Məhşərdən qurtulanlar - Elvin Urşan

Elvin Urşan

Elvin Urşan

13 dekabr 2022
# 18:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Elvin Urşanın "Məhşərdən qurtulanlar" hekayəsini təqdim edir.

2045-ci il, Bakı.

– Bizim universitetimiz, Azərbaycanda bir ilkdir, dövlətimizin də böyük dəstəyi ilə qurulan layihə özünü doğrultdu. Ölkəmizdəki savadlı insanlar illərdir ki, bunun arzusunu quraraq yaşayırdı və nəhayətində bu şirin arzu çin oldu.
Bizim universitetin ən böyük özəlliyi odur ki, təhsilin tamamilə ödənişsiz olmasının yanı sıra, burada tələbənin özünü hərtərəfli inkişaf etdirməsinə şərait tam şəkildə təmin olunur, istər musiqiyə, istər idmana, istərsə də incəsənətə marağı olan uşaqlara pulsuz imkanlar verilir. Əhəmiyyət ondan ibarətdir ki, biz ilk öncə insanlıq üçün şəxsiyyət yetişdirməliyik, ona görədə tələbələrə özünü inkişafın, dünyaya və ölkəmizə nə dərəcədə vacib olduğunu öyrədirik. Universitetin hər tələbəsinin xüsusi maraqları, yararlı hobbiləri var. Bildiyiniz kimi xaricdən gələn tələbələrin sayı günü-gündən artmağa davam edir. Nüfuzlu universitetlər, bizim “gələcək texnologiyası” fakültəsinin tələbələri tərəfindən icad edilən texno-patentləri almaq üçün dəridən-qabıqdan çıxır. Gəncə, Şuşa, Şəki və Naxçıvanda universitetimiz tam potensialı ilə öz vəzifəsini yerinə yetirir, xüsusilə də Şuşada gənc alimlərimizin istifadəyə yararsız torpağın canlandırılması layihəsinin uğurlu nəticəsindən sonra bütün dünya mediası bu hadisədən danışır. Bəli biz bütün bunları bacardıq və istetadlı Azərbaycan gəncləri gələcəktə dünyanın dörd-bir yanında parlaq işlərə imza atacaqlar.
– Həqiqətən heyrətamizdir! Bəs bu cür universitet təşkil etmək üçün sizə stimul verən nə idi? – Aparıcı maraqla soruşdu.
Sualı gözləməyən qonaq əllərini daraqlayıb, dərin bir köks ötürdü və mehribanca gülümsədi. Olub bitəni xatırlamaqda çətinlik çəkəcəyini düşündüyündən gözlərini yumdu, lakin yaşanmış bütün xatirələr çoxdan zifiri qaranlıqda öz yerini tutmuşdu...

***

Universitet həyatının son dönəmi idi. Dərslər, demək olar ki boş keçir, tələbələr şirin söhbətlə deyib-gülür, şəkil və videolar çəkdirir, kimiləri dörd illik dönəmin bitdiyinə üzülərkən, kimiləri də buna ürəkdən sevinirdi. Turanın isə nə düşündüyünü bilmək çətin idi. O adəti üzrə hansısa bir kitabı oxuyur və qeydlər götürürdü. Buna görə o, qrup yoldaşları tərəfindən həmişə riski olmayan tənqidlərə məruz qalırdı;
– Əşşi... Dəyməyin, qoyun oxusun, alim olacaq da guya - deyib qəh-qəhəyə boğulurdu Rəşadət. Vaxt keçdikcə isə Turana qarşı onda kin yaranmışdı. Daha onu dindirmir, sanki Turan adlı şəxs qrupda yoxmuş kimi davranırdı. Lakin keçən gün ondan son dəfə ciddi tonda danışdı;
– Düzünü de, axı bu qədər oxuyub, vaxtının bir saniyəsini belə boş qoymamaq nəyinə lazımdı? Bütün universitet həyatını boşa verdin, ay kişi... Bunun dəyərini bil, çünki iyirmi ildən sonra dünyanı versən belə, indiki yaşına, bu dönəmə dönən deyilsən. Ağlın olsun, onsuz da, kimə nə lazımdısa, bax bu telefonda tapır... Ehh nə isə... Sadəcə deməyim odu ki, bu gününü, sabah öləcəksənmiş kimi yaşa.
Bütün bunları deməyinin səbəbi o idiki, dörd il ərzində Turan bircə dəfə belə olsun, qrupla gəzməyə, tətilə, ya da bir şənliyə qatılmamışdı. Onu yalnız futbol və basketbol oynayarkən qrupla bir yerdə olduğunu görmək olardı. Turan zamanını yalnız yeni bilik və bacarıqlar üçün ayırırdı. Dörd illik universitet həyatında inglis və rus dillərində danışmağı, gitarada ifa etməyi, komputerdə dizayn işini bacarırdı. İndilərdə isə tarix və kvant fizikası ilə dərindən maraqlanır və kim bilir ağlından nələr keçirdi.
Bayaqdan başını aşağı dikərək dinləyən Turan, gecə kimi dərin qara gözləri ilə diqqətlə Rəşadətə baxdı və heç bir söz demədən, sadəcə gülümsədi.
Turanın bu saymazyana hərəkəti Rəşadəti lap özündən çıxardı, əsəbi halda durub getdi və dodaqaltı mızıldandı: – Axmağın biri axmaq... Oxumaqdan başı da cayıb artıq.
Nəinki Rəşadət, ümumiyyətlə, bütün universitetdə özünə önəm verən tələbə barmaqla sayılacaq qədər az idi. Universitet əhalisi adətən üç böyük sinifə bölünürdü; Yüksək qiymət almaq istəyənlər, kəsilməmək uğrunda mücadələ edənlər və sadəcə diplom gözləyən tələbələr. Tələbələr çoxdan təhsili mənasız sayırdılar, hətta bunu vaxt itkisi hesab edirdilər. Müəllimlər bu fikri təkzib edərkən, tələbələr bir ağızdan “telefon” deyirdilər. Bu dövrdə telefonu əlində olan şəxs, istənilən məlumatı bir toxunuşla əldə bilər, istənilən əşyanı yaxud geyimi ala bilər, yerində duraraq dünyanın dörd bir yanını gəzə, hətta pul belə qazana bilər. Bu arqumentlər qarşısında müəllimlərdə qarşılıq verməkdə aciz qalırdı, nə də olsa tələbələrin dediklərində haqq var idi, hərçənd, bütün bu imkanlar bir zamanlar elm-savad öyrənən insanlar tərəfindən yaradılmışdı.
Rəşadətdə bu fəlsəfəyə güvənən minlərlə insandan sadəcə biriydi. Onun atası “Rahat Gəzinti” turizm şirkətinin sahibiydi, elə ona görə də oğlunu iqtisadiyyat fakültəsinə yönəltmişdi. Ancaq atası özü də yaxşı anlayırdı ki, Rəşadətin oxumağa heç həvəsi yoxdu, universitet onun üçün sadəcə dostlarla bir araya gəlməsi üçün vasitədir. Hələ şagird olanda atası Rəşadəti, musiqiyə, idmana həvəsləndirməyə çalışdı, ancaq bir nəticə olmadı. O gün, bu gündür ki, isə işi-peşəsi gəzib tozmaq, dostları ilə əylənmək və sosial şəbəkələrdə gəzinməkdi. Oğlunun halına ata çox qarışmırdı, zira məhz atanın özüdə artıq, boş vaxtını barmağını ekranda yuxarı və ancaq yuxarı sürüşdürməklə məşğul olurdu.
Rəşadət və onun qrupu 2023-cü ildə universiteti bitirib, diplom aldılar. Hər biri öz həyatının arxasınca getdi. Bəzilərinin dostluq əlaqəsi elə həmin vaxt bitsə də, aralarında bu günün özündə belə rəfiq qalmağı bacarmış sadiq insanlar da vardı. Yalnız Turanın qrupla əlaqəsi birdəfəlik kəsilmişdi, diplom təhvilindən sonra onun nə adını, nə də sorağını eşidən kimsə oldu.
Beləcə insanların hamısı həyatın öz axarıyla davam etdiyinə alışdığı bir vaxtda, sosial şəbəkələrdə qeyri-adi xəbər yayılmağa başladı. Hansısa qoca baxıcı, yaxınlarda qiyamət baş verəcəyini iddia edirdi. Bu xəbər ildırım sürətilə, bütün dünyada yayıldı. Əlbəttə ki, bir çox xəbər kimi beş gün boyunca təkcə bundan danışıldı. Azərbaycanda qiyamət xəbərinə çox adam güldü, təbii olaraq bunu “pul qazanmaq üçün yayırlar” deyənlər də oldu, kimisi boş şeydir dedi, bəziləri massonların işidir deyə düşündü, hətta inananlar da az olmadı. Lakin böyükdən-kiçiyə yazını oxuyan hər kəsin içindən bir ürpərti keçmişdi. Bir həftə sonra xəbər tamamilə fikirlərdən çəkildi, onun yerini isə başqaları doldurdu. Həyat yenə axarında gedir, insanların həyatına yeni bir şey qatırdı, ta ki gerçək məhşər xəbəri duyulana qədər...
2025-ci ildə yeni bir xəbər yayıldı ki, alimlər onlarca təbii fəlakət ön görürlər. Xəbər başlıqlarının birində belə deyilirdi;
Alimlər etiraf etdi: “Bizə Nuhun gəmisi lazım olacaq”
Bu şayiələr tezliklə sübuta yetirildi. Dünyada həyəcan təbilləri çalınmağa başlandı. Hesablamalara görə təbii fəlakətlər yeddi ilə səkkiz ay sonra baş verməli idi. Ondandır ki, ölkələrdə olan bütün sığınacaq və daldanacaqlar istifadəyə hazır vəziyyətə gətirilir, köhnəlmiş və yarasız olanlar isə dərhal təmirə alınırdı. Deyilən hal hər ölkəyə şamil deyildi, çünki bəziləri məhşər xəbərinin şişirildiyini hesab etdiyindən, bu tədbirləri görmək üçün çaba sərf etmədi. Fəqət tezliklə də buna peşman oldular.
Təbiət insanları qəfil ovladı. Hələ üç ay tamam olmamış, dünyanın hər yerindən, zəlzələ, vulkan partlayışları, daşqın, tufan və s. kimi xəbərlər gəlməyə başladı. İllərlə içində saxladığı nifrəti qusan təbiət durmaq bilmirdi, sanki bütün joker kartlarını birdən masaya atmışdı.
Araşdırmalar bu vəziyyətin yaxın on ildə durmayacağını açıq-aşkar ortaya qoyduqda, insanlar son çarəni düşünməyə başladılar. Bir il ərzində yüz milyona yaxın insan tələfatını göz önünə gətirsək, səngiməyən fəlakətlərin içində insanlıq daha on il tab gətirə biləcəkdimi?
