Xoşbəxtlik çox xoşbəxt olmamaqdı

Xoşbəxtlik çox xoşbəxt olmamaqdı
17 fevral 2014
# 13:29

Sənin həsəd apardığın xoşbəxtliklər

Yer üzündə nə fərdi, nə də kollektiv xoşbəxtlik yoxdur. Sadəcə xoşbəxt anlar var. Və nə qədər uzun sürsə, nə qədər çox çəksə belə, yenə də qısa, yenə də az olan şirin anlar. Hər xoşbəxt anın da sevincinin miqyası özündən əvvəlki və ya sonrakı kədərin, bədbəxtliyin, faciənin təsirinə adekvatdır...

İkinci dünya müharibəsinin başa çatmasını xatırlayaq. Bu hadisə hələ ki, planetdə miqyasına görə sonuncu ən böyük kütləvi xoşbəxtlik anıdır. Yəni ondan sonra yer üzündə insanlar kütləvi şəkildə elə böyük bir sevinc yaşamayıblar (Sonradan nə insanın kosmosa ilk uçuşu, nə də soyuq müharibəyə son verilməsi, miqyası və həyəcanı etibarı ilə bu sevinci üstələyə bilmədi). Amma baxın, o sevinc necə bir kədərin, o xoşbəxtlik hansı bədbəxtliyin üzərində doğuldu. Planetdə ən çox insan tələfatına və dağıntıya səbəb olan bir müharibənin...

Qurulandan bir il və on bir il sonra övlad qazanan ailələrin sevincini müqayisə edək. Eyni səbəb üzrə nə qədər fərqli xoşbəxtliklər. İkincilərin sevinci yerə-göyə sığmır. Səbəb? Sadəcə zaman. Yəni bir ailə sadəcə övlad gözlədiyi halda ikinci on bir il bu həsrətlə qovrulmuşdu. On bir ilin aşkar və gizli zülmü, kədəri, tənəsi, dedi-qodusu, ayrılıq qorxusu üzərində doğulan sevinc. Əlbəttə bu daha acı bir şirinlik olmalıdır.

Demək ki, bəşəriyyət yeni xoşbəxt bir dövr yaşamaq üçün yeni və çox dağıdıcı bir faciədən, fəlakətdən-yəni bədbəxtlikdən keçməlidir. Nə olacaq bu? Müharibə, kosmosdan gələn asteroid, ya hansısa xəstəlik...?

Kim bilir, bəlkə bəşəriyyətin ən sabit dövründə yaşayırıq. Dəyərləndirəlim...

Bəlkə elə qəzalar, xəstəliklər, həm də sağ çıxıb bir müddət xoşbəxt olmağımız, həyatı dəyərləndirməmiz üçün düşünülüb, kim bilir...

Bəlkə elə əsil xoşbəxtlik çox xoşbəxt olmamaqdı? Yəni təxminən bədbəxt olmaq...

Böyük xoşbəxtlik çox böyük bədbəxtliyin arxasındadır həmişə. Çox böyük bədbəxtlik yaşayırsan və ondan çıxanda çox xoşbəxt olursan (və ya əksinə). Həmin xoşbəxtlikdən ayılanda yenə çox bədbəxt olursan.

Fərdlərə baxaq. Yenə də eyni vəziyyətdir. Xoşbəxtlik insana sədəqə kimi verilir. Özü də hərdən bir. Özü də fərdin kimliyinə görə yox, xoşbəxtlik paylayanın istəyinə görə...

Necə ki, küçədə dayanan dilənçinin ovcuna pulun qoyulması onun hansı əlini açmasından və ya hansı pozanı seçməsindən yox, qarşıdan gələnin mərhəmətindən və ya imkanından asılıdır...

Demək ki, məsələni sən yox, imkan sahibi həll edir. Bu məsələdə mərhəmət də bir imkan sayıla bilir...

Əgər sən dünyanı, insanları dərk edirsənsə, demək, fərdi xoşbəxtliyin var. Halbuki, indiki dünyada və indiki insanlıq şərtlərində bu özü elə fərdi bədbəxtlikdi. Amma dəyərli bədbəxtlik...

Ona görə, götür də bədbəxtliyini heç kimin xoşbəxtliyinə həsəd aparma. Unutma ki, qibtə etdiyin xoşbəxtliklərin ya arxasında, ya da qarşısında özü boyda bədbəxtliyi hökmən var. Yəni daxmanın daxma dərdi varsa, sarayın da saray dərdi var...

# 2695 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #