Qərb ölkələrini fəth edən Azərbaycan mahnısı - Onu necə lağa qoydular?

Qərb ölkələrini fəth edən Azərbaycan mahnısı - Onu necə lağa qoydular?
24 sentyabr 2021
# 09:01

Kulis.az “İllərin mahnısı” layihəsindən “Məhəbbətin qüdrəti” mahnısı haqda faktları təqdim edir.

Söhbət açacağımız bugünkü mahnı hamınızın yaxşıca tanıdığı “Məhəbbətin qüdrəti” mahnısıdır. Bu mahnının digər mahnılarımız kimi maraqlı taleyi var. Onun yaranışı, oxunması və sevilməsi mahnının özü qədər gözəl və qeyri-adidir. Bir çoxları “Məhəbbətin qüdrəti”ni xalq mahnısı kimi tanıyıb sevir. Lakin bu heç də xalq mahnısı deyil...

***

Muğam Azərbaycan xalq musiqisinin birinci və ən əhəmiyyətli budağıdırsa, onda o biri budaq da aşıq yaradıcılığı sayılmalıdır. "Aşıq" sözü "sevginin, məhəbbətin əsarətinə düşmüş" anlamını verir. Tarixi faktlara söykənsək, görərik ki, aşıq yaradıcılığı gedib çıxır XIV əsrə. Aşıq yaradıcılığının qədimliyi danılmazdır. “Məhəbbətin qüdrəti” də aşıq yaradıcılığının bir az müasir formasıdır.

***

Ötən əsrin sonu, 90-cı illərin əvvəli. Şirvan aşıqlar qrupu Fransaya, Parisə - Ərəb Dil İnstitutunun dəvəti ilə Azərbaycandan yola düşür. O zaman bu layihənin reallaşdırılmasında şəxsən iştirak etmiş Alim Qasımov Şirvan rayonuna gəlir və Nabır kəndində yaşayan aşıq Xanışa baş çəkir. Elə həmin gündə də Fransaya yola düşəcək qrupun tərkibi müəyyən olunur. Bu arada daha bir maraqlı hadisə baş verir. Alim Qasımovun gəlişini gözləməyən 60 yaşlı aşıq öz evinin həyətində sazı bağrına basıb təzə qoşduğu qoşmasını oxuyurmuş. Elə bu nəğmənin taleyi də həmin gün həll olunur. Alim Qasımov həmin nəğməni təsadüfən eşidir və Parisdə oxunacaq mahnılar siyahısına salınmasını təklif edir. Beləliklə, bizə xalq yaradıcılığının bəhrəsi kimi tanış olan, ancaq Bayatı-Şiraz muğamının əsasında bəstələnmiş, bizim müasirimizin əsəri - oynaq, məzəli və çox tez bir zamanda populyarlaşan aşıq mahnısı "Məhəbbətin qüdrəti" bu cür ortaya çıxır.


Aşıq Xanış

“Məhəbbətin qüdrəti” qısa zamanda bütün Azərbaycanda, eləcə də Rusiyada, Gürcüstanda, Avropa ölkələrində yaşayan azərbaycanlılar arasında şöhrət qazandı. Alim Qasımov böyük auditoriya qarşısında "Məhəbbətin qüdrəti" mahnısını ifa edən ilk müğənni oldu. O vaxtlar şəhərin ən böyük konsert zalı hesab olunan – Heydər Əliyev adına Sarayda Alim Qasımovun möhtəşəm konserti keçirildi və bu mahnı da konsert proqramına daxil edildi. Müğənni tar və kamançanın müşayiəti ilə "Məhəbbətin qüdrəti"ni oxudu və mahnı böyük müvəffəqiyyət əldə etdi. O zaman "Azərbaycan qadını" jurnalında bu konsertə həsr edilmiş məqalə dərc edildi. Həmin məqalədə "Məhəbbətin qüdrəti" mahnısı "Eşq oduna düşdüm, ana" adlandırılmışdı. Məqalə onun sübutudur ki, konsertin ən yaddaqalan hissəsi məhz bu mahnı imiş.


Xalq artisti Alim Qasımov

“Eşqin, məhəbbətin, düşüb canıma” misrasına gəldikdə isə... İllərdir mahnının bu misrası “Eşqin, məhəbbətin, düşüb canıma” kimi oxunur. Əslində isə misra “Sevgilimin eşqi düşüb canıma” olmalıdır.

***

Alim Qasımovun ardınca "Məhəbbətin qüdrəti" mahnısını Şirvan muğam məktəbinin daha bir nümayəndəsi – Zabit Nəbizadə ifa etdi. Müğənni "Məhəbbətin qüdrəti" adlanan bu mahnını ilk lentə yazdıran və öz mahnı diskinə daxil edən sənətkardır. Demək olar ki, bununla da "Məhəbbətin qüdrəti" mahnısı üçün yeni mərhələ başlanıldı. Zabit Nəbizadənin ifası bu mahnının taleyində xüsusi rol oynadı.

Oxu.az - Zabit Nəbizadə: Hərdən fikirləşirəm ki, səhv edib bu sənətə  gəlmişəm – MÜSAHİBƏ + FOTO
Xalq artisti Zabit Nəbizadə

Bu mahnının sonrakı tarixi parlaq hadisələrlə zəngindir. 1999-cu ildən efirdə Pantomima teatrının quruluşu fasiləsiz translyasiya edilirdi. Aktyorlar xalq musiqisinə məzəli parodiya qoşurdular. Və "Məhəbbətin qüdrəti" mahnısı da, əlbəttə, bu quruluşu orijinal və unudulmaz etmişdi. Mahnının mətni qadın ifaçıların bu mahnını ifa etməsini məhdudlaşdırmasına baxmayaraq, Bəsdi Sevdiyeva “Məhəbbətin qüdrəti” mahnısını ifa etmiş ilk qadın oldu. Bəsdi Sedviyeva mahnının sözlərini dəyişdirdi və dinləyicilərə özünəməxsus ifasını təqdim etdi.

Bir neçə il sonra "Məhəbbətin qüdrəti" mahnısını muğam məktəbinin növbəti nümayəndəsi – Teyyub Aslanov ifa etdi. Onun ifasında mahnı ilk dəfə aranjimana məruz qaldı, həmçinin ekranlaşdırıldı.


Rafael İsgəndərov Qüdrət rolunda. "Məhəllə" filmi

2003-cü ildə mahnının taleyində daha bir yadda qalan və mübahisəli hadisə oldu. "Məhəbbətin qüdrəti" mahnısı "Məhəllə" komediya filmində istifadə edildi. Mahnı filmin baş qəhrəmanı Qüdrətin ən sevimli mahnısı kimi təqdim olunmuşdu. Film ekranlara çıxdıqdan sonra mahnıya maraq daha da artdı. Mahnı bu filmin tamaşaçılarının dodaqlarından düşmürdü. "Məhəbbətin qüdrəti" mahnısını xalq arasında “Qüdrətin mahnısı” adlandırıldı. Düzdü, mahnı populyarlaşdı. Lakin onun oxunuş tərzi və oxunduğu məkan (Qüdrət filmdə hər dəfə o mahnını tualetdə ifa edirdi) birmənalı qarşılanmır. Bu məqam mahnının lağa qoyulması kimi qiymətləndirilir. Bəlkə də bu səbəbdən filmin birinci seriyasında Qüdrətin dilindən səslənmiş mahnı, filmin ikinci seriyasında Ənvər Sadıqovun aranjimanında Abbas Bağırovun ifasında tam həcmdə təqdim edilir. Beləliklə, bu mahnı "Məhəllə" filminin ikinci seriyasının saundtrekinə çevrildi. Abbasın ifası birmənalı qarşılanmadı, ancaq onun sayəsində bu mahnı şlyaqerə çevrildi.


Xalq artisti Səyavuş Kərimi

Daha sonra "Məhəbbətin qüdrəti" mahnısının tarixində inqilab etmiş möhtəşəm layihə reallaşdırıldı. Bu layihənin ideyası Səyavuş Kərimiyə aiddir. 2002-ci ilin oktyabrında Heydər Əliyev Sarayında Latın Amerikası musiqiçiləri Azərbaycan musiqiçiləriylə bir səhnədə çıxış etdilər. Aşıq Xanışın 90-cı illərdə ifa edilmiş "Məhəbbətin qüdrəti" mahnısı Peru mahnısı “Fina estampa”nın fraqmentləriylə sintez olundu, mahnının belə təqdim edilməsi dinləyicilərdə xüsusi maraq doğurdu. Yenidən mahnını Zabit Nəbizadə ifa etdi. Öz konserti ilə hay-küy doğurmuş Səyavuş Kərimi bundan sonra öz layihəsi üzərində bir qədər də işlədi. Və 2007-ci ildə Norveçdə Ekvadordan və Çilidən olan musiqiçilərin toplaşdığı "Altilplano" qrupuyla birlikdə, Azərbaycan folklor musiqisinin nümayəndələri “Transatlantic Non-Stop - Altiplano & Siyavush Kerimi” adlı disk buraxdılar. Beləliklə, Zabit Nəbizadənin səsiylə "Məhəbbətin qüdrəti" mahnısı qərb dinləyicisinə qədər çatdırıldı.

Mahnının yaradıcısı Aşıq Xanış 2010-cu ildə dünyasını dəyişir. Onun yaratdığı və populyarlıq qazanan “Məhəbbətin qüdrəti” isə ölümsüzlük qazanır...

# 13903 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #