Qayıdış - Pərviz Əliyaroğlu

Qayıdış - Pərviz Əliyaroğlu
18 dekabr 2022
# 17:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Pərviz Əliyaroğlunun "Qayıdış" hekayəsini təqdim edir.

Vətən savaşında şəhidlik zirvəsinə ucalan
qəhrəman qardaşlarımızın əziz xatirəsinə

Onlar qırx gün əvvələ qədər bir-birini tanımırdılar. Hər biri ayrı-ayrı yerlərdən, aralarında yüzlərlə kilometr məsafə olan tamam fərqli kəndlərdən gəlmişdi. İndiyə qədər heç vaxt qarşılaşmaq şansları olmamışdı. İndi isə torpağı qazaraq düzəltdikləri, iki nəfərin çətinliklə yerləşdiyi sığınacaqda yan-yana uzanmışdılar. Elə bil, diri-diri qəbirə girmişdilər. Bu sığınacaq onları soyuqdan və küləkdən qoruyurdu. Sanki, torpaq bu iki qəhrəmanı – öz övladlarını bağrında gizlədərək onları mühafizə edir, soyuqdan büzüşən bədənlərini isitməyə çalışırdı.

İkisi də meşənin içində qazdıqları sığınacaqda arxası üstdə uzanıb sevinc içində, ağacların yarpaqları arasında heyrətamiz gözəlliklə parıldayan ulduzlu səmanı seyrə dalmışdı. Baxdıqca gözlərindəki sevinc közərtisi daha da alovlanır, soyuğun qandondurucu təsiri tamamilə unudulurdu. İyirmi səkkiz ildir çəkilən həsrətin istisi onları donmağa qoymurdu. İllərlə həsrətində olduqları vətən torpağından düzəldilmiş çarpayı, tavan rolunu oynayan ulduzlu səma və dörd bir yanı əhatə edən hündür ağacları bu dəqiqə ən bahalı otel otağına da dəyişməzdilər.

- Nə fikirləşirsən, Rasim? – yoldaşının dərin xəyala daldığını görən Elçin sükutu pozdu.
- Bu qədər vaxtdan sonra bir ayın içində buralara qədər gəlib çıxacağımız heç ağlına gələrdi? – O fərəhlə cavab verdi. – Daim xəyallarımda yaşatmağa çalışdığım doğma yerlərdə gəzmək, necə də gözəldi. İndi isə ən böyük arzumun bir addımlığında dayanmışıq.

O dərindən nəfəs alıb soyuq havanın sərinliyini ciyərlərində hiss edərək güldü. Gözlərindəki yaş da üzündəki təbəssümü poza bilmədi.
- Doğrudan da, sabah çox əhəmiyyətli döyüş bizi gözləyir. – Elçin yenidən üzünü ulduzlara çevirdi. – Çox ehtiyatlı olmaq lazımdır. Arxada milyonlarla insan bizdən şad xəbər gəlməsini gözləyir. Onların etimadını boşa çıxara bilmərik. Buna haqqımız yoxdur.

- Şuşanı azad etdiyimizi görmədən ölmək istəmirəm. – Rasim yanağını üşüdən göz yaşlarını sildi. – Atamın qəbrinə and olsun ki, Şuşaya ayaq basmasam ölməyəcəm.

- Allahın köməkliyi ilə Şuşanı da geri qaytaracağıq. – Elçin silahını iki əli ilə möhkəm sıxdı. – Atan burada olsaydı səninlə fəxr edərdi.

Ulduzlar hərəkətə gəlib, bir-birinin ardınca, özünəməxsus nizamla düzülərək yavaş-yavaş göy üzündə müəyyən cizgilər yaratdı. Tədricən bu cizgilər daha da kəskinləşərək dumanlı kadrlara çevrilməyə başladı. Rasimin gözləri önündə canlanan, heç vaxt unutmadığı atasının xəyalı yenə də özünü göstərmişdi. Əynindəki hərbi forma onun qara, gur saqqalı, başındakı məxməri papaq ilə həmahəng təşkil edirdi. Dəmir yumruğu ilə silahdan möhkəm yapışmış, sol əli ilə dörd yaşlı Rasimin körpə barmaqlarından tutmuşdu. Sübh çağı idi, erməni terrorçuları şəhərə daxil olmuş, hər tərəfdə partlayışlar törətmişdilər. Onlar, qabağına çıxan hər kəsə - qoca, körpə, qadın, uşaq fərq qoymadan atəş açırdılar. Atası Rasimi şəhərin digər tərəfində yerləşən sıldırım qayalıqlara tərəf aparırdı. Əvvəlcə anasının qucağında olsa da, başa düşmədiyi səbəblərdən anası yıxıldıqdan sonra Firudin bəy özünü yetirib oğlunu götürmüşdü. Onlar yıxıla-yıxıla, geriyə boylana-boylana sıldırıma yaxınlaşırdılar. Firudin bəy Rasimin yeriyə bilmədiyini görüb onu qucağına aldı, yorğa addımlarla özünü irəli atdı. Səhərin soyuğunda burnundan çıxan buxar paravoz tüstüsü kimi havaya qarışırdı. O, tələsirdi. Oğlunu xilas etdikdən sonra geri dönüb son nəfəsinə qədər döyüşmək üçün səbirsizlənirdi.

Uçurumun kənarında Rasimi yerə qoyub qoluna keçirdiyi kəndiri çıxararaq açmağa tələsdi. Kəndirin bir ucunu oğlunun qolları arasından keçirib sinəsinə möhkəmcə bağladı. Sonra uzaqdakı təpəni göstərib həmin istiqamətdə qaçmasını dönə-dönə tapşırdı. Onun başa düşdüyünü anladıqdan sonra son dəfə oğlunu sinəsinə sıxdı, həsrətlə qucaqladı, övladının qoxusunu son dəfə ciyərlərinə çəkdi. Vaxt gedirdi. Kəndirin digər ucundan möhkəm yapışıb ayaqlarını iri qayaya dirədi. Rasimi ehtiyatla aşağı sallamağa başladı.

Həmin gündən sonra o nə atasını görə bildi, nə də doğma torpağa ayaq basmaq imkanı oldu. Uşaq olmasına baxmayaraq hər ötən gün düşmənə olan qəzəbi, nifrəti daha da artırdı. Bunun nəticəsi idi ki, hazırda xüsusi təyinatlı qüvvələrin zabiti kimi neçə-neçə vətən torpağını azad etdikdən sonra buraya, Şuşanın ətəklərinə gəlib çıxmışdı. Onu doğma evindən yalnız bir neçə kilometrlik məsafə və hündür qayalıqlar ayırırdı.

- Şəhid yoldaşlarımız, qəddarcasına güllədən keçirilən, işgəncə edilən vətəndaşlarımız, Xocalı qurbanlarımızla bərabər sənin də atanın, ananın qisasını alacağıq. – Elçin sol əlini silahdan çəkib onun əlindən yapışdı. – Torpağımıza ayaq basan iblisləri məhv edəcəyik.

- Bilirəm, biz olmasaq da qardaşlarımız bunu bizim əvəzimizdən edəcəklər. – Rasim əlini onun əlinin üstünə qoydu. – Bilirsən? Bu qədər qardaşım olduğunu heç təsəvvür etməzdim. Onların hər biri məni tanımasa da mənim üçün canlarından keçməyə hazırdırlar.

- Elə sən də onlardan geri qalmırsan. – Elçin onunla razılaşdı. – Bunun bir səbəbi var. Azərbaycanlı olmaq, haqq yolunda döyüşmək, vətən uğrunda candan keçmək.

- Bilirsən, sənə sualım var. – Rasim çəkinə-çəkinə danışmağa başladı. – Bax, sabah Şuşaya – mənim şəhərimə qalxacağıq, qızğın döyüş olacaq.

Lazım olsa öz şəhərim üçün canımdan da keçərəm. Amma sən... – Bir qədər tərəddüddən sonra davam etdi. – Sən ömründə bircə dəfə də olsun görmədiyin şəhər üçün vuruşacaqsan. Nə üçün? Axı sən öz kəndində də rahat yaşaya bilərdin.

- Dava şəhər davası deyil, qardaş. – Elçin onun sözünü kəsdi. – Torpaq davasıdır, vətən davasıdır, millət davasıdır. Torpağıma göz dikənin gözlərini çıxarmasam rahat yaşaya bilmərəm. Nə olsun ki, bu sənin şəhərindir. O həm də mənim torpağımdır, canımdır, ciyərimdir. Bu yolda canımı fəda etməkdən bir an olsa çəkinmərəm. Təki vətənimiz bütöv olsun, bir olsun, sağlam olsun.

Daha heç biri dinib danışmadı və yatmağa çalışdı.

Günəşin parlaq şüalarının ətrafı işıqlandırmasına bir saat qalmış onlar tam hazır vəziyyətdə yola düşdülər. Bir kilometr yolu çiyinlərində ağır yük, əllərində buz kimi soyuq silah dayanmadan keçib getdilər. Sıldırım qayalara çatanda yavaş-yavaş hava işıqlaşmağa başlayırdı. Digər yoldaşları ilə birlikdə cəld çantaları yerə qoyub qayaya dırmanmaq üçün hazırlığa başladılar. Möhkəm iplər yay vasitəsilə yuxarı atıldı, qarmaqlar qayalara ilişdirildi. Onlarla igid səssizcə üzüyuxarı dırmanmağa başladı. Rasim uşaq ikən bu qayalardan kəndirlə necə aşağı sallandığını yadına salıb rişxəndlə güldü. “Xilas olunmaq üçün qayadan endirilən uşaq iyirmi səkkiz il sonra xilas etmək üçün həmin qayaya dırmanır.” – düşündü. – “Geri döndüm, Ata.”
Yolu yarı etmişdilər ki, yuxarıda silah səsləri eşidildi, avtomatlar çatırdadı, qumbaralar partladı. Qayanın başında işıldayan güllələr yağış kimi onların başına yağırdı. Digər bölmələr yəqin ki, artıq şəhərə daxil olmuşdular. Əsgərlər qayalara sığındı. Rasimdən yuxarıda olan Elçin bir qədər ləng tərpəndiyi üçün qolundan güllə yarası aldı və ayağı sürüşərək bir neçə metr aşağı düşdü. Rasim cəld hərəkətlə onu tutub özünə tərəf çəkdi və iri qaya parçasının arxasında gizlətdi. Bir əli ilə Elçini tutub digər əlini silaha atdı. Üzü yuxarı bir neçə güllə atdı. Çox keçmədi ki, nəsə vıyıltı ilə onların yanından keçib gurultu ilə yerə çırpıldı. Atəş səsləri azaldı. Bu vaxt Elçin də yan tərəflərdə hərəkət edən yoldaşlarını qorumaq üçün bir neçə dəfə atəş açdı. Rasim gücünün tükəndiyini hiss edərək silahı boynundan asdı. Vaxt itirmək olmazdı. Elçini kürəyinə alıb onu kəndirlə özünə bağladı. Daha sonra ipdən ikiəlli yapışıb özünü yuxarı çəkdi. Elçin bir dəqiqə də olsa dayanmır, bir əli ilə durmadan atəş açır, yaralı əlinin köməyi ilə çətinliklə maqazini dəyişdirir və yenə atırdı.

Son qüvvə də tükənirdi. Qorxmaz döyüşçülər iti uclu qayalardan yapışaraq durmadan divar kimi göyə ucalan sıldırımla yuxarı qalxırdılar. On metr yuxarıda qayaların başı görünürdü. Rasim bütün gücü ilə nərə çəkib özünü irəli dartdı. Beş dəqiqə sonra o başını qaldırıb ehtiyatla şəhərə tərəf baxırdı. Təhlükəli yerləri nəzərdən keçirdikdən sonra canavar kimi irəli atıldı və silahına sarılıb qışqıra-qışqıra, atəşi kəsmədən özünü nəhəng daşın arxasına çatdırdı. Hələ də çiynində olan Elçini azad etdikdən sonra hər ikisi vuruşmağa başladı.

Qızğın döyüş gedirdi. Silahlar susmaq bilmir, igidlərin nəriltisi az qala atəş səslərini üstələyirdi. Onlar heç nədən qorxmadan qışqıra-qışqıra düşmənin üzərinə yeriyir, iblisləri it kimi qovurdular. Üç mindən çox işğalçıya qarşı cəmi dörd yüz igid cəngavər kimi döyüşür, yaralı yoldaşlarını, şəhid olan qardaşlarını belə geridə buraxmadan, özləri ilə daşıyaraq irəli gedir, bir an da olsa nəfəslərini dərmirdilər. Güllələr leysan kimi yağır, qumbaralar havada uçuşur, torpaq göyə sovurulur, düşmən leşləri ətrafa səpələnirdi. Onlar bəzən düşmənlə əlbəyaxa vuruşur, bıçaqlar işə salınır, qan torpağı isladırdı.

- Gəldim, ata! – Rasim var gücü ilə qışqırdı. – Qayıtdım! Evimdəyəm, Şuşa!

Rasimin solunda Elçin, sağ tərəfində kiçik gizir Nail düşmənə qan uddururdu. Düşmən vəhşicəsinə məhv edilmiş köhnə damlı evə sığınmışdı. Uzun müddətdir atəş altında saxlanılmasına baxmayaraq düşmən evin pəncərələrindən durmadan güllə yağdırırdı. Heç kim irəliləyə bilmirdi. Bunu görən Nailin səbir kasası yavaş-yavaş daşırdı. Nəhayət, o qərara gəldi, uyğun məqam gözləyib qəflətən gizləndiyi yerdən çıxdı, nərə çəkərək silahı irəli tutub atəş aça-aça alıcı quş kimi irəli şığıdı. Rasim və Elçin onun ardınca tələsməyə çalışsa da o artıq yoldaşlarından xeyli irəlidə idi. O qısa müddət ərzində üç nəfəri dəqiq atəş ilə yerə sərməyi bacarmışdı. O necə də inamla irəliləyir, başının üstündən vıyıltı ilə keçən güllələrə məhəl qoymadan addımlarını getdikcə sürətləndirirdi. Bir addım daha atmışdı ki, düşmən gülləsi onu haqladı, birdən-birə səndələdi, dizi üstdə çökdü, lakin cəld özünü toplayaraq ayağa qalxıb yenidən irəli atılmağı bacardı. Ayağa qalxan kimi daha bir leş onun gülləsi ilə yerə sərildi. İki addımdan sonra bədənini deşən ikinci güllə onun sürətini bir az azaltdı. O yenə də dayanmadı, canavar kimi daha möhkəm nərə çəkib irəli atıldı. Daxmaya çatıb əl qumbarasının halqasını çəkərək pəncərədən içəri tulladı. Dərhal ardınca bir neçə güllə də bədəninə saplandı, daha davam gətirməyərək yerə yıxıldı. Partlayan qumbara daxmanın pəncərələrindən bayıra toz-duman püskürtdü, Rasim və Elçin özünü yetirib Nailin yanında dizlərini yerə qoydular, silahı pəncərələrə tərəf çevirib müdafiə vəziyyəti aldılar. Lakin daha evdən heç kim atəş açmırdı. Silahını əlindən buraxmayan Elçin bir əli ilə Naili yoxladı. O, əlini sinəsindəki üç rəngli bayrağa qoyaraq canını tapşırmışdı. Üzündə qürurlu bir təbəssüm quruyub qalmışdı.

Bir saat keçməmiş düşmənin müqaviməti qırılmışdı. Kiçik gizir Nail kimi neçə qəhrəmanın şücaəti nəticəsində ordu üstünlüyü ələ almışdı. Arabir uzaqlarda tək-tək atəş səsləri eşidilirdi. Əsgərlər bütün evləri, tikililəri, düşmənin gizlənə biləcəyi hər deşiyi yoxlamağa başlamışdı. Şuşa demək olar ki, tamamilə quldurlardan təmizlənmişdi. Düşmən geri çəkildikcə, sanki şəhər rahat nəfəs alır, uzun sürən xəstəlikdən sağalan adam kimi sevinərək azadlığından həzz alırdı. Öz gözəlliyini daha da qabardaraq qəhrəmanlarını qürurla qarşılayırdı. Elə bil şəhər matəm yaylığını açaraq kənara atmış, bütün gözəlliyi ilə sevinc içində balalarına xoş gəldin deyirdi. Dağıdılmış məscidlər dişləri tökülmüş uşaq kimi gülümsəyir, evlərin divarları sinəsini irəli verərək doğma övladlarını düşmən gülləsindən müdafiə edir, yollar onları ən rahat yerlərdən keçirməyə çalışırdı. Şəhər onu xilas etmək üçün gələn övladları ilə əl-ələ verib azadlıq üsyanına qalxmışdı.

Saatlar keçdi, səslər kəsildi. Düşmən qat-qat çox olmasına baxmayaraq canını qurtarmaq üçün qaçmağa başladı. Binalara bayraqlar asıldı. Şuşa başı yaşıl yarpaqlarla örtülü ağacların, tərtəmiz mavi səmanın və qıpqırmızı qızaran Günəşin parlaq şüaları altında valehedici görünürdü. Üç rəngli hilal onun səmalarına füsunkarlıq verirdi.

Elçinlə birlikdə binaları, boş qalmış otaqları bir-bir yoxlayırdılar. Hər yeri boş gördükcə qürrələnir, düşməni qovduqları üçün, vətən borcunu yerinə yetirə bildikləri üçün özləri ilə fəxr edirdilər. Onlar sözünü tutmuşdu, canını heçə sayaraq onlarca kilometr irəliləmiş, vətənin harayına hay verərək özünü yetirmişdilər.

Evlərdən birinin həyətində xışıltı eşidən Rasim silahı həmin istiqamətə yönəltdi. Elçin də sol tərəfdən onu müşayiət edirdi. O yarasını sarımışdı. Bir neçə addım irəli atdıqdan sonra divarın arxasından ağ rəngli nəsə göründü. Kimsə qorxa-qorxa əlini irəli uzatdı və əsə-əsə irəli çıxmağa çalışdı. Silahlar onu hədəfə alsa da atəş açan olmadı. O rus dilində təslim olduğunu söyləyir, dayanmadan titrəyirdi. Elçin düşməni nişangaha gətirib əlini tətiyə aparmaq istəyirdi ki, Rasim onun əlindən yapışdı.

- Silahsız adama atəş açmaq bizə yaraşmaz. – O dedi. – Hətta o erməni olsa belə.

- Amma onlar bizim əliyalın analarımıza, qocalarımıza işgəncə verə bildilər. – Elçin etiraz etdi. – Uşaqlarımızın dərisini diri-diri soydular, anaların qarnını dəlib körpələri çıxardılar. Daha neçə vəhşiliklər törətdilər. İndi isə deyirsən ki, bizə yaraşmaz?

Rasim ona qulaq asmadı, düşmənin yerə yatmasını əmr edib irəli addımlamağa başladı. Elçin əli tətikdə hazır vəziyyətdə, qəzəbdən dodağını çeynəyə-çeynəyə həyəcanla onun ardınca gəlirdi. Düşmənə çatmağa bir neçə addım qalmış qəfil partlayış səsi qulaqlarda cingildədi, torpaq göyə sovrularkən düşmənin parçalanmış bədəni ətrafa səpələndi. Çox qabaqda olan Rasim bir neçə metr geriyə uçdu, Elçin ayağına dəyən qəlpə yarasının təsiri ilə yerə yıxıldı. Heç nə eşitmək olmurdu. Düşmənin namərdliyi yenə özünü göstərmişdi. Gec-gecdən Elçin gözlərini açıb ətrafına boylandı. Rasimin yerdə uzandığını görüb sürünə-sürünə irəli atıldı. Yoldaşının başını dizləri üstə alıb bir neçə dəfə onu səslədi. O çətinliklə nəfəs alırdı. Qəlpələr onun bədənini dəlib keçmişdi. O son nəfəsində üzündə təbəssümlə ciblərini eşib çıxardığı vərəq parçasını Elçinə uzada bildi. Nəsə deməyə çalışsa da bacarmadı. Uzaqda, Şuşa məscidində illər sonra səslənən ilk azan səsi gözlərinə işıq gətirdi. O, azan səsinin sədaları altında, təbəssümlə canını tapşırdı...
Şuşanın alınması ilə düşmən təslim oldu. Müharibə igid oğulların sayəsində qələbə ilə yekunlaşdı. Rasimin ailəsini tapmaq çətin olmadı, vərəqdə onun öz xətti ilə yazdığı şeirlə bərabər ünvan da yazılmışdı. Elçin həmin kağızı can dostunun ailəsinə çatdırarkən nə deyəcəyini bilmədi.

Sevgilim, bağışla vəfasız oldum
Səni yarı yolda qoyub gedirəm
Verdiyim sözləri, bütün andları
Geriyə baxmadan silib gedirəm.

Sən demə vətənmiş sevgilim mənim
Vətənmiş atam da, anam da demək
Bütün andlarımdan ən uca andım
Olubmuş vətəni, torpağı sevmək.

Bir gün yol alarsız siz Qarabağa
Havası canımla can alır mənim
Baxın gül çiçəyə, baxın ağaca
Ağaclar qanımla bəslənir mənim.

Gülnarə xanım kağızı göz yaşları içində oxuyub üzünü çevirdi, yaş yarımlıq oğluna baxaraq hönkürüb ağladı. Övladını qucağına alaraq onu qoxladı, sanki ərinin qoxusunu balasından duymağa çalışırdı...

# 1679 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #