Yeddi ocaq - İsi Məlikzadənin hekayəsi

Yeddi ocaq - İsi Məlikzadənin hekayəsi
24 mart 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Yeddi Ocaq”dır.

Alxas kişinin həyəti adamlarla dolu idi. Ağız deyəni qulaq eşitmirdi. Hamı hərəkətdə idi, hamı tələsirdi. Artırmanın baş tərəfində dayanmış qarmonçu barmaqlarını dillərdə gəzdirir, çaldığı “Vağzalı”dan həzz alırmış kimi gözlərini yumurdu. Bu gün Alxas kişinin sonbeşiyi öz yuvasını tərk edirdi. Yeddinci qızın toyu idi. Alxas kişinin evində yeddinci və axırıncı...

Alxas kişi xəzəllə dolu, irigövdəli tut ağacına söykənib adamlara matdım-matdım baxırdı. O, bu qarışıqlığa qəflətən düşüb özünü itirmiş, diqqətdən, qayğıdan kənarda qalmış yad adama oxşayırdı. Uzun qarğı müştüyə keçirdiyi siqaretin acı tüstüsü onun gözlərini yaşardırdı. Kədərləndi. Qızlar doğulanda Alxas kişi heyfsilənmişdi, oğul da arzulamışdı. Heç olmasa bircə oğul...

İndi o, ürəyində bir boşluq hiss etdi. İncidi, özündənmi, taleyindənmi, yoxsa ömür yoldaşındanmı? Bilmirdi. Arvadı o yan-bu yana qaçdıqca Alxas kişi hövsələdən çıxırdı: “Gör necə əl-ayağa düşür, elə bil tək qalmağımıza sevinir”.

Gələn maşınlar dalbadal siqnal verir, səs-küy artdıqca artırdı. Alxas kişi özündən iki yaş kiçik bacısını yanında görüb diksindi. Ona ötəri nəzər salıb, üzünü döndərdi.

- Niyə şadlanmırsan, ay qardaş?

Kişi dinmədi. Müştüyün ucunda yanıb qurtarmış siqaretin kötüyünü çıxarıb atdı. Təzəsini yandırdı.

- Başıma xeyir, elə dayanmısan guya köçən qız sənin deyil?

- Neynəyim? Əl-qol açıb oynayım? - Kişinin səsi xırıldadı.

- Bəs nə bilmişdin? Öz balanın toyudu da.

Alxas bacısına sərt-sərt baxdı. Sonra siqaretin tüstüsünü sinəsinə elə çəkdi ki, az qaldı boğulsun. Öskürdü. Enli burnunun pərələri yumulub açıldı. Azacıq tüklü olan üzünə qızartı çökdü. Gözləri iriləndi. Bacısı, boyca özündən alçaq olan qardaşına baxıb gülümsədi:

- Pəhləvan boyuna qurban olum, ay Alxas!

- Sənin də keyfin qalxıb.

- Başıma xeyir, indi də keyfim qalxmasın, bəs nə vaxt qalxsın? Nə olub, ay Alxas? Elə bil heç altı qızı köçürdən sən deyilsən?

Alxas kişi dərindən ah çəkdi:

- O biri qızlar gedəndə belə olmamışdım, Sənəm! Axırıncı məni yandırdı. Elə qorxuram ki...

- Niyə, ay Alxas, nədən qorxursan?

- Səs-küyə öyrəşmiş adamam. Evimiz bomboş qalacaq.

- Bilmirdin ki, əvvəl-axır uşaqlar çıxıb gedəsidilər? Bilmirsən ki, qız özgə qismətidi?

- Birdən başımıza bir iş gəldi? Bəlkə ikimiz də yorğan-döşəyə düşdük? Bizə bir qurtum su verən lazımdı? Həkim çağıran lazımdı? Ocağımızı yandıran lazımdı? Yox, Sənəm, ocağım söndü, yaman söndü.

- Lap kimsiz-kimsəsiz adam kimi danışırsan. Ə, qaragöz, qaratel nəvələrin var. Bəs onlar da sənin deyil?

- Yox, Sənəm, adamın öz ocağının qırağında oturanı lazımdı. Hamının canı sağ olsun özü üçün...

O biri qızları köçürəndə də Alxas kişi kədərlənmişdi. Amma bu, qəribə bir kədər idi. Onda Alxas kişi balalarını pərvazlandırıb uçuran ana quş təki bəxtəvər görünürdü. Atalıq qayğısından doğan həmin məsum, fərəhli hisslər indi onu tərk etmişdi.

Alxas kişini səslədilər:

- Ay Alxas!

- Alxas kişi!

- Ə, bu kişi harda qaldı?

Sənəm qardaşını dümsüklədi:

- İrəli dursana, ay törə Alxas! Qızı aparırlar, get xeyir-duasını ver.

Alxas kişinin qıçları əsdi. Elə bildi addım atsa yıxılacaq. Sənəm onun biləyindən tutub dartdı.

- Camaat səni gözləyir, özünü uşaq yerinə qoyma.

- Burax qolumu!

Alxas kişinin səsindəki titrəyişi açıqca hiss edən Sənəm kənara çəkildi. O bilirdi ki, sözü bir də çevirərsə bu “hirs dağarcığı” hövsələdən çıxacaq. Kişini səsləyirdilər:

- Ay Alxas!

- Alxas, heyy!!!

Alxas kişi evin dalına keçdi. Artırmaya ayaq basmağa ürək eləmirdi. Sanki bununla o, qızının getmək vaxtına uzadır, sonbeşiyinin azacıq da olsa evdə ləngiməyini qənimət hesab edirdi. Qonaqlar tələsirdilər. Ona görə də Alxas kişini axtarmaqdan əl çəkdilər. Gəlinin qolundan tutub maşına əyləşdirdilər. Oğlan evinin adamları oynaya-oynaya, oxuya-oxuya həyətdən çıxırdılar. Qarmon, qaval səsi hər yanı bürümüşdü. Maşınlar dal-dala düzülmüşdü. Siqnal verə-verə, asta-asta uzaqlaşdılar. Alxas kişi dabanlarını qaldırıb çəpərdən boylandı. Elə bil qızını gedər-gəlməz bir aləmə yola salırdı...

Evdə adam seyrəldi. Həyət-bacada yaxın qohumlardan başqa heç kim qalmadı. Alxas kişi artırmanın aşağısında, ocağın qırağında oturub fikirləşirdi. Bayaqkı səs-küydən sonra araya çökmüş sakitlik onu darıxdırırdı. Sanki o, dibi görünməyən dərin bir quyuya atılmış və oradakı ağır sükutdan qulaqlarında gurultu qopmuşdu.

Ocağın külü artır, istisi azalırdı. Alxas kişiyə elə gəldi ki onun evindən gedən hər qız bu ocaqdan bir od aparmışdı. Məhz buna görə də ocaq get-gedə zəifləyir. “Ocağım söndü, yaman söndü”, – deyə Alxas fikirləşirdi.

Başında ipək qıyqaç, əynində təzə paltar olan on bir-on iki yaşlı bir qız uşağı əlini kişinin çiyninə qoydu:

- Baba, sənə soyuq dəyər.

Kişi, qızın əlini sığallayıb gülümsədi. Sütuna söykənib maraqla ona baxan oğlan nəvələrini də gördü. Uşaqlar elə bil kişinin dərdini duyub susurdular. Qapının ağzında dayanan, bığ yeri təzəcə tərləmiş ucaboy oğlan kişini səslədi:

- Ay baba, bir stəkan çay gətirim, elə oradaca iç.

Balaca qız kösövləri ocağın ortasına itələdi. Dizlərini yerə qoyub ocağı üfürdü. Qalxan zəif alov kişinin qəlbinə ümid şöləsi saçdı, ürəyinə sevinc gətirdi. O, uşaqlara bir də baxdı. Bacısının dediyi sözləri xatırladı: “Qaragöz, qaratel nəvələrin var. Bəs onlar da sənin deyil?”

Ocaq daha gur yanmağa başladı. Kişi alovun uzanıb – qısalan göyümtül dillərinə nəzər saldı. Ocağın istisi onun ürəyinə, canına xoş bir hərarət gətirdi. Kişi fikirləşdi: “Alxas, yeddi qız sənin ocağının odunu yeddi evə payladı. Yeddi evdə yeddi ocaq yandı. Yeddi ocaq hər ocağın başında qaragöz, qaratel nəvələr... Niyə sevinmirsən, Alxas? Niyə qaşqabağını sallamısan?”

Alovun işığı kişinin gülümsəyən təmiz gözlərində rəqs edirdi. O, istiyə dözməyib qıçlarını yığışdırdı. Qımışdı. Ürəyindən gələn bir səsi açıq-aydın eşitdi: “Ocağın gur yanır, Alxas, boynuna al, yaman gur yanır”.

1964

# 3702 dəfə oxunub

Müəllifin son yazıları

# # #