İkinci Mahmudun uğurundan xəbər verən hekayə

İkinci Mahmudun uğurundan xəbər verən hekayə
13 fevral 2017
# 13:26

Kulis.az İradə Musayevanın “Janrların obrazı, hekayə...” yazısını təqdim edir.

( İkinci Mahmudun “Tanımal Mustafa” hekayəsi haqqında )

Ədəbi-estetik, bəlkə də elmi-nəzəri qiymətləndirmənin özündə belə obrazlılıq prinsipinin mövcudluğunu nəzərə alsaq, janrların da ədəbi-bədii siması olduğunu qəbul edəcəyik. Onlara hətta “nə” kimi yox, “kim” kimi yanaşsaq, alleqorik bədii situasiyada janrlar insan, canlı varlıq, obraz kimi gözümüz önündə şəxslənəcək. Dünya ədəbiyyatında, eləcə də klassik və müasir ədəbiyyatımızda janr taleləri, onların kəşməkəşli həyatı, qısa, ya uzun ömrü, çək-çevirdə olan mübahisəli mühakiməsi və s. haqqında düşünsək, təxəyyülümüzdə çoxlu janr portretləri yaranacaq. Bircə misala diqqət yetirməklə qayıdaq əsas mövzumuza. Məsələn, qəzəl janrının taleyini, xronikasını göz önündən keçirək. Ərəbistanda, ərəb dilində və ədəbiyyatında dünyaya göz açan qəzəl sonralar fars ədəbiyyatında da tanındı, həmin ədəbiyyatın doğma malına çevrildi. Şərq xalqlarının poeziyasına iri addımlarla ayaq açdığı üçün bizim qədim və orta əsrlər bədii dilimizdə də özünə doğmalıq tapdı. Qəzəlin libası, dil materialı - ərəb və fars tərkibli lüğətimizin potensial imkanları onu Azərbaycan ədəbiyyatında Füzuli zirvəsinə qədər qaldırdı. Amma elə bu ədəbiyyatda qadağalara, təzyiqlərə, hətta “köhnə çuxa” istehzasına da tuş gəldiyi zamanlar oldu. Sabirin şeir üslubunda lirik-romantik spesifikasından aralanıb satirik missiyalı - ədəbi, ictimai-siyasi döyüş libasına büründü, Ə.Vahidin qələmində yeniləndi (Ə.Vahid dərdlə Füzulisayaq “qəmxar” kimi yox, “əhli-keyf” kimi davrandı), müstəqillik dediyimiz zamanın deqradasiyalar və müharibə, mənəvi-psixoloji düşkünlüklər ağrısında dərdin “əruz kədəri”ni Baba Pünhan qəzəllərində eşitdik... Qəzəl bizim poetik duyğusallığımızda, sevinc və qəmin ləngərli, daha siqlətli ifadəsi, əksi olmaq potensiyalını heç vaxt itirmədi. Bizim ona ögey gözlə baxdığımız zamanlar oldu, fəqət qəzəl poeziyamızın nəcib, sədaqətli və sınaqlardan keçmiş gözəl janrlarından biri, həm də şeir Gözəlidir... Füzuli demiş, “qəzəl ceyranını ovlamaq çətindir”...

Fikrimi konkretləşdirmək üçün danışacağım mövzunun obyektini də çərçivələmək istəyirəm. Yəni, bütün janrları deyil, yazılı ədəbiyyatda epik növün janrlarını, bir az da dəqiqləşdirsək, hekayəni hədəfə çəkmək fikrindəyəm.

Azərbaycan ədəbiyyatında hekayənin tarixi qədim dövrə (N.Gəncəvinin mənzum hekayələri) gedib çıxsa da, ikinci əsas inkişaf mərhələsi XIX əsrə aiddir. Nəsrlə yazılan, müasir dünya hekayəçiliyinin forma-struktur xüsusiyyətlərinə tən gələn hekayə şəkli A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundov sənətində reallaşdı. Bu janrın intibah dövrü isə C.Məmmədquluzadə, Ə.Haqverdiyev zamanının, məktəbinin payına düşdü. Hekayənin C.Məmmədquluzadə intonasiyası hələ də davam edir. 60-cılar da bu intonasiyadan xilas ola bilmədi, “Molla Nəsrəddin” üslubunu, dilini, satirik tonunu dil və ifadə tərzində saxladı. Əslində klassik şeirin Füzuli, sovet şeirinin S.Vurğun poetik avazında, cazibəsində dövr etməsi kimi hekayə mətninə, hekayə obrazlarının səciyyələndirilmə prinsipinə yanaşmada da C.Məmmədquluzadə hekayəçiliyi bu janrın taleyində öz avtoritar mövqeyini qoruyub saxladı. Və nə qədər cazibəli, xoş, doğma bir tərz olsa da, bu hiss olunmayan, nəsr yaradıcılığında artıq az qala genetik ötürücülük həddində əks olunan, sindiromlaşmış, “Mirzə Cəlil dilində yazmaq” mərəzi ədəbi inkişafa mənfi təsir göstərən hal kimi səciyyələnməlidir. Hətta cümlə quruluşu, inversiya və s. bu kimi qrammatik səviyyədə yaradılan obrazlılıq belə sanki ədəbiyyata gələn hər yeni hekayəçi ilə bir də təkrar doğulur...

Dünya ədəbiyyatında bu janrın ustadları A.P.Çexovu, G.Mopassanı, nobelçi E. Munronu, Ə.Nesini misal göstərmək olar ki, həmin müəlliflər öz istedadlarını-bədii həqiqətlərini məhz daha çox hekayə imkanları çərçivəsində ifadə edə bilib.

Hekayə klassik ədəbiyyatımızın nəzmlə yazılan dövrlərində məzmun etibarilə daha çox didaktik, ibrətamiz, nəsihətamiz xarakter daşıyırdı. XIX əsrin I yarısında qərbdən gələn qonaq kimi bizə yeni nəqletmə, insanın və cəmiyyətin problemlərini yeni ədəbi dillə çözmək üsulunu öyrətdi - daha çox M.F.Axundovla... XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə və mollanəsrəddinçilərə ən çox lazım olan janr- felyeton və hekayə idi. Yığcam, sözünü zaman itirmədən, operativ çatdırmaq üçün əlverişli janr... Hekayə həmin zamanda daha çox ictimai-siyasi yüklü oldu. Maarifpərvər ədiblərin xalqa o qədər sözü vardı ki, bunu çatdırmaq üçün aylarla, illərlə roman üstündə dayanıb işləmək çətin olardı. Sözün ədəbiyyat olma, ictimai-siyasi, sosial dəyər qazanma funksionallığının zamanı sürətlə keçirdi... Elə bir janr lazım idi ki, ədəbi sözlə sosial-siyasi hadisələrin tempini bərabərləşdirsin. Publisistika ilə yanaşı belə bir gərəkli ədəbi sözü nəsrdə daha çox hekayə dedi. Hekayə öz kiçicik həcmi ilə ictimai təfəkkürün fövqünə qalxa bildi, maarifləndirmə işində fəal oldu, birbaşa şüura, ədəbi-estetik qavramaya təsir etdi. “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Dəllək”, “Buz”, “Baqqal Məşədi Rəhim”, “Saqqallı uşaq”, Ə.Haqverdiyevin “Şeyx Şaban”, “Mirzə Səfər”, “Uca dağ başında”, “Bomba”, Ü. Hacıbəyovun qısa satirik hekayələri və s. buna misal göstərmək olar...

Sovet hakimiyyəti illərində hekayə də bütün digər janrlar kimi inqilab qanına batdı, sanki... Sovet ideoloji təbliğat sisteminin tendensiyalı ədəbi vasitələrindən biri oldu... M.İbrahimov, S.Rəhimov, M.Hüseyn, Ə.Vəliyev və başqa bu kimi, məlum ifadə ilə desək “sovet ədəbiyyatının beşiyi başında dayanan” sovet yazarlarının hekayə yaradıcılığı sosialist inqilabı, Böyük Vətən Müharibəsi, kolxoz-sovxoz quruculuğu, süni məhəbbət məzmunlu beynəlmiləlçilik və s. bu kimi mövzularda zamanın fövqündən endi, ideoloji şöbələrin sifarişli mövzularının icraçısı oldu...

60-cılar dediyimiz yeni üslubi istiqamət yaradıcılarının böyük əksəriyyəti C.Məmmədquluzadə və “Molla Nəsrəddin” dilinin, özünüifadəetmə tərzinin təsiri ilə başladı hekayə yazmağa. Bu zamanlarda hələ də janr iyerarxiyası, bu iyerarxiyanın qanunlarına hörmət və məsuliyyət hissi qalmaqda idi. Birbaşa romana keçmək bəlkə də ədəbi pozuntu halı kimi qavranardı. Cavan müəlliflər romanın qapısını birbaşa döyməzdilər. Əvvəl hekayə, sonra povest, daha sonra isə roman!

Bəli, gəldik çıxdıq günümüzün hekayə yaradıcılığı məsələsinə. Mən adətən hekayə oxumaq istəyəndə cavan müəlliflərin kitablarına üz tuturam. Çünki, bu imzalarla ədəbiyyata gələn yeni nəfəsi, yeni ədəbi havanı daha tez hiss etmək olur...

İkinci Mahmudun hekayələri diqqətimi cəlb etdi. “Tanımal Mustafa” hekayəsində müəllifin maraqlı obrazlarını və bədii mətn situasiyasında canlandırdığı bir kəndin yaşam, düşüncə, hadisələrə (sevgiyə, xəyanətə, dostluğa, haqq-ədalət və yaramazlığa və s.) fərdi-xarakterik mövqedən deyil, kütlə psixologiyası bucağından baxma probleminin ifadəsini görürük.

Hekayənin baş qəhrəmanı adından da göründüyü kimi Mustafadır. Yaddaşına, adam və mal-heyvan tanıyan olduğuna görə adına “Tanımal” ayaması artırıblar. Mustafadan az qala detektiv kimi istifadə edirlər bəzi cinayət işlərində, hərdən ondan “ekspert rəyi” alırlar. Mustafanın yeganə və başqalarında olmayan bu hünəri onu mahalı üçün özəl bir insana çevirib. Mustafa üzdə özünü təvazökar göstərsə də, daxilində bu qabiliyyəti ilə qürrələnir. Amma bir gün... Həmin gün haqqında danışmağı bir az sonraya saxlayıb İkinci Mahmudun hekayəsindəki nəzəri-estetik məsələlərin təhlilinə baxaq. Hekayələr barədə danışanda adətən, təsvir, təhkiyə ustalığı qabardılır. Mahmudun təsvirləri obrazlılıq və canlılıq, dəqiqlik baxımından uğurludur. Məsələn, Mustafa çox darıxır, sıxılır və nə yollasa diqqəti cəlb etmək istəyir. İstəyir kimsə gəlsin otursun yanında, ona suallar versin, onu narahat edən şeylərdən birlikdə danışsınlar və s. Adi, sakit bir kənd səhərində yuxudan duran həmin kişinin hərəkət süjetinə diqqət edək: “Öskürməkdən bir şey hasil olmayanda da sırıxlısının cibindən müştüyünü çıxarar, əvvəlcə ağzına tutub bir-iki dəfə var gücüylə üfürərdi ki, içindəki tütün qırıntıları yerə tökülsün. Papiros qutusundan bir gilə papiros çıxarıb taxardı müştüyünə, ehmallıca qoyardı damağına. Sonra da o biri cibindən kibrit qutusunu çıxarardı, yavaşcana silkələyərdi ki, içinin boş və ya dolu olduğunu yəqin etsin. Qutudan bir kibrit dənəsi çıxarıb sürtərdi qaloşunun böyrünə. Elə ilk cəhddəncə alışdırardı. Papirosdan bir yağlı tüstü dartıb yerindəcə qurcuxardı. Bu nə qurcuxmaq idi, ya Rəbb! Elə qurcuxardı ki, deyərdin, kişinin altında kələ-kötür bir şey qalıb. Sonra ağzını ac sərçə balası kimi carradan açardı, tüstü bu səhərin sakit havasında burula-burula qalxardı yuxarı, elə bilirdin ki, bir ruhdu, çıxır bədəndən”.

Burada müəllif nə obrazı, nə hadisəni, nə də situasiyanın təsvirini verməyə cəhd edib. Ən əsası, təsvirin özünü yox, təsvir olunan situasiyanın ab-havasını tutub, məhz ab-havanın, ovqatın, mətn fonundakı mənzərənin, auranın bədii şəklini çəkə bilib. Oxucu özünü Mustafanın yanında - darıxan, narahat, ümidsiz durumda, nəyinisə itirmiş adam sifətində olan bu kişinin yanında hiss edə bilir. Və onunla birlikdə həmin narahat ovqatın ortağına çevrilir...

Mustafanın hünərini, “tanımallığını” (mal tanıyanlığını) Mahmud belə ifadə edir: “Yumurtaya baxıb deyərdi ki, bu filan toyuğun yumurtasıdır. Quzuya baxıb deyərdi ki, bu filan qoyunun balasıdır. Uşağa baxıb deyərdi ki, bu filan kişinin oğludur. Bir para əti bişir qoy qabağına, bircə dişlək vurub o saatca da yəqin edərdi ki, bu ət filan yerin ətidir”. Mustafanın mal tanıması onu rayonda milis şöbəsinin rəisi Şahsuvar müəllimlə “dost” olmaq həddinə qədər aparır. Çünki kəndlərdə tez-tez baş verən oğurluq, mal-qara oğurluğu hadisələrində onun “ekspert rəyi”-hansı malın, heyvanın hansı sahəyə, kəndə aid olması faktlarını anındaca açıb deyirdi və heç vaxt da yanılmazdı. Hətta kababxanada yediyi yeməyin hansı tərəfin ətindən olmasını belə dəqiqliklə müəyyənləşdirərdi. Şahsuvar müəllimlə də dostluğu elə kababxanadakı söhbətdən başlamışdı. “Bir xeyli vaxt imiş ki, Hacı Mansurun yatağından oğurlanan heyvanlardan xəbər çıxmırmış. Nə izi bilinirmiş, nə tozu. Zarafat deyil, bir gecədə 50 qoyun yoxa çıxıbmış. Mustafa kişi kababdan bir tikə götürüb, öz-özünə mızıldanıb: - Həə! Hajı Mansırın heyvanları dadlı olur! Ay kopoğlunun yovşanı! Bayaqdan ona göz qoyan Şahsuvar müəllimin qulağı alıb bu sözü. Yaxınlaşıb Mustafa kişiyə, deyib, a kişi, danışdığın nədi? Mustafa kişi bayaqkı sözünü təkrar edib:- Hajı Mansırın, deyirəm, heyvanları yovşan dadı verir ey. Sən Allah dadına bir bax! A bala, Hajı Mansır ağıllı kişidir, Çalda nə qədər yovşanlıq varsa, alıb qatıb özünə... Tezliklə məlum olub ki, Mustafa kişi haqlıdır. Doğrudan da, Hacı Mansurun yatağından oğurlanan qoyunların bir qismini bu kafenin yiyəsi alıbmış. Tutublar oğruları, basıblar qoduxluğa. Oğru da kim olsa, yaxşıdır? Hacı Mansurun çobanı Həvıllah kişi”. Mustafa kişinin mal tanıması falabaxanlıq kimi bir şey deyildi. O, kəndi, maldarlığı, əkin-biçin təsərrüfatının incəliklərini o qədər dəqiq bilirdi ki, bu artıq istedad kimi qiymətləndirilməyə layiq idi. Məsələn, Şahsuvar soruşanda ki, sən bu heyvanların filan yerə aid olduğunu hardan bildin? Mustafa deyir: “Bax bu qoyunların yunundakı pıtırğanları görürsənmi?! Şahsuvar müəllim də deyib ki, görürəm. Pıtırğan qoyunların qarnının altına yapışıb, belləri-böyürləri isə tərtəmizdir. Təkcə o sürünün otladığı yerlərdə pıtırğanlar gödək olur. Mustafa kişinin izahı Şahsuvar müəllimin canına yağ kimi yayılıb.

Və gəlib çatdıq Mustafa kişi üçün faciə, son hesab olunacaq həmin günə... O günə ki, nəvəsi Sitarənin nişan günüdür, hamı, hər yan bər-bəzək, şadlıq içərisindədir. Mustafa kişinin isə bu xoş gündən gözləntisi həm də gələn qonaqların kimlərdən olduğunu bədahətən, ilk baxışdaca söyləyəcəyi və hamının heyrətli alqışını qazanacağı uğura sahiblənməsi məsələsidir. Amma iş tərs gətirir. Hamını, bütün qonaqları bir-bir əsli-nəsli ilə tanıyıb tanıdan Mustafa Abdulla müəllimdə ilişir. Əslində çaşmır, lap dəqiq deyir ki, Abdulla müəllim kimin oğludur. Elə burdanca yeni bir hekayənin əsası qoyulur hekayədə...

“Mustafa kişi gələn qonaqların əlini bir-bir tutub məharətini göstərməyə tələsdi: - Xoş gəlmisiz! Həə! Ayə, sən tat Ehmədin gədəsi deyilsənmi?... A bala, sən donuzçu Kərəmin oğlu deyilsənmi?... A qızım, sən Tamaşa arvadınmı qızısan?.. Bax beləcənə, Mustafa kişi hər bir qonağı tanıdıqca ev adamlarından gülüş qopdu. Sanki Mustafa kişini alqışladılar. Qonşu kənddən gələn qonaqlar isə bu işə mat qaldılar. Qonaqların arasında məktəb direktoru Abdulla müəllim də vardı. Növbə çatdı Abdulla müəllimə. Mustafa kişinin əlini sıxıb heç nə demədən eləcənə gözlədi. Mustafa kişi qonağın üzünə baxıb əminliklə dilləndi:- Dərdin alım, sən doxdur Bayramın oğlusanmı? Əslində bu, sual deyildi, ona görə də cavab gözləmədən sözünə davam elədi: - Ömrügödəknən salam-əleykim olub”. Adamlar çaş-baş qalır, Abdulla müəllim Bayram doktorun yox, Əvəzin oğlu hesab edilirdi axı. Şahsuvar müəllim gülür və deyir: “Ay Mustafa kişi, deyəsən, qocalırsan ha! Bu Abdulla müəllimdi, özü də doktor Bayramın yox, rəhmətlik Əvəz dayının oğludur”. Həmin gün Mustafa kişini od götürür, nə yediyini, nə dediyini bilmir. Az qala Abdullaya yalvarır ki, Əvəzin yox, doktor Bayramın oğlu olduğunu boynuna alsın... Amma heç kim ona əhəmiyyət vermir və kişi bu hadisədən, bu sarsıntıdan sonra ölüm yatağına düşür...

İkinci hekayə isə Tükəz, Bayram doktor və Əvəz üçbucağı fonunda nəql edilir. Məlum olur ki, Mustafa kişi yanılmayıb, Abdulla həqiqətən də Əvəzin deyil, Bayram doktorun oğluymuş... Bunu Abdulla da başa düşür, fəqət bir adam bu yanlışlığa düzəliş vermək, əslində isə Mustafa kişinin həqiqətinə inanmaq istəmir. Beləcə günlərin birində Mustafa kişi dünyadan köçür. Onu yad edənlər isə onu sağlığında iflic həddinə çatdıran həmin cümləni təkrar-təkrar təkrarlayırdılar: “Həə! Mustafa kişi də belə getdi! Rəhmətliyin ağlı zayıllamışdı axır vaxtlar! Ey gidi dünya! Hamı da bir nəfər kimi bu sözü təsdiq etdi: - Həə, yaman zayıllamışdı..”

Mahmudun bu mətni daha çox novella xüsusiyyətlərini özündə əks etdirir. Hekayə janrının bir növü olan novella spesifikası (gözlənilməz sonluq, hadisələrin və süjetin dinamikasındakı dönmə, müəyyən nöqtədə qırılıb yeni başlanğıcla davam etmə və s. bu kimi kəskin dəyişmə məqamları) daha çox hiss olundu bu hekayədə. Mahmud kəndi yaxşı bilir, kənd adamının manera və jestlərini, dilini, ədalarını təbii şəkildə canlandırır. “Ayə, a Səməd! A bala, yeri dayın oğraşı çağır, gəlib toğluları doğazlasın! Daha mənim əvvəlki heyim yoxdu. Səməd vurnuxmağında idi. Tut ağacının haçasından bir çatı sıyırıb tələsik tövləyə girdi, bir az sonra buruntaq verdiyi buzovu sürüyə-sürüyə çölə çıxardı. Çatını buzovun belinə atıb yenidən tövləyə girdi. Şişək bir toğlunun dal ayaqlarından yapışıb həyətə sürütlədi”.

Məişət fonunda təsvir olunan hadisələrin mahiyyəti daha çox psixoloji problemlərin qabardılması ilə bağlıdır. Klassik hekayə təhkiyəsi, obrazların sosial statusda tanış boyalarla rəsmi və hardasa elə C.Məmmədquluzadə ilə başlayan məlum hekayə intonasiyasının tanış çalarları diqqətimizi cəlb etdi. Mahmudun təhkiyə və təsvir dilində ciddi qüsurlara rast gəlmədim. Sadəcə “bir gilə papiros” (“Papiros qutusundan bir gilə papiros çıxarıb taxardı müştüyünə”) olmaz yəqin. Bəlkə də “tütün” daha uyğun gələn ifadə olardı. “Mıxca” ifadəsini də “dirək” əvəzinə işlədib. (“Tövləyə girib qapının dalına mıxca dirəmişdi ki, girən olmasın.”) Səhv etmirəmsə, “mıxca” daha kişik ağac parçasıdır və divara vurulur, asılqan kimi istifadə olunur. Paltarı, papağı mıxçadan asmaq anlamında... Qapının dalına dirənəcək ağac parçası isə böyük olur, “paya” sözü ilə ifadə olunsa daha dəqiq, yerində işlənmiş anlayış olardı. Ümumilikdə isə bu hekayə Mahmudun nəsr sahəsində böyük uğurlar qazanacağından xəbər verir...

06 fevral, 2017.

“Ədəbiyyat qəzeti”

# 1766 dəfə oxunub

Müəllifin son yazıları

# # #