırçıldaya-xırçıldaya sapsarı qumun üstündə nazik izlər qoyurdu və bu çalın-çarpaz izlərə baxdıqca Səttarın ürəyində bir ümid işığı yanırdı: tanımadığı adama əl açmayacaq, oğurluq da eləməyəcək. Yox, yox! Relsin üstündə uzanıb paravozun təkərləri altında ikiyə bölünmək ondan asandır. Amma evdə əliəyrilik eləmişdi. Boğazını yaşlamağa pul tapmayanda neçə dəfə arvad-uşağın pal-paltarından nəsə çırpışdırmışdı. Səhər də ayılan kimi demişdi: “Filan şeyi filankəsə satmışam.” Ayna çaparaq pul aparıb paltarı geri alırdı. Amma Səttar onun təptəzə donunu satanda Ayna donun dalıyca getmədi, evdə oturub hıçqıra-hıçqıra ağladı. O qədər ağladı ki, axırda huşunu itirdi. Qızlar da özlərinə əl qatıb ağlaşanda Səttar onların göz yaşlarını görməmək üçün qaçıb çölə çıxdı. Bu, Səttarın evdən axırıncı oğurluğu oldu.

Arabanı üzü üstə çevirib peyini boşaltdı. Pencəyinin qolu ilə alnının tərini sildi. “Daha rayona qayıtmayacam. Qoy Validəynən Xalidə ərə getsinlər. Qoy Ayna rahat yaşasın. Mənsiz yaxşı dolanacaqlar. Ayna neçə ildi bağçada tərbiyəçi işləyir, qızlar da işə girərlər”.

Səttar əlini sinəsinə sürtdü.

- Maksim! Ciyərim yanır, mənə bircə stəkan su!

Maksim üç litrlik şüşə balonda su gətirdi.

- Hovuzdan doldurmuşam, – dedi. – Quyu suyudu, amma şirindi. Kaçalka vurur... Bu boyda Bilgəhdə ən şirin su İbreyimin quyusundadı. Qonşular da içməyə bundan aparırlar... Yaxşı çayı olur bunun... Az iç, sancılanarsan.

Səttar yanğısını söndürəndən sonra soruşdu ki:

- Azərbaycanca danışmağı harda öyrənmisən?

Maksim dedi:

- Mən Sabunçudanam. Orda doğulub, böyümüşəm. Rixard Zorge də Sabunçuda doğulub, bilirsən? Yoxsa xəbərin yoxdu? Yəqin içməkdən başın ayılmayıb ki, eşidəsən.

- O qədər də avam, savadsız deyiləm. Tanıyıram Zorgeni. Kinosunu da görmüşəm.

- Zorge mənim zemlyakımdı. Həmişə azərbaycanlılarla oturub durmuşam. Altmış ildi, zarafat gəlməsin sənə.

- Amma cavana oxşayırsan.

- Arsız adam qocalmaz. – Maksim darvazanın yanındakı peyin topasına baxdı. – Bir az cəld ol. Burda bu günün işini sabaha qoymurlar.

Səttar arabanı doldurub parnikə tərəf itələdi. Qəflətən sümükləri, əzələləri elə sızıldadı ki, az qaldı gözlərinə qaranlıq çöksün. “İndi yıxılacam... Bu dəqiqə yıxılacam... Bu dəqiqə..” Arabanı atıb özünü parnikə saldı. Girəcəkdə qumun üstünə üzüqoyulu uzandı. Buranı külək tutmurdu. Utanmasaydı, pencəyini başının altına atıb burdaca yatardı. Canındakı ağrı onu qalxmağa qoymurdu, sanki kürəyinə, qabırğalarının arasına iti bıçaq sancmışdılar.

Bir azdan hiss etdi ki, dənəvar qum alnına, sifətinə iynə kimi batır. Tövşüyü kəsəndən sonra başını qaldırdı və elə bildi yuxu görür: ağ, qırmızı qərənfillər parnikin içində alov dilləri kimi cərgə-cərgə sıralanmışdı, sanki hər tərəf alışıb-yanırdı. Səttarın başı gicəlləndi, gözləri axdı və birdən qulağına çalğı səsi gəldi. Ya sağda idi, ya solda. Hardasa, lap yaxında idi.

Çöldə Maksim bərkdən öskürüb Səttarı səksəndirdi. Heç öskürməyin məqamı deyildi. Səttar, ha dinlədi, ha dinlədi, çalğı-zad eşitmədi.

Səttar parnikdən çıxıb təzədən arabanın hamar, soyuq qollarından yapışdı.

Maksim görünmürdü. Bəs harda dayanıb bu? Səttarı hardan güdür. Nə işlə məşğul olduğu da bilinmir: gah hovuzun yanında dümələnir, gah vedrə götürüb parnikə girir, gah çəkiclə nəyisə taqqıldadır...

İkinci parnik bir az aralıda idi. Ora gedib-qayıtmaq lap əldən saldı Səttarı. Dili ağzından çıxmışdı. Boğazı qupquru, kürəyi yamyaş idi. Əllərinin içi daha zoqquldamırdı – keyimişdi əllərinin içi. Ayaqları ağaca dönmüşdü.

Parnikin ağ örtüyünə baxa-baxa dolu arabanı itələdi və bu ağ örtük birdən-birə gözlərinin qabağında rəngini dəyişməyə başladı. Sonra göyün üzü, yer-yurd qaraldı. Səttarın dizləri qatlandı, tərli alnı, qaysaqlanmış dodaqları soyuq quma dirəndi. Səttar üzü üstə uzanıb qollarını yana açdı. Huşunu itirməmişdi, bilirdi ki, durmaq lazımdır, ancaq indi bu nəm quma qarışıb yox olmaqdan savayı dünyadan umacağı yox idi.

Maksim onun çiyinlərindən tutub dartdı.

- Axı, kişisən, – dedi. Səttarı dikəldib otuzdurdu. – İşləyənə oxşamırsan. Əllərin ağappaqdır, yupyumşaqdı. Mazol-zad yoxdu əllərində. Müəllim olmusan?

Səttar qulaqlarındakı uğultudan zinhara gəlibmiş kimi başını buladı.

- Mühasib, – dedi.

- Nə?

- Buxqalter.

- Qlavnı?

- Hə.

- Harda?

- Bankda.

- Elə bilirdim dünyada məndən axmaq adam yoxdu... Sən məndən də axmaqsan, qardaş.

- Bəlkə də elədi.

- Səndən ağıllı olduğum üçün istəyirəm sənə bir az kömək eləyəm... Sən beş-on dəqiqə dincəl, mən peyin daşıyaram.

Maksim arabanı apardı. Səttar başını qaldırıb üstü ağ dəmirli, birmərtəbəli evə tərəf baxdı. Çöldə aynabəndin qabağında cavan bir qadın dayanmışdı, yanında da balaca qız uşağı. Qadın bu tutqun havada işıldayan güllü xalat geyinmişdi, başına qıyqac bağlamışdı. Qızın əyni qalın idi. Səttara baxa-baxa mandarin soyub yeyirdi. Səttar, nədənsə, fikirləşdi ki, güllü xalat geymiş bu qadın yanındakı qız üçün yəqin indidən cehiz hazırlayıb. Nə vaxtsa bu qapıya elçilər gələcək. Bu həyətdə mağar qurulacaq, toy çalınacaq. Amma Validəynən Xalidəni almırlar, çünki onların atası Səttardır. Validəynən Xalidə evdə qalıb qarıyacaqlar. Hər toy səsi eşidəndə Ayna ağlayıb ərinə qarğış yağdıracaq, qızlar da əllərini göyə qaldırıb deyəcəklər: “Atamızı öldür, İlahi!” Əlbəttə, Səttarın ölməyi məsləhətdir. Səttar bu dünyada olmasa, gözə görünməsə, qəbahəti unudulacaq, qızlarının ürəyindəki yaralar köhnələcək, oğlanlar Validəylə Xalidəyə elçi göndərməkdən çəkinməyəcəklər.

Səttarın içindəki od təzədən alovlanmışdı. Mədəsi, bağırsaqları alışıb-yanırdı, ürəyi o zəhrimardan istəyirdi. Qalxıb su balonunu çəkdi başına. Maksimdən arabanı aldı. Allaha yalvardı ki, qolları, qıçları sözünə baxsın, canına dözüm, təpər gəlsin.

Səttarda arabanı itələməyə güc, yeriməyə taqət qalmamışdı. Peyini tökə-tökə aparırdı.

Ağaibrahim qayıtdı. Səttarın xəstə adam kimi səntirləməyini o da gördü. Gedib durdu arvadıyla qızının yanında. Sonra Maksim də onlara yaxınlaşdı. Dördü də Səttara baxırdı. Səttar özünü elə itirdi ki, ayaqları dolaşdı, araba əlindən çıxıb böyrü üstə çevrildi. Dizləri yerə dəyəndə Səttar aynabəndin qabağında dayananlara gözlərinin ucu ilə baxdı. Ağaibrahim üzünü yana tutub arvad-uşağını evə saldı.

Maksim, Səttarı darısqal daxmadakı balaca stolun arxasında otuzdurub getdi yemək gətirməyə. Bura yəqin ki, Maksimin otağı idi. Divara onun şəkli yapışdırılmışdı; başında yekə həsir şlyapa, əlində bel. Deyəsən, elə bu həyətdə çəkilmişdi. Stolun üstündə köhnə tranzistor vardı. Bir küncdə açılıb-örtülən çarpayı, bir küncdə portveyn şüşələri, hamısı da boş. Güzgüsü də vardı bəxtəvərin.

Səttar qapıya vurulmuş dəyirmi güzgüdə özünə baxdı – nə vaxtdan bəri güzgü qabağında dayanmamışdı; yaman arıqlamışdı, üzü bapbalaca olmuşdu, burnu uzanmışdı. Rəngi kül rənginə çalırdı. Hər gözünün altından xırda, qara torba sallanırdı. Başının qabağı dazlaşmışdı. Üzünün çal tükləri uzanıb qıvrılmışdı.

Maksim məcməyidə yemək gətirdi. İri kasalarda küftə-bozbaş buğlanırdı. Yumşaq çörək, göy-göyərti... Səttarın mədəsi qaşındı. “Yəqin Maksim içki də qoyacaq ortalığa. Özü vurandı, burnu qırmızı istiota oxşayır”.

Maksim onun fikrindən keçənləri sanki gözlərindən oxudu: Dedi:

- Gündüzlər içmirəm. İş vaxtı olmaz. – Başı ilə küncdəki boş şüşələrə işarə elədi, – İbreyim yeşiknən alır. Hər axşam yarım litr çaxırım var: şərtimiz belədi. Amma bu təhər içmək ləzzət eləmir mənə. Həftədə bir gün vıxodnoyum var. Deyirəm, İbreyim, mindir məni maşına, apar çölə, çaxırımı da yığ yanıma. İçim, üzümü sürtüm torpağa... Donuz kimi eşələnim yerdə. Üzüm sıyrılsın, çapılsın. Ayılana yaxın bir də içim. Heyvan kimi heç nə fikirləşməyim. Səhəri gəl, deyirəm, məni götür ordan. İbreyim razı olmur, deyir, adam kimi iç.

- Sən burda qalırsan, Maksim?

