Bir salamın rəhməti-İlqar Fəhminin hekayəsi

Bir salamın rəhməti-İlqar Fəhminin hekayəsi
13 may 2016
# 13:42

(romandan hekayə)

Əbülfəz ağanın binaən səyahət eləməklə çox arası yox idi, ömründə cəmisi iki-üç vilayət görmüşdü.

Qəzvin onun gördüyü əvvəlimci şəhər idi. Orda dünyaya gəlmişdi, elmü-savad kəsb eləmişdi. On səkkiz yaşı olanda, fiqh, kəlam, hikmət, ələlxüsus da hesab elmində elə bir zirvəyə çatmışdı ki, hətta ustadları da onun fikirlərinə qulaq tutur, onunla hesablaşırdılar. Əbülfəz ağanın böyük əmisi Ustaclu tayfasının o vaxtkı əmiri Hüseyn xan Yüzbaşı ilə möhkəm dost idi və elə onun köməyiylə də, Əbülfəz ağanı Qəzvin sarayına, müstövfi-əl-məmalik Mirzə Şükrulla xanın idarəsinə kiçik mirzə vəzifəsinə düzəlmişdi. Bir müddət sonra Əbülfəz ağa yenə də əmisinin, daha dürüst desək Hüseyn xan Ustaclunun köməyiylə mənsəb pilləkəniylə yuxarı qalxmağa başlamışdı. İnsafən özü də işinə şövqü olan adam idi, amma o da məlumdur ki, məmur öz işində nə qədər bacarıq sahibi olsa da, sarayda, yainki dövlətxanada arxası, dayağı olmasa heç vəchlə irəli gedə bilməz, bu baxımdan Əbülfəz ağanın bəxti gətirmişdi, həm savadı, elmi vardı, həm də Səfəvi sarayında ən hörmətli əyanlardan hesab olunan Ustaclulara yaxınlığı çatırdı, elə o səbəbdən də ona çox dəyib dolaşan olmurdu, müxtəlif fitnə-fəsad oxları ondan yan keçərdi. Heç onun özü də belə işlərə burun soxmağı sevməzdi, başını aşağı salıb sakitcə öz işiylə məşğul olardı.

Dövlətxanada xidmət elədiyi beş-altı il ərzində Əbülfəz ağa mühasibat işinə elə yiyələnmişdi ki, bütün vilayətlərin vergilərinin miqdarını, vilayət hakimlərinin, bəylərbəyilərin məvaciblərinin miqdarını, xəzinədən hansı divana ildə nə qədər xərc ayrıldığını, hansı əmirin nə qədər soyurqal torpağa sahib olduğun əzbərdən bilirdi, çox iti hafizəsi olduğundan heç hesabat kitablarına baxmağa lüzum olmurdu. Dəst-xəttinə də ki, söz ola bilməzdi. Sanasan elmi, savadı elə yazdığı xəttin nizamından bilinirdi. Əməlisaleh, əlitəmiz, dürüst adam olduğundan, heç vaxt bəxşeyş almadığından Divani-məmalikin bütün dolaşıq işlərini yoxlamağı da, ona tapşırardılar.

Haman ərəfələrdə Əbülfəz ağada çox əcaib bir vərdiş yaranmışdı. Əvvəllər o özü bu vərdişi əqlinin hesab işindəki itiliyini artırmaq üçün bir vasitə zənn etsə də, sonralar məlum oldu ki, əqlin bu məşğələsi ayrı mətləbləri də zahirə çıxarırmış. Nə idi bu vərdiş? Məsələ ondaydı ki, Əbülfəz ağa hər gün evdən çıxıb dövlətxanaya yol alan kimi ona verilən salamları saymağa başlardı, ta axşam evə dönəndə kağıza qeyd eylərdi ki, filan gün mənə filan sayda adam salam verdi. Əlbəttə, hafizəni itiləşdirməkçün gözəl bir məşğələydi, amma bir neçə aydan sonra Əbülfəz ağa bu xüsusda yazdığı qeydləri gözdən keçirəndə anlamışdı ki, rəqəmlərin dəyişməsi həm də onun saraydakı nüfuzunun, adamların ona münasibətinin göstəricisidir. Əgər Müstövfi-Əl-Məmalik idarəsində işə başladığı Balıq ilinin Səfər ayında ona gündə yeddi-səkkiz adam salam verirdisə, haman ilin Zil-həccə ayında gündəlik salamların sayı artıq otuz beş-qırxa qədər qalxmışdı.

Bir dəfə iş elə gətirmişdi ki, əyalət divanlarının hesabatı zamanı bütün gün ərzində Vəziri-Əzəm Mirzə Salman İsfahanini müşayiət eləməli olmuşdu, sayıb görmüşdü ki, səhər tezdən ta axşam düşənəcən baş vəzirə dörd yüzə yaxın adam salam verir, onunçün də ürəyində fikirləşmişdi ki, hərgah mən də gündəlik salamların sayını bu miqdara yaxınlaşdıra bilsəm, deməli bu fəna dünyada nəyəsə nail olmuşam.

Əvvəl-əvvəl Əbülfəz ağa hər salamın qədrü-qiymətin bilərdi, irisinə-xırdasına, gözəlinə-çirkininə, ucuzuna-bahasına baxmazdı. Hərgah bü gün ona verilən salamların sayı dünənkindən iki-üç ədəd artıq olardısa, şam namazından sonra buna görə allaha əlli dəfə şükr edərdi, öz rizasın, bildirərdi. Və əksinə sayıb görsəydi ki, bu günki salamlar dünənkindən iki üç ədəd əskikdi, haman gecə səhərəcən yata bilməzdi, fikirləşərdi ki, yəqin hansısa naqis əməlimin ucbatından belə olub, allahın mənə qəzəbi tutub; əhvalı korlanardı, namaz üstə başını möhürə döyüb gözünün yaşını tökərdi, allahdan təvəqqe edərdi ki, günahından keçsin, salamları bol eləsin, ruzisini kəsməsin.

Amma hamıya aşikar və hüveydadır, bəni-adəmin əlində hansı bir nəsnə çox olarsa, qədrü-qiymətdən düşər ki, bu da nankorluq əlamətindən savayı bir şey deyil. Əbülfəz ağa da, nə qədər əməlisaleh adam olsa da, mənsəbi çox yüksələndə başına eyni vaqeə gəldi. Gün ərzində verilən salamların sayı yüzü aşdıqdan sonra, onlara barmağarası baxmağa, laqyedləşməyə başladı. Əlli-altmışa qədərini sayandan sonra hesabının ucunu buraxardı, day bilməzdi ki, bu gün ona nə qədər adam salam verib, bu rəqəm dünənkindən azdı, yainki çoxdu. Sayını bilmədiyinə görə allaha dua eləməyi də yavaş-yavaş-yaddan çıxartı Əbülfəz ağa. Məmalik Divanına Baş Möhrdar təyin olunandan sonra salamların sayı o qədər artdı ki, Əbülfəz ağa ümumən onları saymağı tərgitdi. İçində belə bir arxayınçılıq yarandı ki, elə həmişə belə olacaq, onların sayı durmadan aracaq, çoxalacaq, bütün günü ətrafına səpələnən bu salamları yığıb yığışdırmaqla məşğul olacaq və hətta nəhayətdə bundan bezəcək, yorulacaq.

İş o yerə çatdı ki, artıq Əbülfəz ağa salamların bəzilərini - ən xırdalarını, ən çirkinlərini bəyənmirdi, almırdı. Sonra yaxşılarına da qulp qoymağa başladı; filankəs salam verəndə üzümə sırtıq kimi gülür, gərək cidd olsun; filankəsin salamından Qəzvin sallaqxanalarının iyi gəlir; filankəsin salamı sanasan ağzından yox, burnundan çıxdı; filankəs salam verəndə yaxşı təzim eləməmişdi və ilaxır. Müxtəsəri, ən çox xoşuna gələn, özünə ən çox sərfəli olan salamları alırdı, qalanlarına isə heç gözucu da fikir vermirdi.

Günlərin bir günü Əbülfəz ağa öz şəxsi qorçisiylə bahəm məmalik-divanından çıxanda dövlətxananın iri darvazəsinin yanında hardansa əli kəşküllü, təsbehli, beli xirqəli, başı külahlı qoca bir dərviş peyda oldu, əlini sinəsinə qoyub kamalü-əbədlə təzim edib onunla salamlaşdı.

- Əssəlamün-əleyküm, Əbülfəz ağa. Allah-təalanın sayeyi -rəhməti başından əskik olmasın. Əhvalın nə təhərdi?

Əbülfəz ağa bu qocanın salamını almaqdan əvvəl onu haradan tanıdığını xatırlamağa çalışdı, elə bu vaxt onun qulamı dövlətxana divarına sırayla bənd edilmiş dəmirlərdən atların yüyənini açıb gətirdi və Əbülfəz ağa da elə fikirləşə-fikirləşə atın belinə sıçrayıb yoluna düzəlmişdi ki, qəfildən deyəsən kişini kimliyini xatırladı: bu qoca neçə sənələr əvvəl, növcavan vaxtlarında əmisinin evində ona xəttatlıq dərsi keçmiş haman Ərdəbil dərvişinə bənzəyirdi.

Bunu xatırlayan kimi geri dönüb qocanın salamını almaq istədi, fəqət fikirləşdi ki, artıq ondan neçə addım aralanmışam, bir da kişinini salamını almaq, hal-əhval tutmaqçün geri qayıtmaq mənə layiq deyil, ayıbdı. Onunçün də üzünü çevirməyib atını sürməkdə davam elədi. Amma bu vaxt arxadan qoca sufinin səsi eşidildi:

-Salam allahın adıdı, Əbülfəz ağa. Allah onun adını almıyıb toz-torpaq içinə atanları sevməz.

Doğrusu, Əbülfəz ağa belə sözlərə adət etməmişdi. Əgər kiminsə salamını almırdısa da, salam verən kəs sakitcə başını aşağı salıb səsin çıxartmadan aralanardı, dillənməyə qorxardı, amma bu qoca sufi ona, sanasan, ağıl öyrədirdi. Bu səbəbdən əvvəl elə bildi ki, səsi ayrı bir səmtdən eşidib, fəqət qulaqları ona dedi ki, yox, danışan elə hamankı qocadı. Biixtiyar Əbülfəz ağanın qəzəbi cuşa gəldi, istədi, yanındakı qulamı göndərsin, başından yekə qələt elədiyinə görə sufini elə dövlətxananın qapısındaca doğrasın, amma fikrindən daşındı, fikirləşdi ki, gərək onu şəxsən özüm cəzalandırım.

Əlini Dəməşq poladından qayrılmış xəncərinin qızılı qəbzəsinə sıxıb atının başını geri çevirdi, elə o saat da yerində donub qaldı. Nə dövlətxananın həyətində, nə də darvazanın qarşısındakı iri meydanda qocadan əsər-əlamət yox idi. Elə bil, bir dəmdə əriyib göyə çıxmışdı qoca sufi.

Əbülfəz ağa fikirləşdi ki, yəqin gözümə görünüb bu adam. Yoxsa kimin hünəri var ki, Məmalik divanının Baş möhrdarına böylə bir irad tutsun?

Beləcə, xatirindən çıxartdı bu vaqeəni. Amma, belə məlum oldu ki, bu hadisədən sonra salamların da səbr kasəsi daşıbmış və bir yerə cəm olub sözü bir yerə qoyublar ki, Əbülfəz ağadan itib-batan həmcinslərinin , yəni, almayıb ora-bura səpələdiyi, ayaq altına atıb tapdaladığı əvvəlki salamların qisasını alsınlar.

Bəs salamlar ondan hansı üsulla qisas aldılar?

Əbülfəz ağanın dövlətxana qarşısında qoca sufiylə rastlaşmağından düz bir həftə sonra cənnətməkan Təhmasib şah dünyadan rehlət elədi. Məhz onun dəfnindən sonra çərxi-fələk Əbülfəz ağadan üz çevirdi. Onun saraydakı ən ali himayədarı olan Hüseyn xan Ustaclu öz tayfasıyla bahəm Təhmasib şahdan sonra onun kiçik oğlu Şahzadə Heydər mirzənin hakimiyyət hüququnun müdafiəsinə qalxdı, amma məğlub oldular, taxtü-taca Şah Təhmasibin o biri oğlu İsmayıl Sani çıxdı və bütün məmləkətdə Ustaclu tayfasına qarşı təzə şahın əmriylə hücumlar başladı. Çünki Şah İsmayıl Sani Ustacluların onu yox, qardaşı Heydər mirzəni taxta çıxartmaq cəhdini unutmaq istəmirdi, onları bir növ özünə düşmən sayırdı. Həmin dövrlərdə istər paytaxt Qəzvində, istərsə də məmləkətin başqa vilayətlərində xeyli Ustaclı əmirləri, bu tayfadan olan mənsəb sahibləri qətlə yetirildi.

Düzdü, Əbülfəz ağa birbaşa Ustaclı tayfasından olmadığından ona dəyib dolaşan olmamışdı, elə Divani-məmalikdəki əvvəlki vəzifəsində qalmışdı, amma canını vahimə bürümüşdü, bilirdi ki, İkinci Şah İsmayıl sərsəm bir adamdı, keyfi istəsə elə onun özünü də bir vaxt yaxın olduğu Ustaclulara qatıb cəzalandırar. Onunçün də Məmalik divanına bir əlixəncərli qorçi, bığıburma qulam girən kimi elə bilirdi ki, onu qətlə yetirməyə gəliblər. Hərçənd, divanın rəisi Mirzə Şükrulla xan onu arxayın eləmişdi ki, sənə toxunmaqlarına heç vədə izn vermərəm, amma bu söz Əbülfəz ağanı sakitləşdirməmişdi, bilirdi ki, şahın fərmayişi olarsa Şükrulla xanın sözünə heç kim məhəl qoymayacaq.

Həm də, hiss eylirdi ki, vəzarət mirzələri arasında ona münasibət də dəyişib və bu şəksiz ki, ilk növbədə ona verilən salamların sayında özünü göstərdi, gündəlik salamların sayı birdən-birə iki yüzdən on-on beşə düşdü ki, bunlar da, tələsik, başdansovdu verilənlər idi.

Haman ərəfələrdə Əbülfəz ağa birdən-birə hiss elədi ki, özü də fikir vermədən yenə salamları saymağa başlayıb, amma bu dəfə hər axşam onları hesaba vuranda qanı qaralırdı, əhvalı pozulurdu. Salamlar azalırdı ki, artmırdı və Əbülfəz ağanın hesabına görə bir-iki aya ona ümumən salam verən olmayacaqdı. Dövlətxanadakı mənsəbində də təğyirlər olmuşdu, şah İsmayıl Saninin fərmayişiylə Divani-məmalikin möhrlərindən əsas dördü ondan alınıb Münşi-əl-məmalikə verilmişdi ki, bu da onun aldığı salamlarla bərabər, mənsəb pilləsində də aşağı yenmək üzrə olduğunun sübutuydu.

Əvvəl hər salamı bəyənməyən Əbülfəz ağa indi ən eybəcər, ən xırda salamların da dalısıyca gəzirdi, dövlətxanada qarşısına çıxan mirzələrin, müstövfilərin, katiblərin gözlərinin, ağızlarının içinə baxırdı, ona veriləsi olan salamı az qala özü zorla dartıb çıxartmağa çalışardı. Amma çifayda. Rastına çıxan kəs bir bəhanə ilə ya üzünü yan çevirər, ya yolunu dəyişər, ya da elə onun üzünə baxa-baxa heç zad söyləmədən yoluna davam edərdi. Elə bil kimsə onu görmürdü, özünü cansız, vücudsuz kölgə kimi hiss edirdi Əbülfəz ağa.

Sanasan salamlar sözləşmişdilər ki, iti görək, qurdu görək, fəqət Əbülfəz ağanı görməyək.

Əgər əvvəllər həm öz elmü-savadının, həm də Ustaclu əmirlərinin köməyiylə Əbülfəz ağanın mənsəb pilləkəniylə lap yuxarı qalxacağı, hətta nə vaxtsa naziri-büyutat və yaxud vəziri-əzəm mərtəbəsinə yüksələcəyi güman edildiyindən, hamı onunla yaxşı münasibətlər qurmağa cəhd eylirdisə, indi, Ustacluların nüfuzdan düşməsindən sonra Əbülfəz ağa ilə üzbəüz gələnlərin çoxu tez ondan uzaqlaşmağa çalışırdılar. Əvvəllər onun mənsəbinə paxıllıq edənlər indi sevinirdilər, onu saymamaqlarını açıq hiss elətdirib bundan ləzzət tuturdular. Bir çox məmurlar isə qorxardılar ki, onları Əbülfəz ağa ilə bir yerdə görsələr, Ustaclularla yaxınlığı təxmin edilər, bu isə həmin ərəfələrdə çox qorxulu idi. İşin axırı haman mirzənin öz kəlləsiylə, ən yaxşı halda isə saraydakı mənsəbiylə xudahafizləşməsiylə qurtara bilərdi.

Beləcə, Əbülfəz ağanın zindəganlığı çox narahat bir şəkil aldı. Hər dəfə bir salam itirəndə, bu günki salamların sayı dünənkindən bir dənə əskik gələndə, elə bilirdi ki, ürəyinin bir teli qırılıb düşür. Daha cümə günləri heç kim onunla covkan oynmağa da getmirdi, əvvəlki covkan rəfiqləri min-bir bəhanə ilə onu başlarından eləmişdilər. Hərdənbir yolunu covkan meydanlarına salanda da, oyunçuları uzaqdan seyr etməkdən savayı əlacı qalmazdı.

Hamama gedəndə fikir verirdi ki, nökərlərin də, kisəçilərin də, sutökənlərin də, dəlləyin də ona əvvəlki rəğbəti qalmayıb. Daha Əbülfəz ağa hamamın kandarından içəri qədəm qoyanda nökərlər hər tərəfdən üstünə cumub «salamməleyk» yağdıraraq libasını soyundurmurdular. Daha kisəçilər onu məxsusi Şiraz kətanıyla kisələmirdilər, daha sutökənlər ona ətrli İstanbul sabunu qıymırdılar, dəllək onu görən kimi Dəməşq poladından olan zərif ülgücünü tez gizlədərdi, hətta çayçı da qabağına naxışlı çini saxsıdan olan qəlyanı qoymurdu. Ona salam verməyə də ərinərdilər. Eləcə, hamama gəlib özü libasının soyunardı, salam-kəlamsız içəri çağırardılar, kobüd, qaba kisəylə bədənini sürtərdilər, keçi piyindən düzələn pis qoxulu Qəzvin sabunuyla yuyundurardılar, dəllək üzünü,başını qırxanda kütləşmiş ülgücünü qayışa çəkməyə də tənbəllik edərdi, çayçı da rəngi rufu getmiş gil qəlyanlardan birini qoyardı onunçün. Müxtəsəri, birtəhər yola verərdilər onu.

Hətta arada bəzən elə günlər olurdu ki, ümumən heç bircə nəfər də ona salam vermirdi. Gecələr yatanda yuxuda görürdü ki, əyninə ovçu libası geyib, əlinə ox alıb Qəzvinin içində, ələlxüsus da Dövlətxanada salam ovuna çıxıbdı. Hansı adamın dilində ona veriləsi olan bir salam görürdüsə, o saat oxu kamana qoyub atırdı, amma, salam macal tapıb qaçıb gizlənə bilirdi, ox isə haman adamın bütün ağzı burnunu qana qəltan edirdi. Bu minvalla oxqabındakı bütün oxları məsrəf qılardı, Dövlətxananı qana qəltan edərdi, amma bircə salam da ovlaya bilməzdi.

İş elə gətirmişdi ki, nadürüst, paxıl məmurlar bir dəfə hətta onu şər-böhtan quyusuna salmaqçün bir fitnə də qurmuşdular. Məmalik divanından Luristan vilayətinə göndərilməli olan və məhz Əbülfəz ağanın yazdığı hesabat baratının kağızında lam və re hərflərinin üstünə gizlincə bir nöqtə atmışdılar, «Luristan» kəlməsi dönüb olmuşdu «Xuzistan» və barat getmişdi vilayətin payitəxti Əhvaza, bir neçə aydan sonra Xuzistan valisinin hesabdarı Qəzvinə gəlib məsələni araşdırmışdı, məlum olmuşdu ki, bu baratda yazılan miqdarda vergi öhdəliyi tamam başqa vilayətə aid imiş, səhvən ora gedib. Məmalik-Divanın baş dəftərdarı bu qələti görüb Əbülfəz ağanın üstünə düşmüşdü, elə bilmişdi ki, qəsdən vilayətlərin hesabatlarını qarışdırıb. Hətta şahın özünə şikayət edəcəyi ilə hədələmişdi.

Amma Əbülfəz ağa bütün bunların ona təsirini hiss etdirməzdi, özünü sındırmazdı, elə davranardı ki, elə bil heç zad dəyişməyibdi. Çün anlayırdı ki, salamların ondan belə üz döndərməyinin günahkarı özüdü, daha dürüst desək içindəki kibr-qürurdu. İndi bir də allah bilir nə vaxt salamların ürəyi yumşalar , yenidən ona rəğbət edərlər.

Şah Təhmasibin ölümündən və İkinci Şah İsmayılın taxta çıxmağından artıq bir ildən də çox ötürdü və bir gün Əbülfəz ağanın başına daha bir qəziyə gəldi. Tək-tənha Dövlətxanadan çıxıb Cümə məscidinə tərəf yol almışkən və adətiycə salam almaq ümidiylə rastına çıxan köhnə tanışlarının gözlərinə, ağızlarına baxarkən qəfildən, əlli altmış addım aralıda, dabbağlar məhəlləsinin girəcəyindəki dabbağxanaların qabağında yığışmış adamların içində bir il əvvəl qabağına çıxıb ona salam vermiş haman qoca sufini gördü. Düzdü, küçə boyu xeyli adam vardı, fəqət Əbülfəz ağa gözdən iti olduğundan qocanı o saat tanıdı, və birdən-birə ağlına gəldi ki, onun dalısıyca qaçıb salam versin. Bu niyyətinin səbəbini heç özü də anlamadı, heç anlamağa cəhd də eləmədi. Sanasan, ilahidən ona nida gəldi ki, nə olursa olsun elə bu saat sən bu qoca sufiyə salam verməlisən. Çuxasının ətəklərini yığıb irəli, dabbağxanaların qarşısıyla yeriyib asılmış cürbəcür dəri çarıqlara, yəhərlərə, kürklərə tamaşa edən qoca sufiyə tərəf cumdu, küçə adamla dolu olduğundan, gah bir kəndliyə toxundu, gah ayağı divar dibində oturmuş dilənçiyə ilişdi, gah üstünə yüklü bir ulaq yeridi, müxtəsəri yıxıla-dura özünü dabbağ dükanlarına çatdırdı və başını qaldırıb camaatın içinə nəzər yetirəndə gördü ki, qoca dərviş artıq dabbağxanaların axırındadı. Əbülfəz ağa onu səsləmək istəsə də, adını bilmədiyindən, yenə də ardıyca getdi, dabbağxanalarda aşılanan, qurudulan dərilərin pis iyində ögüməməkçün burnunu tutub qaça-qaça dükanların axırına yetişdi. Burada artıq adam az idi, qoca sufi də əsasını taqqıldadaraq irəlidəki Əsb meydanının o biri başına tərəf gedirdi. Əbülfəz ağa artıq ona yetişdiyini fikr edib bir dəm ayaq saxladı, nəfəsini dərdi, özünə gələndən sonra elə yerindən tərpənib qocaya yaxınlaşmaq istərdi ki, Cümə məscidinin qarşısına gedən küçədən bir dəstə qara geyimli, yaraq-yasaqlı atlı qorçi çıxdı. Əbülfəz ağa atların ayağı altında qalmamaqçün biixtiyar divarın dibinə qısıldı. Dəstə isə o qədər böyük idi ki, irəlidəki bığıburma qorçilər atlarının nallarıyla meydana döşənmiş daşları taqqıldadaraq, artıq o biri küçəyə çatsalar da, dəstənin ardı hələ kəsilməmişdi, eləcə dörd-dörd düzülümüş sırayla tindən çıxırdılar. Bu minvalla, Əbülfəz ağa qorçilərin dalının kəsilməyini gözlədiyi bir vaxtda, qoca sufi ahəstə addımlarla meydanın başına çatdı, küçələrdən birinə dönüb yox oldu. Qorçilərsə hələ də keçib qurtarmamışdılar. Deyəsən Qəzvin civarında nə qədər şah ləşkəri vardısa, hamısı bu saat buradan keçirdi. Min idimi, iki min idimi, bunu saymağa Əbülfəz ağanın halı yox idi. Birdən-birə ona elə gəldi ki, bu qoşun-ləşkərin ardı heç vaxt kəsilməyəcək, qorçilərin dalıyca qulmalar çıxacaq, sonra oxçular, çərxçilər, topçular gələcək, müxtəsəri dünyada əli silahlı nə qədər adam varsa, hamısı bu saat Cümə məscidinin qarşısında sıraya düzülüblər və nizamla Əsb meydanına tərəf gəlirlər və o, heç vaxt bu küçənin o biri üzünə keçə bilməyəcək, bir vaxtlar ona xəttatlıq dərsi keçmiş bu qoca sufiyə heç vaxt salam verə bilməyəcək.

Birdən birə Əbülfəz ağanın əhvalı tamam pozuldu. Az qaldı onu ağlamaq tuta. Gözləri qaraldı. Elə bildi ki, qara çuxalı, başı külahlı, beli xəncərli , bığıburma qorçilərin hamısı eyni sifətdədi, zərrə qədər də biri birindən fərqlənmirlər, hamısı eyni adamlardı. Hətta rəngi boza çalan atları da eynidi. Eyni rəng, dərilərində eyni xallar.

Əbülfəz ağa hiss elədi ki, bədənini soyuq tər basır, huşu başından çıxır, ayaqları boşalır. Elə yerə yıxılan məqamda hiss elədi ki, kimsə ona dirək oldu, yıxılmağa qoymadı, böyründə yerə düşmüş iri bir daşın üstündə oturtdu. Əbülfəz ağa gözünün ucuyla ona kömək olan adama baxanda heyrətdən dili tutuldu. Bayaq Əsb meydanının o biri başında gözdən itən haman qoca sufi idi. Biixtiyar Əbülfəz ağanın fikrindən keçdi ki, qoca bəs bu qədər atlının arasından meydanın bu biri tərəfinə nə təhər keçib?

Sufini başı üstə görən kimi Əbülfəz ağaya elə bil biixtiyar güc gəldi. Tez dilləndi ki, salamməleyküm, baba dərviş, necəsən, əhvalın necədi?

Dərviş «əleykəssalam» deyib yun xirqəsini çıxardaraq Əbülfəz ağanın çiyninə atdı, tələsmədən əynindəki cübbədən bir parça cırıb onun tərini yaxşıca sildi, qoynundakı balaca tuluqdan ona su verdi. Sonra ayağa qalxıb getmək istəyirdi ki, Əbülfəz ağa dözə bilməyib soruşdu, bəs sən burada necə peyda oldun? Axı bayaq meydanın o biri başındaydın?

Qoca sufi ona baxıb cavab verdi ki, məni, o vaxt verdiyim , fəqət, sənin almadığın haman salam gətirdi bura.

Əbülfəz ağa təəssüflə içini çəkib dedi ki, deyəsən allah məni cəzalandırıb. Almadığım salamlar heç vaxt mənim günahımı əfv etməzlər.

Qoca sufi gülümsünüb cavab verdi ki, sənə demişdim, salam allahın adıdı. Xatirindən çıxartma ki, Allahın özü kimi adının da mərhəməti sonsuzdu, intahasızdı.

Sufi bunu deyib əlini Əbülfəz ağanın alnına qoydu, sinəsini yoxladı və özünə gəldiyini görüb xirqəsini onun çiynindən götürdü, öz əyninə keçirtdi, divara söykətdiyi əsasının əlinə alıb Əbülfəz ağayla sağollaşdı, yoluna düzəldi. Amma beş altı addım atmışdı ki, qəfildən ayaq saxlayıb geri çöndü, qəribə ifadəyli dedi ki, mənim savadım yoxdu, heç vaxt bircə xətt də yazı yaza bilməmişəm.

Sözünü deyib tini buruldu. Əbülfəz ağa isə uzun müddət yerində donub qaldı, fikirləşdi, fikirləşdi, yalnız Cümə məscidindən azan səsi ərşə bülənd olanda birtəhər yerindən qalxıb evinə tərəf yol aldı.

Düz üç gün sonra Qəzvinə xəbər yayıldı ki, Səfəvi hökmdarı İkinci Şah İsmayıl gecə təğyiri libas olub sarayın halvaçısı Həsən bəyin evinə mehman olubmuş və elə oradaca şahı zəhərləyib öldürüblər.

Bir müddətdən sonra Əbülfəz ağanı Badkubə şəhrinə, Bibiheybətdə İmam bacısı Həkimə xanımın türbəsinə təyin elədilər….

Bakuyədə təzə mənsəbə keçəndən sonra əvəvlki qəribə adəti sanasan özündən də iznsiz təzədən bərpa olmuşdu, yəni yenə də salamları saymağa başlamışdı. Yayda yetmişə yaxın, qış aylarında isə qırxdan az olmurdu. Bir neçə il sonra dəftərinə baxıb gördüm ki, bütün ömrü boyu ilk dəfədi ki, belə uzun müddətdə aldığı salamların sayı sabit qalır, nə artır, nə də azalır. Öylə bil ki, bundan əvvəlki ömrü enişli yoxuşlu bir yol idi, gah salamların sayı onu dağ başına qaldırırdı, gah da dərəyə salırdı. Fəqət dünyavi mənsəblərdən əl üzüb, sakit bir guşəyə çəkilib özünü imam bacısının türbəsinin nökərinə çevirəndən sonra yol da elə bil düzəlmişdi, hamarlaşmışdı, daş-kəsəkdən təmizlənmişdi. Bəlkə bu da bir işarəydi, üzümü dünyadan ayırıb Allaha tutan kimi Allah da onu daş-kəsəkdən hamar yola çıxartmışdı. Ancaq hər nəydisə, Əbülfəz ağa indi bu hamarlığın qədrü-qiymətini daha çox bilirdi. Hərgah ömrünün əvvəlinci çağında bu tövr mənsəbdə işləsəydi, bu yeknəsəklik onu darıxdırardı, səbri çatmazdı, daha böyük mənsəblər arizu eylərdi, fəqət bütün kəşməkeşlərdən sonra əqliylə yox, ruhuyla fəhm eləmişdi ki, dünyada ən qiymətli nəsnə, ən böyük nemət düz yoldur… Həmin düz yol. Həmin Siratəl-müstəqim…

# 2143 dəfə oxunub

Müəllifin son yazıları

# # #