Ata Şuşa - Daşqın Məmmədov

Daşqın Məmmədov

Daşqın Məmmədov

21 noyabr 2022
# 19:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Daşqın Məmmədovun "Ata Şuşa" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ata Şuşa

(Şuşa ilinə həsr olunur)

İki gün idi Şuşada güllə, mərmi səslərinin arası demək olar kəsilmirdi. Şəhərdə çox az adam qalmışdı. Onlardan biri də Üzeyir kişinin ailəsi idi. Ailəsi deyəndə gəlini və nəvələri artıq getmişdilər. Yalnız özü, xanımı və iki oğlu qalmışdı. Oğlanları şəhəri qorumaq üçün könüllü olaraq qalmışdılar. Dar gündə doğma-əziz şəhərlərini tərk edib çıxmağı özlərinə sığışdıra bilmirdilər. Amma nə qədər cəhd edib, məcbur etmək istəsələr də Üzeyir kişini şəhərdən çıxmağa heç cür razı sala bilməmişdilər. Anaları Nigar da; “kişi getmirsə, mən də getmərəm demişdi. Bu 30 illik evlilikdə bir dəfə də olsun ayrı qalmamışıq. Getdiyi yerlərin hamısına məni də aparıb. Tək getdiyi yerlərdən isə işi gecənin hansı saatında bitibsə, o saatda da geri qayıdıb. İndi mən onu qoyub hara gedirəm. Nə olacaqsa qoy onunla birgə olsun”, deyə inad etmişdi.
***
Üzeyir kişi heç nə olmamış kimi hər gün namazlarını qılmaq üçün Gövhərağa məscidinə gedir, Şuşanın küçələrini bir-bir gəzir, Natəvan bulağından və başqa bulaqlardan doyunca su içirdi. Sanki ürəyinə dammışdı ki, bu doğma şəhərdən uzun müddət ayrı düşəcək. Əllərini divarlara sürtür, gülləri qoxulayır, may ayının bütün gözəlliyini çıxarmağa çalışırdı. Kənardan baxan onun havalandığını düşünə bilərdi.
***
Dan yeri açılana yaxın səngərdə yan-yana döyüşən Kamran böyük qardaşı Anara:
- Ermənilərin qarşısını bu qüvvə ilə artıq ala bilməyəcəyimiz gün kimi aydındır. Şəhərə girməklərinə saatlar qalıb. Nə qədər gec deyil, sən özünü evə çatdır. Anamızı-atamızı şəhərdən çıxar.-dedi.
Anar Kamranın gözlərinə baxaraq:
- Bəs sən?
- Məndən narahat olma, bölüyümüzlə birgə sağ-salamat çıxacam,-deyən Kamranı Anar sözünü bitirməyə qoymayıb bərk-bərk qucaqladı. Hər ikisinin gözlərindən yaş su kimi axırdı. Anar kiçik qardaşını yaxşı tanıyırdı. Bilirdi ki, o sonadək döyüşəcək.
Onlar bir neçə dəqiqə bir birlərinə sarılı qaldılar. Bu müddət ərzində hər ikisi birgə keçirdiyi günləri film lenti kimi gözlərindən keçirdilər. Kamranı doğum evindən gətirəndə Anarın altı yaşı var idi. O gün indiki kimi yadındadır. Qapının kəndarında qarşıladı anasını. Anası Kamranı onun qucağına verdi. O da bu cuppulu qırmızı bəbəyə donuq-donuq baxırdı. “Qardaşını öp, Anarım” demişdi o vaxt anası Anara. O da ilk əvvəl bu qırmızı, qabıq vermiş balaca üzü öpmək istəməmişdi. Anasının təkidindən sonra öpmüşdü. Sonra daha pisi oldu, hamı kiçik qardaşını oynatmağa başladı, o isə paxıllıq edirdi. Gizli və aşkar kiçik qardaşını vurur, çimdikləyirdi. Hamı da ona “paxıllığ etmə, Anar. O, kiçikdir sən isə böyük” deyirdilər. “Axı mən də böyük deyiləm”- Anar fikirləşirdi. Amma az keçməmiş qardaşını sevməyə başladı. Ondan ötrü o qədər qonşu uşaqlarını döymüşdü ki. Qardaşının necə böyüməsinin hər anı gözünün qabağında idi. Ən çox xoşladığı isə anasının işi çox olduğu zaman ona qardaşını yatızdırmaq üçün beşiyini yelləməyi həvalə etməsi idi. Beşik yelləndikcə xumarlanıb gözləri axan və yavaş-yavaş yuxuya gedən qardaşına baxmaqdan doymurdu. Kamranın ilk dəfə məktəbə getməyi, velosiped sürməyi öyrənməsi, dərslərdən iki aldıqda anaları tərəfindən döyülməsinədək. O gündən qardaşı bir daha döyülməsin deyə Anar onun ev tapşırıqlarına daim kömək edirdi.
***
Sadəcə bir birlərinin gözlərinə baxıb ayrıldılar və o gündən sonra Kamrandan bir daha xəbər ala bilmədilər. Hər yerdə “itgin düşmüşdür” cavabı ilə yola salındılar.
***
Tənginəfəs evə girən Anar anasına səsləndi:
- Ana, atam hardadı, tez yığışın çıxırıq.
Geyimli hazır olan Nigar ana rəngi saralmış halda:
- Sübh namazına gedəndi Gövhərağa məscidinə, harda var iyirmi dəqiqəyə gələr-dedi.
Anar dilxor halda:
- Ay ana, nə sübh namazı, nə iyirmi dəqiqə. Ermənilər artıq Şuşaya girirlər.
- Əstəğfürlah elə, bala.
- Ana, sən hazırlaş, yüngülvari nə götürmək istəyirsənsə götür. Mən çıxım atamın dalınca. Ona qalsa məsciddə yatıb-qalxar-deyən Anar sürətlə maşına tərəf qaçdı.
Nigar ana ağlaya-ağlaya çoxdan hazır olan bağlamasına bir iki şəkil və sənədi qablaşdırmağa çalışdı.
Anar məscidə çatanda Üzeyir kişi məscidin qapısından bayıra çıxırdı. Maşından atılan Anar atasına:
- Ay ata! Səndən başqa heç kim yoxdu burda, tez gəl. Ermənilər tezliklə Şuşaya girəcəklər,-deyərək qoluna girdi.
Üzeyir kişi isə sanki onu eşitmirdi. Sakit halını pozmadan maşının yanından ötüb keçmək istəyirdi ki, Anar “Ay ata, hara belə, maşına min. Gec olacaq sonra, ana bizi gözləyir” deyərək atasını zorla maşına mindirdi. Evə çatan kimi hər ikisi maşından yerə atılaraq içəri cumdular. Şəhər ətrafında güllə və bomba səsləri artmağa başlamışdı, küçədən tək- tək maşınlar sürətlə şəhərdən erməni nəzarətində olmayan yeganə çıxış yoluna tərəf şütüyürdülər. Evə girən Anar anasının qoluna girib maşına tərəf apardı. Atasının dalınca qayıtdıqda onu özünə çay süzən gördü.
- Ay ata, sən neynəyirsən? Çay vaxtıdır? Bir az da geciksək ermənilər bizi əsir götürəcək. Biz bir yana, bəs anamız?
Stulu altına çəkən Üzeyir kişi oğlunun sözünə məhəl qoymadan çayından bir neçə qurtum içdikdən sonra ayağa qalxdı. Otaqları bir-bir gəzdikdən sonra qıfılı götürüb həyətə çıxdı. Əlini divardan ayırmadan evinin ətrafına fırlandı. Ən sonda qapını bağladıqdan sonra qapı cəftəsindən öpərək, gözləri yaşarmış halda, xırıltılı səslə “gör bu cəftəyə kimlərin əli dəyib, atamın, anamın, nənəmin, babamın, əmilərimin, dayılarımın, xalalarımın, bibilərimin, qardaşlarımın, bacılarımın, dostlarımın” deyərək kəndara çökdü. Gözləri yaşarmış halda atasına baxan Anarı bomba səsi sanki ayıltdı. Tez atasının qoluna girərək:
- Qalx, atacan. Qalx gedək. Tezliklə torpaqlarımızı ermənidən geri alacağıq. Bəlkə heç şəhəri ala bilmirlər(amma bu sözünə heç özü də inanmadı).
Kəndarı öpən Üzeyir kişi yenə də:
- Gör bu kəndardan kimlər ayağını basıb, atam, anam, nənəm, babam, əmilərim, dayılarım, xalalarım, bibilərim, qardaşlarım, bacılarım, dostlarım.
Anar atasını zorla həyətdən çıxardıb həyət qapısını özü qıfıllayıb açarları atasına verdi. Üzeyir kişi maşına minməmək üçün bir daha dartındı. Anar axır ki, birtəhər atasını maşına mindirdi. Maşını sürətlə şəhərin çıxışına sürdü. Şəhərdən çıxan kimi, arxadan anasının fəryad kimi səsi gəldi:
- Saxla, maşını saxla!
Anar özündən aslı olmadan bu səsin vahiməsindən ayağını qəfil əyləcə qoydu. Hamı bərk silkələndi.
- Kamranımı qoyub hara gedirik!-deyən ana maşının qapısını açıb düşməyə çalışdı. - A kişi, sən niyə səsini çıxarmırsan? Bəs Kamran necə olacaq?
- Ay ana, bir dayan. Kamrandan bir saat deyil ayrıldığım. Camaat çıxan kimi onlar da geri çəkiləcək.
Nigar ana oğlunun taleyi ürəyinə damıbmış kimi fəryad edib, özünə əl qatmağa başladı:
- Oğlumu qoyub heç yerə getmirəm, mən də qalıram. Onu da burda gözləyək.-deyərək, durmadan ağlayırdı.
Birdən üzünü Üzeyir kişiyə tutub “sən necə atasan, niyə səsini çıxarmırsan?” –deyə qışqırmağa başladı. Bu onların uzun illik evlilik həyatında ilk idi. İlk dəfə idi ki, ərinin üstünə səsini qaldırırdı. Üzeyir kişi isə tamam başqa aləmdə idi. Yaşlı gözləri ilə keçdikləri hər küçəyə, hər evə, hətta hər ağaca, hər kola, gülə acgözlüklə baxır, baxırdı. Ətrafdan tamam ayrılmış vəziyyətdə idi. O elə əvvəldən ruh adamı idi. Ömrü uzunu heç kimlə dalaşmamış, heç kimdən küsməmiş, ağzına heç vaxt kobud söz gətirməyən idi. Hər kəsə gülümsəyən bir insan idi Üzeyir kişi.
- Ana, bir azdan bütün yollar bağlanacaq. Maşınla çıxa bilməyəcəyik. Yaşlı adamlarsız, sizi ayaqla da apara bilmərəm. Narahat olmayın, Kamran sağ-salamat gəlib çıxacaq-deyən, Anar sürəti artırdı.
Meşənin içindən keçən bu yol əsas yol olmadığı üçün dar və baxımsız idi. Şəhərdən çıxan bütün maşınlar və bəzi hərbi texnikalar da bu yola yükləndiyinə görə tıxac yaranmışdı. Bir qədərdən sonra Anar da bu tıxaca qatıldı. Maşınların mator və siqnal səsi, insanların qışqırığı, tez-tez eşidilən bomba səsləri. Maşın karvanı çox ləng irəliləyirdi. Ara-ara arxadan Nigar ananın “Kamranım” deyə zarıması eşidilirdi.
Uzun məşəqqətdən sonra Anar ata və anasını əvvəlcədən ailələrini yerləşdirdikləri şimal rayonlarından birində aldığı kiçik evə çatdıra bildi. Özü dərhal geri qayıtsa da Şuşaya girə bilmədi. Şuşa artıq ermənilərdə idi. Anar qardaşı Kamranı çox axtardı, çox soruşdu, gördüm deyən olmadı ki, olmadı. Yalnız onların bölüyünün son ana qədər döyüşdüyünü deyənlər var idi. Bölükdən isə heç kimi tapa bilmirdi. Kamrandan bir xəbərsiz valideyinlərinin üstünə qayıtmağı heç cür ağlına gətirə bilmirdi. Axı necə çıxacaqdı üzlərinə? Necə baxaçaqdı gözlərinə? Təkliyə düşəndə için-için ağlayırdı. Şəhərdən çıxa bilməyibsə, demək ya əsir düşüb, ya da... Bu “ya da”nı heç ağlından belə keçirmək istəmirdi. Bütün axtarışlar boşa gedirdi. Evə getməməyə görə Anar yenidən könüllü şəkildə özünümüdafiə taborlarlarından birinə yazılaraq cəbhədə qaldı.


Şuşadan çıxdıqları gündən orta boylu, ağ saçlı-ağ saqqalı, nur üzlü Üzeyir kişinin alnının qırışları artmış və dərinləşmişdi. Gözləri isə daim nəmli olar və harasa uzaqlara dikilərdi. Onsuz da danışmaqla, söhbətlə arası olmayan Üzeir kişi insanlarla ünsiyyəti demək olar kəsmişdi. Amma gülümsəməyi tərgitməmişdi. Yenə üzündə daim təbəssüm olardı. Nəmli gözləri ilə nə qədər tərs olsa da, bu təbəssüm onu daha da nurani göstərər və dərdini ört-basdır edə bilməzdi. Burda da Şuşada olduğu kimi bağbanlıq edərdi, amma heç kimdən təmanna güdməzdi. Səhər olanda bağ qayçısı və mişarını götürüb evdən çıxar, qarşısına çıxan bütün ağacları, gülləri budayardı. Ağacları, gülləri budayarkən tumarlayar, sığallayardı. Sanki kəsəcəyi budağa görə üzr istəyirdi. Bir də qaş qaralana yaxın evə gələrdi. Sanki bununla dərdini dağıdırdı. Evə çatanda həyət qapısının ağzında oturub gözünü yollara dikərək ağlayan arvadı ilə göz-gözə gəlməməyə çalışaraq:
-Gəl, arvad, gəl içəri, bir çay içək.- deyərdi.
Nigar ana isə gözünün yaşını silərək həmişəki cavabı təkrarlayardı:
-Kamranımdan bir xəbər tapmadınmı, a kişi? –deyərək cavab gözləmədən:- Sən keç içəri, gəlin çayını verər. Mən bir az da gözləyəcəm Kamranımı.
Hər yaxınlaşan adamın Kamran olacağı ümidi ilə sevinclə qarşılayıb, ümidi boşa çıxdıqda ağlayaraq yola salan Nigar ana illəri də beləcə yola salırdı. Bayırda oturmaqdan qışın soyuğu, yayın istisi də bir yandan səhhətinə pis təsir etmişdi. Üzeyir kişidən fərqli olaraq onun əvvəlki gözəl-göyçək görünüşündən heç nə qalmamışdı.

***
Üzeyir kişi tamam ayrı aləmdə yaşayır kimi idi. Bəzilərinə hətta elə gəlirdi ki, o havalanıb. Gəldiyi ilk gündən etibarən Üzeyir kişi gözünü yumub yuxuya gedən təki Şuşada olurdu. Bir-bir Şuşanın küçələrini gəzir, qonşularla, tanış-bilişlə salamlaşır və hər gün də Şuşanın bir ayrı məscidində namaz qılıdı. Evdəkilər dəfələrlə onun yuxuda danışıb güldüyünün, necə ürəkdən sevindiyinin şahidi olurdular. “Sabahın xeyir, qonşu. Necəsən? Bəlkə namaza bir yerdə gedək? Allah namazınızı qəbul eləsin!” Cümlələrini demək olar hər gecə təkrarlayırdı. Bəzən isə dəqiq adlarla müraciətt edərdi. Hətta evlə sağollaşıb “bu gün axşamadək filan məktəbin bağını budayacam, naharda məni gözləməyin” kimi cümlələr də işlədirdi. Ən dəhşətlisi isə yuxuda Kamranla danışması idi. “Oğlum, harda idin bu qədər vaxtı. İş-güc tökülüb qalıb. Gəl, bala, gəl bir yerdə gedək bağa. Mən ağacları budayım, sən də diblərini bellə.” Hərdən Kamranın uşaq olduğu illərə də qayıdırdı, ilk dəfə ayaq tutub yeriməsi, namaz qılarkən onu yamsılaması və s. Belə yuxularda daha şən olurdu, bərkdən gülürdü də. Səhər ayılanda da bir müddət özünə gələ bilmirdi. Çox vaxt elə bilirdi yenə Şuşadadır, yenə köhnə dövrlərdədir.

***
Səhərlər yuxudan gümrah duran Üzeyir kişi evdən çıxdıqda da özünü Şuşada hiss edərdi. Gah Yuxarı Gövhərağa məscidini, gah Aşağı Gövhərağanı, gah da Culfalar məscidini axtarardı. Küçələr düz gəlmədikdə (gələ də bilməzdi) rast gəldiyi adamlardan soruşmağa başlayardı “Yolu deyəsən səhv salmışam, oğlum, Yuxarı Gövhərağa məscidinə necə gedə bilərəm”, yaxud da “Natəvan bulağı lap bu yaxınlarda olmalı idi, amma tapa bilmirəm, siz bilmərsiz yerini” . Əvvəl bu suallardan çaşan qonşular, yavaş-yavaş məsələdən hali oldular. Üzeyir kişinin ürəyini sındırmadan vəziyyətdən çıxmağa çalışırdılar. “Şuşasından” qayıdan kimi Üzeyir kişinin gözləri yaşarar, nəzərləri uzaqlara dikilərdi. İllər beləcə bir birini qovdu. Nigar ana cəmi yeddi il dözə bildi. “Kamranım, Kamranım. Harda qaldın mənim kiçiyim, körpə balam. Soyuqdurmu yerin, istidirmi bilmədim. Gecələr üstünü kim örtür sənin. Bu ananı niyə gözü yollarda qoydun. Axı sənə toy etməyə hazırlaşırdım” deyə-deyə bu dünyadan ayrıldı. Qərib yerdə, qərib qəbristanlıqda olan baş daşının arxasına oğlunun şəklini vurdular.

***
Üzeyir kişi amma qocalmırdı necə var idisə, elə qalmışdı. Yalnız alnının qırışları artmışdı. Nigar öləndən sonra evə lap gec gəlirdi. Boş küçələri tək-tənha dolaşır, dolaşırdı. Nigarsız və oğullarısız ev ona çox sıxıcı idi. Divarlar üstünə gəlirdi. Anar bundan xəbər tutduqda atasına görə ərizə yazıb ordudan təqaüdə çıxaraq ailəsinin yanına qayıtdı. Oğlu gəldikdən sonra Üzeyir kişi bir qədər açılışdı. Hər axşam yatmamışdan öncə Anarla söhbət edərdi. Söhbətlərin mövzusu isə yalnız Şuşa, Kamran və Nigar idi. Şuşanın gözəlliyindən, Kamranın uşaqlığından, Nigarlı günlərin xatirələrindən danışa-danışa doymazdılar. Anarın oğlunun xüsusi təyinatlı qüvvələrdə xidmətə başlaması da ailəyə xüsusi fərəh gətirmişdi. Şuşa işğal olunarkən körpə uşaq olan Kərəm ali hərbi təhsil alaraq xüsusi təyinatlı qüvvələrə könüllü olaraq qatılmış və xidməti pillələrdə sürətlə irəliləyirdi. Tez-tez kəşfiyyata gedən Kərəm keçirdiyi əməliyyatlardan danışmağı sevməzdi. Amma babasını çox sevdiyindən və babasının heç kimə sirr verməyəcəyindən əmin olduğundan hərdən bəzi getdiyi işğal olunmuş yerlər barədə azacıq söhbət edərdi. Yerlə bir edilmiş rayonlar və kəndlər barədə danışdıqda Üzeyir kişi gözü yaşlı halda tez onun sözünü kəsərək “bizim Şuşamız necədir görəsən, onu da dağıdıblarmı” deyə hər dəfə soruşardı. Hər dəfə “Yox, ay baba, dağıdmayıblar. Şuşaya demək olar toxunmayıblar” cavabını aldıqda sanki kişinin gözlərinə işıq gələrdi. “Bəs ora səni heç göndəriblərmi” sualına, “yox, ay baba, hələ göndərilməyiblər” cavabını aldıqdasa üzə vurmasa da nəvəsinin “Şuşaya demək olar toxunmayıblar” sözünə bir qədər inamı azalardı. Bu da dərhal gözlərinin nəmlənməsində özünü biruzə verərdi. Ürəyində “axı hər yeri dağıdıblarsa, Şuşanı niyə saxlasınlar” deyə fikirləşərdi. Nəvəsi də hər dəfə babasının ürəyindən keçənləri oxuyurmuş kimi “baba, ermənilər ora istirahətə gəlir deyə dağıdmırlar” dedikdə kişi bir qədər rahatlardı. Amma daim ürəyini didən “əmindən bir xəbər varmı?” sualını heç vaxt nəvəsinə vermədi.