- Hə. Mən bu evin ştatnı işçisiyəm. İbreyim ayda yüz əlli manat maaş verir mənə. Özləri nə yesələr, mən də ondan yeyirəm. İşim da o qədər ağır döyül. Həyət-bacaya baxıram, güllərə qulluq eləyirəm. Çörəyimiz güllərdən çıxır. İbreyim yaxşı qazanır güllərdən. Özü də yaxşı oğlandı, əliaçıqdı, mərddi, insaflıdı. Cavan olmağına baxma – kişidi. Atıb getməyə ürəyim gəlmir, çox istəyirəm onu... Başqa həyətlərdə də mənim kimi fəhlələr var – avara, yurdsuz o qədərdi ki – mənə paxıllıq eləyirlər. – Maksim gülümsədi. Çürük dişlərini göstərməkdən utanırmış kimi tez də dodaqlarını yumdu. Sonra soruşdu ki: – Neçə yaşın var?

Səttar dedi:

- Əlli beş.

- Butulka tez qocaldıb səni. Türmədə olmusan?

- Yox.

- Mitilini çoxdan atıblar bayıra?

- Beş ildi. Amma mən yaxşı mühasib olmuşam. – Səttar küncdəki boş şüşələrə baxdı. – İnanmırsan?

Maksim tikəsini udub dedi:

- Mən də yaxşı tokar idim. Şəklim paçotnı doskadan düşmürdü. İki dəfə orden almışam. Evim də vardı, arvadım da, qızım da... Əvvəllər toyda, məclisdə içirdim. Sonra dadandım içməyə. Harda gəldi dəmlənib yatırdım. Ev-eşikdən xəbərim yox idi. Bir gün gəldim, gördüm qızımın böyründə bir kişi oturub. O biri otaqdan da arvadım bir kişiynən çıxdı. Gedib kuxnadan bıçağı götürdüm. Day heç nə yadımda qalmadı. Arvadıma yeddi yerdən bıçaq vurmuşam... Mən türmədə olanda ayrı ər tapıb özünə. Onu gətirib yatızdırıb mənim krovatımda. Qızım da bir yaşlı kişiyə qoşulub gedib Tümenə.

Peyin də, əl arabası da, içindəki yanğı da, canının ağrısı da Səttarın yadından çıxmışdı. Gözlərini Maksimə zilləyib onun yaşlı kişiyə qoşulub gedən qızı barədə fikirləşirdi. Yəqin o qız hər gün ərindən xəlvət ağlayır və ömrü boyu ağlayacaq.

Ağaibrahim gəldi. Səttara iyirmi manat verib dedi:

- Azdırsa, halal elə... Sağ ol, yaxşı işlədin.

Səttar dedi:

- Axı, peyinin çoxu qaldı orda.

- Elə orda da qalmalıdı... Razıyam sənin işindən. Sağ ol. Yenə iş olsa, səni gətirəcəm.

Ağaibrahim gedəndən sonra Maksim bir şüşə portveyn verdi Səttara.

- Gizlət, – dedi. – Kişiliyin çatsa, özünü saxla.

***

Gecə yarıdan keçmişdi; nə yata bilirdi, nə də bircə şüşə çaxırı içə bilirdi. İki-üç dəfə qaranlıq küncə çəkildi, ancaq şüşənin ağzını açmağa ürəyi gəlmədi. Əlini qoltuğuna uzadanda qızları gəlib dayandı gözlərinin qabağında, hərəsinin də yanında bığlı bir kişi.

Vağzalda seyrəklik idi. Gedənlər getmişdilər, qalanlar da gözləmə zalında mürgü döyürdülər. Çöl soyuq idi. Hansı yoldasa uzun qatar dayanmışdı, yan-yörəsində adam görünmürdü. Səttarın ürəyindən keçdi ki, o qaranlıq vaqonlardan birinin pəncərəsindən baxa-baxa həmişə tək-tənha yol getsin. Gedəcək, gedəcək və hardasa ömrünün sonuna çatacaq. Vəssalam? Bu vağzaldan yığışmaq lazımdır. Buranın ab-havasından kədər yağır. Adam qatarın ardınca düşüb qaçmaq istəyir.

Səttarın içindəki köz təzədən alovlanıb bu soyuq payız gecəsində onun canına od saldı. Bədəni heydən düşdü. Əllərini yerə dirəyib bumbuz asfalta oturdu. Ağlı yavaş-yavaş dumanlandı və Səttar dumanlı ağlı ilə dərk elədi ki, qoltuğunda gəzdirdiyi şüşəni ağzına dirəyib iki-üç qurtum içsə, gözləri işıqlanacaq, nəfəsi genişlənəcək... Beyninin bir guşəsində iynənin ucu boyda işıq qalmışdı və bu işıqda çaxır şüşəsindən savay heç nə görünmürdü. Bircə bu işığı söndürə bilsəydi!

Sonra sifətləri seçilməyən, kölgəyəbənzər adamlar göründü gözlərinə. Səttarla bu adamlar arasında bomboz bir pərdə vardı. Kölgələr yeriyirdilər, qaçırdılar, yıxılırdılar. Səttar əlini atıb, pərdəni cırdı və doğmaca qızlarını görəndə nəfəsi tıncıxdı: Validə də yarılüt idi, Xalidə də. Hərəsi bir kişinin dizi üstə oturmuşdu. Ayna da o yanda, qoca bir kişi ilə qolboyun dayanmışdı. Səttar yan-yörəyə ha baxdı, bıçaq tapmadı. Ürəyi çırpındı, çırpındı və Səttar başa düşdü ki, ürəyi bu çırpıntıya dözməyəcək, bu dəqiqə partlayacaq. Onda qışqırdı:

- Maksim! Maksim'! Öldür bunları! Maksiim!

Və Səttar başladı hönkürüb ağlamağa...

- Vətəndaş!.. Vətəndaş!.. – Kimsə Səttarın çiynindən tutub silkələdi. – Niyə burda oturmusunuz?

Səttar bir xeyli diqqətlə baxandan sonra gördü ki, yanında iki milisioner dayanıb. Hiss elədi ki, yanaqları islanıb, gözlərinin yaşını sildi.

- Burda durmuşdum, – dedi, – birdən halım xarab oldu.

Milisionerlərdən biri Səttarın qarşısında çöməldi, inandı ki, içki iyi gəlmir ondan.

- Təcili yardım çağırım?

Səttar:

- Yox, – dedi və güclə qalxıb, beynindəki uğultuya qulaq asa-asa gözləmə zalına getdi.

***

Bu gün hava dünənkindən pis idi. Səttarın hərarəti qalxmışdı, başı gicəllənirdi, amma eyni açıq idi: qoltuq cibindəki şüşə eləcə dururdu. Bazarla üzbəüz binanın dalında dayanıb qaramtıl göyə baxırdı və fikirləşirdi ki, indi əsl içmək vaxtıdır – başgicəllənməsi dayanar, hərarəti düşər. Onu da bilirdi ki, içsə, işə-gücə yaramayacaq, yıxılıb tinlərin birində qalacaq.

Dünənki adamların çoxu burdaydı. Təzələri də vardı. Hamıdan qıraqda, qarasaç, seyrəkqaş, tumgöz iki cavan oğlan dayanmışdı, ikisi də diplomat götürmüşdü.

Bir kişi də vardı, uzun plaş geymişdi, şlyapa qoymuşdu. Narahat-narahat o baş-bu başa gəzişirdi. Gəlib durdu Səttarın yanında, başladı köhnə tanış kimi danışmağa.

- Məzuniyyətə çıxmışam, – dedi, – bir ay evdə bekar niyə qalım? Həm də pul lazımdı mənə. Mühəndisəm, maaş kara gəlmir. Mən heç kimdən qorxmuram, hər yerdə deyərəm bunu: maaşnan çətin dolanırıq. Pul lazımdı. Gedib borc istəməyəcəm ki. Axı, borcu gərək qaytarasan. Xaricdə bilirsən necədi? Elə yer var ki, bir günlüyə, lap bir neçə saatlığa işə götürürlər adamı. Pul lazımındı, get, beş-altı saat işlə. Bunun nəyi pisdi? Hə?

- Yaxşıdı.

- Amma bizdə əmək kitabçası istəyirlər, tərcümeyi-hal, ərizə, arayış... Müsibətdi... Evdəkilər qoymurdular bura gəlim. Dedim, gedəcəm, vəssalam! Pul qazanmaq ayıb deyil. Odu ey, o diplomatlı oğlanları görürsən? Əcnəbilərdirlər. Ya Vyetnamdan gəliblər, ya Kampuçiyadan. O tərəfdəndirlər. Görünür, tələbədirlər. Pul lazımdı. Neynəsinlər? Səndən, məndən borc istəsinlər? Düz eləyib bura gəliblər... Mən işdən qorxmuram, sağlam adamam. – Kişi qollarını dirsəkdən büküb, sinəsini qabartdı.

Səttar onun tərtəmiz qırxılmış üzünə, şlyapasına, qalstukuna baxıb dedi:

- Bura gələndə köhnə geyinmək lazımdı. Bəlkə sizi aparmağa ürək eləmədilər.

Kişi əlini yellədi.

- Mən dibçəkdə ağac əkmişəm. Ensiz yarpaqları var. Barı-bəhrəsi olmur, yaraşıq üçündür. Arvadım onun adını “Bəxt ağacı» qoyub. Müşkül iş dalınca gedəndə bir yarpağını qoyuram cibimə, bağlı qapılar açılır üzümə. – Kişi plaşının qoltuq cibindən bir yarpaq çıxartdı, bir üzü saralmışdı.

Bir “Jiquli” gəldi. Maşının yiyəsi başını pəncərədən çıxardıb adamlara baxdı. Sonra plaşlı kişini çağırdı:

- Ay dayı! Gəl bura!

Kişi Səttara baxıb gülümsədi.

- Gördün? Bu dəqiqə sənə nə dedim? Sabah burda olsan, bu yarpaqdan səninçün də gətirərəm. – Yarpağı cibinə qoydu,

qıvraq addımlarla gedib maşına mindi...

Ovurdları batıq oğlan gəldi.

- Druq...

Səttar macal vermədi ki, oğlan sözünün dalını gətirsin.

- Netu... Siqaret net! – Amma varıydı, bu səhər aldığı qutunun başını açmamışdı heç. Gördü ki, oğlanın dostları da o yanda dayanıb baxırlar, dedi: – Çestni slova, netu.

Siqnalı futbol marşı çalan “Jiquli” görünəndə Səttarın ürəyi atlandı. Səttar səkinin lap qırağında dayandı.

Ağaibrahim maşından düşüb sağa baxdı, sola baxdı, Səttarın başının üstündən arxadakılara baxdı. Bircə addımlığında gülümsəyə-gülümsəyə durmuş Səttarı guya görmədi. Diplomatlı əcnəbilərə əl elədi:

- Rebyata, idite syuda!

Səttarın başına elə bil bir qazan qaynar su tökdülər.

Pərt-pərt dedi:

- Ağaibrahim qardaş, sabahın xeyir!

Ağaibrahim özünü təəccüblənən kimi göstərdi.

- Səni görmədim, – dedi və tumgöz oğlanları maşına mindirib apardı.

Səttar boz binadan aralandı. Tanımadığı küçəyə düşüb, yavaş-yavaş üzü küləyə getdi. Hara getməyin onunçün mənası yox idi, təki dayanmasın, yerisin, ürəyində baş qaldıran istəyi boğa bilsin. Yoxsa elə buradaca portveyn şüşəsini qurtha-qurtla boşaldacaqdı.

Lap yaxınlıqda iki maşın böyür-böyürə dayandı. Sürücünün biri o birinə pəncərədən kağız uzatdı,

- Ağasəlim, sabahın xeyir!

- Ay sənin aqibətin xeyir!

- Ağakərim səni şənbə günü oğlunun toyuna çağırır.

- Mübarək olsun!

- Balalarından, subaylarından görəsən!

Maşınlar aralandı.

Səttarın qulağına toy səsi gəldi. Ya sağdaydı, ya solda. Hardasa, lap yaxındaydı. Sonra Səttar aralı qapıdan qızlarını gördü. Yan-yana dayanmışdılar. İkisi də bir boyda, bir biçimdə. Bu göyərçinlər nə vaxt böyüdülər, nə vaxt gözəlləşdilər, fələk? İllər nə tez ötdü? Ömür sakit su kimi nə vaxt axıb getdi?

Qapı burnunun qabağında çırpıldı. Səttar diksinən kimi oldu. “Validəynən Xalidə evdə qalıb qarıyacaqlar...” Dünəndən bəri canının oduyla qızdırdığı şüşə qoymur ki, Validəynən Xalidə ərə getsin.

Yaxınlıqdakı qədim binanın diş-diş divarına baxa-baxa əlini qoltuq cibinə salıb, şüşəni çıxartdı, ancaq nə illah elədi onu divara çırpa bilmədi. Əli əsdi, sanki canı bu şüşədəydi. Mədəsindəki od alovlanıb içini yandıranda başa düşdü ki, şüşəni sındırmağa gücü çatmayacaq. Huşunu itirməkdən qorxurdu. Bu kimsəsiz küçədə beyni dumanlansa, yenə gözlərinə kölgəyəbənzər adamlar görünəcək, yenə bomboz pərdənin arxasında arvadı, qızları, allah bilir, nə oyundan çıxacaqlar. Vağzala qayıtmaq qorxusu da bir yandan canını bürümüşdü. Üç-dörd qurtum şirin çaxır onu öldürməz ki? İçsə, dünyanı öz rəngində görər, qarabasmalardan canı qurtarar, heç kimdən, heç nədən qorxmaz.

Şüşəni təzədən qoltuq cibinə qoydu. “Burda yox... Gərək heç kim görməsin içdiyimi... Heç kim...” Pencəyinin yaxasını dartışdıra-dartışdıra üzü küləyə getdi.

Çimərlikdə ins-cins yox idi. Çətirlərin, talvarların görkəmindən kimsəsizlik, kədər yağırdı. Adamsızlıqdan sanki qum da rəngini dəyişib qaralmışdı. Yüngülcə dalğalanan dənizin şırıltısı, bir də hərdən suya şığıyan qağayıların qışqırtısı eşidilirdi.

Səttar paltarlarını soyunub səliqəylə qatladı. Külək dağıtmasın deyə köhnə, ağır ayaqqablarını da üstündən qoydu. Portveyn şüşəsini götürüb dənizə girdi. Suyun soyuqluğunu hiss eləmədi. Yeriyə-yeriyə fikirləşdi ki, dünən Ağaibrahimin verdiyi puldan bircə qəpik də xərcləməyib, pul şalvar cibində eləcə durur. Gərək o pula nəsə alıb yeyəydi, onu zəhmətlə qazanıb, axı.

Su boğazına çıxanda şüşəni sinəsinə sıxıb göyə baxdı. Lap aşağıda uçuşan qağayıları gördü. Sonra çalğı səsi eşitdi. Ya sağdaydı, ya solda. Hardasa, lap yaxındaydı...

Sonra heç nə eşitmədi, heç nə görmədi...

Ağ qağayılar soyuq dənizin üstündə qışqırtı qopartdılar.

1987

# 4213 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #