Arzu şamları - İslam Qasımov

 İslam Qasımov

 İslam Qasımov

20 dekabr 2022
# 19:10

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən İslam Qasımovun "Arzu şamları" hekayəsini təqdim edir.

Leyla kafeyə girən kimi Rənanın tək oturduğu masaya yaxınlaşdı.

– Çox gözlətmədim? Hava da elə tez qaralır ki.

Rəna gözünü telefondan ayırıb ayağa qalxdı. Qollarını geniş açıb Leylanı qucaqladı. Masanın üstündə balaca tort gözə dəyirdi.

- Yox elə mən də bir az olar gəlmişəm.
- Təbrikləri oxuyurdun? Feysbukda neçə nəfər təbrik edib?
Rəna yenidən telefonuna baxdı.
- 55 oldu. Səndə neçə?
- 52 idi bayaq. Mənim təbriklərim daha çox olacaq. Bu dəfə mən udacam səni.
- Ona hələ baxarıq.

Rəna masadakı ofisiantı çağırmaq üçün qoyulmuş zəngi basdı.
Yaxın rəfiqələr neçə il idi ki, öz ad günlərini kiçik amma çox isti atmosferi olan bu kafedə qeyd edirdilər. Hər ikisinin ad günü eyni gündə idi. Tort almağa ehtiyac olmurdu, Leylanın da, Rənanın da yaxşı əl qabiliyyətləri, bişirib düşürmək bacarıqları vardı. Tortu özləri bişirib gətirir, bir yerdə üstünə şamlar sancıb, arzu tutur şamları üfürüb, tortla çay içib söhbətləşəndən sonra evə gedirdilər. Evə çatan kimi yenə telefonla danışırdılar.
Ofisiant onlara yaxınlaşanda Rəna ondan 2 fincan çay gətirməyi xahiş edir.
- Tortumuz hazır, şam aldın?
- Hə çantamdadır, - Leyla dedi.

O çantasından yaşıl rəngli, qəribə görünüşlü 2 şam çıxardı. O dəqiqə ətrafa qəribə bir qoxu yayıldı. Adi şamlardan belə qoxu gəlmir.
- Səhər yanımızdakı iki mağazaya baxmışam heç birində ad günü şamı tapa bilmədim.

Rəna şamları əlinə götürüb iylədi.
- Nəsə qəribə iyi var. Nə şamdı, hardan tapmısan bunları? Bizim baş hərflərdi də, R və L.
- İnanmazsan, nənənin mücrüsündə görmüşdüm bunları, çoxdan görmüşəm özü də. Birdən ağlıma gəldi ki, elə onları götürüm də. Şam şamdı da, özü də bəxtə bax, baş hərflərimiz. Ver mənə.
Leyla şamları tortun üzərinə sancdı. Bu vaxt ofisiant çayları gətirib masaya qoyanda Rəna ondan alışqan istədi. Oğlan arxa cibindən çıxardığı alışqanla şamları yandırıb, gülərüzlə onları təbrik edərək uzaqlaşdı.
- Gör nə deyirəm, - Rəna dedi, - bu dəfə ürəyimizdə ən, ən, ən böyük arzularımızı tutub, şamları söndürürük yaxşı? Özü də ən qısa vaxtda, maksimum bir həftəyə həyata keçməyini istəyək.
- Dayan, bir dənə ən böyük arzumu dəqiqləşdirim, - Leyla deyib, gözlərini yumub fikirləşməyə başladı.

Kiçik arzular ildən-ilə dəyişə bilər. Amma hər kəsin böyük bir arzusu olur və o çox zaman dəyişməz olaraq qalır. Rənanın son vaxtlar ən böyük arzusu elit restoranların birinin aşpazı olmaq idi. Başlanğıc üçün aşpaz köməkçisi də pis olmazdı. Leyla isə Rənadan fərqli olaraq bu il mütləq ərə getməyi düşünürdü. Əvvəldən işləməklə arası olmayan Leyla ər çörəyinin dadını və formasını bilmək istəyirdi.

- Mənim arzum hazırdır , - Rəna dedi.

- Aha, gəl bu dəfə belə edək. Bəlkə bu dəfə dəyişiklik eləyək. Mən sənin adına olan şamı söndürüm, sən mənim adıma olanı. Həmişə özümüzünkün söndürürük, düşmür e elə bil. Ya arzumuz həyata keçmir, ya da o qədər çin olur ki, daha bizə lazım olmur, - deyib Leyla tortu ortaya çəkdi.
Xorla bir, iki, üç dedilər.

Razılaşdıqları kimi bir birilərinin şamlarını üfürdülər. Bu vaxt kafenin işıqları sönüb yanmağa başladı. Şamlardan çıxan tüstü formadan formaya düşüb, içəri yayıldı. İki balaca şamın tüstüsündən göz gözü görmürdü. Sanki kafenin içərisinə duman düşmüşdü. Sakit havada birdən birə möhkəm əsən külək pəncərəni taybatay açıb qarşısındakı dibçəyi yeri saldı. Qızlar yerə zərblə düşüb parçalanan saxsı dibçəyin səsindən diksindilər.

- Deyəsən, kosmos arzularımıza “hə” dedi.
- Hə göylərdən işarə gəldi, - Rəna rəfiqəsini dəstəklədi. - Belə tüstü buraxan şam birinci dəfədir görürəm.
Həmin axşam Rəna evə qayıdanda atası və anası evdə kiçik süfrə düzəldib onu gözləyirdilər.

- Leylayla görüşmüşdün?, - anası soruşdu.
- Hə ana, həmişəki ad günü günü ritualımızı keçirib, tortla çay içib dağılışdıq.
Rəna hiss eləyirdi ki, bu gün valideynlərinin üz ifadələri bir az başqa cürdü. Sanki ona nəsə demək istəyirlər.
- Nəsə olub, birtəhər baxırsız.

- Qızım, Akif bu gün yenə bizə gəlmişdi. Oğlu sənlə barışmaq istəyir. Asif deyir haçan elçi gələk. Oğlu da nə boyda hədiyyə alıb gətirib səninçün. Qoymuşam otağına.

- Ayda, nahaq götürmüsüz hədiyyəni. Qaytararsız. Bezdime Asif, oğlu Vasif, Asif oğlu Vasif.

- Fərid, - guya bilmirsən oğlanın adı Fəriddi? - ata gülümsədi.
- Olsun Fərid, dediz ki, qızımız hələ ərə getmək istəmir. Haçansa ərə getmək istəsə də, başqasına gedəcək.

- On birinci sinifdə bir-biriniz üçün ölürdüz ki, noldu bir dəfə dalaşdız daha barışmadız. - ana Rəna üçün çay süzə-süzə dedi.
- İndi zəhləm gedir ondan. Görən gözüm yoxdu onu. Bir də ki, mən ərə getmək istəmirəm də. Arzumu bilirsiz də, aşpaz köməkçisi olum, nə bilim sonra elit bir restoranda aşpaz olum, sonra özümün böyük restoranım olsun. Xırda-xırda öz arzuma tərəf gedirəm də. Nə ərə getmək?

- Ay qız, 28 yaşın oldu bu gün. Xırda-xırda arzusuna gedir kişinin qızı, - anam bu dəfə bir az sərt danışdı. – Oğlan varlı-hallı ailədəndir. Elə atasının şəhərdə 3 dənə sən deyən o elit restoranları var. Get ona ərə, bir oğlan doğ al qucağına, sonra da şirin dilinə sal, razılığın al restoranlardan birində get ol da, baş aşpaz olursan, aşpaz Abbas olursan özün bilərsən. Dilim də dolaşdı.

- Sən dediyin bəyəm birdən oldu? Elə sən də mərhələ-mərhələ dedin, sadəcə mən ayrı yoldan deyirəm, sən ayrı yoldan. Başım ağrıyır, qalxıram otağıma.
- Sabah bu haqqda daha ciddi danışacayıq, - ata deyib, - ayağa qalxdı.

Leylanı evdə anası tək qarşıladı. Sözünə də qəfil başladı.
- Leyla, atanı işdən çıxarıblar.
- Niyə, - Leyla təəccübləndi.
- Pensiya yaşıdır da. Çıxmalıydı da. Təcili özünə iş tap.
- Bu da ad günü hədiyyəsi. Yoxdu da, iş oldu mən işləmədim ay ana?
- Haçan axtardın ki? Mən səni harasa yazan, iş axtaran görməmişəm. Mənəm işləmirəm, atan da sabahdan işsizdi. Qardaşın yox, nənən qoca arvad. Nəsə iş tapmaq lazımdır da. Başqa necə olacaq?
Leylanın atası siqareti çəkib eyvandan otağa qayıdır.
- İş axtarmağa ehtiyac yoxdu. Dostum var, restoran işi ilə məşğuldur, indi yeni bir restoran açıb tapşırıb oğluna, o da ora işçilər yığır. Mənə dedi, dedim qızım gələr işləyər də.

Leylanın gözlənilməz xəbərdən gözləri bərəldi, ağzı açıq qaldı.
- Restoranda? Mən orda nə işləyəcəm? Mənim restoran təcrübəm var, ay ata?
- Direktor qoymurlar ki, bu dəqiqə səni. Nəsə mətbəx işidir. Sabahda birigündə get maraqlan da.
- Qab yuyacam?
- Deyirəm dostumun restoranıdır. Səncə sənə qab yuyan işini rəva bilər?

Aşpaz köməkçisi filan olar da, ən azından.
- Əla da əl qabiliyyətin var , - ana qızını həvəsləndirmək istədi.
- Var idi, yüz ildi heç nə bişirmirəm, yoxe mənlik deyil.
- Yemək bişirmək bacarıqlarını yadına salarsan işləyərsən, oğlan da subaydı da səhv etmirəmsə, bəlkə elə ərə də getdin ona, çıxdın oturdun evdə. –
Leylanın anası göz vurub gülümsədi.

Leyla ərə getmək variantını eşidib yumşaldı. Amma qətiyyən yemək bişirmək, mətbəxdə qurdalanmaq arzusu yox idi.

- Baxarıq, - Leyla dedi.

Səhəri gün rəfiqələr parkda görüşdülər. Hər ikisi axşam olanları biri birinə demək üçün səbrsizlənirdi. Söhbətə Rəna başladı.

- Leyla, dünən ayağımı evə qoyan kimi, anamla atam yenə ərə getmək mövzusunu atdı ortaya. Bir dənə istədiyim işi tapıb başlasaydım, görərdilər ki, doğurdan da karyera qurmağa çalışıram. Bəlkə onda əl çəkərdilər məndən.

- Bilsən məndə nə olub? Ən zəhləm gedən şey nədir? İşləmək, düzdür? Bəxtimdən atamı işdən çıxarıblar, təcili evdən mənim işləməyimi istəyirlər. Necə olubsa axtarmağa vaxt da yoxdu. Çünki atam artıq mənə iş də tapıb. Ən bilsən nə iş?

- Nə? - Rəna soruşdu.
- Sənin karyera arzunla bağlı iş. Aşpaz ya aşpaz köməkçisi.
- Nə? Doğurdan?
- Həye. Ay qız mənim işləməklə aram yoxdu da. Bax ərə gedim oturum evdə. Keçibe deyəcəm. Dünən tortu üfürəndə də arzu tutdum ki, bir iki günə, bir iki aya kimsə evlilik təklif eləsin, çıxım gedim ərə. Elə bil arzularımız qarışıq düşdü. Məndəki səndə çin olur, səndəki mən də.
Elə bil Leylanı kimsə çimdikləyib ayıltdı.
- Dayan e, deyəsən elə doğurdan sən deyən kimi arzularımız səhv düşüb. Mən də dünən ürəyimdə arzu tutdum ki, heç olmasa kimsə məni yanına aşpaz köməkçisi götürsün.

Rəna təəccübdən açıq qalan ağzını əli ilə tutub, bərəlmiş gözlərini Leylaya yönəltdi.

- Ay qız yüz faiz. Ola bilər yəni belə şey? Necə ola bilər ki?
- Şamlar, - Rəna dedi, - hərə öz şamını üfürmədi axı. Sən mənim, mən də sənin şamını üfürdüm. İnandırıcı deyil amma bəlkə ona görə arzularımız dəyişik düşüb.
- Elə görünür amma mistikaya oxşadıye bir az, - Leyla inanmadığını büruzə verirdi.

- Yadına sal, biz şamları üfürən kimi, kafedə işıq söndü, külək qopdu, dibçəyi saldı. Şamlardan da gördün necə qəribə tüstü çıxırdı. Elə bil yanğın olmuşdu kafedə. Bir müddət tüstüdən heç nə görmək olmurdu. Məncə o şamlarda nəsə vardı. Ad günü şamı idi dəqiq?
- Şam şamdı da. Nənədən götürmüşdüm də. Maraqlanaram özündən.
- Bəlkə sənin nənən, cadügardı? – Rəna zarafat elədi.
- Yox, lap çoxdan ruh zad çağırırdı. Amma daha elə işlərlə məşğul olmur.
- Nənən evdədirsə - Rəna dedi, - indi bəlkə gedək özündən soruşaq?
Leyla ilə Rəna gələndə nənə öz otağında köhnə mis qabın içində sürvə yarpağıyla üzərliyi, dəfnə yarpağını qarışdırıb yandırdı. Qızlar nənəni öpüb qucaqlayandan dərhal sonra Leyla söhbətə keçdi.
- Nənə, sənin mücründən şam götürmüşdüm. Üzr istəyirəm, icazəsiz olub.

Ad günü tortumuza şam tapa bilməmişdim...

Nənənin üzü qəribə, narazı ifadə almışdı.
- Yadıma düşdü ki, - Leyla sözünə davam elədi, - orda ad günü şamına oxşayan şamlar görmüşdüm. Onları tortun üstünə keçirib, yandırıb üfürmüşük.
- Onlar nə şamlar idi? - Rəna xəbər aldı.
Nənə mücrüsünü açıb, ordan hərf formasında olan yaşıl, bənövşəyi şamları götürüb qızlara göstərdi.
- Bu şamlardan idi?
- Aha, - Leyla dedi. Bunlar nə üçündü ki?
- Arzu şamlarıdır. Amma çox güclü, təsirli şamlardı. Bunlar mənə nənəmin anasından qalıb. Özü də əl işidir. Tərkibində çox gizlin, nadir otların yağı var. Sirrini də heç kim bilmir. Düzdür gərək mənə deyib götürərdin. Çünki kiminsə əlinə keçsə, birdən pis məqsəd üçün də istifadə edə bilər. Amma dediz başa düşdüm ki, ad günü arzusu üçün yandırmısız. Deməli arzularınız çin olacaq.

Qızlar bir birinin üzünə baxanda nənə nəyinsə düz getmədiyini anladı.

- Üzünüz xoşuma gəlmədi, nə olub ki?
- Nənə, - Leyla dedi, - bilirsən, biz arzu tutduq, amma birimiz o birimizin şamını üflədik deyə, tutduğumuz arzular yerini dəyişdi. Elə bil mənim arzum Rəna üçün həyata keçməkdədir, onun arzusu mənimçün.
- Hə, bunu yəqin şam da gözləmirmiş, - nənə gülümsündü. – Artıq şam öz təsirini göstərib deyirsiz hə? Görürsüz deyirəm də çox təsirlidirlər.
- Bu tilsimi necəsə pozmaq olar? - Rəna soruşdu.
- Bəlkə də qızım, amma onu mən də bilmirəm. Problem nədədir?
- Elə bil ki, - Leyla utana-utana dedi. – Mən ailə qurmaq, ərə getmək istəyirəm, Rəna da karyera qurmaq. Ona bir oğlan elçi düşüb, mənə də iş düşüb. Mən işləmək istəmirəm, o da ərə getmək.

- Olsun. Bəlkə qismətiniz burdadır. Sənin nə öz sevdiyin, bəyəndiyin də yoxdu, nə də qapımıza elçi gələn. Yəqin qismətin iş yerində olacaq. Sənə də qızım, nə deyə bilərəm ürəyinə yatan oğlandısa razılaş ailə qur. Gec tez ailə qurmalısız da.

- Oğlan xoşuna gəlir. Düzdür heç vaxt mənə göstərməyib. Deyəsən danışmırlar, haçansa Rəna onu bərk qısqanıb, küsüşüblər. – Leyla zarafatca Rənanın çiyninə vurur.

- Nolar, - nənə dedi. – Yenə barışarsız. Demirsən karyera qurmaq istəyirəm. Elə bəlkə öz həyat yoldaşın kömək edəcək sənə. Nə bilmək olar?
Nənə qızları qismən də olsa razı sala bilmişdi. Söz vermişdilər ki, fikirləşəcəklər. Sadəcə gözləmədikləri yeni nəsə baş verə bilərdi. Bəlkə Rənaya elçi düşən Fəridlə, Leylanın restoranında işləyəcəyi, ona ərə getmək xəyalı qurduğu oğlan eyni adamdı? Nə fikirləşirsiz, ola bilər? Mümkündürsə, onda bu hekayəni romana da çevirmək olar, film ssenarisinə də.

# 1861 dəfə oxunub

Müəllifin son yazıları

# # #