Yosunlar dənizin dibindədir - Eyyub Məmmədov

Eyyub Məmmədov

Eyyub Məmmədov

10 dekabr 2022
# 15:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Eyyub Məmmədovun "Yosunlar dənizin dibindədir" hekayəsini təqdim edir.

Sənin axtardığın həyat süstdür.
Sən onu heç vaxt tapa bilməyəcəksən.
Tanrılar insanı yaradanda ona ölümü paylaşmaq hüququ verirlər.
təmiz paltarlarını geyin, başını yu və vanna qəbul et,
Əlini tutan uşağa diqqət yetir və qoy arvadın sənin ağuşunda xoşbəxt olsun.
Bütün bunlar kişi qayğılarıdır...

Gilqameş dastanından


- Əmi, soyuqdur e mənə, üşüyürəm.
- Narahat olma balaca, indi sobanı yandıraram, ev isinər. Sən otur burda!
Əli ilə köhnə, amma səliqəli qalmış divanı göstərib yağışdan lüməlüm su olmuş plaşını çıxardı. Səliqə ilə qatlayıb sobanın arxasına sərdi. Ardınca da şərfini boynundan açıb, şlyapası ilə birlikdə divardakı asılqana keçirdi.
– Hə, deməli belə - əllərini bir – birinə sürtüb sobaya doğru əyildi.- Bu dəqiqə yandırıram!
Balaca qızcığaz narahat görünürdü. Tanımadığı bir evdə tanımadığı bir insanın yanında idi. O tərəf bu tərəf qurcanır, evin hər künc - bucağına – hər nahiyəsinə nəzər salır, bu təzə tanış olduğu dünyanı öyrənməyə çalışırdı. Kişi sobanı yandırıb ayağa qalxdı. Qızcığaza baxıb gülümsündü.
- Necəsən?
Öz evlərinə bənzəməyən bu yad ev onun üçün ilk başdan cüzi həyəcan yaratsa da, az sonra bu həyəcan hissi yoxa çıxdı. Yaşlı kişinin mehriban davranışı, ona qarşı xüsusi qayğıkeşliyi az bir müddət əvvəl yağışda tək– tənha soyuqdan titrəyən uşaq üçün ümid işığı olmuşdu. Atasının gecikdiyini görüb qorxmağa başladığı, azıb buralarda qalacağını düşündüyü an çıxmışdı bu yaxşı insan qarşısına. Ona görə də düşünürdü ki, bura hara olsa da qorxmağa dəyməz. Gözlərindəki nigaranlıq yavaş – yavaş kiçilir, yerinə keçən xəfif bir ümid işığı qar topası kimi böyüyürdü. Dərrakəsinin əl verdiyi qədər inanmağı bacaran körpə tezliklə valideynlərinin gəlib onu burdan aparacağına əmin idi artıq. Bu yaşlı əmi də kim idisə yaxşı insanlardan idi. Ona görə də oturub gözləməli, bacardığı qədər özünü ağıllı və sözəbaxan bir uşaq kimi aparmalı, onu incitməməlidir.
Yaşlı kişi bir müddət uşağı ayaq üstə süzüb divara söykəndi. Fikir yenə onu harasa uzaqlara aparmışdı.
Qara rəng.
İndi bu qabarıq və tünd tonlar onda ruhunun dərinliklərindəki əzabı dindirmək üçün sonuncu ümid qığılcımını yenidən alışdırmışdı. Ürəyi sinəsində yavaş yavaş böyüməyə başlamışdı. Az qalırdı içinə məhkum olduğu qəfəsi – sinəsini cırıb özünü atsın çölə. Beyin sürətlə işləyir, bir saniyənin içində yüzlərlə fikri çək – çevik edir, öz – özlüyündə götür -qoyunu aparırdı. Gözlərini yumdu. Bir damla göz yaşı göz qapağının yuva ilə qalan ara məsafəsindən sivişib sağ yanağı boyunca süzüldü. Süzüldü, süzüldü , gəlib bığlarına çatanda ona toxunub dayandı. İndi islanmış bığının turşməzə tamını dodaqlarında – dilinin hər məsaməsində duya bilirdi. Ürəyi yenidən şiddətlə döyünməyə başladı. Sanki tappatap sinəsini döyəcləyən bir ovuc qan parçası heç cür sakitləşmək istəmirdi . Gözlərini açdı. Yenidən bağladı. Bir də açdı. Bir daha bağladı. O qədər gözlərini açıb bağladı ki, bayaqkı bir damla sudan yanağına uzun şıram kimi çəkilmiş qəhvəyi ləkə üzərindən axan sular sağ gözü ilə bığlarının arasında xəyali xəttə çevrildi. İndi bu yolağı kimi qıvrılıb uzanan su ləkəsi onun kədərinə doğru çəkilmiş yolu andırırdı.
Qollarının ucunu didikləyən qızcığaz ona baxaraq təəcüblə soruşdu:
- Əmi, sən ağlayırsan?
Yalnız indi onu fikirdən ayıldan bu sual nəyisə xatırladıbmış kimi bu qısa zehni səyahətini yekunlaşdırdı. Özünü ələ almalı idi. Silkinib içini çəkdi, dərin bir köks ötürüb başı ilə “yox” cavabını verdi. Yenidən qarşısında dayanmış bu məsum körpəyə nəzər saldı.“ Necə də gözəldir!” Həyatın özü qədər mürəkkəb, həyatın özü qədər anlaşılmaz bir gözəllik nümunəsi. Bu gözəlliyin arxasında dayanan yaşanmamış bir həyat ehtirası. Qızcığazın dizindən bir qarış yuxarı sürüşən ətəyinin altındakı kalqotka qaranın cazibəsini həyasızcasına nümayiş etdirirdi. Gözlərini yayındırmaq istədi, amma bacarmadı. Bacarmayacağını da yaxşı bilirdi. “ Çünki bu artıq son idi!” – deyə düşündü. - Mənim geriyə yolum qalmayıb artıq. Əlvida ey duyğusallığımın məni paramparça etməsinə imkan verməyən azğınlığım. Əlvida ey bu fani, mənasız ötəriliyin özündən müştəbeh timsalı olan kədərli həyat. Əlvida ey mənim taleyimin daşımağa gücü çatmadığı dünya iztirablarım. Mən indi sizlərin hamısından biryolluq canımı qurtarmaq astanasındayam. Sənsə şər , sən isə ona görə özünə rahatlıqla yer tapa bilirsən ki, sənin üçün prinsipallıq anlayışı yoxdur. Gec də olsa bunu anlamışam artıq. Dünən ağ, bu gün qara. Nə fərqi var ki ?
1
Avtobus hər dəfəsində şəhərin addımbaşı çala – çuxuruna düşdükcə biranlıq fikirdən oyanır, içalatı silkələnirdi deyə özünü narahat hiss edirdi. Bu sıxıcı yarımsaata tab gətirə bilməyəcəyini anlayıb vaxtından tez düşmək qərarına gəldi. Dayanacağı buraxmışdı. Odur ki, növbəti dayanacağı gözləməli, sonra isə düşüb evə qədərki yolu piyada davam etməli idi. Ayağa qalxıb adamların arasından sürtünə- sürtünə orta qapıya doğru yaxınlaşdı. Elə bu an avtobus növbəti çalaya düşüb daha da bərk silkələndi. Tavana dəyən başını ufuldaya – ufuldaya əyib yola diqqətlə baxdı. Ayaq üstə dayananda yolu görə bilmirdi. Ona görə də məcburən tez – tez əyilməli idi. Bu isə onun onsuz da ağrıyan belini biraz da gücə salırdı. Bəxtindən növbəti dayanacaq elə də uzaqda deyildi deyə beş-altı dəqiqəlik yolu düşünüb təskinlik tapmağa çalışdı. Biraz da dözsə gəlib çatacaqlar. Elə də oldu. Az bir müddət sonra sonra avtobus gəlib dayanacağa çatdı. Maşından tez – tələsik düşüb səkiyə ayağını qoyar - qoymaz cibindən siqaretini və alışqanının çıxardı. Sarı filtirli siqaretindən birini yandırıb damağına qoydu, ardınca isə səki ilə yürüməyə başladı. Sonbahar öz səxavətini əsirgəmədən irəlidəki soyuq günlərə inad bacardıqca öz mülayimliyindən pay verməyə çalışırdı. Ətrafda xoş bir xəfiflik hökm sürür, quşlar sonbahara kədərli bir elegiya kimi öz nəğmələrini oxuyurdular. Bu yumşaq havada ciyərlərini acı tüstüyə boğsa da siqaretini acgözlüklə sümürməkdən doymurdu. Nisbətən adamsız səki ilə yavaş yavaş yürüdükcə ətrafa nəzər salmağa başladı. Bütün külli bəşəriyyət sanki harasa tələsirdilər. Amma buna baxmayaraq onlar həm də xoşbəxt görünürdülər. – deyə düşündü. Bütün bunlar nə deməkdir? Özü - özünə özünə sual verdi. İnsanoğlu bu boyda ziddiyəti necə həll edir görəsən öz dünyasında? Axı insanların yaşamaq eşqi ilə bu eşqin gətirdiyi xoşbəxtlik duyğusu və bu tələskənlik. Bütün bunların arasında bir təzad yoxdur bəyəm? Bəs yaxşı o tələsirdimi harasa? Yəqinki yox. Çünki yaşamaq ona heçvaxt doya bilməyəcəyi dəniz suyu kimi gəlirdi deyə xoşbəxt sonluğa inanmırdı. Yaxşıdırmı, pisdirmi bunu bilmir, sadəcə bildiyi o idi ki, bu məşğuliyyətdən imtina etmək, onu qovhaqova salmaq mümkün deyil sadəcə. Bacarmazdı. Fikirləşə - fikirləşə gəlib yol ayrıcına çatdı. Burdan o tərəfə- evlərinə doğru hələ bir xeyli yol getməli idi. Amma o nədənsə fikrindən daşınıb sağa tərəf buruldu. Tanımadığı bir həyətə doğru yol almışdı. Olsun! Guya evə gedib neyniyəcəkdi ki? Kimi var idi onu gözləyən? Ya da bəlkə əksinə?! O heç kimi gözləmirdi heç. Bu əsl tənhalıqdır. Bu tənhalıq onu özüylə kifayət qədər baş başa buraxmışdı bu həyatda. Hərdənsə sıxılıb bezdiyi də olur, amma buna baxmayaraq yaxşı da bilirdi ki, başqa cürü mümkün ola bilməz. Zarafatı bir yana iyirmi illik bu təcrübəni boşa yığmamışdı ki günün birində kimsə çıxsın qarşısına desin ki, budur mən gəlmişəm, gəlmişəm ki, sənin bu öhdəsindən gələ bilmədiyin əzablarınla baş çıxarım. Hara, nə üçün xərcləyəcəkdi bu qədər təcrübələr yığınını? Odur ki, bu mənəvi və fiziki yalnızlığından maksimum güc almağa çalışır, özünü heç kimə ehytiyacı olmaması ilə bağlı inandırmağa çalışırdı.
