Dəli Sənəm - Sülhiyyə Şirinova

Sülhiyyə Şirinova

Sülhiyyə Şirinova

7 dekabr 2022
# 16:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Sülhiyyə Şirinovanın "Dəli Sənəm" hekayəsini təqdim edir.

Onun sustalmış bədənini ikinci mərtəbədə qalan taksiçi oğlan tezdən saat 6-da işə gedərkən tapmışdı. Qışın qaranlıq səhərində yataqxananın pilləkənlərini telefon işığında düşən oğlan, pilləkənin ikinci mərtəbədən birinci mərtəbəyə dönən hissəsinin küncündə bir qaraltıya rastladı. Yaxına gəlib işığı üzərinə tutanda gördü ki, yumaq kimi yumrulanmış bu qaraltı bir qadındır. Yanvarın soyuğunda qadının əynində qaraya çalan don, boz yun jaket var idi. Bəlkə də soyuqdan qorunmaq, nəfəsi ilə özünü isitmək üçün qadın qollarını bir-birinə keçirərək, başını qollarının arasından sinəsinə doğru əymişdi. Dizlərini də qatlayaraq oturduğundan, bədəninin yarısı boyda görünürdü.

Qadının üzünü görmək mümkün olmasa da, taksiçi paltarından onun yataqxanada hamının Dəli Sənəm adlandırdığı qadın olduğunu bildi. Çünki Sənəmin elə bircə paltarı var idi. Yayda, yazda iri göy güllü qara trikatin donunu geyərdi, payızda, qışda isə o donun üstündən boz köhnə jaketini taxardı. Bəlkə də eyni dondan, eyni jaketdən ikisi var idi, dəyişək edərdi. Amma bütün yataqxana camaatı əmin idi ki, Sənəmin illərdir bircə donu, bircə də jaketi var. Qara çustu da yay-qış Sənəmin ayağındaydı. Hərdən yayın lap isti günlərində çustu göy rezin çəkələkləri əvəzləyərdi. Yanvarın buzkəsən, qaranlıq səhərində yataqxananın köhnə pilləkənlərinin bir küncündə yumağa dönən Sənəmin qara çustlarının biri ayağından çıxmışdı, o biri isə yarı ayağında, yarı havada idi. Qadını bu vəziyyətdə tapan Elçin adlı bu taksi sürücüsü 6 ay idi ki, yataqxanada kirayədə qalırdı. Həftənin 7 günü tezdən saat 6-da çıxıb bütün günü öz maşını ilə taksiçilik edir, gecə saat 12-də gəlib, başını atıb yatırdı.

Əslində, nə Sənəmi tanımaq fürsəti vardı, nə onun dəlilik məcaralarını bilirdi, nə də Sənəmin cəmi bir dəst paltarı, bir cüt qara çustu olduğundan xəbərdar idi. Bir dəfə gecə yataqxananın ümumi hamamında yuyunmaq istəyəndə, bu qadınla rastlaşmışdı və qadının hündürdən “Hər adamı gətirib salırlar bura. Bu kvartirantların əlindən çimmək olmur. Görün, indi başınıza nə oyun açacam” deyinməsini anlamadan, otağına qayıtmışdı və tezdən 5-də durub yaxalanmışdı. Hadisəni unutsa da, noyabrın soyuq axşam günü qol-qıçı açıq, nazik göy güllü qara don geymiş qadının bu paltarda niyə üşümədiyi sualı beynində ilişib qalmışdı. Ta ki qəsəbə polisindən onun telefonuna zəng gəlib, haqqında şikayət olduğu, şöbəyə gəlməli olduğu deyilməyənədək, gəncin bu yataqxanadan pis xatirəsi yox idi. İkicə dəfə düz-əməlli buranın sakinlərini görmüşdü. O da ilk dəfə kirayə qalacağı otağa baxmağa gələndə və ikinci dəfə də bir çemodanlıq pal-paltardan ibarət olan əşyası ilə otağa köçəndə. Hər iki halda günorta vaxtları olduğundan, qonşulardan bir neçəsinin üzünü görmüşdü. Ona görə polis şöbəsindən zəng gələndə ki, qonşular şikayət edib, şok keçirdi. Axı, günün cəmi 6 saatını qaldığı və üzünü aylarla görmədiyi yataqxana sakinləri ondan niyə şikayət etsinlər? Polis şöbəsində şikayəti oxuyanda lap dəli oldu. Guya otaqda səs-küy salırmış, otağına başqa adamlar gəlirmiş və yalanın ən böyüyü isə Sənəm Haciyevaya şiddət göstəməsi, qolunu burması və hətta söyüş söyməsi idi.

Şikayət ərizəsində belə də yazılmışdı. Elçin and-aman elədi ki, bunlar hamısı yalandı və o, ümumiyyətlə Sənəm Hacıyevanı tanımır. Onun izahatını dinləyən polis, qapını açıb Sənəmi içəri dəvət edəndə, Elçin hamamın qarşısında rastlaşdığı o qəribə qadını xatırladı. Qadın yenə qıçları çılpaq və göy güllü donda idi. Polis əməkdaşı Elçini Sənəmə göstərib, şikayətinə baxıldığını, vətəndaşın öz etdiyi səhvi başa düşdüyünü və bundan sonra qonşularla daha nəzakətli davranaraq səs-küy salmayacağını deyib, qadını tez qapıdan çölə ötürdü. Polis qadına Elçinin adından vəd verərkən, gənc bu ittihamlarla razılaşmadığını demək istəsə də, polis ona susmağı işarə etdi. Sənəmi yola salandan sonra polis əməkdaşı gəncə dedi ki qadının ağlı bir az çatmır və indiyədək bütün qonşulardan şikayət edib. Buna görə mümkün olduğu qədər qadınla rastlaşmamağı və onu görəndə yolunu dəyişməyi məsləhət gördü. Elçin o gündən gecə gələndə də, tezdən gedəndə də çalışırdı ki, Sənəmlə rastlaşmasın. Bu gün soyuq qış səhərində isə Elçin Dəli Sənəmlə üçünçü dəfə pilləkənin küncündə rastlaşmışdı. Güllü donundan və çılpaq ayaqlarından onu tanımışdı. Bəlkə də Elçinin yerinə kim olsaydı, bu şərxata qadını elə ordaca büzüşmüş vəziyyətdə qoyub gedərdi. Amma gəncin vicdanı yol vermədi və tez təcili yardıma zəng etdi. Təcili yardımın növbətçi həkimi hadisəni dinləyəndən sonra Elçindən xahiş etdi ki, qadının nəfəs alıb-almadığını yoxlasın. Elçin qadının çarpazlaşdırdığı qollarının arasında nəbzini taparaq, barmağını yaxınlaşdırdı. Çox zəif olsa da, nəbzi vururdu. Elçin bu zaman gördü ki, Sənəm həm də qızdırmadan yanır. 20-25 dəqiqəyə gələn Təcili yardım maşınının uğultusuna və həkimlərin tappıltısına yataqxana sakinləri yavaş-yavaş yuxudan ayıldı. Həkimlər Sənəmi xərəyə uzadıb maşına qoyanda, ancaq iki qonşu özünü çatdıra bildi. Bunlar elə yataqxananın girişindəki otaqda yaşayan yaşlı ər-arvad- Gülgəzlə Cavad idi. Gülgəz gözlərini ovuşdura-ovuşdura xərəyə baxaraq “Hii!! Sənəm!!” deyə çığırdı. Sonra həkimdən soruşdu ki, ölübmü. Həkim başını sağa-sola fırladaraq, “yox” cavabını verdi. Təcili yardım maşını aralanan kimi Cavad kişi Elçini sorğu-suala tutdu. Elçin də hadisəni qısa formada danışıb, binanın arxasında saxladığı taksisinə doğru getdi. Yavaş-yavaş qonşular yataqxananın girişinə yığışaraq, hadisənin burdakı tək şahidləri olan qocalardan məsələni dinləməyə başladılar. Hər qonşu gələndə mövzu təzədən və hər dəfəsində də bir az bəzədilərək danışılırdı. Ən sonuncu yataqxana sakini söhbətə qoşulanda, Sənəmin ölüm hekayəsi artıq hazır idi: “Taksiçi oğlan tezdən işə gedəndə görüb ki, Sənəm pilləkənin ortasında yıxılıb qalıb. Gecədən orda bayılıb, həm də qızdırması varmış. Deyir, əməlli-başlı yanırdı, qızdırması bəlkə də 40 dərəcədən çox idi. Deyir, koronaya oxşayırmış, heç nəfəs ala bilmirmiş. Koronadırsa, yüz faiz öləcək. O nazik donda onun ciyərləri çoxdan sıradan çıxıb. Bəlkə də, heç xəstəxanaya çatmadı. Gülgəz arvad deyir ki, ölənə oxşayırdı...”
Beləcə, hərə bir söz danışırdı. Hamıya pislik edən Sənəmin layiqli cəzasını aldığını düşnən də vardı, yataqxananın bu tənha, kimsəsiz sakininə ürəyi yanan da. O gün də, sonrakı günlər də qonşuların əsas söhbət mövzusu Dəli Sənəm oldu. Bir qohumu, tanışı olmadığından, xəstəxanaya aparılandan sonra başına nə gəldiyini də bilən olmadı.
Sənəm 30 il idi bu yataqxanada yaşayırdı. Bəlkə də, daha çox. Çünki 30 il qabaq bu yataqxanaya köçürülən məcburi köçkünlər gələndə, Sənəm artıq bu yataqxananın sakiniymiş. Heç kim onun dəqiq yaşını bilməsə də, görünüşünü və bu 30 ili nəzərə alanda, hesablamaq olardı ki, Sənəmin yaşı 60-a yaxın və yaxud 60-dan bir az artıq olar. Düzdür, bəzi qonşu qadınlar and-aman edirdilər ki, Sənəmin yaşı çoxdur, az qala Nikolayı taxtda, Şah Abbası qundaqda görüb. Amma dəqiq olan məlumat bu idi ki, Sənəm hələ pensiyaya çıxmayıb. Yoxsa illərdir yay-qış demədən niyə hər gün tezdənin gözü açılmamış süpürgəçilik işinə getsin ki? Bəzi halları nəzərə almasaq, Sənəm yataqxanaya camaat evinə yığışandan sonra qayıdırdı. Xüsusən də soyuq havalarda axşamlar öz isti otaqlarında pəncərədən Sənəmin işdən gəlməyini müşahidə edən yataqxananın yaşlı qadınları çiyinlərindəki yun şala bir az da bürünüb, “bəxtəvər elə bil buz baltasıdır, gör bir üşüyürmü” – deyirdilər.

Sənəmin həyat tərzi də qəribəydi. Hələ bu 30 ildə kimsə onun evindən yemək qoxusu gəldiyini hiss etməmişdi. Nə yeyirdi, nə içirdi, kimsə bilməzdi. Hərdənbir axşamlar evə gələndə əlində sellofan torba görərdilər. Onun da içində əksər vaxtlarda çörək, bəzən isə smetan, nadir hallarda da 4-5 yumurta olardı. O vaxtı komendant deyibmiş ki, evində bircə dəmir çarpayı, bir kiçik stol, iki stul, bir köhnə paltar şkafı, bir üstüaçıq spirallı tok peçi, bir-iki də qab-qaşığı var. Qonşuların Sənəmin evi haqda bildiyi məlumat bundan ibarət idi. Hə, bir də radiosu vardı. Sənəm evə gələn kimi, radionu açıb yüksək xod verirdi. Elə radionun səsindən də hamı anlayırdı ki, o gəlib. Sənəmin işıqları fəslin, günün istənilən vaxtı sönülü olduğundan, hamı bu radionun səsindən onun evdə olduğunu, sağ olduğunu bilirdi. Gündüz vaxtı da Sənəmin evi günəş görməzdi. Çünki bütün pəncərələrə qəzet yapışdırmışdı. Allahın bu yalnız bəndəsi öz qaranlıq otağında yeganə həmdəmi olan radioyla ömrünü sürürdü. Bəlkə də, Sənəmin həyatı, yaşayış tərzi haqda daha çox məlumat öyrənmək olardı. Amma buranın müvəqqəti sakinləri yataqxanada hamı ilə düşmən olan bu davakar, söyüşkən qadınla üzbəüz gəlməmək üçün o, binaya daxil olanda, tez öz otaqlarına girirdilər. Çünki bu 30 ildə Sənəmin qaçqınlarla ulduzu heç barışmamışdı. Allahın hər günü yataqxananın köhnə sakini ilə təzə sakinləri arasında dava düşürdü. Cavad dayı demiş, məcburi köçkünlər ermənilərlə münaqişədən çıxıb, Sənəmlə münaqişənin tən ortasına düşmüşdülər və 30 ildir davam edən bu münaqişədə atəşkəs az qala hər gün pozulurdu. Elə dəli ayamasını da Sənəmə yataqxana sakinləri bu davakarlaığına görə qoymuşdular. Bu 30 ildə yataqxanada bir ailə də qalmamışdı ki, Sənəm o ailənin ən azı 1-2 üzvünü polisə şikayət etməsin. Sənəm özünü eləcə dəlioğlanlığa qoymuşdu, yetənə yetirdi, yetməyənə də bir daş atırdı. Bu illərdə yataqxana sakinləri də xeyli yenilənmişdi, bu dünyadan köçəni də olmuşdu, başqa yerə köçəni də, təzə gələnləri də. Bəlkə də sakinlərin tərkibi 30 dəfə yenilənmişdi. Amma hər təzə gələn şəxs də heç bir neçə ay keçməmiş Sənəmin sayəsində polis şöbəsi ilə tanış olurdu. Ona görə də imkan yaranan kimi bu yataqxanadan köçürdülər. 30 il qabaq bu yataqxanaya uşaq kimi gəlib Sənəmin abırsız söyüşlərini eşidə-eşidə yekələnlərin, indi uşaqları bu söyüşləri eşidərək böyüyürdü. İndi ata olan bu gəncləri, anaları 30 il qabaq Sənəmin söyüşlərini eşitməkdən qorumağa çalışsalar da, zamanla bunun mənasız olduğunu anladılar. Çünki Sənəmin söyüşünün vaxtı-vədəsi yox idi ki, uşaqları otağa basıb, qapını bağlayasan. Bu söyüş mərasimi günün istənilən vaxtı baş tuta bilərdi. İlk illərdə bu söyüşlərə görə bərk davalar düşürdü, kişilər qulaqlarını tutub tez evə girsələr də, gənclər ana-atalarına ünvanlanan bu söyüşləri həzm edə bilmirdilər, böyüklər mane olmasaydı, yəqin Sənəmi döyərdilər. “Bala özünü qana salma, dəliyə baş qoşma” deyib, ana-nənələr gənclərin qarşısına keçirdilər. Qadınların bir neçəsi ünvanlarına deyilən bu təhqirləri udmayıb, Sənəmi saçlamışdı da. Davadan bir-iki saat keçməmiş, yaxınlıqdakı polis şöbəsindən gəlib qonşuları şöbəyə aparırdılar. Məlum olurdu ki, Sənəm şikayət edib. Çox halda da davaya ümumiyyətlə qarışmayan qonşuların adını verirdi. Saçını yolan qadın olsa da, heyif çıxmaq üçün o qadının ərindən, oğlundan şikayət edirdi. Zamanla qonşular Dəli Sənəmə baş qoşmamağa başladılar. Amma yenə də fərqi yox idi, Sənəm polisə kimlərinsə adını verirdi. Sənəm söyməyə başlayanda, cavab verən olmasa belə, hər kəs bilirdi ki, bir azdan polis gələcək. Şöbədən gələn olmayanda, Sənəm hardansa telefon tapıb, 102-yə şikayət edirdi, ona görə qəsəbə polisi də onun şikayətinə dərhal reaksiya verməyə məcbur idi.

Heç kəs bu dəli qadına baş qoşmadıqca, Sənəm daha da azğınlaşırdı, gah yataqxananın yeganə hamamını çirkləndirirdi, gah ümumi ayaqyolunu batırırdı, gah da qonşuların qapısının ağzına zibil, su tökürdi. Yəni münaqişə yaratmaq üçün əlindən nə pislik gəlirdisə, edirdi. Hamı səbrini basıb, söyə-söyə bu murdarçılığı təmizləsə də, yataqxananın ən təmizkarı sayılan və Sənəmi qapı qonşusu olan Yazgül buna dözə bilmirdi. Həm təmizlik onun yaralı yeriydi, həm də ən çox zibillənən, su tökülən onun qapısı olurdu. Neçə dəfə Sənəmi saçlamışdı da, amma bu, dəli qonşusuna kar eləməmişdi. Sənəmin də elə bil onu özündən çıxarmaqdan xoşu gəlirdi. Bu yataqxanada Sənəmin söyüşünün qabağına “layiqli” söyüş çıxaran da elə Yazgül idi. İkisi üz-üzə gələndə nəinki yataqxananın kişiləri, elə qadınları da qulaqlarını tutub içəri girirdilər. Ən pis söyüş lüğətində belə, bu davada işlənən söyüşlərin zənginliyinə rast gəlməzdin. O biri qadınlar ərlərinin, oğullarının qorxusundan Sənəmlə söyüşməzdilər. Amma Yazgülün də Sənəm kimi əri yox idi, iki qızı da hələ evdə olanda analarını bu davadan çəkindirə bilmirdilər. Yazgülün əri uşaqları körpə olanda ölmüşdü, Sənəmin ərini isə görən olmamışdı. Hamı binanın komendantının yalançısıydı. Qaçqınlar məskunlaşdığı ilk ildə binanın komendantı olan Pakizə xala kiməsə demişdi ki, Sənəm bir-iki həftəlik də olsa, ərdə olub. Hansısa rayondan Bakıya işləməyə gələn gənc, arvadını elə bu davakarlığının üstündə qoyub çıxıb gedib. Elə o vaxtdan da öldüsündən-qaldısından xəbər çıxmayıb. Sənəmin nə vaxtsa ərdə olmasının faktı 2-3 il bundan əvvəl təsdiqini tapıb. Yaxınlıqdakı mağazada satıcı işləyən qız, Sənəmin sosial yardım almaqla bağlı müraciətinə nazirlikdən gələn cavabı ona oxuyanda görüb ki, nazirlik ərinin adına maşın olduğu üçün Sənəmə yardım ayırmaqdan imtina edib. Satıcı qız bunu Yazgülə, o isə yataqxananın qadınlarına deyib. Bunu biləndən sonrakı davaların birində Yazgül Sənəmə deyibmiş ki, itkin ərin tapılıb da, niyə cəhənnəm olub getmirsən onun yanına. Sənəm Yazgülü yandırmaq üçün hər dəfə onun ərinin goruna söyürdü, Yazgül də qayıdıb deyirdi ki, tezliklə ərimin yanına gedəsən, ay bihəya!
Yazgülün Sənəmdən nə qədər zəhləsi getsə də, hərdən qonşuların yanında deyirdi ki, başına daş düşmüş adam ola, vallah hər gün bir qab yemək də verərəm, bir-birimizə həyan olarıq, ikimiz də başsız qadınıq. Qonşular inanırdı ki, Yazgül bu sözləri səmimi deyir, çünki kiçik qızını da keçən il ərə verəndən sonra əməllicə tək qalmışdı, darıxırdı. Rayonda yaşayan böyük qızı neçə dəfə anasını yanına aparmaq istəsə də, 30 ildi öyrəşdiyi bu şəraitsiz yataqxananı qoyub gedə bilmirdi. Sənəmi təcili yardıma qoyub apardıqlarından keçən üç gün ərzində Yazgül lap darıxmağa başlamışdı. Otağa hər girib çıxanda üzbəüz qapıya baxıb Sənəmi xatırlayırdı. Yataqxananın son 30 ilində ilk dəfə idi ki, üç gün dalbadal dava-dalaş, söyüş səsi gəlmirdi. Qonşu qadınlar da koridorlarda üzbəüz gələndə Sənəmdən danışırdılar, pilləkənləri düşəndə Sənəmi xatırlayırdılar, axşamlar işdən qayıdan kişilərin ev əhlindən ilk soruşduqları da Sənəmdən bir xəbərin olub-olmamasıydı. Dəli Sənəmin yoxluğu hadisəyə ilk gün sevinənləri belə artıq qüssələndirirdi. Üçüncü günün axşamı Yazgül xəbər gətirdi ki, yaxınlıqdakı poliklinikada işləyən tibb bacısı Sənəmin öldüyünü deyib. Təcili yardımdan ərazi poliklinikasına zəng edərək, Sənəm Hacıyevanın koronovirusdan vəfat etdiyini bildiriblər. Qonşular Yazgülün gətirdiyi bəd xəbərdən xeyli təsirləndilər. 30 il ərzində ilk dəfə qonşu qadınlar Dəli Sənəm üçün bir-iki damcı da olsa göz yaşı axıtdılar, “bədbəxt”, “baxtsız”, “yazıq” deyib vaysındılar. Yataqxana artıq Dəli Sənəmsiz qalmışdı. Səhəri Yazgül Sənəm üçün halva çalıb payladı, iki gün sonra isə pal-paltarını yığıb qonşularla vidalaşaraq, rayona qızının yanına köçdü.


# 2666 dəfə oxunub

Müəllifin son yazıları

# # #