Bir damcı göz yaşı - Fərhad Kərimli

Fərhad Kərimli

Fərhad Kərimli

19 dekabr 2022
# 19:15

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Fərhad Kərimlinin "Bir damcı göz yaşı" hekayəsini təqdim edir.

Maşın mənzil başına çatan kimi, hələ qapılar açılmamı itlər maşını mühasirəyə aldılar. Hürməsələr də, quyruq bulayır, diqqətlə bizə baxırdılar. Atam bizi maşını ilə gətirən əmoğluma, bacıma və mənə maşından düşməyib dayılarımdan birinin gəlməyini gözləməyi tapşırdı. “İtlər hürsəydilər, çoxdan hürərdilər” deyib maşından düşdüm. Sanki itlər də babamın öldüyünü duymuşdular. Sahiblərinin ruhu şad olsun deyə hürmür, gecənin zülmətiylə ayaqlaşır, elə bil bir günlük ana təbiətə qarşı çıxaraq öz heyvani instinklərini dondurub insani ruh geyinmişdilər.

Ayrı vaxt evin yüz addımlığına yaxınlaşmağa belə imkan verməyən, addım səsini eşidib, ya da hənirti duyub səs gələn tərəfə qaçan, babamın evlərinin yanından keçənləri əlinə ağac almağa vadar eləyən itlər indi pişik görmüş siçan kimi yerlərində donub qalmışdılar. Başlarını gövdələrinə qısmış köpəklərin gözləri yağışlı havada ailəsini dolandırmaq üçün satdığı sonuncu salfeti kimsə alsın deyə qarşısına çıxan istənilən adama yalvaran uşağın ümidsiz baxışlarını xatırladırdı...

Yadımdadı, keçən il yay tətilində bura – babamgilə gələndə itlərdən qorxduğum üçün düşünmüşdüm ki, dayoğluma zəng eləyib deyim ki, qabağıma çıxsın. Sonra ağlıma gəldi ki, ona sürpriz eləyim. Qabağıma çıxmağını istəməyim, heç gəldiyimi də deməyim. Valehə zəng eləyib hal-əhval tutandan sonra yanında kim var deyə soruşdum. Guya ona deyəcəyim sözləri kimsə eşitməsin deyə evin arxasına çıxmağını və uzaqlaşa bildiyi qədər evdən aralanmağını xahiş etdim. Mən də evə az qalmış onunla qarşılaşacaqdım. Həm dayoğluma sürpriz etmiş olacaqdım, həm də o məni itlərdən ötürəcəkdi.

Dayı oğlum anasının yanında olduğunu deyəndən sonra ona evin arxasına keçməyi və çox uzaqlaşmağı tapşırdım. Qaçdığını telefonda hiss edirdim. Evdən aralandığını və məni dinlədiyini deyəndə əsas yoldan çıxıb babamgilin həyətinə tərəf yeridim. Valehi söhbətə tutub evə yaxınlaşırdım ki, itlər hürüşməyə başladılar və mənə tərəf götürüldülər. İtlərin hürdüyünü görən, ya da eşidən Valeh telefonda mənə “Gözlə!” deyə qışqıranda anladım ki, o evin arxasına yox, qabağına – pəyələrə tərəf gedib.

Üç əniyin mənə tərəf gəldiyini görüb dayandım. Arxadan Valeh nə qədər qışqırsa da, itlər dayanmadı. Müvazinətimi tarazlayıb özümü hazırladım ki, itlərdən hansısa məni tutmaq istəsə, təpiklə vurum. Küçüyün biri o birilərini geridən qoyub daha sürətlə yaxınlaşdı. Üstümə atılmağa az qalmışdı ki, sol tərəfdən babamın “Vaşaq” dediyi yaşlı, tükləri tökülən, sümük gəmirməyə gücü qalmayan it dərədən çıxıb küçüklərin üstünə təpinirmişcəsinə hürdü. O saat da küçüklər qabaq ayaqlarını əyləc kimi istifadə eləyib dayandılar. Vaşaq ikinci dəfə “geri qayıtmaq”larını tapşıran əda ilə hürüb, küçükləri öz yerlərinə göndərib quyruğunu bulaya-bulaya mənə tərəf gəlməyə başladı. Valeh özünü yetirdi, hərarətlə görüşdük. Hal-əhval tutana qədər Vaşaq bizə çatdı. İtə işarə eləyib Vüsala dedim:

– Bu qoja hələ ölməyib, ə?
– Hara ölür, hələ nəticəsi olacaq bu yaxınlarda, – deyə Valeh zarafatıma gülüşlə cavab verdi.
– Vaşaq olmasaydı, küçüklər çoxdan tutmuşdular məni, – əyilib itin boynunu sığalladım. – Adı qədər də var imiş.

Vaşaqı sığalladıqca itin tükü yerə tökülür, əlimə yapışırdı. Babamın çox iti vardı, hər il də ya təzə it gətirirdi, ya da balaca küçüklər böyüyürdü deyə itlərin çoxu məni tanımırdı. Bircə Vaşaq tanıyırdı.

... Həmin küçüklər indi böyüyüb it olmuşdular. Onları görən kimi ağlıma Vaşaq gəldi. Bizi qarşılayan dayımdan soruşmaq ayıb olardı:
– Allah rəhmət eləsin, dayı, – Xəlil dayımla görüşüb qucaqlaşdıq. – Axır qəmimiz olsun.
– Allah ölənlərimizə rəhmət eləsin... – Ciyiltili səsi kədərdən qalınlaşan dayım məni qucaqlayıb cavab verdi.

Xəlil dayım məni irəli ötürüb atamla görüşəndə mən də Şakir dayımla görüşdüm. Vaşaqı ondan da soruşmadım.

Dayılarımın müşayiətiylə evə sarı addımladıq. Həyətdəki iki böyük tut ağacının altına yığışan qohumlarımız bir-bir irəli gəlir, salamlaşırdılar. Bütün qohumlarla, yasa gələn əqrəba ilə görüşüb qoşuldum dayı və xalam uşaqlarına. Başladıq işə.

İşləyir, gələnlərə qulluq edir, dayı və xalam uşaqları ilə söhbətləşirdim ki, başımı qatım. Bilirdim ki, düşünməyə başlasam, kövrəlib ağlayacağam. Bura gələnə qədər də başımı qatmış, fikrimi dağıtmış, tək qalmaqdan qaçmışdım. Atam zəng eləyib babamın öldüyünü deyəndən indiyə qədər...
Gecələr noutbukda hekayələr yazdığım, redaktəylə məşğul olduğum üçün gec yatır, səhərlər də gec dururam. Həmin gün də atam zəng eləyəndə yatmışdım, zəngin səsinə güclə özümə gəlirdim. Artıq atamın altıncı zəngində ayılıb cavab verdim:

– Bəli, müəllim...
– Durmusan, qaqa?
– Durmusan da sözdü? İdmandan gəlib çimmişəm, elə indicə çıxmışam, – ağ olmasa da, şirin yalan söylədim.
– Elə yerə keç ki, səsimizi heç kim eşitməsin.

Elə bildim ki, mən Valehə etdiyim kimi, o da mənə sürpriz edəcək.

– Müəllim, elə yerdəyəm ki, kimsə qulaq asmaq istəsə də, eşidə bilməz, –bu dəfə yalan demirdim. Yorğanın altında idim.
– Oğlum, Vəli kişi rəhmətə gedib.
– Allah rəhmət eləsin, hansı Vəli kişi? Yaxın adamdır?
– Vəli baban... – necə köks ötürdüsə, artıq sual verməyə ehtiyac qalmadı. Sürpriz...

Atam daha heç nə demədi. Bundan sonra nə etmək lazımdırsa – evdəkilərə münasib şəkildə xəbər verməyi, kimin rayona nə vaxt, nə ilə, kimlə gedəcəyini planlaşdırmağı mənim öhdəmə buraxdı. Həm də yəqin ki, məni özümlə baş-başa qoydu ki, xəbəri həzm eləyim...

Yorğanın altında babamı və babasızlığı düşünməyə təzəcə başlamışdım ki, artıq kövrəldiyimi hiss elədim. Yox! Möhkəm olmaq lazımdır! Möhkəm olmalıyam ki, anam da, bacılarım da, qardaşım da möhkəm olsunlar!

Anam da, bacılarım da, qardaşım da ağladılar! Qadınlar hönkür-hönkür ağlayanda yenə qəhər gəldiyi üçün tez kimin nə vaxt, kiminlə və nəylə rayona gedəcəyini düşündüm. Birinci anamı xalamgillə göndərməyi qərara aldım. İki bacı yol boyu ağlayıb dərdləşərdilər. Qardaşım məktəbli olduğu üçün bacımın biri onunla qaldı evdə. Sabah da atamla mən digər bacımla gəldik bura.

İş qurtardı. Oturub dincəlmək üçün qırağa çəkildik. Heç birimiz danışmadığımız üçün yenə düşünməyə məcbur olacaqdım.

Tez durdum ayağa. Ətrafa nəzər salıb görməyə iş axtardım. Gözüm somavarın yanındakı odunlara sataşdı. Dəhrəni əlimə alıb odun doğramağa, başımı qatmağa başladım.

Dövlətlər də belə idarə olunur. İnsanları səhərdən axşama qədər işləməyə məcbur eləyən sistem onları düşünməyə qoymur. Əgər insanlar işlərini bir kənara atıb düşünməyə, götür-qoy eləməyə, mövcud vəziyyətləri ilə barışmayaraq vəziyyətdən çıxmağa çalışsalar, həqiqətən də istədiklərinə nail ola bilərlər. İş saatı daha az, maaşı daha çox olan ölkələrdə insanlar düşünürlər. Ya da düşündükləri üçün yaxşı yaşayırlar. Dekart deyib ki, düşünürəmsə, deməli varam. Düşünən insan heç bir hakimiyyətə lazım deyil. Lazımsızlar isə ömür boyu işləməyə məcburdurlar.

Dəhrənin ağzına ilişib qalmış odunu qırmaq üçün dəhrəni qaldırıb çırpdım yerə. Dəhrənin tiyəsi düyünə saplanmışdı. Əl saxlayıb məsələni necə həll edəcəyimi düşünməyə başladım. Babamın özü əkdiyi ərəl ağaclarını sulamağına kömək eləməyim düşdü yadıma...

Babam sırayla əkilmiş ərəllərin dibini təpə-təpə irəliləyir, mən də onun arxasınca gedir, əl-ətəkdə olan budaqları qırıb atır, dibindəki göbələkləri təmizləyirdim. Mənim arxamca da Vaşaq gəlir, mən dayandıqca o da dayanır, işimə baxıb quyruq bulayırdı. O vaxtlar mən uşaq, Vaşaq da cavan idi.

... Dəhrəni qırağa atıb burnumu çəkdim. Gözlərim Vaşaqı axtardı, tapa bilmədim.

Həsən dayım əlində sümük dolu boşqab yanımdan ötüb pəyəyə tərəf gedirdi. Anladım ki, itlərə aparır. Düşdüm dalına, Vaşaqa da sümük atanda görüm onu. Fışqalayan kimi bizi qarşılayan itlər qaçıb gəldilər pəyənin qabağına. Dayım birinin qabağına sümük atıb yerdəki zəncirə bağlanmış xaltanı keçirdi boynuna. O biri itlər açıq qaldı.

Daha sonra ot tayasının yanına getdi. Boşqabda sümük qaldığı üçün başa düşdüm ki, bir it də orda bağlanıb. Sevincək irəli atıldım, amma Vaşaq deyildi, Bozdar idi.

Dayım boşqabda qalan sümüyün hamısını tökdü Bozdarın qabağına. Bəs Vaşaq?

Bunu ürəyimdən keçirdiyimi sanırdım, sən demə möhkəm demişəm

– Vaşaq o deey toyuq hininin arxasındadı, – deyib başıyla hini göstərdi.
– Ona niyə sümük saxlamadın? – yarı incimiş, yarı hirslə dayımdan soruşdum.
– Get, bax bir, özün görəcəksən niyəsini.

Tez toyuq hininin arxasına qaçdım. Telefonun işığını yandırıb yerə vurdum. Vaşaqın leşdən fərqi o idi ki, güclə də olsa, nəfəs alırdı, aldıqca da qarnı ağır-ağır qalxıb enirdi. İt ölüm ayağında idi. Əsəbimdən bilmədim neyləyim. Vaşaq bir il idi ki, bu vəziyyətdə idi. Düzdür, əvvəllər gəzirdi, hürməsə də, mırıldanırdı, amma yeri gələndə həyat təcrübəsi karına gəlirdi, bəzən əniklərdən də yaxşı hürürdü. Buna baxmayaraq çox qoca idi. Dayılarım babama tez-tez deyirdilər ki, ya bunu aparaq azdıraq, ya da heç nə verməyək, ölsün getsin. Neynirik, havayı bəsləyirik. Daha bundan it olan deyil. Təkcə dayılarım yox, hərdən atasıgilə gələn xalalarım, uşaqları, dayım uşaqları, başqa qohumlar da onların dediyini deyirdilər. Amma babam razı olmurdu, hamısına eyni cavabı verirdi:
– Yerinizi dar eləyir?

Babamın cavabına iti öldürməyin tərəfdarı olan bütün qohumlarım əsəbləşir, mən gülür, Vaşaq da başını bulayıb düşürdü babamın dalına.
Hirslə gedib evdən çörək, sümük tapdım, gətirib atdım Vaşaqın qabağına. Heç başını da qaldırmadı. Ancaq gözünü bir anlıq açıb baxdı mənə. Sanki son dəfə... Təşəkkür elədi... Sağ ol dedi...

Gecə evdə yatmadım. Əmoğlumdan açarı alıb maşında yatdım. Əgər buna yatmaq demək olardısa. Oturacaq narahat olduğu üçün o yana, bu yana çevrilir, üstümdən düşən gödəkcəmi təzədən sinəmə çəkir, hərdən gözümü açıb çölə baxırdım. Birdən-birə necə kövrəldimsə, atamın babamın ölüm xəbərini verdiyi andan indiyə qədər içimdə saxladığım sızıltı nəfəsimi kəsməyə başladı. Amma deyəsən babamdan çox Vaşaqa etdiklərinə görə ağlayırdım.

Babam ölən kimi Vaşaqı da ölümə tərk etmişdilər...

Səhər hamımız durub getdik qəbir üstünə. Maşınları qəbiristanlığın kənarında saxlayıb üst-başımızı düzəldə-düzəldə, aldığımız güllərin tozunu silə-silə babamın qəbrinə doğru gedirdik. Çatanda ziyarətə gələnlər təzə məzarın üstündəki torpaq topasının yanında diz çöküb ağlamaq əvəzinə, yerində donub qaldı. Hamı heyrətlə torpağın üstünə uzanmış itə baxırdı... Mənsə qarnı daha qalxıb enməyən Vaşaqın açıq gözlərindən qəbrə süzülən bir damcı göz yaşına...


# 2463 dəfə oxunub

Müəllifin son yazıları

# # #