Qarlı bir gün - İsi Məlikzadənin hekayəsi

Qarlı bir gün - İsi Məlikzadənin hekayəsi
17 mart 2020
# 09:00

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Qarlı bir gün”dür.

Maşın axırıncı binaların yanından ötüb, şəhərdən çıxdı. Sonu görünməyən düzənlik başlandı. Dünənə qədər bozaran çölə indi elə bil ağ kətandan qalın pərdə çəkmişdilər. Qar dənələri fırlana-fırlana yerə ələnirdi. Sanki göydə saysız-hesabsız kəpənək dəstəsi uçuşurdu. Soyuq adamın bədənini ağaca döndərirdi. Arx boyu seyrək əkilmiş xırda çılpaq ağaclar başlarını yerə vurub təzədən dikəlirdilər. Yol-iz görünmürdü. Maşın teleqraf dirəklərinin tuşu ilə elə bil əl havasına gedirdi.

Sərkarov adətincə yenə qabaqda-sürücünün yanında oturmuşdu. Yoğun, gödək barmaqları arasında tüstülənən süzgəcli siqaretin bozumtul külü qıvrılıb əyilmişdi. Tüklü, qara papağının qulaqlarını salmışdı. Küləyin zümzüməsini, gücə düşən motorun uğultusunu dinlədikcə ətli göz qapaqları ağırlaşırdı. Tez-tez başını silkələyib mürgüsünü dağıdır, çölün yeknəsəq, bezikdirici ağ rənginə baxırdı. Onun ayaqları get-gedə keyiyirdi, yastı körük burnu sızıldayır, sifəti gicişirdi.

Sürücü sükandan möhkəm yapışıb, uzun sümüklü barmaqlarını bərk-bərk yummuşdu, sanki sükanın əlindən çıxacağından ehtiyat edirdi. O, azacıq üzdə olan dəyirmi iri gözlərini irəli zilləmişdi, elə bil kirpik çalmağa qorxurdu.

Maşın sürüşüb istiqamətini dəyişdirdi. Sərkarov sürücüyə nəzər salıb köks ötürdü. Oğlan onun məzəmmətli baxışlarını görmədi. Sürəti azaldıb, sükanı cəld sağa fırladı. Maşının səmtini düzəldəndən sonra oğlan dərindən, rahat nəfəs aldı. “Yolda iz görünmür, – deyə fikirləşdi. – Bizdən başqa burdan keçən olmayıb”.

Nimdaş qəhvəyi papağının qulaqlarını Sərkarov kimi o da aşağı salmışdı. Bozarmış köhnə kürkü əyninə dar gəlirdi. İrigövdəli, uzunqollu oğlan oturacağa sığışmırdı, elə bil oyuncaq uşaq maşınında əyləşmişdi. Sərkarov onun qalın qara bığına, donqar burnuna baxdı. Sonra siqareti üfürüb tüstünü qar döyəcləyən qabaq şüşəyə üfürdü.

“Yeznəsi bu Qəzənfərə niyə tündxasiyyət deyir? Üç gündür mənimlə işləyir, ağzından “bəli, baş üstə”dən qeyri söz çıxmayıb. Şofer nə qədər az danışsa, yaxşıdır”.

Qəzənfərin böyük bacısının əri Sərkarovun köhnə dostu idi. Bu maşına da onu yeznəsi düzəltmişdi. Sərkarovun evinə getmişdi. “Eşitmişəm təzə şofer axtarırsan. Mənim qaynımı götür işə, diribaş oğlandır. Amma xasiyyəti bir az tündür. Söz götürən deyil, bir yerdə dörd-beş aydan artıq davam gətirə bilmir. İndi də bekardır. İki uşağı var, avara gəzmək ona yaramaz. Sən özümüzünküsən, onunla dil taparsan”.

Üç gün idi ki, Qəzənfər «QAZ-69»un sükanı arxasında otururdu. Səhərlər Sərkarovu şəhərdən Sumqayıta aparır, axşamlar da geri qaytarırdı. Sərkarov dindirməsə dinməzdi. Deyəsən, heç müdirin üzünü də əməlli-başlı görməmişdi.

Yolun ağırlığından oğlanın əsəbləri gərilmişdi. Maşın çala-çökəyə düşüb yırğalandıqca başı brezent örtüyə dəyirdi. Nəzərləri irəlidə olsa da hərdən fikri haçalanırdı: “Sərkarovun yanından şoferlər niyə qaçırlar? Bir ildə dördü gəlib-gedib. Bu ki, pis adama oxşamır. Söymür, qışqırmır... Ədəbli kişidir. Yoxsa o boyda tikinti idarəsinə müdir qoymazdılar. Onun yerinə kim olsaydı bu havada burnunu çölə çıxarmazdı... Bəs niyə şoferlər bunu bəyənmirlər?.. Yəqin günah onların özlərindədir. Görünür, özlərini yaxşı aparmayıblar. Maşına pis qulluq ediblər... Mən çalışmalıyam ki, Sərkarovun xoşuna gəlim. Bəsdir ora-bura qaçdım. Hövsələli olmalıyam, ağlımı başıma yığıb, balalarıma çörək qazanmalıyam”.

Müdir siqareti ayağının altına atdı, çəkməsinin burnu ilə basıb söndürdü. Qəzənfər bir anlığa başını döndərib, dilik-dilik rezinin üstünə ovxalanmış tütün qırıqlarına baxdı. Sərkarov anladı ki, onun bu hərəkəti sürücünün xoşuna gəlməyib. Qəzənfərin ani, lakin eyhmalı, məzəmmətli baxışlarından incisə də, ayağını əzilmiş siqaretin üstünə qoyub, onu gizlətdi.

Qar ara vermirdi. Get-gedə qatılaşırdı. Qəzənfər belini əymişdi, enli çənəsi az qalırdı sükana toxunsun. Tez-tez əyləci basmaqdan, qol fırlamaqdan tərləmişdi. “QAZ-69” nərildəyə-nərildəyə, asta-asta gedirdi.

Oğlan qabaqda, üç-dörd addımlıqda tərpənən bir qaraltı gördü. Elə bil qarın üstü ilə şax-şəvəl topası dığırlanırdı. Maşının burnu qaraltıya çatanda Qəzənfər əyləci basdı. Uzun-uzadı siqnal verdi.

Qəzənfər qapını açıb başını çölə çıxartdı. Onun qarşısında qalın şala bürünmüş, uzun paltolu bir qadın dayanmışdı. Yanında balaca oğlan uşağı vardı. Uşağın boğazına dolanmış şərf çənəsini, ağzını örtmüşdü. Təkcə qara oynaq gözləri, bir də deşiklərindən buğ çıxan göyərmiş zərif burnu görünürdü. Külək vurduqca papağının qulaqları yellənirdi. Əllərinə iri yun əlcəklər geyinmişdi; görünür, özünkülər deyildi. Qadın orta yaşlı idi, güclə nəfəs alırdı. Qaşlarına, kirpiklərinə qar qonmuşdu. Zənbil tutan əli qıpqırmızı idi.

- Hara gedirsiniz? – deyə Qəzənfər soruşdu:

Arvad başı ilə yana işarə elədi:

- Bura, kəndə.

Qəzənfər uşağın göyərmiş burnuna, qıyılan gözlərinə baxdı. Əlini içəridən dal qapıya uzatdı:

- Oturun.

Arvadın sifəti işıqlandı. Sevincindən gözləri gülümsəyən uşağı qabağa itələdi.

- Keç, bala!

Sərkarovun bir az ərkyana, bir az məzəmmətli səsi eşidildi:

- Ört qapını!.

Qəzənfər qulaqlarına inanmadı. Başını döndərib, təəccüblə müdirə baxdı. Sərkarovun səsi azacıq mülayimləşdi:

- Mən işə gecikirəm.

- Yoldaş Sərkarov, buradan kəndə iki kilometrdən çox olmaz. İyirmi dəqiqəyə gedib qayıdarıq.

Müdir sol qolunu qaldırıb, saatını Qəzənfərin gözlərinin qabağına tutdu:

- Gecikirəm... İndi kənd yoluna girmək qorxuludur, gedib batarıq.

- Batmarıq.

- Sür!

Sakit, lakin amiranə tərzdə deyilmiş bu söz Qəzənfərin inadına son qoydu. O, peşman-peşman arvada baxdı. Qadın su süzülən qaşlarının ortasını düyünlədi. Bir addım arxaya çəkildi. Uşaq da geriləyib ona qısıldı. Bayaqkı təbəssüm onun qıyıq qara gözlərində donub qalmışdı.

Qəzənfər qapını çırpdı. Maşın tərpəndi. Sərkarov siqaret çıxarıb barmaqlarının arasında əsəbiliklə övkələdi, ancaq damağına qoymadı. Qəzənfər motorun uğultusundan çox ürəyinin döyüntüsünü eşidirdi. Qolları süstləşmişdi. Baxışları qarın dümağ rənginə axıb əriyirdi. Bu ağlığın içində o, bir cüt qıyılmış qara göz görürdü: bəbəklərində sevinc donub buzlaşmış körpə gözləri. Deşiklərindən buğ çıxan göyərmiş xırda burun görürdü. Ona elə gəlirdi ki, şüşətəmizləyən uşağın qollarıdır, Qəzənfərə yaxşı-yaxşı baxmaq üçün qarı silir. Düşündü ki, uzun paltolu qadın da, qaragözlü uşaq da daha addım ata bilməyəcək. Qəzənfərgil axşam bu yolu qayıdanda onlarla həmin yerdə rastlaşacaqlar. Orada iki təzə qar təpəsi dikələcək: biri böyük, biri balaca. Qəzənfər öz oğlunu xatırladı və bədənindən üşütmə keçdi.

Oğlan əyləci basdı. Motoru söndürmədən yerə düşdü. Kürkünün boynunu qaldırdı. İri əllərini ciblərinə qoyub maşının izi ilə geri addımladı. Bir dəqiqədən sonra qatı qar dumanının içində görünməz oldu.

Motor asta-asta işlədikcə maşın çırpınır, heyrətdən donmuş Sərkarovu da yırğalayırdı.

1964

# 4888 dəfə oxunub

Müəllifin son yazıları

# # #