Mənim də yaşadığım bir Qarabağ romanı...

Mənim də yaşadığım bir Qarabağ romanı...
4 aprel 2016
# 15:49

Kəramət Böyükçölün “Səkkizinci gün” romanı haqqında

Mən qarabağlıyam... Qarabağ haqqında Qarabağ alınan gündən bircə şeir, bircə hekayə və bircə romanı da ürəklə, könüllü, özxoşuma oxumamışam. Qarabağ haqqında inşa yazdıran müəllimlərin yazı taxtasına yazdığı “İnşanın planı” qeydindəki maddələr də mənə mücərrəddən mücərrəd, saxtadan saxta görünür. Elə Qarabağ haqqındakı mahnıların mətni kimi... Vaxtilə “Qarabağdan yazmayaq!” adlı məqaləmi ona görə yazmışdım ki, Qarabağ faciəsini bədiiləşdirmək istəyən yazarların bir çoxunun yazdıqlarında o sarsıntını varlığında daşıyan oxucu kimi mən özümü, o zaman ətrafımda baş verən hadisələrin əslinə bənzər şəklini, xatırladıqca məni riqqətə gətirə biləcək qanlı-qadalı mənzərələri, bir sözlə, Qarabağ itkisinin bədii mətnini, ssenarisini, süjetini görə bilmirdim. Həmin əsərlərdə qışqırıq, meydanlardakı şüarlara bənzər pafoslu çağırışlar, nağıl qəhrəmanlarını xatırladan mübaliğəli obrazlar, ən pisi isə, ortalıqdan çıxmayan təlaşlı, inqilabçı, partizan kimi görünmək uğrunda tər tökən müəllif xarakterinin kölgəsi... Təsvir olunan hər hadisədə, danışdırılan hər qəhrəmanın çıxışında erməniyə, rusa barmaq silkələyən müəllif saxtakarlığını görə-görə əsəri axıradək mütaliə etmək ağırdır... Lakin təəssüf ki, həmin müəlliflər sonadək müəllif, yazar “saxtakarlığı” ittihamı ilə vətəndaş, azərbaycanlı vətənpərvər “saxtakarlığı” ittihamını ayıra bilmədi. Elə bildilər ki, onların vətəndaş yanğısına şübhə ilə yanaşıram... Fəqət, aydındır ki, yaxşı insan və vicdanlı vətənpərvər olmaq hələ mükəmməl yazar olmaq anlamını ifadə etmir... Ona görə də “Necə yəni, Qarabağdan yazmayaq?!” – nida və sualı ilə əks reaksiya nümayiş etdirdilər... Halbuki, Qarabağ mövzulu əsərlərdən gözləntimizdə sadə bir tələb vardı: ən azından həmin illərin qarabağlısının yaşadığı maddi, sosial-siyasi və mənəvi-psixoloji sarsıntının doğma, tanış mənzərəsini yaratmağı bacarsın. O qədər doğma ki, faciə qəhrəmanı didərginlər əsəri oxuyanda elə bilsin ki, yarasına duz basırlar, qulağında qrad atəşinin şaqqıltılarını hiss etsin. Əlində qaçqın bağlaması səksəkə içində səhərə qədər gözlərini pəncərəyə, qulağını qapı taqqıltısına kökləyən həmin illərin şahid qarabağlısı romantika, pafos və macəra donlu əhvalatları öz yaşantıları hesab etmir. Bu aldadılmış, alçaldılmış, “qaçqın”, “didərgin”, “köçkün” və s. bu kimi statuslarla, yardım torbaları və “qanpulu” assosasiyalı “qaçqınpulu” təsəllisi ilə susdurulmuş insanların tapdanmış haqqı həm də yazarların boynunda qaldı. Bu mövzunun sənətkarlıqla davamı Sabir Əhmədlidən sonra bir az da söndü...

Kəramət Böyükçölün “Səkkizinci gün” romanını oxuduqca müharibəyə, həmin illərə və ən əsası həmin illərdə həmin yerlərdə hər həftə təhvil verilən torpaqlarda, o torpağın bir parçasında, “batan Titanikin” sərnişini kimi əlacsız, ümidsiz və sarsılmış vəziyyətdə olduğumuz günlərə qayıdıram xəyalən. Bir çıxış yolu qalmamışdı, inandığımız siyasətçilər, başı üstündə bayraq yellətdiyimiz dövlət və hökumət adamları, gəlişini gözlədiyimiz “xilaskar ordu”- hamısı bizə xəyanət etdi... Torpaq da ayağımız altından qaçırdı, bizi öz çiynindən aşırdır, qovurdu... Düşüncələr kilidlənmiş, şüurlar donmuşdu sanki. Haraya “hay verənlər” elə hey bizi aldadır, öz siyasətini güllə yağışı altda da başımıza, beynimizə doldururdu. “Gecənin qara yaylığı altında gizlənmiş kənd camaatı qəflətən qışqırır. Allah onlara xilas olmaq üçün səs verir, dil verir, ancaq fikir vermir”. s. 4

23 ildən sonra bizim o halımızla, o halın, situasiyanın bədii mənzərəsi ilə Kəramətin romanında rastlaşdım. “Elə bil sindikləri bu küdrü “Titanik” gəmisi idi, hər tərəf isə quduzlaşmış okean suları. Yeganə quru yer üstünə uzandıqları torpaq. Bir çıxış yolu vardı, kim istəsə, özünü bu torpaqdan ata bilərdi. Əvəzə elə gəldi ki, altındakı kiçik torpaq parçası suyun üzərində yırğalanır. Aşa da bilərdi bu torpaq, ağzı üstə çevrilə də. Bəlkə də uzaqdakı gəmilər qəzaya uğramış bu torpaq parçasına tamaşa eləyirdi. Həzin, kədərli bir təbəssümlə vidalaşırdılar. Şuşa, Ağdam, Ağdərə kənardan bu gəmiyə baxıb köks ötürürdü. Bu bir parça torpaqda ağzı üstə uzanmış adamlar bilirdilər ki, heç bir çıxış yolu qalmayıb daha. Bəziləri rahatca yuvarlanıb özlərini suların qoynuna ata bilərdilər. Bu torpaq gəmiylə birlikdə batmaq ölümlərin ən gözəli”. s16

Doğrudan da ayaq basılası torpaq qalmamışdı, hər yan yanırdı, tüstüləyirdi, qaçanlar geriyə baxa bilmirdilər arxa-geri, kənd - Vətən od tutub yanırdı. “Kəndin yerində bir tonqal heykəli ucalmışdı. Elə bil hər şey göyə qalxırdı və Əvəz alovun qarşısında səcdə edirdi, alova baş əyirdi, alova ibadət eləyirdi. O alovun içində hər şey vardı; məscid də, kitabxana da, məktəb də, insan da. Kənddən çıxa bilməyən nə vardısa hamısı o alovun içindəydi”. s16

Bu yerlərdə zaman da sanki donub. Kəramət romanının əvvəlində müharibə səhnəsini yox, daha çox müharibə məkanının psixoloji ovqatını təsvir edir. Hamı çaşqındır, hamı ümidsiz və acizdir. Müharibəyə hərbi rəhbərlər deyil, kənd ağsaqqalları və ya həmin illərin könüllü dəstələrinin “saqqallı” qəhrəmanları istiqamət verir elə bil. Ölkənin xarici siyasətini kəndlilərin təxmini ilə müəyyənləşdirmək olar: “ Yerbəyerdən insanlar dilləndi.

- Moskva eləyir.

- Amerika eləyir.

- Fransa var bu işin içində.

- Onları bizim kəndimizə kim gətirdi?” s. 9

Bu kimsəsiz yerlərin kimsəsiz sakinləri müharibə qanunları tanımır, müdafiə və hücum strategiyası anlayışından xəbərsizdir, təhlükə anında ibtidai insanlar kimi meşələrə, dağlara, çaylara doğru yüyürür. Onlarda hələ əhd, vəfa, sədaqət hissi ölməyib, dostluq, namus deyilən dəyərlər hələ də ümidlə yol gözləyir. Əvəzin Qurgeni gözləməsi kimi. Əvəz bütün varlığıyla inanır ki, onun illərlə duz-çörək kəsdiyi Qurgen imkan verməz ki, ermənilər Quşçular kəndini atəşə tutsun. Sonrakı hadisələr göstərir ki, Qurgen doğrudan da sədaqət və qəhrəmanlıq nümayiş etdirir və bu azərbaycanlı dostlarının xilası üçün həyatlarını da təhlükəyə atırlar. Əvəz müharibənin gedişini Qurgenin münasibəti əsasında xarakterizə edir. “Qurgen qoymaz Quşçulara hücum olsun”, “Qurgen hər şeyi yaxşı bilir”, “Qurgen mütləq təhlükəni xəbər eləyər” və s. bu kimi inam və əminliklər güllə yağışı altında da etibardan düşmür. Əvəz ən qalmaqallı zamanda da Qurgenin üzünü görmək istəyir, gözlərinə, baxışlarına baxmaq istəyir – içərisinə qəflətən düşdüyü davanın sifətini, simasını onun üzündəki ifadə əsasında aydınlaşdırmaq üçün... Əgər Qurgenin üzü dönübsə, deməli, bu müharibə bitməyəcək, konflikt həll olunmayacaq... Əvəz hər il Qurgenin oğlunun ad günündə bir quzu bağışlayırdı, uşaq aylarla Quşçularda qalırdı. Əvəz fikirləşir ki, gərək Qurgenlə əlaqə saxlayaydı, ona xəbər göndərəydi, onda bilərdi ki, “onun baxışları soyuyub, ya yox. Bəlkə Qurgen hər şeyi yaxşı bilir? Bəs bilirsə, niyə xəbər eləməsin? Bəlkə xəbər eləməyə imkan tapmayıb? Belədirsə, vəziyyət çox ağırdı”. s.3 Çünki “Əvəz havada işıq saçan güllələrə baxdı. Bu güllələr Qurgenin yanından gəlirdi”. s.6

Yuxarıda da qeyd etdiyim kimi, Kəramət romanının əvvəlində müharibə səhnəsini yox, daha çox müharibə məkanının və bu eyni ərazidə, eyni təbiətdə, eyni ictimai-iqtisadi formasiyada eyni problemlərlə yaşayan müharibə insanlarının (həm erməni, həm də azərbaycanlı) psixoloji gərginliklərini təsvir edir. Bu insanların qışı- yayı bir, suyu-çayı, meşəsi-dağı bir, məişəti, təsərrüfatı birdir. Tale onları qonşu salıb, amma tarix və tarixə hökm edənlər imkan vermir Günəşin eyni istilik dərəcəsi və Ayın eyni işıqlılıq aydınlığı altında səmaya eyni məhəbbətlə baxmağa... Şiddət rəzalət və xəyanət, qəddarlıq doğur hər gün bu torpaqda. Bundan isə nəinki insanlar, heyvanlar və bitkilər də əziyyət çəkir: “Qoyunlar mələməkdən damaq oldu. Qurgenin iti Əvəzin itinin balası idi. İt də anası üçün hürürdü, hürürdü yox, dil açırdı. Erməni kəndində ağacların çoxu Quşçulardan gətirilmişdi. Ağaclar öz anaları üçün əsirdilər, əsirdilər yox, yarpaq dəsmalları ilə göz yaşlarını silirdilər.

Elə bil ay yaddan çıxmışdı. İtlər qradın səsinə hürürdülər. Qurdun, çaqqalın qoxusu yadda qalmamışdı, itlər barıt qoxusunu iyləyirdilər. Pişiklər sıçanı yadırğamışdılar, gilizləri güdürdülər. Buludlar ətəyini yerə vura-vura əsirdi. Topların tüstüsü buludları yamsılayırdı, gedib-gedib yorulurdu, qaramtıl kölgə kimi yerə düşürdü”. s. 6 Onlar gəldi ki, belə oldu, o təşkilatlar bizim qonşuluğumuzu anlaya bilməzlər, duya bilməzlər. Mənim qızım Quşçularda gəlindi. Təşkilat bunu nə bilir, nə başa düşür? Qızım necə oldu görən?s.9 Onları öldürməyin - deyirdilər - biz bir bulaqdan su içdik, bir çayda paltar yuduq. s.17

Camaat Əvəzin başına yığışıb. Əvəz işbilən, vicdanlı adamdır. Əvəz və onun arvadı Ülkər Quşçular kəndindəndir. Ailə dostları Qurgen və Siranuş isə qonşu erməni kəndi olan Noraguğdandır. Ermənilər Quşçulara hücum edib kəndi yandıranda camaat Ağdama tərəf qaçır. Bu zaman Qurgen və Siranuş atəş altında qaçıb Əvəzgilə köməyə gedirlər. Onları xilas etsələr də yaxınlığa düşən mərmi dördünü də zaman və məkan etibarilə çox-çox uzaqlara, dibi görünməz quyu uzaqlığına atır...

Müəllif Qarabağ məsələsinin düyünlənmiş nöqtəsində dayanıb, irəliyə, geriyə boylanır. Hadisələrin və dünya siyasətinin gedişini izləyir, çıxış yolu görmür. Sərhədlərə, millətlərə, dövlətlərə və onların siyasiləşmiş simasına, sifətinə baxır, yol görünmür... Kəramət mətnə postmodernist yazar düşüncəsi ilə yanaşır və çox maraqlı bir ədəbi üsuldan istifadə edir. İnsanın, insan övladının ikinci dəfə, yenidən doğulma prosesinin, hadisəsinin ssenarisini, süjetini qurur. Bu dörd insan artıq millət, dövlət, siyasət və hətta məhəbbət, nifrət belə tanımır. İnstiktiv olaraq birgəyaşayış qanunları yaratmaqla məşğul olurlar. Ancaq buna qədər bizim Quşçular kəndində baş verən olayları təhlil etməyimiz var...

“Quşçular nazlı-qəmzəli gözələ bənzəyir; havası qaymaq kimi dadlı, süd kimi içməli. Yamaclar elə bil çiçək şələsini çiyninə alıb harasa gedir. Kənd elə bil təzə doğulmuş, heç nədən xəbəri yox”... Şuşa yuxarıdan Quşçulara baxır. Elə bil adamlar Şuşaya boylanıb saat öyrənir, vaxtı dəqiqləşdirmək istəyir. Ancaq Şuşada vaxt işləmir, elə heykəl kimi donub qalır”.

Yenə o illərə getdim... Biz o illərdə insanlara, hərbi və siyasi başçılara inanmasaq da Şuşaya inanırdıq... “Şuşa alınmaz!”, “Şuşa getməz!”, Şuşa dağ idi, bizim söykəndiyimiz, arxalandığımız, alınmaz qala, toxunulmaz dağ! Biz Agdamda qorxanda, həyəcanlananda, kimsəsizləşəndə Kəramətin də dediyi kimi, dönüb Şuşaya boylanır, ondan güc alırdıq... Romanın bu məqamında şahidi olduğum və heç vaxt unutmayacağım bir müharibə səhnəsini təkrar yaşadım və həmin andaca beynimdən bu sual keçdi: “Bu nədi, Kəramət ki 1992-ci ildə Xocalı faciəsi günlərində bu mənzərəni bu cür olduğu şəkildə görə bilməzdi, görən onda onun neçə yaşı vardı?”... Onda Kəramətin 5 yaşı varmış, amma o müəllif kimi o zamanda, o yerlərdə, o adamların içində aydınca görünür... Mən o günlərin canlı şahidi kimi bu balaca oğlanı artıq orada görürəm. Lakin o da qəribədir ki, “Səkkizinci gün” romanında isə o hər şeyin canlı və yaşlı şahidi kimi bizə bizim tariximizi, taleyimizi danışır, bütün doğma cizgiləri ilə...

Ağdamda fevral ayının 26-sı günü İcra hakimiyyətinin (o zaman “raykomun binası” deyirdilər) qarşısından keçib sübh tezdən işə gedirdim. Hava çox soyuq idi və mənim qabağımca bir dəstə ayağıyalın, başıaçıq qoca, cavan ağlaya-ağlaya, ağı deyə-deyə İcra hakimiyyətinə tərəf irəliləyirdi. Bu mənzərə tanış idi. Çünki hər gün alınan, dağıdılan kəndlərdən Ağdama axın-axın, bu şəkildə, hər şeyini qoyub canını götürüb qaçan insanlar gəlirdi. Hətta Malıbəyli kəndi alınanda yenə İcra hakimiyyətinin qabağına tökülüşmüş insanlardan biri –orta yaşlı bir qadının dayanmadan nalə çəkib dırnaqları ilə daşı, torpağı diddiyi günləri də unutmamışam. O zaman bu əlacsız insanlar üçün hökumət “İcra” və əlac yeri isə onun qarşısındakı meydança idi. Hamını dilə tutub dağıda bilmişdilər, amma həmin qadının 3 qızı erməni saqqallılarına əsir düşmüşdü. O, qızlarını hökumətdən, “İcradan” tələb edirdi. Gecə də gündüz də orada ac-susuz nalə çəkib dərdinə əlac istəyirdi... Sonra eşitdim ki, həmin qadının başına hava gəlib və gülə-gülə mahnı oxuyurmuş, onu dəlixanaya (O vaxt Ağdamdakı ruhi xəstəxanaya baş həkimin adıyla “Rəfayılın balnisiyası” deyirdilər) aparıblar. Nə isə, Xocalıdan qaça bilən yaşlı qadınlardan biri ağlayıb qışqırır və qəzəblə bu sözləri təkrarlayırdı: “Biz də bütün gecəni burdan kömək gözləmişik, bunlar yatıb ki!... “Səkkizinci gün” romanında mühasirə vəziyyəti yaşayan, köməksiz, pərakəndə xəbərlərin təsiri ilə çaş-baş qalan bir kəndin sakinləri də eyni halı yaşayıbmış sən demə... “ - Şuşadan xahiş elədik ki, erməni kəndlərini atəşə tutsunlar, bəlkə bundan sonra ermənilər geri çəkilər... Şuşa susurdu. Ayrı vaxt Xankəndində erməni kəndlərinə top yağdıran Şuşa bu gecə əlləri qoynunda elə sakit dayanıb ki, elə bil orada bir inni-cinni yoxdu”. s.7

Bir az da qabağa gedəndə həmişə rastlaşdığım mənzərənin tam əksini gördüm. Bütün texnikanı (tanklar və s. həmişə orda guya hazır dayanırdı) deyilənlərə görə geriyə (Ağcabədiyə) çəkib aparmışdılar. Məqsədli şəkildə Xocalı harayına hay verilməmişdi... Hər ailədən, nəsildən tək-tük sağ qalan və mənim qabağımca ağı deyə-deyə fəryad qoparan bu insanlar inandıqları, arxalandıqları arxa qüvvənin, arxa cəbhənin özündən belə zərbə almışdılar... Xaos o qədər labrintləşmişdi ki, dostla düşmən, qəhrəmanla fərari, satqınla vətənpərvəri seçib ayırmaq mümkünsüzləşmişdi. Döyüş başlanan gün komandir yoxa çıxırdı, deyirdilər ya başqa cəbhəyə, kəndə göndəriblər vuruşmaq üçün, ya da Bakıya çağırıblar vəzifə verəcəklər orda, və s.

Kəramətin “Səkkizinci gün” romanında illər öncə şahidi olduğum mənzərələrin doğma, tanış cizgilərini gördüm: “Rəhbərlik dəfələrlə Nazimin yerini dəyişmək istəmişdi. Deyirdilər, guya başqa yerdə ona böyük ehtiyac varmış və guya vətən Nazimi ora çağırır. Kənd camaatı belə şeyləri yaxşı başa düşdüyündən Nazimi buraxmamışdılar. “Kəndimizin oğludu, bizi qoruyar” demişdilər. Nazim tək vuruşmurdu. Ətrafındakı bütün döyüşçüləri də hərəkətə gətirirdi, onları ayağa qaldırırdı. Kənd ağsaqqalları yaxşı bilirdilər ki, belə yer dəyişmək təcrübəsi onların başına nə oyunlar açıb. Hələ bu günəcən ipin ucu tapılmır. Nazimə nazirlikdə iş də təklif elədilər. Əvəzin bir haqlı sözü vardı, başını “yeməyə” aparırlar. Bir dəfə cəbhə yoldaşlarından biri Nazimin kürəyinə güllə atdı. Allah qorudu Nazimi. Allah onu qoruduğu kimi, o da öz kəndini qoruyurdu... Əvəz ürəyində çək-çevir elədi. Ola bilər ki, bu agentdir. Ancaq kimin? Bizimkilərin, yoxsa ermənilərin? Bəs onu nə üçün öldürməyiblər? Bəlkə göndəriblər ki, bizi vahiməyə salsın? Bu da müharibədi. Tankların, təyyarələrin ölüm saçan güllələrindən daha dəhşətli müharibə. Əvəz düşündü ki, bəlkə onun sözünə baxmayaq, çıxmayaq kənddən? Yaxşı, bəs sonra necə olacaq? Fikirlər Əvəzin beynində güllələr kimi ötüşürdü”. s.7

Quşçular kəndinin, eləcə də romanın baş adamı, qəhrəmanı Əvəzdir. O, qəhrəmanlıq göstərmək istəmir, o, erməni dostunu da düşünür, ailəsini, kəndini də, müharibəni və onun fəsadlarını da. O, bu anlaşılmaz qovğadan təkcə insanları deyil, həm də insanlığı sağ-salamat çıxarmaq istəyir. Məsələn, uşaqlıq dostu Qasımın bədəni erməni gülləsindən deşik-deşik olur və Əvəz güllə yağışı altında ona tərəf qaçmaq istəyir. Yanındakı əsgərlər mane olur: “- Dedik getmə, o, ölüb, özünü təhlükəyə atmağa dəyərdimi? - əsgər hirslə dilləndi.

Əvəz hönkürə-hönkürə cavab verdi:

- Dəyərdi, dəyərdi, mən onun yanına çatanda ölməmişdi, xırıldaya-xırıldaya bilirsən nə dedi?

- Nə dedi?

- Dedi, Əvəz, bilirdim, gələcəksən”. s.15

Əvəz, Qurgen, Siranuş və Ülkərin Yeni dünyaya düşüb yenidən doğulan günə qədərki dünyalarında qəribəliklər çox idi. Quşçular kəndinin timsalında ölkənin ictimai-siyasi, sosial-psixoloji durumu real cizgiləri ilə canlanırdı. Ölkə qəribə qanunlarla idarə olunurdu, vətən sevgisi mütləq gülləyə tuş gələndən sonra təsdiqlənər, qiymətini alardı. “Güllələr igid sinəsi, igid başı gəzirdilər. Hər başa, hər sinəyə dəyməzdilər, hər yerə enməzdilər. Uşaq sinələrindən, qadın ayaqlarından ötrü ölürdülər. Hansı başda sevgi vardısa o başı tuturdu güllə. Sevgisiz başdan yan keçirdi. Bakıda müdafiə naziri birini öz başına vurmaq istədi. Güllə bəyənmədi o başı”. s.9

İnsanlar simasızlaşır, ağılı, fərasəti, zəhməti ilə deyil, dəyərsizliklərini haqq kimi ödəməklə çörək qazanırdılar. “Kənddə əsas dolanışıq yeri bu cür işlərdi; istədiyi adamları ləkələmək, şər-böhtan atmaq... Çörək pulunu belə işlərdən qazanırlar. Ayrı iş yeri yoxdu”.s.9

Torpaqlar itirildi, böyük bir ərazidə və insanların içində nəhəngdən nəhəng bir boşluq yarandı. Bu boşluğun ağrısı başa, düşüncəyə vurmamış onu başqa məşğuliyyətlərlə doldurmaq lazım idi. Yeni, müharibə vəziyyətində olan və müstəqilliyini ikinci dəfə zülümlə əldə edən ölkə üçün gərəkli kadrlar, mütəxəssislər və intellektual güc yox, maraqlı obrazlar qalereyası düşünüb fikirləşməyə başlamışdılar. İlk növbədə ölkəyə çoxlu yaltaq lazım olduğu anlaşıldı. Bu illərdə nəinki yaltaq və yaltaqlar, hətta “yaltaqlar ordusu” formalaşdırıldı. “Bunun üçün hər bölgədən yaltaqlar tapdırırdı. Yaltağın biri bir qoşuna bərabər tutulurdu. Hansı bölgənin yaltağı azdısa, prezident o bölgədən küsürdü, bir az soyuq olurdu o tərəfə. Bu soyuğu qızdırmaq üçün adamlar təbii şəkildə, öz-özünə yaltağa çevrilirdilər. Prezident ən çox yaltağı Qarabağdan tapmağa ümidli idi. Qarabağdakı yaltaqlar həlledici səsə malik idilər. Gəncə, Şamaxı, Lənkəran yaltaqları az olsa da, kifayyət eləyirdi. Adamların əlləri əkindən-biçindən, dəzgahdan, pambıq yığmaqdan, silahdan-sursatdan ayrılıb əl çalmağı öyrənirdilər. Adamlar əllərinə heç nə götürmürdülər ki, əlləri hazır vəziyyətdə dayansın. Elə kişilər vardı ki, hər gecə ailəsi ilə birlikdə əl çalırdı. Bunu işverən qonşulara görə eləyirdi, fikirləşirdi ki, bəlkə prezidentin qohumlarına çatdıralar, bir iş-güc sahibi olarlar.

Çağaya əl çalmaq öyrədirdilər. Körpənin əlindən oyuncağı alırdılar ki, uşaq əl çalmağı yaxşı öyrənə bilsin.

- Mənim balam bir əl çalsın - analar körpələrinə belə deyirdilər - ay Allah, bundan beş dənə ver.

O biri arvad:

- Mənim balam bir əl çalsın görüm - sonra - ay Allah, buna qurban olum, əməlli-başlı öyrənib.

Arvadın biri o biri arvada belə deyirdi:

- Ay gəlin, heç sənin körpən əl çala bilir?

- Çalır xalası, yaxşı əl çalır, atası öyrədib, atası yaxşı əl çalandı. 13

- Bir çal görüm, xala baxsın.

Uşaq bəzən əlinə yox, başına əl çalırdı. Tərgidə bilmirdilər. Bu pis əlamət hesab olunurdu. Qara günə işarə idi. Uşaq hərdən oyuncağını götürüb öz başına vururdu. Oyuncağı alan kimi əlləriylə başına döyəcləyirdi. Qonşu arvadları bunu görə bilərdilər. Birdən elə anlayardılar ki, uşaq müxalifətçidi, ona görə uşağı nəzarətdə saxlayırdılar. Uşağa əl çaldırıb, sonra süd, yemək verirdilər. Uşaq yemək vaxtı gələndə başlayırdı əl çalmağa. Əl çalmaq dolanışıq, ruzi-bərəkət, çörək yeriydi. Bu təcrübəni uşaqlıqdan anlamaq lazımdı. Çünki prezidentin qəti göstərişi vardı: “Hamı əl çalmalıdır, əl çalmayan məndən deyil”. s. 13

Ancaq əyalət alqışı, əlçalması paytaxtınkına bənzəməz. Bu cahilliklə, o riyakarlığın da sərhəddi varmış. Məsələn, Quşçulardakı əlçalma alçalma həddində deyildi hələ, məişət səviyyəsindəki avaraçılıq kimi bir şey idi: “Bir uşaq o biri uşağı yıxanda əl çalırdılar. Xoruz toyuğu, pişik pişiyi, cöngə inəyi, yabı madyanı basanda əl çalırdılar. Fərq bircə orasında idi ki, Quşçulardakı bu əl çalmalar hələ siyasiləşməmişdi. Bakıda isə şırtıq səsləri şəhəri başına götürmüşdü; ağacın meyvəsinə əl çalırdılar, doğulan körpəyə əl çalırdılar, ölənnən-gedənin dalınca əl çalırdılar, kim vəzifəyə gəlirdi əl çalırdılar, kim vəzifədən gedirdi əl çalırdılar, tutulana da əl çalırdılar, türmədən çıxana da”. 14

Əsərin sonrakı hissələrində də bu iyerarxik alçalma münasibətləri təkrarlanır. Əvəzgilin Yeni dünyasındakı ibtidai münasibətlərdə belə güc, hakimiyyət “Nizəlilər” deyilən hökm sahiblərindədir. Onlardan biri bir gün hündür bir qayanın üstünə çıxır və özünü başçı elan edir. Ona qədər bərabər olan insanlar onun özündən yox, nizəsinin gücündən və qandan qorxduqları üçün tabe olurlar. “Nizəli nizəsinin ucunu qayaya necə çırpdısa, elə bil şimşək çaxdı.

- Dəniz mənim babamın babasının idi. İndi də mənimdi. Onun balığını heç kəs yeyə bilməz. Bu çöllər, qayalıqlar mənim babamın olub, ordan məndən icazəsiz bir gül də üzə bilməzsiniz.

- Bəs biz hara gedək? Necə eləyək?

- Siz bizim nökərimizsiniz, arvadlarınız da bizimdi, arvadlarımızın nökəridi. Balalarınız da balalarımızın nökəridi. Sizə yaxşılığımız o olar ki, bizim havamızdan nəfəs alasınız, bizim günəşimizdən işıq alasınız, qızınasınız, bizim yediyimiz ətin sümüklərini gəmirərsiniz.

Adamlar mağmun-mağmun baxırdılar. Bəziləri üzlərindəki təbəssümü cırıb atırdı, gedib Nizəlinin yanında dururdular. Beləcə, əli nizəlilərin sayı get-gedə çoxalırdı”. s.37

Bu ibtidai cəmiyyətdə də yaltaqlar, xəbərçilər, şərbazlar, rüşvətxorlar yaranmışdı artıq. “Nizəli” özünün etibarlı xəbərçisini “Göz-qulaq nazirliyi”nə təyin etmişdi. İnsanlar Allahın onlara bəxş etdiklərini belə “Nizəli”nin adına çıxır, onu tərifləyir və bəzən hətta şərlənməkdən xilas olmaq üçün vəcdə gəlirdilər. “Qəflətən insanların biri uca səslə dedi:

- Allah Nizəlinin canını sağ eləsin.

İkinci insan:

- O olmasaydı, biz acından ölərdik.

Yaşlı bir kişi yaxınlıqdakı qayanın üstünə çıxdı.

- Nizəli olmasaydı, biz qurda-quşa yem olardıq.

Səslər get-gedə çoxalırdı.

- Nizəli qayaları bizim üçün düzəltdirib - dedilər.

- Dənizi bizim üçün qazdırıb, içinə su tökdürüb - dedilər.

- Meşələri bizim üçün o, əkdirib - dedilər.

- Yağışı bizim üçün o, yağdırır - dedilər.

- Torpağı ayağımızın altına o, qoydurub - dedilər.

- Göyü başımızın üstünə o, sərdirib - dedilər”. s.41

Yaltaq şair Arfey Nizəliyə, eləcə də baş xəbərçiyə poema həsr edir və bu “xidmətinə” görə xüsusi statuslar, imtiyazlar qazanır.

Yeni dünyaya yeni doğulmuş insan kimi düşən 4 nəfəri (Əvəz, Qurgen, Ülkər və Siranuş) təbiətin hər bir ünsürü sevgi, rəğbətlə qarşılayır. Bulud da, dağ, daş, çiçək, quş, ağac, hava, torpaq, ot – hər şey onun xidmətində, qulluğunda müntəzirdir, sevə-sevə, təmənnasız ona yardımçı olmaq istəyir, İnsanı xoşbəxt, məmnun qılmaq həsrətindədirlər... Lakin insan köçü ilə qarşılaşıb onlara qarışan gündən bu 4 nəfərin taleyi qaralır, həyatı cəhənnəmə dönür. Nizəlilər, xəbərçilər və bu istismarçıların ilhamçıları şairlər, Arfeylər onları sözün həqiqi mənasında “minir”, əzir, təhqir edir və onların kişi, qadın mənliyi, ləyaqəti üzərində amansız zorakılıqla eksperiment aparır... Əsir tutulub aparılmış Siranuş, zorlanmış Ülkər, alçaldılmış istismardan kişi qürurunu itirmiş Əvəz və Qurgenin milliyyəti romanın bu yerində artıq bizim yadımızdan çıxır. Bizi İnsan düşündürür....Şərin, cəhalətin, zülmün əzib, məhv etdiyi, alçaltdığı İnsan! Sevən, dostluq edən, zəhmətlə, ümidlə yaşayan insanları nifrətlə yükləyən, onlara minilən heyvan, ayaqlar altında qalıb əzilən həşərat taleyi yaşadırlar.

Kəramət müharibənin, cəmiyyətin və ümumiyyətlə, insanın və insanlığın mahiyyətinə, tarixinə yol alır. Uzaq min illərin hadisələri ilə günümüzün sosial-siyasi, mənəvi məsələlərini, problemlərini ekvivalentləşdirir.

Min illərin qəflət yuxusundan oyanan İnsan (Əvəz) bir gün istismar boyunduruğundan xilas olur və cəsarətlə qul xidmətindən imtina edir. İndi o, insan kimi yox, it kimi təhqir olduğu, at kimi minildiyi toplumda öz tənhalığına sığınır. İnsanları başına toplayır, amma üzünü göyə tutur. “Əvəz:

- Mənim sözüm bir kəlmə deyil, mən it kimi ulamaq, at kimi kişnəmək istəyirəm.

Xəbərçi:

- Hür də, hür, amma tez ol, görüm hansı tərəfə hürürsən?

- Sizinlə işim yoxdu, mən göyə hürürəm”. s.59

Xəbərçinin “- Göydə kimə hürürsən? Adını de, biz də bilək” – sualına şairlərin başçısı Arfey belə cavab verir: “- Mən bilirəm o nə demək istəyir. Mən ötən gün şeirimdə Nizəlini günəşə bənzətmişdim. O göyə hürürsə, demək, günəşə hürür, günəşə hürürsə, demək, Nizəliyə hürür.

Xəbərçiyə elə bu lazım idi. İt kimi yerindən götürüldü. Qulan dalınca kişnədi. Bənəh bir-iki ağız hürdü. Xəbərçi ağzında xəbər aparırdı. At bu xəbərə kişnəyirdi, it də bu xəbərə hürürdü. Xəbərçi dayanmadı, eləcə gedirdi. Onu heç kəs saxlaya bilməzdi”.

Bu hadisələr ikinci gündə baş verir. Romanın “Üçüncü gün”ündə isə Siranuşla təbiətin ünsiyyəti, insanların ona münasibəti, zindandakıların (Arfey, Əvəz, Qurgen, Ülkər) taleyi haqqında oxuyuruq. Zamansızlıq ilğımında artıq konkret adlar yox, İnsanın yaşı ilə bağlı hadisələr nəql olunur. Şahid isə Qara qarğadır...

Tarix dönə-dönə təkrarlanır, xəyanətlər, nifrətlər, zorakılıqlar hər əsrdə yenilənir, hətta vaxt yenidən o vaxt olur ki, Əvəzlə Qurgen yenidən düşmən olur...

Zaman min illərin qanadında uça-uça yol getsə də “Nizəlilər! yaşayır, zindanların qapısı açılıb-örtülür, amma yaşayır, quyuların suyu qurusa da , amma qalır, Qara qarğa da şahidlik edə-edə zamanın tarixçisinə çevrilir...

İnsan yol axtarır, özü ilə ətrafı ilə mübarizə apara-apara quyular dibinə enir, qalxır...

“Dördüncü gün” də artıq Siranuş düşdüyü kəndin xilaskarı, “Allahın qızı” adını alıb. Qalan dörd nəfər isə quyu dibində yol axtarışındadır. Quyu dibini özləri üçün dünya bilən canlılar –it, pişik, ilan, canavar və s. haqq-hesab gününün sorğu-sualına bənzər bir qiyamət yaşayırlar. “Birdən hər şey darıxmağa başladı və ilanın beynində insan olmaq eşqi yarandı. Darıxdığından başı insan başına çevrildi. Başından bədəni yarandı, bədənindən ayaqları doğuldu. O, qışqırırdı. Pişik, canavar və it yerdə Qara qarğanın kölgəsinin üstü ilə qaçırdılar. Qara qarğa caynağındakı ilanın insana çevrilməyindən bərk qorxdu və onu zəminin içinə tulladı. Canavar, it və pişik insan düşən tərəfə yüyürdülər. İnsanı gördülər, onlara da insan olmaq həvəsi gəldi. İt pişiyin belindən tutub necə sıxdısa da pişik insana çevrildi. Canavar itin arxa ayaqlarını gəmirdi, yıxıb boğazından yapışdı. İt itliyindən çıxıb insan oldu. Axırda insanlar birləşib canavarı qovdular, daşla vurub onun başını əzdilər. Canavar ölümdən xilas olmaq üçün insana döndü”.

İlan, it, pişik, canavar insana çevrilir yavaş-yavaş... Daha doğrusu insan ilan, it, pişik, canavar sifətlərini simasına yığır, cəmləyir, cildini dəyişir...

Romanın süjetində min illərin hadisələri, bu hadisəlırin təsiri nəticəsində cilddən-cildə düşən insanın çeşidi, xisləti, obrazı ibrətamiz detallarla izah olunur. Zaman , onun reallıqları dostu düşmənə, düşməni dosta, sevgini nifrətə, nifrəti məhəbbətə çevirə bilir. İnkişaf tənəzzül, tənəzzül inkişafla əvəz olunur zaman-zaman...

Kəramətin postmodern düşüncəsi çox uğurlu bir eksperiment aparır. Qəhrəmanlarını bu gündən uzaq tarixə, ilkin yaradılışa qədər aparır və yenidən müxtəlif zaman labrintlərində dolandırıb günümüzə qaytarır. Allah hər şeyi insan üçün yaratdı. Yeri, göyü, heyvanları, bitkiləri, odu, suyu, havanı, torpağı-hər şeyi... Ancaq Şeytan və şeytani güclər-müharibələr, işğallar, təcavüzlər, “nizəli” hakimlər, hökmlər, hökmdarlar –hamısı insanı “xərclədi”... Ota, suya, torpağa, daşa, quşa-hər şeyə insan qanı axıtdı. Torpaq da insan üçündür, daş da , quş da. Amma insan hamısının yolunda ölmək məcburiyyətindədir... İnsanı Allahın yaratdığı ali məqamından yerə endiriblər, onun yerin dibinə, yeddinci qatına, cəhənnəm məkanına qədər endirildiyini görürük. Kəramət mövzunu bəşəri, qlobal düşüncə həddinə qaldıra bilib. Bu günün məsələsi kimi yox, zamanların və böyük tarixlərin əbədi problemi kimi yanaşıb mətnə.

Onun bu romanı ilə biz dünya ədəbiyyatından tanıdığımız postmodern mətnləri müqayisə edə bilərik. Müəllifin ideyası, təxəyyülü, məntiqi və mövzuya yanaşması, eləcə də üslubu, dili kompleks şəkildə roman təfəkkürü siqlətini yarada bilib. Kəramət təbiətin, cəmiyyətin sirrini, dilini, bunların İnsan şəxsiyyətinə və xarakterinə, mövcudluğuna təsirini analiz edə bilir. Hadisələrin süjetdəki ardıcıllığı və ya postmodern üsluba əsaslansaq, pərakəndə şəkildə sistemləşdirilməsi, ya da , əksinə, sistemsizliyi maraq doğurdu.

Zaman bu gündən başlayır, zaman bu günlə tamamlanır. 7 gün! Allahın Yer üzünü İnsan üçün yaratdığı 7 günlük zamanın tarixçəsi. Bu zamandan insan necə istifadə etdi? Tövbə ilə Yerə enən insan özünü İblisə təslim etdi və indi 8-ci günü-ya qiyaməti, ya da Göydən bizə baxıb bizi müşahidə edən hansısa qüvvələri gözləyirik. Xilas olmaq! İnsanı şeytanın əlindən almaq lazımdır, 8-ci günün həsrətiylə açılmayacaq bir səhəri gözləyirik...

İnsan özü-özünü təkzib etməklə məşğuldur. “Qulan və Bənəh” dastanı, “Siranuş əfsanəsi”ni yaradan da odur, bu kitabları oxumaq üstündə insanı çarmıxa çəkən də odur... Bir dəfə, bəlkə dəfələrlə doğulub ölmüş Arfey əsrlər öncə yazdığı şeiri özü yazdığını anlamır, unudub. Onu başqasının əsəri kimi kimlərdənsə alıb dəftərinə köçürür. Beləcə, min, milyon illərdir, ölüb-dirilən insan yaddaşını itirə-itirə özünü axtarmaqla məşğuldur...

Kəramətin bu romanı müasir nəsrimizin, romançılığımızın ən uğurlu nümunələrindən biridir. Bu roman haqqında susmaq...

Kəramət qəhrəmanları ilə müharibələrə girir, onlarla birlikdə quyu dibinə düşür, səhralarda qum dənəsi olub itir, bəzən qul, kölə kimi belində ağa daşıyır, bəzən ağa, padşah olub süngüsü ilə insan vücudunu parçalayır. Quşlarla, torpaqla, bitki və suyla, odla rahatca danışır. Alleqorik mətn parçalrında belə insanlarla danışırmışıq kimi hiss edirik özümüzü.

“Buğda torpağa:

- Mən səni axtarırdım - dedi.

Torpaq buğdanı bağrına basdı.

- Mən də milyon illərdi səni gözləyirəm.

- Üstümü ört, üşüyürəm - buğda torpağa dedi.

Torpaq buğdanın üstünü azca örtdü. Quş nə qədər elədisə, dimdiyi ilə buğdanı yerdən götürə bilmədi.

- Ey buğda, bəsdi yatdığın, dur gedək - quş dilləndi.

- Yox, sənin dimdiyin məni əzir, mən torpağı istəyirəm.

Quş hirslə torpağı eşməyə başladı. O biri quşlar da köməyə gəldilər. Ancaq buğdanı torpaqdan ayıra bilmədilər.

Duman buğdaya dedi:

- Sən burda qala bilməzsən, ac-susuz yaşamaq mümkün deyil, dur quş səni uzaqlara aparsın, vətəninə qaytarsın.

Buğda:

- Heç yerə gedən deyiləm, burda yerim rahatdı.

Siranuş əlləri ilə torpağı sığalladı, gördü ki, buğdanın ağ əlləri, ağ ayaqları və ağ dişləri çıxıb. Buğda torpağı hər yerdən qucaqlayıb, artıq onu qopartmaq mümkün deyil”. s.69

Hadisələr dövr edib gəlib çıxır XX əsrin əvvəllərinə. Əli Heydər Qarayev, Çingiz İldırım, Ayna Sultanova, Z.Tağıyev, mollanəsrəddinçilər M.Rəsulzadə Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavidlə bağlı tarixi faktlar, Müsavat dövrü, Sovet dövrü, repressiyalar, beynəlmiləlçilik və yenidən millətçilik, müharibə, qan, ölüm və yenidən bu zavallı insanın bir Qarabağ məsələsi...

“Ermənilər Dağlıq Qarabağda Azərbaycan torpaqlarını zəbt etmişdilər. Ülkər belə bir vaxtda gəlmişdi Arfeyin həyatına. Gəlmişdi, amma xoş gəlməmişdi.

- Gəl bir yerdə darıxaq - Arfey Ülkərə qısa və konkret dedi.

Ülkər dinmədi.

- Gəl bir yerdə ölək - Arfey yenidən dilləndi. s.123

“Hər şey ondan başladı ki, Qurgen erməni olduğunu anladı. Elə bil erməni olduğunu birdən-birə hiss elədi. Bu dəhşət idi. Elə bil o təzə erməni deyildi. Min ilin ermənisi idi. Onun erməniliyi get-gedə artırdı və Bakıda gizli fəaliyyət göstərən erməni təşkilatları ilə sıx əlaqələr qururdu. Hakimiyyətə gələn fəhlələr intiqam hissi ilə şəhərə divan tuturdular. Ölkənin nə şairini, nə akademikini tanıyırdılar. Tanımaq onlar üçün önəmli deyildi. Onların bircə aktiv əməli vardı, necə olur- olsun, bizdən olmayanlar güllələnsin, süngüyə taxılsın, evləri yağmalansın və daha çox qənimət əldə olunsun”.s. 124

Deməli, inkişaf və tərəqqi yoxdur. İnsan və insanlıq tarixində dəyişən yalnız formadır, mahiyyət qalmaqdadır... Bu yumru, dairəvi dünyada axı “irəli” deyilən bir xətti müşadə edən olubmu? Hər şey dairə içərisində eyni mənbə və mənşə taleyi yaşamaqdadır, deməli... İnsan bütün ayrılıqlardan keçib ilkə-Adım və Həvva bətninə qədər yenidən geri dönür.

Təbiət – duman, yağış, qar insana insandan daha doğmadır, heyvanlar –it, pişik insana daha sədaqətlidir, Allah insana insandan daha mərhəmətlidir. İnsanın insana elədiyi zülm, sitəm, xəyanət bütün kainatı heyrətləndirir.

Kəramətin romanında insan üçün düşünülmüş bütün şeytanı ayrıseçkiliklər sonda bir məlum nöqtədə tamamlanır. Haqq-hesab qapısında yalnız və yalnız İnsan kimi mühakimə olunur. O, indi nə erməni, ya azərbaycanlı, nə də xristian və ya müsəlmandır, o müsavatçı ya bolşevik də deyil...

“- Odur, o daha erməni döyül, müsəlmandı, qanı halaldı köpəyoğlunun - Murtuz qətiyyətlə dedi.

- O daha müsəlman da deyil - Hüseyn cavab verdi.

- Bəs nədi?

- Heç birindən, baş aça bilmirəm ki, o, indi nədir?

Heç kəs bilmirdi ki, o, indi ancaq insandır. Qurgen alovlu bir tunellə başıaşağı sürətlə gedirdi. O, elə zənn edirdi ki, yol bu saat bitəcək, ona görə bir az rahatlaşırdı”. s.138

Gəlib çatırıq romanın yeddinci gününə... “Ağdama qalın bir duman gəlmişdi. Duman insanları ağuşuna alıb çox qorumuşdu. Əvəz, Qurgen, Ülkər və Siranuş bir dəqiqə huşsuz qaldılar. Bir dəqiqədən sonra huşları üstünə gəldi və hər tərəfi süd kimi gördülər. Keçmişdən heç nə yadda deyildi.

Bu o zaman idi ki, Qara qarğanın dilini bilən yoxuydu. Heç kəs heç nə anlamırdı. Qara qarğa qarıldamaqdan az qala öləcəkdi. Vacib bir xəbəri verirmiş kimi dil qəfəsə qoymurdu, elə bil ağı deyirdi, ancaq adamlar ağını da anlamırdılar. Heç kəs ağı qaradan seçə bilmirdi. Qara qarğa hirsindən adamların başını deşmək istəyirdi, olub keçənləri xatırlatmağa çalışırdı. Amma heç nə yada düşmürdü, düşmürdü, düşmürdü...” s. 140

Roman postmodern mətn üslubunda düşünülüb. Düşüncələr və təsvirlər, mühakimələr sərbəst, hadisədən-hadisəyə, zamandan-zamana, dəyərdən-dəyərsizliyə və ya əksinə keçidlər maneəsizdir. Təxəyyül sərhəd tanımır. Kəramətin milyon illik aşiqi ilə 25 il bundan əvvəlin aşiqi arasındakı fərq və ya fərqsizlik də eləcə. Standart, şablon, ənənəvi olan hər şeyi və heç nəyi mətninə yaxın buraxmır, Kəramət. Nə başlanğıc, nə sonluq ənənəvi üslubda düşünülməyib. Nəqli nağıl dili kimi axıcı və qüsursuz olan “Səkkizinci gün” romanında yumor, kinayə, mübaliğə və digər ifadə vasitələri tamam fərqli intonasiya və məna çalarları ilə əsərə rəng qatır.

Romanı oxuyub bitirəndən sonra düşünürsən: Bu əsər Qarabağ haqqındadırmı? Bəli... Müharibəni, həmin zamanı və məkanı dolaşdıq axı... Bəs niyə konkret olaraq erməni və ya azərbaycanlı haqqında deyil, zavallı, başıbəlalı, aldadılmış və alçaldılmış insan haqqında narahat düşüncələrlə ayrılası olduq əsərdən? Biz vətənpərvər deyilikmi?..

Qəhrəmanlar haqqında düşünürük...qəhrəmanların sağ qalan, tədbirlərdə danışdırılan, müsahibə verən, başa keçirdilib şəkilləri çəkilən arvadları, anaları, uşaqları haqqında...

Yox, bizim yadımızda həm də və daha çox qan, cəsəd, qorxu, həyəcan, və bir parça qana bulaşmış torpaq qalıb ... O torpaq ki, onun üstündə Adəm və Həvvanın övladlarının qanı axır. Deməli, artıq bizi daha çox İnsan düşündürür, İnsan...

# 1380 dəfə oxunub

Müəllifin son yazıları

# # #