2026-ci ildə “dünyanın beyinləri” sayılan əllidən çox elm adamı, gizli bir konfrans keçirdi. Bu konfrans iki gün çəkdi. Nə olursa, olsun, qərarın yalnız və yalnız insanlığın qurtuluşu üçün olacağına and içdilər. Bir layihə hazırlandı və ona “Qurtuluş layihəsi” ismini verdilər. Bu layihə insanların, ölməkdə olan Yer planetini tərk etməsi və Marsda olan X033 Koloniyasına sığınmaqdan ibarət idi. Ancaq onlar həm də onu bilirdilər ki, X033 Koloniyasına yalnız on min adam sığar, belə şəraitdə isə yeni koloniyalar qurmaq qeyri-mümkün sayılırdı.
Yaxşı, o zaman kim? İnsanlığın gələcək aqibətini təyin edəcək həmin on min insan kim olmalıdır? On saat ərzində bu sualın üstündə baş sındırdıqdan sonra ən ədalətli hesab etdikləri yolu seçdilər; Belə ki, hər ölkədən beşi oğlan beşi qız olmaq şərtilə on az yaşlı uşaq və onların yanında sağlam, savadlı, gözü açıq, əzmkar, çox sahəli yetişkin beş nəfər Marsdakı koloniyaya aparılacaqdı.
Gizliliyi son dərəcə qorumaq şərtilə planı dövlət başçılarına xüsusi səfirlər vasitəsiylə açıqladılar. Hər bir dövlətin payına düşən iş, tamamən sağlam 6 yaşında on uşaq və ölkənin ən istedad və bilik sahibi beş gənci seçməkdi. Üstəlik, yerli xalq, bəhs edilən layihədən heç bir şəkildə xəbər tutmamalı idi.
Məhşər xəbəri ilk yayıldığı vaxtda Rəşadət nişanlı idi. Planlarına görə bir neçə ay sonra toyları olacaqdı. Lakin məlum səbəbdən nəinki toy yer üzündə yaşayan hər bir varlıq üçün həyat dayanmışdı.
Azərbaycanda bir il ərzində iki yüz mindən çox insan həlak olmuş, minlərlə insan itkin düşmüşdü. Bakıda zəlzələlər baş vermiş, palçıq vulkanları oyanmış, Xəzər dənizi şəhərin bir çox yerini öz ağuşuna almışdı. Güclü yağan leysanlardan dolayı küçələr dizəcən su altında qalmışdı. Əhali çox çətin vəziyyətlərdə yaşamağa məcbur olmuş və çoxunluqla çadır şəhərciklərinə köçürülmüşdülər. Ən çətin dönəm isə ilk aylar oldu. İşıq və internet olmadan, yaşamağa tab gətirməyən bir çox gənc ağlını itirmək dərəcəsinə çatmış, üç yüzə yaxını isə intihar etmişdi.
Yüksək mərtəbəli binalarda evində məhbus qalan şəxslərə dünyanın hər nöqtəsində olduğu kimi ərzaqlar, qidalar və lazımi əşyalar dronlar vasitəsilə dağıdılırdı. Paylanan ərzaqlar pulsuz və bərabər imkanlı paylaşılırdı. Hamı bir nəfər kimi eyni miqdarda ərzaq və su alırdı, nə artıq, nə əksik...
Təyin olunan gündə, Bakıda güclü yağış yağırdı. Görüş nöqtəsinə lazım olan vaxtda yetişən qurtuluş layihəsinin təyyarəsi gözlənilməyən bir hadisəylə qarşılaşdı. Bir dalğatək düzülmüş yüzlərlə insan, qurulmuş polis barrikadalarını aşmağa çalışır, əllərini havaya qaldırıb, öz dillərində nə isə bağırır, polislərdə öz növbəsində onları səylə geri püskürdürdülər.
Bu həngamənin arasında əlində iki çəmədan tutub sakitcə gözləyən Rəşadət də vardı. Bir qədər geridə durmuş, ətrafı diqqətlə süzürdü. Onun hər şeydən xəbəri vardı, daha dəqiq desək burada yığışıb qurtuluş ümidi ilə bağıran hər kəs gizli layihədən xəbər tutmuşdu. Bütün məlumatlar xalqa sızdırılmışdı, lakin insansevər birisimi, yoxsa insanlara ümid vəd edib, sonra da ölümü qəbullandırmaq istəyən birisimi etmişdi bunu, heç kim bilmədi.
Qarşı sahəyə enən ikinci təyyarədən, polislərin müşaiyəti ilə qara geyimdə, üzləri xüsusi kasklarla örtülmüş on beş nəfər görünəndə, arxadakı izdiham təlatümə gəldi;
- Məni də aparın!!! – həyatı sevən qocalar.
- Xaiş edirəm bizi də aparın!!! – qorxudan ağlayan cavanlar.
- Yalvarıram, mənim də balamı alın, mənim də balamı – bağırıb, övladının həyatı üçün yalvaran analar, bir ağızdan hayqırırdılar.
- Onların mənim balalarımdan nəyi artıqdı? Qışqıran bir ata polisləri qüvvəylə itələyərək önə atıldı. Elə bu qarışıqlıqdan istifadə edən Rəşadət müdhiş bir cəldliklə barrikadanın üzərindən aşdı.
O əlində iki çamadan qurtuluş layihəsinin nümayəndəsinə tərəf, var gücü ilə qaçarkən, digər tərəfdən də bağırırdı: “take me too, take me too...”
Orta yaşlarında olan qurtuluş layihəsinin nümayəndəsi Samuel, geri dönüb baxdı, Rəşadət təngimiş halda onun önünə yıxılmış, ağzı açılmış çamadandan dağılan pulları qucağına doldurmağa çalışaraq təkrar edirdi: “take me too”...
Samuelin gözləri doldu, bir səmaya, bir də Rəşadətin yalvaran gözlərinə baxdı. Rəşadətə əl uzadaraq, qalxmasına yardım etdi. Sonra isə yerdən bir neçə pul qalağını götürərək dedi:
– Who are you without of them?
Rəşadətin cavab verməsinə macal verməmiş pulu yerə atdı və qaçaraq təyyarəyə mindi. Rəşadət donaraq qalmışdı, üzündən axan göz yaşları, yağış damlalarına qarışaraq, aramla yanaqdan süzülür və yerə düşürdü. Arxadan yetişən polis əməkdaşları onu tutub aparmağa çalışarkən, Rəşadət heç bir müqavimət göstərmədi. Artıq heç bir şeyin önəmi qalmamışdı.
Qurtuluş layihəsinin təyyarəsi havalanarkən, hələ də polislər tərəfindən çəkilib aparılan Rəşadətin gözləri tanış bir mənzərə ilə qarşılaşdı. Bu an zaman öz axışını dayandırdı sanki. Gördüyü təsvirin xəyal olub, olmadığını yoxlamaq üçün gözlərini dəfələrlə qırpdı, lakin bu elə onun polislər tərəfindən sürünüb çəkilməsi qədər gerçək idi. Qurtuluş layihəsinin pəncərəsindən ona baxan həmin üz, həmin gözlər idi; Hansı ki, illər əvvəl hamının məzəyə tutduğu, gəncliyini həba edib mənasız şeylər öyrənməklə vaxtını öldürən Turanın üzü idi. O eynilə illər öncəsindəki kimi Rəşadətə diqqətlə baxıb gülümsədi və təyyarənin havalanması ilə birlikdə gözdən itdi...
Təbiət yenə insanları yanıltmışdı. On il davam edəcəyi düşünülən, təbii fəlakətlər iki ildən sonra bitdi. Təbiət ananın qəzəbi keçmiş, öz övladlarına bir şans daha vermişdi. Bütün fəlakətlərdən sonra dördyüz milyondan çox insan dünyasını dəyişmiş, onlarla şəhər tamamən məhv olmuşdu. Məhşərin gətirdiyi ziyanla dünya 2035-ci ilə qədər özünə gələ bilmədi. Yalnız ondan sonra öz həyatına qaldığı yerdən davam etdi.

***

Qonağın fikirə daldığını görən aparıcı, sualını birdə təkrar etdi: – Bu cür – hərtərəfli universitet yaratmaq üçün sizə stimul verən nə idi?
Qonaq sualın təkrarından, bir an diksindi, ətrafına nəzər yetirib, harada olduğunu xatırladı, sonra iç çəkib, acı-acı gülərək dedi: – Əslində, hər şey qrup yoldaşım Turana olan nifrətimlə başlamışdı...


# 1934 dəfə oxunub

Müəllifin son yazıları

# # #