Qərb fəlsəfə tarixində “modern dövrün Aristotel"i adlandırılan filosof

Qərb fəlsəfə tarixində “modern dövrün Aristotel"i  adlandırılan filosof
27 avqust 2025
# 16:00

27 avqust görkəmli alman filosofu Fridrix Hegelin doğum günüdür.

Kulis.az bu münasibətlə Ömər Yıldırımın "Hegel kimdir?" yazısını təqdim edir.

Fridrix Hegel alman idealizminin önəmli nümayəndələrindən biri olmaqla bərabər, həmçinin Qərb fəlsəfə tarixinin ən böyük mütəfəkkirlərindən biridir.

“Modern dövrün Aristotel"i kimi tanınan Hegel dialektik sistemini fəlsəfə, elm, incəsənət, siyasət və din tarixini izah etmək üçün tətbiq edib.

Fridrix Hegelin təsiri həm fəlsəfə tarixində, həm də elmlərdə aydın şəkildə görünür. 20-ci əsrin siyasi mənzərəsində də onun ideyaları əsas düşüncə dayaqlarından biri olub.

İmmanuel Kantdan sonra alman idealizminin zirvəsi və ən böyük nümayəndəsi sayılan Hegel Almaniyanın Ştutqart şəhərində anadan olub. Atası dövlət qulluqçusu idi. Ştutqartdakı məktəb illərində o, parlaq şagird kimi seçilməmişdi. 1778-ci ildə Tübingen Universitetində ilahiyyat təhsili almağa başladı.

Təhsilini bitirdikdən sonra Bern və Frankfurt şəhərlərində altı il müddətində ailə müəllimi kimi çalışdı. O vaxt Alman idealizmi Fixtə və Şellinq kimi iki nüfuzlu nümayəndəyə malik idi və alman intellektual dünyası parlaq dövrünü yaşayırdı. Məsələn, Hegel ilə eyni ildə musiqi dahisi Bethoven də doğulmuşdu. Şair və alim Höte, romantik şairlər Novalis, Şlegel qardaşları və romantizmin ən böyük simalarından Hölderlin də bu dövrdə yaşamışlar.

1801-ci ildə Hegel Yena Universitetində Fixtenin dəstəyi ilə müəllim vəzifəsinə təyin edildi. Burada ilk kitabı “Fixte və Şellinqin fəlsəfi sistemləri arasındakı fərqlər” adlı əsərini nəşr etdi. Həmin vaxt Şellinq də Yena Universitetində çalışırdı və Hegel ilə yaxın dostluq münasibətləri qurmuşdu. Şair Hölderlin də hərdən onlara qoşulub fəlsəfi müzakirələr aparırdı.

Hegel bu ilk əsərində Fixtenin “mən” və “mən olmayan”ın mütləq vahiddə birləşməsi fikrini qəbul etməyərək, Şellinqin baxışlarını daha uyğun hesab edirdi. Əslində bu əsərdə Şellinqin mövqeyini müdafiə etməyə çalışırdı. Həmin dövrdə həmçinin Şellinq ilə birlikdə “Tənqidi fəlsəfə jurnalı”nın nəşrini idarə edirdilər.

1807-ci ildə Hegel ən böyük və təsirli əsəri “Ruhun fenomenologiyası”nı (Phenomenologie des Geistes) nəşr etdi.

Beləcə, Fixte və Şellinqin yanında alman idealizminin müstəqil və özünəməxsus yerini yaratdı.

1807-ci ildə başlayan Yena müharibəsi səbəbindən universitet bağlandı. Hegel maddi çətinliklərini qarşılamaq üçün Nürnberqdə bir liseyin direktor vəzifəsini qəbul etdi.

1812-ci ildə böyük əsəri “Məntiq elmi”ni (Wissenschaft der Logik) yayımladı. Bu əsər 1816-cı ilə qədər bölmələr şəklində nəşr olundu. O dövrdə çoxsaylı universitetlərin təkliflərinə baxmayaraq, lisey direktorluğu vəzifəsini 1816-cı ilə qədər davam etdirdi və həmin il Heydelberq Universitetində işləməyə başladı.

Bu universitetdə bir il ərzində “Fəlsəfi elmlərin ensiklopediyası”nı nəşr etdi (1818). Bu əsərdə fəlsəfi sisteminin üç əsas hissəsi — “Məntiq elmi”, “Təbii fəlsəfə” və “Ruh fəlsəfəsi”ni qısa şəkildə izah etdi.

Estetika dərslərini ilk dəfə Heydelberqdə verdi. Eyni il Berlindəki Universitetə keçdi və ömrünün sonuna qədər burada çalışdı.

Hegel Berlində işlədiyi müddətdə təkcə Berlin deyil, bütün Almaniyada ən böyük filosof və bəlkə də rəsmi filosof kimi tanınırdı.

Yenada yaşadığı illərdə Şellinqin köməkçisi kimi görünsə də, 1820-ci illərdə Kantın yolu ilə inkişaf etdirilən alman idealizminin zirvəsi olaraq başqa heç bir filosofun söz haqqı olmadığı bir nüfuza sahib oldu. Şübhəsiz ki, o, bu şöhrətə layiq idi.

Nitq qabiliyyəti Şellinqdən üstün olmasa da, məntiqli düşüncədəki tutarlılığı və bütün bilik sahələrini dialektikanın çərçivəsində qiymətləndirmə bacarığı böyük heyranlıq doğururdu.

Onun əsərlərində, ümumiyyətlə, kainat və insanlıq tarixinin axını və mənası haqqında dərin proqnozlar sezilir.

Fəlsəfədə gizli, mistik intuisiyalara və duyğulara əsaslanmağı qətiyyən qəbul etmirdi. Onun fikrincə, fəlsəfədə forma və məzmunun birliyi olmalıdır; fəlsəfə ancaq aydın, dəqiq və əlaqəli konseptual sistem içində mövcud ola bilər. Həqiqət yalnız məntiqli yenidənqurma yolu ilə anlaşıla bilər.

# 112 dəfə oxunub

Oxşar xəbərlər

Yeni “Harry Potter” serialından ilk kadr  yayımlandı

Yeni “Harry Potter” serialından ilk kadr yayımlandı

17:11 27 avqust 2025
"Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk rejissor

"Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk rejissor

17:10 27 avqust 2025
Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirmək istəyirdi... - Tarixi müsahibə

Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirmək istəyirdi... - Tarixi müsahibə

16:26 27 avqust 2025
“Boşluğa xütbə” filmi Venesiya Beynəlxalq Film Festivalında

“Boşluğa xütbə” filmi Venesiya Beynəlxalq Film Festivalında

16:12 27 avqust 2025
Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olundu

Azərbaycanlı operatorlar “Qızıl göz” festivalına dəvət olundu

16:03 27 avqust 2025
Qubaya film çəkilişinə gedən heyət  qəzaya uğradı - Ölən və yaralanan var

Qubaya film çəkilişinə gedən heyət qəzaya uğradı - Ölən və yaralanan var

15:30 27 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər