23 nömrəli oturacaq - Rafiq İbrahim

Rafiq İbrahim

Rafiq İbrahim

21 noyabr 2022
# 17:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rafiq İbrahimin "23 nömrəli oturacaq" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

23 nömrəli oturacaq

Yerdəyişmə

Bakı Avtovağzalı. Səhər saat 07:32. Alaqaranlıq. Region avtobusları dayanan mərtəbəyə doğru pilləkənlərlə qalxıram. Gözümə o qədər də çox adam dəymir. Bazar günüdür, yəqin ona görə. Kassaya yaxınlaşıb dünən onlayn bilet aldığımı bildirirəm. Kassir xanım onlayn biletlərin başqa kassada verildiyini söyləyir və məni ora yönləndirir. Həmin kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəmi təqdim edirəm və saat 08:00-da çıxmalı olan “Mercedes” markalı avtobusun 23 nömrəli oturacağı üçün nəzərdə tutulan biletimi götürürəm. 23 nömrəli yeri xüsusi olaraq seçmişdim. Çünki düz avtobusun ikinci qapısının yanında idi, yəni arxa boş idi, rahatca söykənib yatmaq olardı.

Sevincək sakit addımlarla üzərində “Gəncə” yazılan avtobusa tərəf gedirəm. Avtobusu yaxından görcək üzümdəki təbəssüm solur. Köhnə, yaramaz və əldən düşmüş halı kefimi pozur. Yüngülcə ah çəkib özümdən soruşuram:

- Hələ də?

Region avtobuslarının qarşısında adətən 5-6 nəfər dayanır. Bilmirsən, hansı şoferdir, hansı maşının yiyəsi, hansı şoferdən 3-5 manat qapmağa çalışan adi adam, hansı biletləri yığan. Öyrəşmişəm. Bilet əlimdədir. Qəfil:

- 23? - həmin toplunun içərisindən biri soruşdu.

- Bəli, 23 - cavab verdim. Deyəsən, onlayn bilet alan yeganə şəxs mən imişəm.

- Bircə dəqiqə. Ayə, ordan şeyi çağırın (sonra isə dəqiq adını söylədi, ancaq unutmuşam artıq).

Çağrılan adam yeyin addımlarla mənə yaxınlaşdı. Avtovağzal işçisi olduğu görünürdü.

- Bircə dəqiqə, bileti mənə verin... Hə, deməli, sizin yer 19-dur.

- Niyə? - çaşqın və bir qədər də qəzəbli halda soruşdum.

- 19, 23-dən də yaxşıdır – o, həyəcanla söylədi.

- Axı mən 23-cü yer üçün bilet almışam?! - demişdim ki, onun qaça-qaça harasa getdiyini gördüm və onu gözdən itirdim. Kefim lap pozuldu. Lakin buna da öyrəşmişdim. Tamamilə normal idi belə hallar.

Həmin avtovağzal işçisini gözləmədən, bəlkə də, 90-ci illərdən bəri xəttə buraxılan bu köhnə “Gəncə-Bakı” avtobusuna mindim. Rəflərin altındakı rəqəmlərə baxa-baxa avtobusun "quyruğu"na doğru addımlayırdım.

- 11-12, 13-14, bir dəqiqə, 23 heç həmin yer deyilmiş ki?! - təəccüblü halda özümə təsəlli verdim. “23” həmin oturacaq deyildi, ondan bir cərgə arxadakı oturacaq idi. Orda isə qəşəng geyinmiş ziyalı təsiri bağışlayan bir nəfər əyləşmişdi (sonradan tarix müəllimi olduğunu bildim). Əhvalım onsuz da avtobusa və avtovağzal işçisinin hərəkətinə görə pozulmuşdu, mübahisə etməyin də bir mənasını görmürdüm. Çünki 23, mənim seçdiyim 23 deyildi...

Çantalarımı oturacağın üstündəki rəflərə yerləşdirdim və "öz yerimə" keçdim. Ən azından pəncərənin yanı idi, üstündən kif iyi gələn qırmızı pərdələri istədiyim kimi kontrol edə bilərdim. Oturan kimi oturacağın arxaya tam getdiyini və "əyləc" funksiyasını daşıyan rıçaqın işlək olmadığının fərqinə vardım.

- Nə xoş təsadüf?! Hə, sonra? - qara mizahla və balaca bir təbəssümlə özümdən soruşdum. Bir təhər oturmağa çalışırdım ki, həmin avtovağzal işçisinin biletimi mənə uzatdığını gördüm. Bileti götürdüm, heç nə demədim. O da tez-tələsik avtobusdan düşdü.

Etiraz

Saat 08:10. Avtobus hələ də Bakı Avtovağzalını tərk etməyib, yerində oynayır. Şofer sərnişin axtarır, özünü ora-bura vurur ki, avtobus tam dolu getsin. Arxa oturacaqlarda əyləşən 6 nəfər kişi xeylağı əvvəlcə yüngülvari narazılıq etsə də, sonradan hikkəsindən dayana bilməyib birbaşa şoferin üstünə tökülüşür. Səs-küy, hay-həşir qopur. Sürücü narazı sərnişinlərin artdığını görüb, dərhal sükan arxasına əyləşir və yola çıxır.

Bu 6 nəfərin içərisində 23-cü yerdə əyləşən və tarix müəllimi olduğunu zənn etdiyim həmin şəxs də var idi. Daha doğrusu, etirazı o idarə edirdi, ətrafındakı adamları cuşa gətirmiş və ilk olaraq sürücünün "üstünə atılmışdı". Deyəsən, yasa tələsirdi. Vaxtında çatıb, sonra Bakıya geri qayıtmalı idi. Avtobusun gecikməsi ilə bağlı yaranan hay-küy içərisində eşidə və fərqləndirə bildiyim yeganə səbəb onunku idi.

Avtobus tədricən Bakı-Qazax magistralına doğru hərəkət edir. Günəş artıq çıxmağa başlayır. İndi başa düşdüm ki, növbəti 4-5 saatlıq yolda Günəş də məni rahat buraxmayacaq.

Alov qüllələri

Hələ Bakını çıxmamışdıq. Günəş də hələ tam şəfəq açmamış və pəncərənin pərdələrini örtməmişdim. Yola baxırdım. Solumda müxtəlif hündürmərtəbəli binalar vardı. Qəfil “Alov Qüllələri” göründü. Əzəmətli binalar. Bakının və Azərbaycanın rəmzi. Fikirləşirdim:

Görəsən, Azərbaycan cəmiyyətini Bakı Avtovağzalı yoxsa Alov Qüllələri daha yaxşı əks etdirir?

Qəribə təsadüf idi, ancaq tam yerinə düşmüşdü. Böyük, həddindən artıq böyük uçurum vardı bu 2 tikili və bu 2 tikilidə çalışan insanlar arasında. Görəsən, hansı Azərbaycan reallığını dünyaya daha doğru və olduğu kimi göstərir? Bu barədə Alov Qüllələri gözdən itənə kimi bir xeyli düşündüm.

Qorxu

Dəqiq bilmirəm, o, kim idi: yəqin ki, avtobusun yiyəsi olardı. Həmin bu orta yaşlı adam, deyəsən, sərnişinlərin etirazından narahat olmuşdu və məsələyə aydınlıq gətirmək üçün avtobusun "quyruğu"na gəlib söhbətə başladı:

- Bax, məni səhv başa düşməyin. Dava eləməyə ehtiyac yoxdur. 5-10 dəqiqə o yan, bu yan fərq eləmir, onsuz da 1-dən tez çatan deyilik. (günorta 1 nəzərdə tutulur)

- Necə?! - tarix müəllimi ayağa qalxıb hirslə soruşdu.

- Mən şoferlə şərt kəsmişəm ey! Avtobus saat 12-də Gəncədə olmalıdır, dayanmaq söhbəti yoxdur.

Digərləri də onun səsinə səs verib, şoferin Avtovağzalda ləngiyərək hamını əsəbləşdirdiyini dedilər. Ara yenə qarışdı. Tarix müəllimi dərhal yerindən sıçrayıb sürücünün yanına getdi, verdiyi sözü ona xatırlatdı. O da başı ilə təsdiqlədi. Avtobusun yiyəsi də bu söhbətin mənasız və yorucu olduğunu görüb söz aldı:

- İstəyirsiniz ki, avtobusun təkəri çıxsın, dombalaq aşaq, mən də türməyə düşüm?!

Sükut. Hamı susdu. Cümlənin gücünə bax! Nə vardı ki bu ritorik sual cümləsində? Pafos? Xeyr. Məntiqi-rasional arqumentasiya? Xeyr. Nəzakət? Xeyr.

Qorxu! Qorxu vardı bu cümlədə. Can qorxusu, ölümdən qorxu, təyinat nöqtəsinə salamat çatmamaq qorxusu. Ağarmış saçlarından hiss olunurdu ki, həmin kişi xeylaqları 90-cı illərin ağrı-acısının, xaos və qarışıqlığının şahidi olmuşlar. Səhər saat 3-dən çörək növbəsində dayanıb, bununla belə evə çörək apara bilməmə qorxusunu, müharibəyə gedən özlərinin, qardaş və ya atalarının geri qayıtmama qorxusunu, yenicə müstəqilliyə qədəm qoymuş ölkənin parçalanma qorxusunu sümüyünün iliyinə kimi hiss edən onlardan daha yaxşı kim anlaya bilərdi qorxunun nə olduğunu?!

Bir sözlə, qorxu qalib gəlmişdi. Sərnişinlərə təyinat nöqtəsinə tez yox, sağ-salamat çatmağın lazım olduğu aydın oldu. Digər şeylər artıq əhəmiyyət kəsb etmirdi. Təhlükəsizlik daha vacibdir, daha ümdədir. Sürücü və avtobus yiyəsi həmişə haqlıdır! Yaşasın sürücü! Yaşasın avtobus yiyəsi! Ar olsun təhlükəsizliyimizi təhdid altına alanlara! Ar olsun doğrunu deyənlərə! Ar olsun şoferi və avtobus yiyəsini gözü götürməyənlərə!

Arxadakılar bir az öz aralarında deyinib sakitləşdilər və bir-birilə söhbətləşməyə başladılar. Mübahisə unuduldu. 23-cü yerdə oturan dayının tarix müəllimi olduğunu bu zaman bildim. O, dayanmadan can-fəşanlıqla Roma, Misir və Azərbaycan tarixindən danışır, yol yoldaşına nələrisə başa salmağa çalışırdı.

Heç çox keçmədi ki, mənim yanımda oturan adam arxadakı boş oturacağa keçdi. Niyə belə elədiyini əvvəlcə anlamadım. Sonradan ayağama soyuq külək vurduğunu hiss etdim. Sən demə, avtobusun ortancıl qapısı yaxşı bağlanmırmış. Gülmək və ya ağlamaq üçün daha bir səbəb!

Barışıq

Avtobusun yiyəsi öz bildiyi kimi elədi və Kürdəmir tərəfdə istirahət üçün avtobusu saxlatdırdı. Lakin çox diplomatik və incə bir addım atdı: şikayət edən müəllimi çaya qonaq elədi. Necə deyərlər:

Ordunun başçısını aradan götür, ordu dağılsın.

Yaxud ən çox səs-küy salana istədiyini ver, səs-küy anındaca yox olsun. Müəllim adam da nə istəyir? Hörmət, rəğbət və sayılmaq.

Çox uğurlu gediş idi. Hamı yenidən avtobusa minəndə tarix müəlliminin şofer və avtobusun yiyəsi ilə səmimi söhbəti bunu sübut edirdi. Barışıq baş tutmuşdu.

Finiş xətti

Çay fasiləsi, deyəsən, sürücüyə də yaxşı təsir göstərmişdi. Gözlənilənin əksinə olaraq avtobus 13:00-da yox, 12:20-da artıq Gəncəyə daxil olmuşdu. Çantalarımı götürüb avtobusdan düşdüm, yaxınlıqdakı dayanacağa yollandım. Yorulmuşdum. Amma yol hələ bitməmişdi.

Gözlədiyim şəhər avtobusu, nəhayət, gəldi. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə “BakuBus”lar yoxdur. Köhnə avtobuslardı. Bakıda şəhər kənarında və ya qəsəbələrarası işləyən avtobuslar. Bəxtin gətirsə, hələ SSRİ dövründən qalan, qapısını öz əlinlə açdığın və ayaqüstə sual işarəsi şəklində dayandığın “Qazel” markalı avtobusları da görə bilərsən.

Qara Maska

Millət millətin belində idi. Məcbur arxa qapıdan içəri girdim. İlk gördüyüm rəng - Qara. Sonra başımı qaldırıb baxdım ki, hamı qara geyinib. Cavan oğlanından tutmuş ta yaşlı təqaüdçüsünə kimi. Gödəkcə, köynək, şalvar, cins, ayaqqabı, hətta tibbi maska QARA. O boyda camaatın içində fərqlənən mənim göy rəngli çantalarım və tibbi maskam idi. Özümü bir anlıq avtobusda yox, hansısa yas mərasimində hiss elədim. Çünki insanların üzündən də zəhrimar yağırdı. Ümidsizlik, bədbinlik, mənasızlıq və yoxsulluq oxuya bildiyim sadəcə bir neçə söz idi həmin üzlərdən.

Bakıdan təxminən 350 km məsafə geriyə qət etmişdim. Ancaq geriyə qət etdiyim yalnız kilometrlər deyildi...

Dayanacaqlardan birində 2 polis əməkdaşı, sən demə, avtobusda maska taxmayanlara qarşı reyd aparırmış. Avtobus elə həmin dayanacağa çatmışdı ki, onlar arxa qapıdan içəri girdilər və 3 nəfər maska taxmayanı çıxartdılar. Onsuz da gərgin və narahat olan ab-hava daha da gərginləşdi.

Ailə

Nəhayət, evə çatdım. Qapıdan içəri girib ailə üzvlərimlə görüşmək kifayət idi ki, bütün stressim, narahatçılığım yox olsun. Üzümdə təbəssüm, qəlbimdə sakitlik və gözlərimdə sevinc yaransın. Yerdə qalan yalnız fiziki yorğunluq idi, o da bu gecə məni tərk edəcək.

Yol insana çox şey öyrədə bilər. Televiziyada, radioda eşitmədiyin, xəbər saytlarında, sosial şəbəkələrdə oxumadığın və dostlarınla danışmadığın nəsnələri öyrədər. Heç ruhun da incimir, bir də görürsən ki, tək olmayıbsan, ölkədəki ictimai-siyasi vəziyyət də səninlə bərabər yola çıxıb.

# 2263 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #