Nisgil - Jalə Əskərova

Jalə Əskərova

Jalə Əskərova

21 noyabr 2022
# 22:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Jalə Əskərovanın "Nisgil" hekayəsini təqdim edir.

Qələm dostlarından birinin yeni yazısını oxuyurdu. Müəllif xoşbəxt uşaqlığının qızılı payızını xatırlayır, bu soluxmuş fəslin valideynlərinin əhatəsində necə əlvan rəng aldığını, necə canlandığını emosional boyalarla mətnə hörürdü. Sanki illəri geri gətirəcəkmiş kimi bir ümid boylanırdı hər sətirdən. Qaraca oxuduğu təsvirlərin təsirindən bir anlıq fikrə getdi. Duruxdu; hisslər tanış deyildi. “Uşaqlıq...yeniyetməlik...”Avtobioqrafiyasının qaranlıq küncünə yuvarlanmış xatirələrin tozunu silib keçmişi qurdaladı.

Özünü dərk etdiyi zaman kəsiyi 5 yaşından başlayırdı. Amma xoşbəxt idimi? Güclə yaddaşında canlandıra bildiyi ilk epizod təxminən belə görünür: pəncərə kandarında dayanıb üzüyuxarı zillənmişdi. bozarmış səmanı öz qara tüstüsü ilə ağuşuna almış ağır artilleriyanın qaraltdığı kiçik dünyasına çəkilmişdi. Valideynləri işdə idi. Artıq bir həftə olar ki, rayon mərkəzindəki evlərinə qayıtmışdılar. Amma özündən böyük qardaş və bacısını kənddə nənəsigildə buraxıb gəlmişdilər. Valideynlər düşünürdü ki, ara sakitləşənə kimi böyük uşaqlar kənddə, Qaraca isə onlarla birlikdə rayonda qalsınlar. Hər hansı hücum olarsa, ailə üzvləri arasında mümkün itkilərin sayını azaltmaq üçün belə qərar verilmişdi. Qaraca isə hər keçən gün bir az daha çox öz qardaş-bacısı üçün darıxır, arabir onlarla ayrıldığı anı xatırlayıb səssizcə ağlayırdı. Uşaqları kəndə qoyub qayıdanda bacısı qışqıraraq – “Məni də aparın! Mən vətənimdə ölmək istəyirəm!!!” – demişdi.

Qızcığaz “Vətən” sözünü ilk dəfə o zaman eşitmişdi. Nə mənaya gəldiyini əvvəl valideynlərindən öyrənmək istəsə də, sonunda vaz keçmiş, özü tapmağı qərara almışdı. “Əgər bacım məni də aparın deyirdisə, deməli, evimizə qayıtmaq istəyir. Onda evimiz elə həm də vətənimizdir!” Vardığı mühakimə Qaracanı sevindirmiş, beyin bataqlığı bu yeniliyi dərhal həzm edib, anındaca udmuşdu. Görüşdükləri zaman bu kəlməyə görə bacısına təşəkkür etməyi düşünürdü. Ancaq nə vaxt yenidən bir araya gələcəkləri dəqiq bilinmirdi. Bu qeyri-müəyyənlik balaca qızcığazı ruhən incidirdi.

93-cü ilin bürkülü yayı onların ailəsi ilə yanaşı, yüzlərlə insanı yurd-yuvasından didərgin salmışdı. Mənfur ermənilərin hər dəfə bir az daha şiddətli və daha uzun müddətli atəşkəsi pozmaq cəhdləri rayon əhalisi arasında əsaslı təşviş yaratmışdı. Bu səbəblə anasının rəfiqəsi Xatirə xala öz qızı Amanla birgə Qacardakı evini tərk edib ayaqyalın, başıaçıq Qaracagilə pənah gətirmişdi. Amanla təxmini həmyaşıd olsalar da, Qaraca o qıza isinişə bilmirdi.

Qaraca qaradinməz, öz dünyası olan, başqalarına çox çətinliklə yovuşan, arıq, çəlimsiz qız uşağı idi, amma onun ala gözlərinin dərinliyində uşağa məxsus məsumluqdan çox müdriklik yer alıb oturmuşdu. Yeni qonaq Aman isə Qaracanın tam tərsi idi - əsl kənd uşaqlarına məxsus hazırcavablıq, qıvraqlıq, cəldlik, hər soruşulana anında qarşılıq vermək tam onun boyuna biçilmişdi.

Bu gün digər günlərə bənzəmirdi. Səhər açılar-açılmaz rayon cəhənnəm oduna bürünmüşdü. Hər dəfə ermənilər bir müddət hücuma keçir, sonra bir az ara verirdilər. Amma bu dəfə elə bil qiyamət günü başlamışdı; ağır artilleriyanın səsi İsrafilin şeypurunu xatırladırdı. Yaxınlıqda yerləşən peşə məktəbində qulaqbatırıcı gurultu eşidildi. Sanki həyat bir anlıq dayandı. Evdəkilər sol tərəfdən qara tüstü burulğanının düyünlənib şahə qalxdığını gördülər. Ermənilərin rayonun bu hissəsini işğal etməsinə saatlar qalırdı. Qacar qonaqları dərhal özlərini küçəyə atdı, amma Qaracanı götürmədilər. Əvvəl Xatirə xala tərəddüd edib geri qayıtdı. Qızcığazı geydirmək üçün dolabdan paltar götürmək niyyətilə qurcalandı. Sonra nə fikirləşdisə, onu pilləkənə qədər gətirib orda oturtdu, başını sığallayıb dedi:

“Burda otur, indi valideynlərin işdən qayıdıb səni götürəcəklər”.

Qadın uşağı özüylə götürsə, sonra onu hansı yolla, necə qaytaracağını bilmirdi. O an düşündü ki, əgər rəfiqəsiylə yoldaşı allah eləməmiş həlak olsalar, uşaqla necə başa gələr? Heç öz qızı ilə başlarını soxmağa bir yurd tapa bilmirdilər. İndi də hara gedəcəklərindən xəbərsiz küçə boyu qaçırdılar.
Qəfil partlayışdan Qaracanın dili batmışdı. Xatirə xalanın qoyub getdiyi yerdəcə çöküb qalmışdı. Gözləri axıtdığı buz kimi yağış selinin köməyilə bu qızmar yay günündə körpəni sərinlədir, ruhu yollardakı həsrətin sazağına bürünüb valideynlərini axtarırdı. Həyətin sol qonşuyla çəpərini iki təngnəfəs siluet aşıb keçdi, bir göz qırpımındaca Qaracaya yaxınlaşdılar. Uşağın donuq və hərəkətsiz vücudunu anası bağrına basdı. Ata isə evdən yalnız iki çemodan götürməyə fürsət tapdı. Cəmi altı ay idi köçmüş olduqları imarəti xatırladan bu evi tərk etmək böyüklər üçün əsl bədbəxtlik idi. Qaraca isə hələ də gurultunun batırdığı səsinin, amma kəsə bilmədiyi nəfəsinin istisində tıncıxırdı.

Sonra arada xatirələri qırılır, yaddaşı pazlları tamamlamaqda çətinlik çəkir. Sumqayıtda yataqxanada necə peyda olmasından xəbərsiz fikirləşir dolaşır. Yataqxanadakı ilk günlərdə bozumtul uşaqlığını elə bozumtul şəhərdə itirib gəldiyini düşünür, sevinirdi. Bura sakitlik idi, həyat rəngli və şən görünürdü. Bir ay sonra isə həyat tam axarına düşmüşdü.Valideynləri işə, qardaş bacısı artıq məktəbə gedirdilər. Qaraca isə bu zaman kəsiyində dörd divar arxasında - dar yataqxana otağında həmişəki kimi özlüyündə tək qalır, kitablar oxuyurdu. O məktəbə getmirdi, amma artıq yazıb oxumağı böyüklərdən öyrənmişdi. Özüylə baş-başa vaxt keçirmək zövq verirdi, amma bu xoşbəxtlik pəncərədən küçəyə boylanana qədər davam edir və insafsızca qeyb olurdu. Həyətə baxdığında “ortada qaldı”, “yeddi şüşə” oynayan uşaqların sevinci, hay-küyü onu da aşağı düşüb bu bəxtəvərliyə qatılmağa səsləyirdi. Amma bunun reallaşması Qaraca üçün mümkünsüz görünürdü. Valideynləri hər üç uşağa həyət qadağası qoymuşdular. Hələ ki “sosiallaşmaq üçün məktəb yetərlidir” deyə düşünürdülər. Bu nabələd şəhərdə nabələd insanlara uyğunlaşmaq xeyli zaman alacaqdı.

Uşaqların kiminlə vaxt keçirməsinə nəzarət etmək həmişə alınmırdı, buna görə də onlar evdə qalmalı idilər. Valideynlərin bu həbsi hələ məktəb yaşına çatmamış Qaraca üçün daha əzablı keçirdi. Amma hər şey göründüyü qədər iztitablı deyildi. Böyük bacı Qaracanın xilaskar mələyi kimi daim onun dadına çatırdı. Ana işdə olduğundan Qaracaya nəzarət ona həvalə edilirdi. O da işinin öhdəsindən bacarıqla gəlirdi (bəzən ailə qanunlarının pozulmasını nəzərə almasaq). Böyük bacı Qaracanın əlinə iri zibil qabı verib atmasını xahiş edərdi. Qoluna da elektron saat taxıb “bu 16:15 göstərəndə evə qayıt!” deyərdi. Beləcə, Qaraca yataqxana həyətində tanımadığı uşaqların izdihamına qarışar, tərləmiş və pörtmüş halda, saatın göstərdiyi vaxtda geri qayıdardı. Bu sevinci ona yaşatdığı üçün bacısına hədsiz sevgi duyardı. Növbəti il Qaracanın da məktəb vaxtı yetişdi. Valideynləri onu qaçqın məktəbinə deyil, yerli şəhər məktəbinə yazdırdılar. Elə bacı-qardaşı da həmin təhsil ocağında oxuyurdular.Tez bir zamanda dərs əlaçısı oldu. İbtidai sinifləri adladıqca müəllimlərin sevimlisinə çevrilir, bütün tədbirlərin fəal iştirakçısı olurdu. Hətta bir dəfə Sumqayıt Şəhər Təhsil Şöbəsi müdirinin qarşısında şeir deməyini xatırlayır.

Qeyri-ixtiyarı gülür:

Qaracanın cüssəsi zəif və çəlimsiz olduğundan onu stulun üstünə çıxarmışdılar. Bu balaca ürəkdən dünya boyda səs çıxırdı. O çağırırdı- Məmməd Arazın təbiriylə:

“Bu gün gərək hər anımız “vətən!” desin,
Qılıncımız, qalxanımız “vətən!” desin...
“Vətən” desin qəlbimizin hər duyğusu,

Hər vurğusu...”

Bu sətirləri dedikcə evlərini tərk etdikləri günü xatırlayır, kövrəlir, səsi titrəyirdi.
Elə ucadan qışqırırdı ki, biganə qalmaq olmurdu.

Qaraca məktəbdə xoşbəxt idi, amma bu xoşbəxtliyə həmişə bir nəsnə kədər qatırdı. Dərs zamanı gözlənilmədən kimsə içəri girə və ucadan deyə bilərdi:

“Bu sinifdə qaçqın uşaq var ? Kimdirsə ayağa qalxsın!”

O an Qaracanın ürəyi tuppultuyla döyünər, pərtliyin qarayanız çöhrəsinə çəkdiyi qızartıyla ayağa qalxar və astadan “mən” deyərdi. “Mən” deyəndə gözlərini bağlayar, öz aləmində ətrafı qaranlığa bürüyər, elə zənn edərdi ki, sinif yoldaşları onun səsini eşitmirlər. Bu dözülməz səhnənin bitməsindən dərhal sonra yerinə əyləşər və dərindən nəfəs alıb köks ötürər, yüngülləşərdi...

Bayaqdan monitora zillədiyi gözlərini hərləyib pəncərəyə tərəf boylanır. Bayırda qızılı payız görünür. 35 yaşında bozumtul uşaqlığını xatırladıqca elə bil yaşadığından daha çox qocaldığının fərqinə varırdı. Fikir körpüsünün tən ortasında dayanıb doluxmuşdu. Nə geriyə addım ata bilirdi, nə irəli. Orda, geridə Qaracaya “vətən” sözünü hədiyyə edən, onun uşaq qəlbinin istəklərini başa düşən və reallaşdıran bacısı vardı. Həm də məsum uşaqlığını qorxu, təlaş, vahimə pərdəsinə bürüyən dəhşətli müharibə. Hərdən də bu günə qayıdıb irəli addımlamaq istəyirdi, amma... amma ayaqları yer tutmurdu... köməksizdi... dəstəksizdi... çünki burda... burda bacısı yox idi... vətənində ölə bilməmişdi... əvəzində azad olunmuş vətən torpağı vardı... Ta Füzulidən Bakıya qədər yol alan vətən torpağı... aQaracanın bacısının məzarına hədiyyə gətirdiyi... bir ovuc vətən torpağı...

# 1642 dəfə oxunub

Müəllifin son yazıları

# # #