1 manata Müşfiq

1 manata Müşfiq
15 avqust 2011
# 11:25
İllər əvvəl hardasa oxumuşdum ki, insan öləndən sonra onun haqqında bu dünyada necə danışılsa, o dünyadakı həyatı ona uyğun olur. Yəni yaxşı danışılsa, yaxşı, pis danışılsa, pis. Bu nəticəyə gələn elmi tədqiqatdan danışanlar misal olaraq Stalini, Hitleri qeyd edib əməllərinin indiyədək onlardan əl çəkmədiyini də bildirmişdilər. Barələrində danışılır axı...

...Hər gün metronun “20 yanvar” stansiyasının yaxınlığında, düz 20 yanvar şəhidlərinə qoyulmuş abidənin qarşısında səhərdən axşamadək müxtəlif avazlarda “Müşfiq” deyə qışqırtılar eşidilir: “Müşfiq”, “Müşfiq”, “Bacı, Müşfiqə gedirsən?”, “Qardaş Müşfiqə 1 nəfərim qaldı”... və mühərrik səsi....

Düzdü bu pərakəndə xorun ifaçıları “Müşfiq” deyib mələşəndə böyük şairin o dunyasını deyil, özlərinin bu dünyasını düşünürlər. Yəni “Adamın biri 1 manat”. Amma nə olsun, ya zəlzələdən, ya vəlvələdən, şairin ki adı səhərdən axşamacan dillərdən düşmür...

Hər dəfə də hərəsi bir manatlıq adamları sürətlə Müşfiqə aparan “07” nin maqnitafonunda biri bir ceyranlıq meyxanaçılar yavaş-yavaş Nabrana gedirlər...

Hərdən o bir manatlıqların biri də mən oluram. Yol boyu düşünürəm ki, görəsən bu “Müşfiq” çığırtıları şairin o dünyadakı dolanışığına necə təsir edir?

Əgər pis təsir edirsə, day bunun harası “O bağ olaydı”… Bu dünyada Sovetlər İttifaqı ömrünü qara eləsin, o dünya da xalturşiklər birliyi….

…Qəsəbəyə daxil olub bir qədər gedəndən sonra şairin, İranda çiyinlərinə qədər torpağa basdırıb daş-qalaq edilməsini gözləyən cinayətkarı xatırladan büstünün yanından keçirəm (büstü kimi, parkı da it günündədir). Lifti işləməyən binalar, malı çölə tökülən dükanlar, zibili dizə çıxan məhəllələr bir birinin ardınca arxada qalır…

Evə qalxmazdan əvvəl aşağıdakı kafenin həyətində oturub pivə içirəm. İçirəm və düşünürəm ki, əslində bu üfunətli qəsəbəni Müşfiqin adı ilə şərəfləndirilənlərin məqsədi heç də pis olmayıb. Di gəl nəticəyə bax. “20 yanvar”da gecə saat 11-i keçəndə sürücü deyir, “1 nəfər də tapsaydım çıxıb gedərdim o xarabaya ”, piyada deyir “xarabanın özü kimi avtobusu da basdırıq olur” və sairə…

Amma məncə hətta ən müqəddəs sayılan bir niyyəti də həyata keçirtməzdən əvvəl ilk növbədə onun xeyiri yox, mümkün fəsadları barədə düşünmək lazımdır....

Nə isə, indi olan olub, keçən keçməsə də…

Əgər səlahiyyət sahibləri o qəsəbənin sakinlərini adam hesab etmirlərsə, olsun. Kimin nəyinə lazımdır orada normal insani şərait yaratmaq. Nə bilirsən qaydaya salınsa, o camaat oranın qayğısına qalacaq ya yox. Guya lifti kim xarab edir ki?

Amma yenə də, orada yaşayanlar da insandılar. Əgər xeyli müddətdir haqqınnda danışılan metronu ora aparıb çıxartmaq, oranı abadlaşdırıb bu dünyada bir qəsəbə adamı xilas etmək mümkün deyilsə, barı o dünyada bir şairi xilas edək…

Götürək Müşfiqin adını o qəsəbədən…

Hitlerdən, Stalindən birinin adını verək ora, qoy xalturşiklər də səhərdən axşamacan savaba batsınlar: Məsələn “Stalinə 1 nəfər”. Yaxud “Bacı Hitlerə gedirsən?”… Vəssalam…

(Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud - M.Müşfiq)
# 2454 dəfə oxunub

Müəllifin son yazıları

# # #