Bu bayağı mahnı necə sənət əsərinə çevrildi? – İllərin mahnısı

Tofiq Quliyev, Rəşid Behbudov, Müslüm Maqomayev

Tofiq Quliyev, Rəşid Behbudov, Müslüm Maqomayev

26 avqust 2022
# 09:00

Kulis.az “İllərin mahnısı” layihəsindən “Zibeydə” mahnısı haqda maraqlı faktları təqdim edir.

Azərbaycanın estrada cazının ən sevilən və bir çox müğənninin illərdir müraciət etdiyi “Zibeydə” mahnısı necə yaranıb?

***

Milli musiqi xəzinəmizə əvəzsiz töhfələr verən bəstəkar Tofiq Quliyevin mahnıları həmişə sevilə-sevilə dinlənilir, zövqləri, ruhları oxşayır. O, milli kino musiqimizə də fərqli üslub, düşüncə tərzi gətirən sənətkardır.

Tofiq Quliyevin filmlər üçün yazdığı bir çox mahnılar sonradan neçə nəsil ifaçıların repertuarında özünə yer qazanaraq uzun sənət ömrü yaşamaqdadır. Onlardan biri də “Zibeydə” mahnısıdır. 1955-ci ildə rejissor Lətif Səfərov tərəfindən ekranlaşdırılan “Bəxtiyar” filmi üçün yazılan mahnının tarixçəsi də maraqlıdır...

Tofiq Quliyev - Photo #307 - AzKataloq | Azərbaycanın Onlayn Foto və Sənəd  Arxivi

***

1955-ci ildə Lətif Səfərov “Bəxtiyar” musiqili filmini çəkməyə hazırlaşanda bəstəkar kimi Tofiq Quliyevə müraciət edir. Filmdə Bəxtiyarın oxuyacağı mahnıların musiqisini Tofiq Quliyev, sözlərini isə Ənvər Əlibəyli yazır.

Estrada musiqisinin incəliklərinə dərindən bələd olan və Şərq, milli intonasiyaları estrada janrında ustalıqla yaradan Tofiq Quliyev isə bu film üçün, həqiqətən, unudulmaz əsərlər ərsəyə gətirir.

İntiharla ömrünə son qoymuş görkəmli rejissor - 30.09.2016, Sputnik  Azərbaycan

“Zibeydə” mahnısı isə, əslində, filmin baş qəhrəmanı, bənzərsiz səsə malik Bəxtiyar Muradovun (Rəşid Behbudovun canlandırdığı obraz) fırıldaqçı klub müdiri Ağabalanın toruna düşərək bayağı mahnılarla məşhurlaşmaq istədiyini göstərmək üçün yazılmışdı. Lakin bəstəkarın “bayağı” mahnı olaraq yazdığı “Zibeydə” Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarların repertuarında geniş dinləyici və tamaşaçı rəğbəti qazanır, estrada musiqimizin şedevrlərindən birinə çevrilir. Yəni bir növ Tofiq Quliyev bəstəkarın verdiyi işi “düzgün” görmür. Bayağı mahnı kimi yazdığı “Zibeydə” filmin ən gözəl mahnısı olur. Bunun iki səbəbi vardı. Birincisi, sənətkarlar heç vaxt zəif əsərlər yaza bilmirlər. İkinci versiyada isə deyilir ki, Tofiq Quliyev bilərəkdən bunu edib. Məqsədi isə ideoloji çərçivələri qırmaq, fərqlilik və müasirliyə can atan azad musiqi və musiqiçi təqdim etmək olub. Onu da qeyd edək ki, filmdəki ən mürəkkəb melodiya da bu mahnıya məxsusdur.

Həmin dövrdə filmlər iki dildə yayımlandığı üçün, “Zibeydə” də həm Azərbaycan, həm rus dilində ifa olunur.

***

Tofiq Quliyev “Zibeydə”nin musiqisini şair Ənvər Əlibəyliyə təqdim edir və ona söz yazmasını istəyir. Bu mahnı müasir caz və estrada elementli olsa da, milli koloritli əsərdir. Ənvər Əlibəyli musiqiyə söz yazır, onun misraları yaddaqalan və səmimi alınır.

Bəxtiyar” filmi /Lətif Səfərovun 100 illiyi/ rubrikasında – AKI

***

“Zibeydə” mahnısının yaranışı şairin ailəsi üçün də yaddaqalan olur. Belə ki, şairin həyat yoldaşı Şövkət xanım bir gün soruşur ki, niyə o mahnıda Şövkət yox, Zibeydə yazmısan? Şair isə cavab verir ki, həmin mahnı üçün ikihecalı deyil, üçhecalı ad lazım idi. Ən gözəli də Zibeydə uyğun gəldi. Bundan sonra isə şair Rauf Hacıyevlə bir yerdə həyat yoldaşının könlünü almaq üçün “Sevgilim” mahnısını ərsəyə gətirir və onu Şövkət xanıma həsr edir.

***

Şairin arxivdə qorunan lent yazısında “Bəxtiyar” filmində mahnıların yaranması və bəstəkarla bağlı fikirləri yer alıb. Ənvər Əlibəyli deyir:

“Tofiq Quliyev mətnə çox həssas yanaşırdı. O, şeirdə deyilən fikri ustalıqla tamaşaçıya çatdıra bilirdi. Onun mahnılarının uğurunun bir sirri də budur”.

Ənvər Əlibəyli — Vikipediya

***

“Zibeydə” mahnısı da belə əsərlərdən idi. Mahnıda müxtəliflik, qəribə keçidlər var. Gözəl musiqi həm də gözəl hislər və gözəl sevgilərdən yaranır. Paradoks ondadır ki, film üçün bəstəkar ən uğursuz mahnı yazmalı idi. Amma əksinə oldu. Bu həm də onu təsdiq edir ki, əsl sənətkarlar heç zaman zəif əsərlər yaratmırlar.

Bu illər ərzində “Zibeydə” mahnısının bir-birindən maraqlı aranjemanları yaranıb. Bu mahnının ilk möhürünü vuran Rəşid Behbudovdan sonra onu səsləndirən bütün ifaçıların vokal bacarığı elə ilkin variantla müqayisə edilir.

***

Caz kompozisiyaları bölməsində mahnını Müslüm Maqomayev oxumalı imiş, lakin müğənninin vaxtı olmadığından mahnı İosif Kobzonun ifasında yazılmalı olur. Lakin bu ifa uğursuz alınır. Daha sonra isə mahnı ölməz Müslüm Maqomayevin də repertuarına daxil oldu. O, konsert zamanı mahnını fərqli tempdə təqdim etdi. Bu ifa daha ritmik və caz üslubuna daha yaxın alınmışdı.

Müslüm Maqomayev Musiqi Mədəniyyəti Dövlət Muzeyində xatırlanacaq - AZƏRTAC

***

Mahnının instrumental versiyaları da yarandı. İlk versiyanı Vaqif Mustafazadə yaratdı və “Sevil” vokal ansamblı da bu mahnını caz üslubunda təqdim etdi. 80-ci illərdə isə bu mahnıya həmin dövrdə populyar olan estrada müğənnisi Cəfər Behbudov müraciət edir. 80-ci illərdə bu qayıdış mahnının yeni bir mərhələyə qədəm qoymasına zəmin yaradır. 90-cı illərdə isə Rafiq Babayev öz studiyasında bu mahnını yeni aranjimanda hazırlayır və mahnı Tofiq Quliyevin yubileyində o vaxt gənc müğənni olan Faiq Ağayev tərəfindən ifa edilir. Mahnıya mərhum müğənni Elçin Cəlilov, cazmen Cavan Zeynallı da müraciət edib. 1997-ci ildə Tofiq Quliyevin 80 illik yubileyində “Bəri bax” qrupu bu mahnını ifa edir. Yubiley üçün mahnını Xalq artisti Siyavuş Kərimi aranjman etmişdi. Bu günə kimi bir çox caz ifaçılarımız mahnıya instrumental şəkildə müraciət edib və hər kəs onu özünəməxsus, öz düşüncəsi kimi təqdim edib.

Düşüncə" Vaqif Mustafazadə

***

Müasir günümüzdə gənc və səhnəmizin sevilən müğənniləri də mütəmadi olaraq “Zibeydə” mahnısına müraciət edirlər. Əsər unudulmur və hər zaman dəbdədir, onilliklər bu mahının üzərinə kölgə sala bilmir. Yeni nəsillər vasitəsilə nəğmə öz həyatını davam etdirəcək və mahnının hər yeni ifası ona yeni bir nəfəs gətirəcək.

# 17689 dəfə oxunub

Müəllifin son yazıları

# # #