"Küçələrə su səpmişəm" sevgi mahnısı deyilmiş: Onu Bakıya gələn türk əsgərləri ilə nə bağlayır?

"Küçələrə su səpmişəm" sevgi mahnısı deyilmiş: Onu Bakıya gələn türk əsgərləri ilə nə bağlayır?
3 sentyabr 2021
# 09:01

Kulis.az “İllərin mahnısı” layihəsindən “Küçələrə su səpmişəm” mahnısı haqda faktları təqdim edir.

Söhbət açacağımız bugünkü mahnı hamımıza yaxşı tanış olan və tez-tez dodaqaltı zümzümə etdiyimiz “Küçələrə su səpmişəm” mahnısıdır.

***

Bakıda belə bir adət olub: hava cox isti olanda su səpən maşınlar küçələri gəzir, su səpirmiş. Həm yolların tozun alır, həm də sərinlik yaradırmış.

***

Deyilənə görə, “Küçələrə su səpmişəm” xalq mahnısı sovet dövründə “redaktə” olunub. Manaf Süleymanov bu haqda öz kitabında yazır ki, bolşeviklərin işğalından sonra o vahiməli günlərdə Bakını xilas etməyə gələn türk əsgərlərini qarşılayan insanlar bu mahnını sevgi ifadəsi olaraq qoşublar. Qafqaz İslam Ordusuna yazıldığı iddia edilən mahnını belə oxuyurdular:

Küçələrə su səpmişəm,
Türk gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.

Sovet dövründə "türk" sözünü nəinki pasportumuzdan, tariximizdən, hətta mahnılarımızdan silinirdi. İstənilən etnik qrupun adına nəğmə qoşmaq olardı, türkdən başqa. Sanki bu söz də repressiyaya məruz qalmışdı. İndi də xalq arasında "Türk gözəli" kimi yaşayan xalq mahnısını "Kürd qızı" kimi məcmuələrə salıblar. Eləcə də böyük həvəslə oxunan "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın" nəqarəti ilə başlanan mahnıda da "yar" sözünün yerində işlənən "türk" ifadəsi dəyişdirilib.

***

Mahnının dəyişdirilən və bizə çatan, ifaçıların oxuduğu mətn aşağıdakı kimidir:

Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın.

Samovara od salmışam.
İstəkənə qənd salmışam.
Yarım gedib tək qalmışam.

Nə əzizdir yarın canı,
Nə şirindir yarın canı.

Samavarı alışdırın,
Maşa gətdim qarışdırın
Küsülüyük barışdırın

Nə əzizdir yarın canı,
Nə şirindir yarın canı.

Piyalələr irəfdədir
Hər biri bir tərəfdədir
Görməmişəm bir həftədir

Nə gözəldir yarın canı,
Nə şirindir yarın canı.

Mahnıdakı siyasi ab-havanın çıxarıldığını tədqiqatçılar da təsdiqləyir. Onların fikrincə, sevgili heç vaxt bu cür misra deməz: “Elə gəl, elə get aramızda söz olmasın”. Bu hissənin məntiqsiz olduğunu iddia edənlər də var.

***

Mahnının mətni 1982-ci ildə Bakıda “Folklor” kitabında çap edilib. “Azərbaycan klassik ədəbiyyatı” kitabında - Həmid Araslının redaktəsində. Cildləri toplayan Təhmasib Fərzəliyev və İsrafil Abbasov olub.

***

“Küçələrə su səpmişəm” mahnısı məşhur müğənni Rəşid Behbudov tərəfindən ifa olunduqdan sonra məşhurlaşmışdı. Onun ifası mahnının həzinliyini olduqca yüksək səviyyədə dinləyiciyə çatdırır. Rəşid Behbudov bütün konsertlərində və qastrol səfərlərində mütləq bu mahnını ifa edirmiş.

Bu yaxınlarda Əqli Mülkiyyət Agentliyi Fereydoun Asraei adlı iranlı müğənninin azərbaycanlı müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun repertuarından olan “Küçələrə su səpmişəm" xalq mahnısını fars dilində ifa edərək "Dooset daram" adı altında fars mahnısı kimi təqdim etməsini nəzarətə götürdüyünü açıqlamışdı.

Rəşid Behbudov Fondu İran telekanallarının “Küçələrə su səpmişəm"i fars mahnısı kimi təqdim edilərək mənimsənilməsi barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi:
"Mahnı kürd dilində subtitrlərlə "YouTube" kanalına yerləşdirilib. Rəşid Behbudovun repertuarında ən gözəl xalq mahnılarımızdan olan "Küçələrə su səpmişəm" mahnısını müdafiə etmək hər birimizin borcudur. Sizi bu haqsızlıqlara son qoymaqda bizə dəstək olmağa çağırırıq”. Bu məsələ Əqli Mülkiyyət Agentliyi tərəfindən tezliklə nəzarətə götürüldü.

***

“Küçələrə su səpmişəm” mahnısı bizə həm də məşhur yazıçımız İsi Məlikzadənin povestini xatırladır. Povest əsasında film də çəkilib. Filmdə baş rolları Fuad Poladov və Rasim Balayev paylaşır. Xəlil (Fuad Poladov) və Bəhmən (Rasim Balayev) əmioğludurlar. Tale elə gətirib ki, Xəlil heç bir günahı olmadan Bəhmənin yerinə uzun illər həbsxanada yatıb. Bu illər ərzində isə Bəhmən ali təhsilini başa vurub, həkim kimi professor mərtəbəsinə yüksəlib. Xəlil isə həbsxanadan azad olunduqdan sonra doğma kəndində sadə bir həyat tərzi keçirir. Bəhmən uzun illər sonra təsadüfən kəndə gəlir və iki əmioğlu yenidən rastlaşır. Xəlil hər şeyi bir anlıq unudaraq Bəhməni çox yaxşı qarşılayır, hətta evinə qonaq gətirir. Lakin o Bəhmənin ova getmək istəyini biləndə bir anlıq hər şeyi xatırlayır və anlayır ki, ov tüfəngi ilə adam öldürən əmisi oğlu Bəhmənə bütün bunlar nəinki dərs olmayıb, hətta vicdan, şərəf və s. xüsusiyyətlərini də artıq çoxdan itirib. Filmin bəlkə də ən təsirli səhnəsi Fuad Poladovun “Küçələrə su səpmişəm” mahnısının sədaları altında qol qaldırıb oynaması səhnəsidir. Həmin səhnədə mahnını Ağaxan Abdullayev ifa edib.

***

Alman rejissoru Vayt Helmerin 2008-ci ildə İsmayıllıda çəkdiyi məşhur “Absurdistan” filmində də “Küçələrə su səpmişəm” mahnısı ifa olunur. Suyu kəsilən xəyali bir kənddə qadınlar üsyan qaldırır və deyirlər ki, əgər su məsələsi həll olunmazsa, onlarla yatağa girməyəcək. Kənd kişiləri suyu axtarmağa başlayırlar. Hələ gərdək gecəsi olmayan və bir-birinə həsrət qalan iki sevgili üçün kənddəki bu hadisə həsrətin ömrünü bir az da artırır. Onların həsrətinin ifadəsi kimi Rəşid Behbudovun səsində “Küçələrə su səpmişəm” mahnısı verilir.

***

Məşhur “Təhminə” filmində də “Küçələrə su səpmişəm” mahnısı səsləndirilir. Hətta orda Təhminə ilə Zaur arasındakı bu dialoq uzun müddət yaddaşlardan silinmir:

Təhminə:

- "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın". Gör necə sevərlərmiş bir vaxtlar... Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə?

Zaur:

- Bakıda mümkün deyil bu, küçənin bir başına su səpənəcən xəzri o biri başını toza qərq eləyəcək.

Təhminə:

- Eh, ruhun yoxdur sənin.

Rəşid Behbudovun peşəkarlıqla oxuduğu bu mahnını daha sonra bir çox müğənnilər də ifa etdilər. Mahnının ilk qadın ifaçısı Şövkət Ələkbərova olub. Daha sonra Bülbül, Lütfiyar İmanov, Alim Qasımov, Yaşar Səfərov, Nuriyyə Hüseynova, Azərin və başqaları... 1994-cü ildə Türkiyədə Füzulinin 500 illiyi yubiley tədbirində müğənni Səkinə İsmayılova bu mahnını ifa etmişdi. 2011-ci ildə Azərbaycan Avroviziyaya qatılan Eldar Qasımov və Nigar Camal press-konfransda bu mahnını ifa edib. Sami Yusif isə 2011-ci ildə Ankarada oxuyub – həm ingilis dilində, həm bizim dildə. “Küçələrə su səpmişəm” Güney Azərbaycanda da məşhurdur. “Damour Band”, “Dalğa” qrupları, Cavid Təbrizli kimi ifaçılar bu mahnıya müraciət edib.

***

Bu yaxınlarda Türkiyənin məşhur “Onedio” saytı izləyiciləri üçün Azərbaycan musiqilərini təqdim edib. Böyük marağa səbəb olan paylaşımda azərbaycanlı müğənnilərin ifasında ən çox sevilən mahnılar yer alıb. Sıralamada “Küçələrə su səpmişəm” mahnısı ilk yerləri tutub.

***

“Küçələrə su səpmişəm” Bayatı-Şiraz ladında ifa olunur. 1902-1904-cü illərdə İngiltərənin qrammofon səsyazma səhmdar şirkəti tərəfindən ifaları ilkin vala yazılmış klassik xanəndələr bunlardır: Seyid Mirbabayev və Məşədi Qafar. Hər iki xanəndə Üzeyir Hacıbəyovun 1927-ci ildə nəşr etdirdiyi “Azərbaycan-türk el nəğmələri”ndə verilmiş mətnə uyğun oxuyurlar. Klassiklərimiz mövcud iki bəndə üç bənd də əlavə edərək mahnını 5 bəndlik eləyiblər.

***

Bülbül bu mahnıya da özünəməxsusluq qataraq, improvizlər edərək bəndlərin yerlərini dəyişdirmiş və çox maraqlı, fərqli bir mahnı ortaya çıxarmışdır. Bəstəkar Fikrət Əmirovun xor və solistlər üçün işlədiyi variantı Xalq Artisti Gülağa Məmmədov da özünəməxsus tərzdə ifa edərək sevdirib.

Dövlət Səs Yazıları Arxivi tərəfindən “Küçələrə su səpmişəm” adlı sənədli film hazırlanıb. Milli Arxiv İdarəsindən bildirilib ki, layihə 9 iyun – Beynəlxalq Arxivlər Günü, həmçinin “Beynəlxalq arxivlər həftəsi” çərçivəsində ərsəyə gətirilib.

Layihədə “Küçələrə su səpmişəm” xalq mahnısının yaranması, məşhur xanəndələr tərəfindən ifa edilməsi və onun Azərbaycan xalqının mənəvi varidatı olmasını sübut edən Dövlət Səs Yazıları Arxivindəki fono və videosənədlər barədə məlumat verilir. Sənədli filmə Milli Arxiv İdarəsinin “Youtube” kanalından baxmaq olar.

# 9459 dəfə oxunub

Müəllifin son yazıları

# # #