Həyətin ortasında balaca meydançada oynayan uşaqların qışqırtısı onu bir daha fikirdən oyatdı. Külafirənginin yanınacan gəlib çıxmışdı. Fikridən ayılıb bir anın içərisində özünü bu yad həyətdə görəndə ilk öncə həyəcanlansa da, öz– özünə“ Nə olacaq e, kimdir mənə fikri verən ?” deyib sakitləşməyə çalışdı. Toxtamağı ilə bərabər cəsarət hissi də artmışdı. Keçib skamyada - arxası o tərəf- bu tərəfə qaçışan uşaqlara doğru əyləşdi. Ayağının birini o birinin üzərinə aşırıb qarşısında dayanan hündürmərtəbəli binanın eyvanlarına doğru baxmağa başladı. Həyətdə uşaqların səs – küyündən az qalırdı ki qulaq batsın. Şən- şaqraq uşaqlar bir - birinin arxasına qaçır, topu olan topu ilə, olmayan da başqa oyuncaqlarla oynayırdılar. Oğlanlı – qızlı on – onbeş uşaq bir - birinə qoşulub həyəti öz səs- küylərinə qərq etmişdilər. Yavaş- yavaş başını arxaya çevirib gözucu uşaqlara tərəf baxdı. Baxdı, amma tez də dönüb yenidən heçnə olmamış kimi nəzərlərini önündəki binaya doğru zillədi. İndi uşaqların səsi onun qulağına kədərli bir filmin fon musiqisi kimi gəlirdi. Əllərini bir - birinə keçirib göbəyinin üzərində baş barmaqlarını oynatmağa başladı. Bu günki iş onu bərk yormuşdu. Əlacı olsaydı elə buradaca- “bax bu skamyanın üzərində uzanıb yatardım” – deyə düşündü. Bir halda ki, hava da xoş idi və bu mülayim hava da hələm – hələm ələ düşən deyildi deməli, onda bu lap əntiqə bir şey olardı. Belədir: xoş havalar bəzən onu gümrahlaşdırmaq əvəzinə, əksinə, biraz da yorurdu. Amma çalışmalı idi ki, hava onu xoşallandırıb mürgüləməyə qoymasın. Görünür, çətin olacaqdı. Həm gözünü xumarlaşdıran yuxunu dağıtmaq, həm də içini bürüyən maraq hissini daha da boğa bilməyəcəyini anladığından, dönüb arxaya bir də baxdı. Bu dəfə birincidən fərqli olaraq dörd- beş saniyə daha artıq baxdı. Yenidən başını döndərdi və ayaqlarının altı boyunca o tərəf - bu tərəf qaçışan zəhmətkeş qarışqaları seyr etməyə başladı. Gözləri getdikcə daha da ağırlaşırdı. Biraz da otursaydı dözə bilməyəcəkdi. “Getmək lazımdır “ – deyib ayağa qalxdı. Qeyri- iradi arxasını - şalvarını tozdan təmizləyirmiş kimi çırpıb çölə çıxdı. Niyəsə bayaqkı ürkəkliyinin əksinə indi daha çox qətiyyətli addımlarla uşaqların oynadığı meydançaya tərəf addımlamağa başladı. Hara getdiyini bilmirdi. Amma ani olaraq qəti qərara gəlmişdi ki, meydançanın tən ortasından keçəcək. Gəlib uşaqlara çatana yaxın balaca oğlan uşağının ayağından qopan top düz onun qarşısına düşdü. Yaşına yaraşmayan qıvraqlıqla topu ayağının üzərinə alıb dörd – beş dəfə çilədi. Sonra isə səliqəli şəkildə ayağında tarazlayıb ona tərəf gələn uşağa verdi. Gülümsədi. Bu gülümsəmə onun ruhundan qopub gələn müqəddəslik duyğusunun haləsinə çevrildi. Və bu haləyə qarışqan uşaq səsləri ilə birlikdə burnuna dolan dəniz suyunda islanmış yosun qoxusunu ciyərlərinə alıb binaların arası ilə gözdən itdi.


2

“ Eşq uşaq, ölüm tanrı ahıdır...”

-Yenə başladın fəlsəfələməyə?
- Bu fəlsəfə deyil, şeirdir...
- Mən nəbilim nədir. Onsuz da şairlər də filosoflar kimi danışır.
- Sən heç ömründə bircə dəfə də olsun hansısa şairi, ya da filosofu görmüsən ?
- Yox görməmişəm. Nəyimə gərəkdir ki görəm?
-Vəssəlam da!- Yatağında çevrilib dirsəkləndi- Bilirsən nə olub dünən?
- Nə olub?- Tələsdiyini, “ işini vaxtında gör, mən də çıxım gedim” əhval – ruhiyəsini qarşı tərəfə hiss etdirmək üçün qadın sualı havada qapdı.
- Bu gün işdən tez çıxmışdım. Həyətimizdə tanımadığım balaca bir uşaq vardı.
- Aha? – Qadın candərdi nidasına heyranlıq tonu da qatmağ unutmadı.
- Heçnə - deyə kişi sanki qəfil fikrindən daşındı. – Eləcə bunu deyirdim.
Artıq hövsələsi daralan qadın məcbur səsinin tonunu azca yüksəltdi.- Bura bax, incimə bir şey deyim. Nəyi gözləyirik? Daha doğrusu, sən nəyi gözləyirsən? Hələ ələ çox fikirləşəcəksən ?
O isə heç sanki burada hiss etmirdi özünü. Bu yataq , bu tanış doğma ev, iyirmi ilə yaxındır ki, öz əzəli yalnızlığını paylaşdığı bu evi hal hazırda heç cür arzuladığı hüzuru yarada bilməmişdi. Odur ki fürsət gözləyirmiş kimi yatağın ucuna əyləşib onu gözləyən qadına baxaraq günahkarlıq duyğusu ilə mızıldandı.
- Nədir şikayətin? Pulunu ki əvvəldən vermişəm.
-Vermisən e verməyinə, amma nəbilim. Bayaqdan niyəsə gözləyirsən. Mənim də səbrim daralır. Həm də işim gücüm var axı.
- Yaxşı , onda sən get!
- Başa düşmədim, olmaq istəmirsən?
- Yox e, qalsın.
- Niyə? Olmaya bəyənmirsən artıq məni? - Qadın guya inciyibmişcəsinə soruşdu.
- Məsələ bəyənib bəyənməməkdə deyil ki. Bəyənməsəm səni niyə çağırırdım? Sadəcə...
- Hə də mən də onu demək istəyirdim ki, niyə çağırmışdın bəs?– Qadın onun sözünü kəsdi.
- Başa düşmürsən e. Məsələ yenə də deyirəm, səni bəyənib bəyənməməkdə deyil. Sadəcə sən mənə ölümü xatırladırsan.
Əvvəlcə qarşısındakının bu ifadəni başa düşməyəcəyinə ümid etmişdisə də elə ondaca dediyinə görə də peşman oldu. Zənninin əksinə, görünür, özü də istəmədən qəlbinə toxunmuşdu artıq.
- Başa düşmədim!
- Deyirəm ki...
- Yox e, - qadın növbəti dəfə onun sözünü kəsdi.- Onu demirəm, deyirəm ki, mən o qədər qocayam ki, sənə ölümü xatırladıram?
- Boş ver!
Əslində qadın bu məyusedici vəziyyəti vecinə almırmış kimi ötüşdürməyə çalışsa da incidiyi dəqiq idi. Zamanın amansız həqiqətlərinin yazılı abidəsinə çevrilmiş dərisindəki qırışlara toxunduqca qocalığın, faniliyin gətirdiyi o həqiqəti anlamağa başlamışdı. O, bir də heç vaxt , bir zamanlar olduğu qədər gözəl ola bilməyəcək. Bu mütləq həqiqətdir. Bununla barışmaq lazımdır. Amma bəzən də bu cür aydın həqiqətlərin çılpaqcasına ortaya çıxışı onu utandırır, pərt edirdi. Utanmaq hissini illərin nəhayətsiz yollarında itirib salsa da getdiyi müştəri evlərində zaman - zaman bu həqiqətlə üzləşməli olurdu. Ona görə də çalışırdı ki, adətən güzgü olmayan otaqda sevişsinlər. Öz bədəninin bioloji tənəzzülünə şahid olmaq istəmirdi. Xüsusən də kişilərin ondan gənc qadınlara xass keyfiyyətlər tələb etməsi qarşısında öz aciliyini gizlətmək üçün bəzən əksinə yaşın verdiyi təcrübəyə sığınmalı olurdu. O qocalır. Amma bu müştərisi ona qarşı heç vaxt belə davranmamışdı deyə təəcübünün səbəbi də biraz da buna görə idi. Daha neynəmək olar? Olsun, ikisinə də necə xoşdursa qoy elə də olsun. Pərtliyini gizlətməyə çalışaraq ayağa qalxdı. Paltarlarını götürüb tez- tələsik geyinməyə başladı. Arxasındakı yatağa uzanmış çılpaq kişiyə baxmadan sağollaşıb otaqdan çıxdı. İndi otaqda tək qalmış bu adam özünü zifaf gecəsindən uğursuz çıxmış gənc kimi hiss etsə də məğlubiyyətin gətirdiyi həzzi də dadmamış deyildi. Ayağa qalxıb pəncərəyə doğru yaxınlaşdı. Pərdəni çəkdi. Çirkli şüşənin arxasında bulanıqlaşan şəhərin mənzərəsinə tamaşa edə - edə öz simasına nəzər yetirdi. Sürətlə qocalırdı. Günorta olan hadisə nə qədər ağır olsa da yaddaşından qovmağı heç cürə bacarmamışdı. Yenə də xatırlamağa məhkum olmuşdu.
Eşq uşaq, ölüm tanrı ahıdır...
Həyətlərində gördüyü bu yad uşaq diqqətini cəlb etmişdi. Yəqinki buralardan deyil. Yoxsa əks halda onu görmüş olardı. Bu uşaq isə heç cür ona tanış gəlmirdi. Deməli kimdirsə buralardan deyil. Yaşı təxminən on– on iki olardı.“ Qəşəng uşaqdır”- deyə öz – özünə düşündü. Bəlkə yaxınlaşsın. Həyəcanlansa da özünü ələ almağa çalışdı. Necəsə bir yolunu tapıb uşağa yaxınlaşmalı idi. Bəlkə adını soruşsun. Bəlkə hardan gəldiyini ? Bilmirdi ki. Heç bir zaman bir uşaqla ünsiyyətdə olmamışdı. İndi bəs necə olacaq? Təlaşlı görünürdü. Amma bir yandan da rahat idi. Çünki bu təlaşını görə biləcək uşaqdan başqa bir kimsə yox idi həyətdə. Bəxtindən o günü işdən tez çıxmış gəlib həyətlərinə çatdığı vaxt isə insanların işdə - gücdə olan zamanına təsadüf etmişdi. Yavaş – yavaş uşağa yaxınlaşıb yanında dayandı. Uşaq onu görmürmüş kimi divarın dibinə uzanıb günəşlənən pişiyi gözətləyirdi. Əvəl istədi ki, pişiyi hürküdüb qaçırtsın və beləliklə də onunla danışmaq üçün bir bəhanə tapmış olar, amma fikrindən daşındı. Balacanı bu əyləncəsindən məhrum etmək istəmədi.
- Neynirsən ?- Sualı verərkən qanının necə qaynadığına, ürək döyüntülərinin necə sürətləndiyinə özü də heyrət etdi.
- Pişiyə bax!- Uşaq özünə gələn bu təəcübün böyüklər üçün artıq heç bir mahiyyət kəsb etməməsindən bixəbər şəkildə əlini pişiyə sarı uzadıb gülümsədi.
-Ürəyin nə istəyir alım sənə onu?
Verdiyi sualın axmaqlığından özü də ikrah hissi duydu. Bu nə sual idi axı o vermişdi? Ünsiyyət sarıdan əziyyət çəkməsi bir yana, uşaqla bəst davranış qaydalarını belə bilməməyinə utandı. Amma bu utancaqlıq hissi gəldiyi kimi də getdi. Əvəzində “ Eybi yoxdur, onsuz da uşaqdır. Nə başa düşür ki?” – deyib özünü təsəlli etdi. Yenidən ətarfına boylandı. O baş- bu baş boylanıb biraz da yaxınlaşdı.
- Balaca, neynirsən sən burda, adın nədir sənin?
- Uşaq onu eşitmirmiş kimi əlindəki balaca çubuqla pişiyi ürkütdü. İndi bu ala- bula pişik uşaqdan qorunmaq üçün elə də hündür olmayan mərasim zalının tavanına dırmaşmışdı.
- Qaçdı- deyə uşaq təəsüflə dodaqlarını büzdü.
- Eybi yox, istəyirsən bizə gedək. Sənə qəşəng oyuncaqlar verərəm.
-Sağol, amma mənim evdə çoxlu oyuncaqlarım var.
- Olsun sənə daha yaxşılarını verərəm.
Uşaq əlindəki çubuğu yerə atıb ona diqqətlə baxmağa başladı. Bu baxışlarda o öz ölən ümidlərinə həyat öpüşü qonduran mələyin simasını axtarmağa çalışırdı. Biraz da ümidləndi.
- Gedək evimiz yaxındadır. Budur e lap orda- əli ilə yaxınlıqdakı binanın girişini göstərdi.
Uşaq xırda addımlarla onun yanına qoşulub binaya doğru addımlamağa başlamışdı. Kişi həm həyəcanını dəf etmək, həm də bacardığı qədər uşağı qorxutmamaq üçün yol gedə - gedə ondan kim olduğunu bir daha soruşdu.
- Mən o biri məhlədə qalıram. Başı ilə yaxınlıqdakı binanın arxasını göstırdi. Birazdan anam məni evə çağıracaq- deyə qız cavab verdi.
- Bəs bura necə gəlmisən?
- Pişiyi axtarırdım. Gəldim burda tapdım.
Binanın girişinə çatanda dayandılar. Kişi bir daha qanrılıb həm geriyə, həm də ətrafına baxdı. Heç kim yox idi. Qapının şifrəsini yığıb qapısını açdı. İçəri keçdi. Uşaq arxada dayanmışdı. Sanki içəri keçmək üçün icazə gözləyirdi. Biranlıq göz - gözə gəlib baxışdılar. Qolları boşaldı. Bayaqdan birtəhər toparladığı cəsarət hissi yenidən ilğım kimi yoxa çıxdı. Getdikcə isə bu cəsarətsizlik yerini istəksizliyə və peşmanlıq hissinə verməyə başladı. Özünə nifrət edirdi. Həm nifrət edirdi, həm də acıyırdı. Bədbəxt! Sən yekə bir bədbəxtsən deyə mızıldandı. İndi bu qarşısında dayanmış balaca uşağa necə baxacağını, ona nə deyəcəyini düşünürdü. Əzab çəkirdi. Dişlərini bir- birinə sıxıb gözlərini yumdu. Sağ əlini düyünləyib yumruğunu divara, alnını isə yumruğuna söykədi. İki üç dəqiqə bu vəziyyətdə dayanıb qəfil qapının ağzında dayanan uşağa sarı döndü. Fikirdən ayılıbmış kimi dərindən ah çəkdi. Uşaq hələ də onu gözləyirdi. Elə bil bu dəqiqə o icazə versə bu balaca ayaqlarını qapıdan içəri atacaq və bütün bu əzab- əziyyətə bir yolluq son qoyulacaqdı. Amma o icazə verməyə tələsmirdi. Gözləyirdi. Gözlədi, gözlədi və niyəsə bu son addımı atmaq prosesini bir xeyli ləngitdi. Bu qısa müddətli susqunluğa bir son qoyaq lazım olduğuna əmin olanda isə boğazını arıtlayıb yüngülcə öskürdü. Vaxtı bir xeyli daralmışdı. O isə nə etməli olduğunu bilə- bilə nə etməməli olduğu barədə düşünürmüş bayaqdan. Divardan aralanıb qapını çəkdi və böyük bir qətiyyətlə uşağa əmr etdi:
- Get burdan, anan səni gözləyir. Oyuncaqları da başqa vaxt verərəm. – Ardınca da qapını möhkəmcə çəkib qaranlıq dəhlizdə tək qaldı. İndi bu zirzəmi qoxulu binanın dəhlizində qarşısında pilləkanlar ağarırdı. Sürətli addımlarla iki- iki, üç –üç pillələri addımlayıb qan tər içində özünü mənzilinə saldı . Sanki qorxulu bir kabusdan oyanıbmış kimi susamışdı. Mətbəxə keçib qrafindəki suyu başına çəkdi. Qolu ilə ağzını silib yataq otağına keçdi. Paltarlı zadlı özünü çarpayıya atıb ağzı yuxarı gözlərini tavana dikdi. Dünya başına daralmışdı. Bayaqkı həyəcan yenidən onu haqqlamışdı. Qeyri- ixtiyari telefonunu çıxarıb uzun müddətdir tanıdığı bir qadının nömrəsini yığdı. Qısa və yığcam telefon danışığı “axşam bizə gəl, səni gözləyəcəm“ cümləsi ilə də bitdi. Ardınca da çevrilib ağzıaşağı şəkildə düz axşamacan yatdı.

3.

Bu gün yağış yağır. O dəhşətli hadisədən düz bir ay ötsə də, hələ də olanları unuda bilməmişdi. Özünü sanki uçurumun bir addımlığından qayıtmış kimi hiss edirdi. Bəs yaxşı sağ qalmaq necə onu qane edirdimi? Bəlkə də elə problem də burasında idi. Olmaq yoxsa olmamaq sualı qədər qəliz bir seçim arasında qalıb öz seçimini etmişdi. Amma bu seçim heç də onun narahat qəlbinə sərinlik qatmamış, sadəcə bir müddətlik də olsa ruhunu başqa bir fazaya, tanımadığı bir məkana aparıb orada azdırmışdı. Bu bir ay boyunca işə çıxmadı.Telefonunu söndürdü, tanıdığı hər kəslə - əsasən iş yoldaşları, müdir – ünsiyyəti yerli dibli kəsdi. Yəqinki bu qəfil yoxa çıxmanın nəticəsində onun bir daha qayıtmayacağı zənn edilib işdən çıxarılmışdı da. Xəbəri yox idi. Əvəzində isə demək olarki evə az- az gələr, gələndə də ancaq yeməyini yeyib yatardı. Nəhayət bir ayın tamamında yəqin etdi ki, artıq bəsdir, toparlanmalıdır. Bunun üçün isə ən ideal şərait işlədiyi şirkətə gedib vəziyyəti öyrənmək əgər qovulmayıbsa işinə davam etmək, yox qovulubsa da yeni iş axtarışına başlamaq idi. Bəlkə bu yolla fikirlərini az da olsa dağıdar, nəhayət bu ruhi sarsıntılarını azda olsa dindirə bilərdi.
Bu gün yağış yağır. Artıq mülayim havalardan əsər əlamət qalmamış, tutqun buludlar göyüzündə öz mövsümlük yerlərini almışdılar. İqlimi kifayət qədər soyuğq olan bu şəhərin sakinləri qışın hazırlığını yavaş – yavaş görür, yeni hava şəraitinə öyrəşməyə başlayırlar. Evlərdə sobalar qızdırılmağa başlayır, qalın paltarlar şkaflarda öz yerlərini nazik paltarlara təhvil verirlər.
Uzun plaşı vardı. Yağmurlu havalar üçün ideal sayılacaq bu geyimini xüsusi ilə xoşlayırdı. Adətən plaşını əyninə keçirdikdən sonra zövqlə seçib aldığı şərfini boynuna dolayar, xüsusi rəng harmoniyasına hesablanmış yığcam şlyapasını da başına keçirib güzgünün qarşısında dayanardı. Dəqiqələrlə özünə baxar – baxar, amma arzuladığı o görüntünü heç cür ala bilməzdi. Əslində isə ala bilməyəcəyini çox yaxşı bilirdi. Başa düşürdü ki, həyatda “ tapançanın soyuq lüləsi ilə sağalmayacaq əzablar” olduğu kimi, dünyanın ən bahalı geyimlərinin də, aksesuarlarının da örtüb gizlədə bilməyəcəyi eybəcərliklər, fiziki naqisliklər var. Və bu naqisliklər onun yəqinki bir ömür boyunca yol yoldaşı olacaq. Bu bədən, bu sima lənətdir. Pozulmuş ahəngin fiziki inikasına gülümsə, gülümsə və o həddəcən gülümsə ki, artıq sənin üçün yaxşının ya da pisin, gözəlin ya da çirkinin heç bir mənası qalmayacaq. Şlyapasının önünü gözlərinin üzərinə tarazlayıb gülümsədi, ayaqqabılarını geyinib evdən çıxdı.
Şiddətli yağış şəhərin çuxurlarını su ilə doldururur, miniatür gölməçələr əmələ gətirirdi. Şalvarının batmaması üçün bu gölməçələrin kənarı ilə labirintvari yeriyib avtobus dayanacağına çatdı. Yolun o biri tərəfindən dənizin üzərinə çökmüş tünd bulud topaları şəhərin üzərinə çəkilmiş naşı bir rəssamın uğursuz rəng kombinasiyasını andırırdı. Bir xeyli dənizə baxdı. Şəhər sanki dənizin köksünə sıxılmışdı. Səthinə insan simasına səpələnmiş çopurlar kimi tökülən çalaların düzəltdiyi gölməçələrdə dəniz ola bilməməyin həsrətini duymaq – bax budur insan həssasiyyəti. Budur insan müdrikliyinin əzaba bürünmüş forması.– Öz - özünə düşündü.
Avtobus gecikirdi. Yüngülcə yağış belə şəhərin infratrukturunu bərbad günə salmağa bəs edirmiş. Yavaş – yavaş islanmağa başlamışdı. Belə getsə birazdan yamyaş olacaqdı. Odur ki fikrindən daşındı. Geriyə dönüb evə qayıtmağı düşündü. Onsuz da sıxılmağa başlamışdı. Bir yandan avtobusun gecikməyi, bir yandan da havanın yağışlı olması.- Fikrində qətiləşdi. Belə havada da getməyin mənası qalmamışdı artıq. Yaxşısı qayıtsın evə bu günü gözləsin, sabah hava düzələr – düzəlməz gedib iş yerinə baş çəkərdi. Niyəsə içində bir ümid vardı ki, işdən çıxarılmayıb. Haçan qayıtsa şirkətin qapıları onun üzünə taybatay açıqdır. Özünə verdiyi bu təsəllidən özünün də xoşu gəldi. Qane olmuşdu. Odur ki, yavaş – yavaş addımlarla avtobus dayanacağını tərk edib evə doğru yönəldi. Yolboyu ancaq evlərinə doğru tələsən insanları görürdü. Bu dəfə insanların bu məişət zərurətində heç bir anormallıq hiss etmədi. Bundan təbii nə ola bilər ki?! Yağış yağır, hər kəs də normal olaraq evinə doğru gedirdi. Deməli, həyatda bəzi şeylərin elə də böyük bir izaha zada ehtiyacı yoxdur. Sadəcə anlamağa çalışmaq lazımdır, vəssəlam. Bununla da qurtardı getdi.
Qəfil nəsə onu fikirdən ayıltdı. Ayaq saxlayıb dayandı. Sanki həyatından böyük bir epizodun keçib getdiyinin, ya da əksinə onun həyatında əhəmiyyətli rol oyanaya biləcək bir epizodun məhz elə onun yanından fərqində olmadan keçib getməkdə olduğunun fərqinə vardı. Xoşbəxtlikdən hələ ki, gec deyildi. Geri qayıtmaq olar. Çox yox, azca geriyə dönsə o əhəmiyyətli detalla, həyatını başdan – sonacan dəyişə biləcək o şeylə üz – üzə gələ bilərdi. Yetər ki, azca cəsarət hissinə sahib olsun. Çatacaqdımı, bilmirdi. Bəs öyrənmək ehtirası necə? Buna güc gələ bilərdimi. Bu barədə isə deyəsən artıq yavaş - yavaş əmin olmağa başlamışdı. Mümkün deyil! Qalın pərdələr arxasında dizlərini çöküb itaətkar köpək kimi sahibinin əmrini gözləyən ruhunun sonuncu üsyankar notlarını zəif səslə eşitməyə başlamışdı. Arxa – arxaya üç – dörd addım atıb yenidən dayandı. Qıvraq bir hərəkətlə dabanlarının üzərində fırlanaraq lehmə palçıq olmuş gölməçəni şappıldatdı. Şalvarı çiklənmişdi. Amma indi bunun heç bir əhəmiyyəti yox idi. Ruhunun üzərini almış o çirki, palçığı yumaq üçün bədəninə bulaşmış çirkə göz yummalı idi, Əks halda gecikə bilərdi. Yağışdan daldalanmaq üçün qapalı köşkün artırmasının altına sığınmış məktəbliyə baxaraq soruşdu:
- Kimi gözləyirsən ?
Sobanın yanması ilə az bir zaman içərisində otaq isinib normal temperaturunu aldı. Qızcığaz gəldiyi andan bu yana hələ də divandan düşməmişdi. Gözləyirdi. Soyuqda bərk üşümüşdü deyə evə yayılan istilik onun üçün göydən düşmə idi. Qarşısında tanımadığı yaşlı bir adam dayanmışdı. Bu mərhəmətli kişi kim idisə birazdan evlərinə zəng vuracaq valideynləri gəlib onu burdan aparacaqdılar. Odur ki, az da olsa olan təlaşı artıq rahatlıq hissi ilə əvəzlənmişdi. Öz uşaq dünyasında yaxşılara bolluca yer olan bu dünyada onun da qismətinə bu əmi düşmüşdü. Ona deyəndə ki, “ ola bilsin atasının işi çıxıb , gəlsin onun evi burada yaxındadır, atası gələnəcən onların evində gözləsin otur” – inanmağı çətin olmamışdı. Axı burda çöldə gözləməyin nə mənası vardı? Hava da həm yağışlı, həm də soyuq idi. Bayaqdan da neçə saat idi ki gözləyirdi. Bircə evlərinin nömrəsini bilsəydi necə yaxşı olardı deyə düşündü. Olsun, eybi yox. Yaşlı əmi dedi ki, o özü nömrəni bir yolnan tapıb evlərinə zəng vuracaq. Hələlik divanda oturub gözləsə, özünü ağıllı aparsa ona qəşəng oyuncaqlar da verəcək. Çantasını belindən çıxarmağı unutmuşdu. Kişi də indi bunun fərqinə varıbmış kimi qəfil dilləndi:
- Niyə çıxarmırsan çantanı? Çıxart rahat otur- deyib çantanı balacanın əlindən aldı.
Gözlərini çəkə bilmirdi. Uşaq çox gözəl idi. Amma bu gözəllikdən təyinatı üzrə zövq ala bilməzdi. Ruhu buna gücü çatacaq dərəcədə təmiz deyildi. Çirklənmişdi. Öz xaricində - o ətraf dünyada artıq bütün problemlərini həll etsə də, ictimai əxaqının düyün kimi görüb çözməkdən boyun qaçırdığı şeylərə mənəvi olaraq bir xeyli yaxınlaşa bilsə də, daxili təlaşı onu yenə də rahatlamağa qoymurdu. Həyatın bioloji ritmi mənəvi dünyasında zaman sapmasına məruz qalmışdı. Bu aydındır. Bəs onun həll edə bilmədiyi nələr idi ki, onu heç cür bu yazını pozmağa, onun üçün bu əndərabadi görünən qanunauyğunluqlara qarşı çıxmağa qoymurdu. Çantanı stolun üzərinə qoyub uşağa yaxınlaşdı. Qəribə bir cəsarət hissi ilə yanına əyləşib əlləri ilə uşağın təzə yığılmış sarı saçlarını sığallayıb yanağına yüngülcə çimdik çəkdi. Uşaq təəcüblü halda bayaqkı sualını bir daha təkrarladı:
- Əmi, sən ağlayırdın bayaq ?
-Yox, ağlamırdım, Sən bunları düşünmə. De görüm nəsə istəyirsən?
- Atam nəvaxt gələcək? Zəng edə bildin? – Uşaq məsum bir ümidlə soruşdu.
- İndi edirəm, narahat olma uzağı yarım saata gəlib səni burdan götürər- deyib qızcığazın balaca sifətini iri kobud ovuclarına aldı. Sığalladı. Uşaq hələ ki, heçnəyi anlamırdı. Bu anlaşılmazlığa ən təbii reaksiya isə gülümsəmək ola bilərdi ki, o da güldü. Bu gülüş heçnəyə kömək edə bilməzdi. Artıq geriyə yol yox idi. Ox yayından çıxmışdı. İndi nəfəs - nəfəsə gəlib bir addımlığında dayanan bu kişidən anlaşılmaz davranışlarına izahat tələb edəcək bir yaşda olmasa da ürəyinin dərinliklərində yavaş – yavaş hiss etməyə başlamışdı ki, sanki burada nələrsə baş verir, ancaq onun bundan xəbəri yoxdur. Odur ki, az bir müddət sonra qorxmağa başladı. Bu sözün yalın mənasında qorxu deyildi. Bu məchuluğun, bilinməzliyin gətirdiyi bir qorxu hissi idi. Qorxu hissi bəs etməyəcək, müqavimət də lazımdır. Uşaq olsa da bunu dərk edirdi. Geri çəkilmək istəsə də kişinin kobud əli onun kiçik bədənini sıxıb saxladı. Ardınca ətəyinin altından ayaqlarına doluşan digər qüvvətli əldən diksinib qışqırdı. Pişik cəldliyi ilə bu qəfil reaksiyanı gözləməyən kişinin əlindən sivişib divanın arxasına komodla divanın arasına girdi.
Həyəcanlanmış yaşlı adam əvvəlcə bilmədi ki, ağlaya – ağlaya divanın arxasına girib gizlənmiş uşağın səsini kəssin, yoxsa pəncərələri möhkəm örtüb örtmədiyinə əmin olmaq üçün onları yoxlasın. Şokda idi. Nə edəcəyini bilmirdi. Təlaşla o tərəf bu tərəfə vurnuxur, içində davamlı yerdəyişməyə məruz qalan peşmanlıqla şəhvət hissinin arasında seçim etməyə məcbur qalırdı. Bir daha cəhd etdi. Yenə bacarmadı. Uşaq elə hey ağlayırdı. Belə olduqda qərara gəldi ki, bu belə olmyacaq. İlk öncə uşağı sakitləşdirməlidir. Amma necə? Nə etsə də alınmırdı. Görünür uşaq bir xeyli qorxmuşdu. Odur ki, dilə tutmağa başladı.Yalvardı. Amma yenə də xeyri olmadı. Balaca qızcığaz elə hey için – için ağlayır, əlləri ayaqları titrəyirdi. Bu dəqiqə qonşular tökülüşüb gələcəklər deyə -təlaşlanmağa başlasa da pəncərələrin, qapının bağlı olmasını bir daha xatırlayıb, rahatlaşdı. Mətbəxə keçdi, ardınca da qayıtdı. Bir daha keçdi. Bu dəfə bir müddət gözlədi. Fikirləşirdi; Neynəsin görəsən? Bu son fürsəti idi. Ya bu işi bitirməlidir, ya da ömürlük əzabına özünü təslim edib məhv olmalıdır. Qəti addımlarla geri dönüb uşağa yaxınlaşdı. Bir əli ilə uşağın ağzından tutub digəri ilə qolundan, özünə sarı çəkdi. Uşaq bu dəfə daha dəhşətli səslə müqavimət göstərməyə başladı. Müqavimət göstərdikcə sanki kişinin gücünü ondan alır, öz gücünə qatırdı. İnadın faydasına əyani sübut. Onun dünyaya sığmayacaq şəhvəti bu balaca qızcığazın hələ yeni - yeni cücərən yaşamaq, xoşbəxt olmaq eşqinə güc gələ bilmirdi. Həvəsdən düşdü. Qaldırıb qızcığaz zərblə yumşaq divana çırpdı. Dalın – dalın iki addım atıb işarət barmağını havada silkələyərək uşağı hədələdi.
- Otur burda səsini çıxarma , yoxsa səni öldürərəm. Ardınca da qırmızı çantanı qoyduğu stola qüvvətli bir təpk vurub otaqdan çıxdı.
Uşaq sakitləşmişdi. Ən azından otaqdan ağlamaq səsi gəlmirdi. Mətbəxdə oturub siqaret çəkə - çəkə qızcığazın otaqda neynədiyini düşünürdü. Qərar verə bilmirdi hələ də. Odur ki vaxtı bacardıqca uzatmağa çalışır, bu əzablı dəqiqələrin onun məhvi yoxsa xilası olmasını aydınlaşdırmağa çalışırdı. Onun ömrü məyusluqla keçmişdi. Davamlı məğlubiyyətlər, sarsıntılar, alınmayan bir həyatın fonunda dünya ilə aydınlaşdıra bilmədiyi münasibətləri. Nə istəmədiyini yaxşı bilsə də nə istədiyini bilə bilməmək. Axırda da ölüb gedəcək, dünyada neçə neçə arzusu kamı ürəyində qalmış insanlar kimi çürüyüb torpağa qarışacaq, qurda böcəyə yem olacaqdı. Bunu eqosuna sığdıra bilmirdi. Çürüyüb torpaq olmaq istəmirdi. Yox madam ki bu baş verəcəkdi deməli onda bu mənasız qanunauyğunluqdan qisas almağa da mənəvi haqqı çatırdı. Buna inanaraq yaşadı uzun zaman boyunca. İndi isə belə. Deməli, hələ də bilmədiyi nələrsə var. Deməli öyrənməlidir. Və yəqin ki. ömrü boyunca bu bilmədiklərini öyrənə- öyrənə həyatını başa vuracaqdı.
Pəncərəyə yaxınlaşdı. Yağış kəsmişdi. İndi dənizin üzərindən üfüq daha aydın görünürdü. Uşağın ağlamadığına əmin olub ürəklə pəncərəni açdı. Sərin hava otağa doluşdu. Dərindən nəfəs aldı. Elə də uzaq olmayan dənizin tünd qoxusu burnunun pərlərini sığallayırdı. Yosunlu suyun duzlu rahiyəsini acgözlüklə ciyərlərinə çəkdi. Pəncərəyə dirsəklənib şəhəri tamaşa edirdi. Qəribə bir rahatlıq çökmüşdü canına. Sanki bayaqkı təlaşlı , nə edəcəyini bilməyən adamdan əsər əlamət qalmamışdı. Yosunlu suyun tünd rahiyəsi onu xoşallandırırdı. Qocalıb öləcək. Amma bu faktı ölüm kimi yoxsa məhv olmaq kimi qarşılamalı idi? – bunu aydınlaşdırmağa çalışırdı. Yorulmuşdu. Bütün bu suallardan, bu məchulluqdan, bu ehtiraslardan. Özünün öz üzərində apardığı bu uğursuz eksperimentlərdən. Neynəməli? Yəqin ki, lüzumsuz arzulardan vaz keçməli. Yosunlar, yosunlar isə dənizin dibindədirlər - deyib pəncərəni örtdü. Mətbəxə qayıdıb telefonu əlinə aldı, ilk öncə zəng vurmaq istəsə də fikrini dəyişib qızın oturduğu otağa – qonaq otağına keçdi. Uşaq onu gördükdə yenidən qışqırmaq istəyirmiş kimi üzünü turşutsa da kişi əl hərəkəti ilə ona qorxmamalı olduğunu , sakit dayanmasını əmr etdi.
- Zəng vururam indi. Birazdan gəlib səni aparacaqlar . Kimsə gələnəcən bu otaqdan çıxma. Eşitdin məni ? Bax yenə deyirəm ha, evə bir nəfər gəlməyincə məbada bu otaqdan çıxasan, yoxsa səni öldürərəm. Mən də yan otaqdayam.
Uşaq qorxaraq başı ilə razılıq işarəsini verdi. Qapını çəkib möhkəm – möhkəm sıxdı. Ardınca salona keçdi. Evin əsas qapısının kilidini açıb yüngülcə örtdü. Qayıdıb mətbəxdə şkafları eşələməyə başladı. Axtardığı şeyi tapmaq elə də çətin deyildi. Düz gözünün qarşısında dayanmışdı. Diqqətlə baxdı. Amma bu baxışlarda artıq tərəddüd deyil, özünə inam hissi var idi. Götürüb stola əyləşdi. Telefonu açdı. Polisin nömrəsini yığıb yaşadığı ünvanı nişan verdi. Ardınca da telefonu bağlayıb , əlindəki mətbəx bıçağı ilə hamam keçdi. Güzgünün qarşısında dayanıb gözlərini yumdu. İti əl hərəkəti ilə gümüş tiyəli kəskin bıçağı boğazına çəkib yaş kafel döşəmənin üzərinə sərildi.

# 1859 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #