MİQ-dəki biabırçılığın səbəbləri

MİQ-dəki biabırçılığın səbəbləri
18 iyul 2023
# 14:00

Kulis.az İlkin Özün "İşə yaramayan diplomlar" yazısını təqdim edir.

Atın qabağına sümük atırlar, itin qabağına ot.

(Atalar məsəli)

Müəllimlərin İşə Qəbul İmtahanı ilə bağlı yaranmış problem namizədlərin etirazlarına səbəb olub. Bir-iki nəfər olsaydı, deyərdim, yəqin, öz səhvləridi. Görünür, nəticələrin əksəriyyəti bərbaddır.

Namizədlərin sözlərinə görə, suallarının çətinlik dərəcəsi həddindən artıq ağır, vaxtaparan, həmçinin nöqsanlı olduğu üçün gözlədiklərindən daha aşağı nəticə göstəriblər. Təbii ki, bu da kütləvi narazılıqlara səbəb olub, aləm dəyib bir-birinə.

Kimi Elm və Təhsil Nazirliyinin ünvanına ağzına gələni deyir, kimi İnsan Resursları Mərkəzinin feysbuk səhifəsinə təhqirlər yağdırır, bəziləri də imtahandan zəif nəticə topladığı üçün məhz özünü söyür.

Onuncu sinifdə müəllimim mənə belə bir tövsiyə vermişdi:
“Sənin savadına bələdəm. Məktəbi bitirməyinə bircə il qalıb, çalış peşə seçəndə ehtiyatlı ol. Özünə elə sahə seç ki, sonradan onun öhdəsindən gələ biləsən. Sözün açığı, müəllimliyi sənə məsləhət bilmirəm. Çünki müəllimə, təəssüf ki, qiymət verən yoxdur”.

Mən o vaxt müəllimimin dediklərini, bəlkə də, tam dərk edə bilməmişdim. Düşünmüşdüm, axı necə ola bilər, müəllimlik kimi şərəfli peşəyə qiymət verilməsin? Bu mümkün deyil. Hərçənd, bu işə olan marağım və həvəsim məni pedoqoji sahəyə yönəltdi. Baş verən hadisələrdən sonra onun nə qədər haqlı olduğunu başa düşdüm.

Nəsə, mövzudan çox kənarlaşmadan şikayətlərin məzmununa diqqət yetirək.

Əvvəla, “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisası üzrə imtahan verən namizədlərin demək olar ki, hamısı sualların tərtibatından şikayətlənirlər. Səbəb daha çox texniki səhvlərlə bağlıdır.

Təsəvvür edin sual qoyulub ki, nümunədəki durğu işarələrini bərpa edin. Cavabda isə həmin durğu işarələri doğru göstərilməyib. Ədəbiyyat fənnində obrazların adı düzgün yazılmayıb: “Dərs” hekayəsində Gülzar surətinin adı “Gülnar” kimi qeyd olunub, proqramdankənar “Qızıl qönçələr” hekayəsindən sual salınıb, “Anamın kitabı” əsərində isə Mirzə Məmmədəli obrazına aid uyğun cavab yoxdur...

Hələ dünən sualların izahı ilə bağlı brifinq təşkil olunub. Vəziyyət o yerdədir ki, özləri də sualları düzgün izah edə bilmirlər. Bir müəllim ki, leksik və qrammatik şəkilçini, feilin vacib şəkilçisi ilə xəbərlik şəkilçisini düzgün ayırd edə bilmir, “acı” sifətini isim kimi götürürsə, onda heç nədən danışmağa dəyməz.

Hələ digər fənnləri qoyuram bir kənara. Azərbaycan dili və ədəbiyyatı hər şeydən əvvəl ana dilmiz və milli sərvətimizdir. Bu fənnlə bağlı sualların hazırlanmasında səhvlər yolverilməzdi, sözüm onda deyil.

Hazırda təhsilimiz kurikulum proqramının standartlarına cavab verir. Kurikuluma əsasən, imtahan sualları aşağıdakı formada hazırlanmalıdır:

20% asan;
30% orta;
30% çətin;
20% daha çətin.

Əlbəttə, belə bir sual ortaya çıxır, Elm və Təhsil Nazirliyi özü qoyduğu tələbi niyə görməzdən gəlir? Niyə gənclər onların səhvlərinə görə işsiz qalmalıdırlar?

Gəlin hər şeyi lap əvvəldən izah etməyə çalışaq. Orta məktəblərdəki vəziyyət məlumdur, şagird məcburdur ki, repetitor yanına getsin, ailəsi boğazından kəsib ona xərcləsin...Bu konteksdə mənə, doğrudan, çox maraqlıdır, əgər bir şagird orta məktəbdə verilən dərslər hesabına ali məktəbə qəbul ola bilmirsə, kimə lazımdır axı orta məktəb? Madam belədirsə, işimizi bilək, məktəblər-filan bağlansın, hamı repetitor yanına getsin, ali məktəbə qəbul olsun da. Bu hələ məsələnin birinci tərəfidir.

Məsələnin ikinci tərəfi daha ağırdır. Deməli, birtəhər ali məktəbə qəbul olan abituriyent dörd il əziyyət çəkib, heç vaxt ona lazım olmayacaq mühazirələri əzbərləyir, hərdən ac yatır, bəzən yuxusuz qalır. Nə var, nə var, axırda, universitet ona çaydanın altına qoymağa bir kağız parçası versin.

Düzünü deyirəm, ali məktəbdə tədris olunan dərslər əsasında heç cür işə qəbul olmaq mümkün deyil. Hazırda ali məktəbi bitirib bazarda göy-göyərti satan, "taksavatlıq" edən adamların sayı hədsiz çoxdur. Adama deyərlər, bəs universitetdə tədris olunan fənlər işə qəbulda lazım olmayacaqsa, niyə vaxtımı itirməliyəm? Sovet dövründə pedaqoji sahələrə qəbul planı məktəblərdəki vakant yerlərə uyğun hazırlanırdı.

Tutaq ki, filan il ölkədə 200 nəfər tarix müəlliminə ehtiyac var. Qəbul planında da o qədər “Tarix müəllimliyi” ixtisasına yer ayrılırdı. İndi isə hər il yüzlərcə tələbə “Tarix müəllimliyi” ixtisasından diplom alır. Məktəblərdə vakant yerlər az olduğu üçün tələb və rəqabət arasında uçurum yaranır. Bu da minlərlə namizədin işsiz qalması deməkdir. Zənnimcə, bununla bağlı təxirəsalınmaz tədbir görülməlidir.

Mən Elm və Təhsil Nazirliyinin bəzi qərarlarını təqdir edirəm. Məsələn, müəllimlərin Sertfikasiyaya cəlb olunması çox doğru addım idi. Kimə lazımdır axı 50%-dən aşağı nəticə göstərən müəllimlər?

Amma cari il Sertfikasiya sualları çox asan salındı, MİQ isə daha çətin. Bu sadəcə haqsızlıqdır. Əlbəttə, təcrübə adama çox şey öyrədir. İşləyən müəllimlərin müəyyən qədər təcrübəsi olur. Bəs təcrübəsi olmayan, işləməyən necə etsin?
Düşünürəm, belə axsaqlıqlar hər şeydən əvvəl müəllim adına ləkədir. Hansısa peşə sahəsində çatışmazlıqlar olsa, bəlkə də, çox ağır nəticələnməz, fəqət müəllimlik elə sahədir ki, onu gözdən salmaq, ona diqqətsiz, laqeyd yanaşmağın nəticəsi, sözssüz, ağır olacaq.

Çünki insanı müəllim yetişdirir. Belə getsə, yavaş-yavaş bu peşəyə maraq azalacaq.

Mənim fikrimcə, Elm və Təhsil Nazirliyi bütün bu iradları nəzərə alıb imtahan verən namizədlərin xeyrinə qərar qəbul etməlidir.

# 3517 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #