Gəl, gedək qocalmağa...

Gəl, gedək qocalmağa...
24 aprel 2013
# 07:30

Dünən insanlıqdan çıxıb rahat olmaq üçün bir az öldüm. Peşman etdin məni ölməyimə. Nə hala düşmüşdünsə, hamı məni buraxıb səndən yapışmışdı. Adamlar meyitimin üstündən o tərəf-bu tərəfə keçərək səni sakitləşdirməyə çalışırdılar. Saçını əlindən alan kim, üzünün qanını dayandırmağa çalışan kim, dizlərini şapalağından qorumağa cəhd edən kim, dəsmalla ağzının, burnunun suyunu silən kim. Mən şükürlüyəm, ay qız. Sən lap qaraçı imişsən ki...

Gördüm belə getsə sən də öləcəksən. İstədim diriləm, sonra -yox-dedim-gözləyim, görüm nə olur? Sən də çox gözlətmədin. Öldün...
Öldüyündə başa düşdüm ki, sən əməlli başlı gerçəkləmisənmiş. Öldüyündə anladım ki, niyə bütün şəkillərindən mənə baxırsanmış. Hətta biz tanış olmadığımız vaxtlarda çəkdirdiyin şəkillərdəki yol çəkən gözlərində də...


Əslində yolumuz bir olmalıymış hardasa. Yolsa...


...Yol yerə yıxılmış ən böyük ağacdır...


Kökü budaqlarının hara getdiyindən, harda itdiyindən, harda bitdiyindən xəbəri olmayan nəhəng bir ağac. Hərəmiz bir budağı ilə çıxaraq başa vururuq ömrümüzü. Bəzən bu budaqlar bir-birinə əllərimizi uzatsaq, çatacaq qədər yaxınlaşır, bəzən də bir-birindən uzaqlaşaraq hərəmizi gözümüzdən xeyli kənar hansısa ayrılıqlara daşıyır...


Budaqların yaxınlaşıb paralel uzanan zamanındayıq. Əllərimizin təması üçün yenidən başlamalı iki insan ömrü çatışmır sanki. Amma öz budağımızdan əyilib, dartılıb, əllərimizi bir-birimizə uzadırıq hər halda... Aradakı məsafənin qəfil daralıb yenə genişlənə biləcəyi anı qaçırmamaq üçün...


Bu yolların tezliklə ayrılmasının və uzaqlaşmasının ikimizin də xeyrinə olduğunu bildiyimiz halda içimizdə onların elə hey, beləcə davam etməsini istəyirik... Əllərimizin bir-birinə yaxınlaşıb təmas anında yenidən ayrılmasının acısı da yolların birdəfəlik uzaqlaşmasından yaxşıdı-düşünürük...


Bu ağacın budaqları düşüncələrin, xəyal qurmanın ən gözəl məkanıdır...

Amma artıq xəyallarıma sığmırsan. Mən ağlımdan imtina edirəm, sənə görə. Sən də mənə görə özünü hisslərinin ayağına ver. Keç mənim budağıma. Gəl, gedək qocalmağa...


Sevdamızın töküləcəyi, sevişməmizin daha alınmayacağı budaqlara qədər gedək... Sakit bir cığırda oturub sonranı gözləyərik...


Narahat olma. Bizim sonramız yoxdu onsuz da...

# 4624 dəfə oxunub

Müəllifin son yazıları

# # #