Divlər ancaq nağıllarda məğlub olur

Divlər ancaq nağıllarda məğlub olur
24 yanvar 2013
# 17:29

Ədalət, dünyanın bir sözdən ibarət ən böyük nağılıdır.

Həyatda meşəyə oduna gedən əlibabalar heç vaxt 40 quldurun xəzinəsini tapmayacaqlar. Nağıllarda qurbağadan gözəl şəhzadəyə dönmüş qızları həyat evləndirib yenə qurbağa çevirir. Yəni mağarada saçından asılan qızlar nağıllarda xilas edilir. Həyatda onların əksəriyyəti artıq sevmədiyinin evində uşaqlarından asılıb qalırlar...

Varlılar kasıbları nağıllarda sevirlər. Evlənənlər daha çox nağıllarda xöşbəxt olurlar. Divlərə nağıllarda qalib gəlinir. Təpəgözlər nağıllarda axmaq olurlar. Həyatda onların başlarının arxasında da gözləri var.

Yalnız nağıllardakı şüşədən çıxan cin və tora düşən qızıl balıq kasıb-kusubun arzularını yerinə yetirir. Sehrli çubuqları nağıldan kənara çıxarsan ən yaxşı halda yol polisinin zolaqlı ağacından başqa bir şey olmayacaq. Sehrli süfrələr nağıllarda ehtiyaclıların qarnını doyurur.

Uçan xalçalar nağıllarda biçarələri mənzil başına çatdırır. Yalnız nağıllarda qaranlıq dünya ilə işıqlı dünya arasında simurq quşu reysləri mövcuddur. İşıqlı dünya atılmış və unudulmuşlar üçün əbədi qaranlıqdır. Talesizlər doğulduğunda qara qoçu da minsələr, ağ qoçu da minsələr istiqamət zülmətədir...

Düzdü, nağıllarda 41-ci otaq olmur. Gecələri uzağı 1001 olur, 1002-yə keçə bilmir.

Göydən 4-cü alma düşmür. Amma yenə də, nağıllar möcüzələrə inanmaq və xoşbəxt olmaq üçün ən uğurlu məkandır...

Mən sənə problemlərdən kirayə götürdüyümüz həyatımızı buraxıb nağıla köçməyi təklif edirəm. Qoy bizdən yaxşı bir cırtdan doğulsun. Böyüyər istəyər Məlikməmməd olar, istəyər Ağ atlı oğlan. Tapşırarıq divlə işi olmasın...

Eh, köçə bilsəydik...

Nə isə. Gəl uşaqlıq şəkillərimizə baxaq.

Dünyanın böyüklər üçün yazılmış ən gözəl nağılı onların uşaqlığıdır....

# 3669 dəfə oxunub

Müəllifin son yazıları

# # #