İllər Üzeyir kişinin əlindən Şuşasını, Kamranını, Nigarını alsa da yuxularına heç nə edə bilmirdi. Hər gecə yuxuda Şuşasına gedən Üzeyir kişi orada, öz evində Nigarı, Kamranı və bütün qohum-qardaşı ilə çox xoşbəxt olurdu. Deyib-gülür, ibadətlərini edirdi. Bəlkə də bu yuxular onu qocalmağa qoymurdu. Sanki bu qədər dərdlə zamana qarşı dayanmışdı. Yaşıdlarından çox cavan görünürdü. Hərçənd elə çox yaşıdı da qalmamışdı.

***
Və hamının gözlədiyi o gün gəldi. 2020-ci ilin sentyabr ayının 27-si. Müharibə başlayan gündən Üzeyir kişi televizorun önündən çəkilmədi. Elə televizorun qarşısında kresloda oturduğu yerdə yuxuya gedir, tez də ayılırdı. Cəbhə xəbərlərini ayaq üstə dinləyirdi. Hər dəfə hansısa kəndin, yaxud şəhərin alındığı xəbərini eşitdikdə uşaq kimi atılıb düşür, sel kimi axan göz yaşlarını heç silməyə cəhd də etmirdi. Hər alınan kənd, şəhər onu Şuşasına yaxınlaşdırırdı.
Müharibənin 42-ci günü idi. Üzeyir kişi yenə ayaq üstə televizorun qarşısında idi. Nə idisə bu günkü xəbərlər başqa cür başladı. Cənab Prezident Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edərək, əklillər qoydu. Önəmli bir xəbər olacağı Üzeyir kişinin ürəyinə damdı. Hərçənd iki gün idi oğlu Şuşanın azad edilməsi barədə söhbətlər gəzdiyini atasına demişdi. Amma Ali Baş Komandanın dilindən eşitməyənə qədər Üzeyir kişi belə söhbətlərə inanan deyildi. Vaxt uzandıqca onun ürəyi daha sürətlə döyünməyə başlayırdı. Budur, cənab Prezident öz növbəti çıxışına başlayır, Üzeyir kişi televizora daha da yaxınlaşır. “Əziz həmvətənlər, bacı və qardaşlar. Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa bizimdir, Qarabağ bizimdir! Əziz Şuşa, sən azadsan!”
Üzeyir kişi çıxışın ardına qulaq asa bilmədi, üzünü tutub əyləşmək üçün özünü stula güclə çatdırdı. Gözlərinin yaşı barmaqlarının arasından süzülüb saqqalını isladırdı. O, bərkdən hönkürürdü. Oğlu qaça-qaça şad xəbəri atası ilə bölüşmək üçün özünü evə çatdıranda, atası hələ də əlləri üzünün arasında, başını dizlərinə tərəf əyərək hönkürürdü. Anar atasının önündə diz çökərək onun başını öz başına sıxıb ağlamağa başladı:
-Ata, ay ata, kaş anam da bu günü görə bilərdi,-deyə bildi. Atası daha bərkdən hönkürməyə başladı. Hər ikisi uzun müddət danışmadan ağlaşdılar. Anar atasından ayrılıb dostları ilə bu gözəl günü qeyd etməyə getdi. Evə gec gəldi. Atası hələ də bir heykəl kimi televizorun qarşısında ayaq üstə durmuşdu. Anar səhər yuxudan ayıldıqda səhərəcən yatmayan atasını evin ortasında geyinib keçinmiş və yanında Şuşadan gətirdikləri kiçik bir çamadanla gördü. Oğlunu görən kimi gözlərinə işıq gələn Üzeyir kişi sevincək:
-Anar, tez sən də yığış. Məni Şuşama, oğluma, atama, anama tez çatdır-dedi.
Bir anlıq heç nə başa düşməyən Anar key-key atasına baxdıqdan sonra:
-Ay ata, ay canım, sən nə danışırsan? Heç müharibə hələ bitməyib ki. Hələ, inşallah, müharibə tamam bitməlidir. Ondan sonra oralara gedən yollar minalardan təmizləndikdən sonra, dövlətimiz getməyə icazə verəcək,-deyərək atasının əllərindən tutub divanda əyləşdirdi. Özüdə yanında oturaraq əllərini buraxmadan sözünə davam etdi- Ata, sən bir qədər səbirli ol. Əsas odur ki, artıq Şuşa bizdədir. Yəqin ki, müharibə də tezliklə başa çatacaq. Şuşa alındıqdan sonra ermənilərin beli sınıb. Müharibə sona çatıb yollar açılan kimi ən qısa zamanda səni Şuşamıza aparacağam, söz verirəm.
Atası sevimli oyuncağın alınmasını gözləyən uşaq kimi gözlərini oğlunun gözlərinə zilləyib yalvarıcı baxışlara:
-Deyirsən indi heç cür olmaz? Bəlkə nəvəm Kərəmlə danışasan. Axı o zabitdir. Onun əli çatmamış olmaz.
-Ata, mən Kərəmlə neçə günlərdi danışa bilmirəm. Özün də bilirsən, imkan olan kimi məndən qabaq sənə telefon açır. Narahat olma, yəqin ki, bu şad xəbərə görə bir yolunu tapıb sənə zəng edəcək.
Verilən cavablar atanı tam qane etmədisə də, bir qədər təsəlli taparaq çamadanını qapıya yaxın yerə yerləşdirərək evdən bayıra çıxmadığı uzun müddətli fasilədən sonra küçəyə çıxdı. Küçələr bu dəfə ona daha geniş və gözəl görünürdü. Artıq heç nəyi səhv salmır, Şuşa ilə qarışdırmırdı. Yolda rastlaşan hər kəs onu qucaqlayaraq təbrik edirdi. O da həmişəki gülümsəməsi ilə təbriklərə cavab verirdi. İndi özünü tamam başqa cür hiss edirdi. Onun şəhəri artıq azad idi. Onlar öz doğma yurdlarına qayıdacaqdılar. Axşam nəvəsi Kərəm zəng elədi. Sevincli səslə:
-Gözün aydın, babacan, Şuşamızı azad elədik. Qisasımızı da aldıq. Mən axır ki, Şuşamızda, doğma yurdumuzdayam. Bura siz danışdığınızdan da gözəldir. Özün necəsən, ay baba,-deyərək cümlələri ard-arda düzdü.
Sevincdən əsən əllərində telefonu güclə saxlayan baba:
-Salam, mənim balam. Necəsən? Yaralanıb eləməmisən?-suallarına cavab gözləmədən: -Məni Şuşama nə vaxt aparırsan?- soruşaraq əsas mətləbə keçdi.
-Səbrli ol, ay baba. Hələ heç müharibə qurtarmayıb ki. İnşallah, tezliklə bunların kökünü kəsək, səni özüm gətirəcəm bura.
Cavab Üzeyir kişini yenə tam qane etmədisə də, özünü o yerə qoymadan davam etdi:
-Ay bala, Şuşamızı çoxmu dağıdıb yağılar, bəs bizim ev necədir? Gedə bilmisənmi yurdumuza?-son sözü deyəndə səsi titrəyib gözləri yaşardı. Özü də bu cümləni bir gün deyəcəyinə az qala inamı itirməyə başlayırdı.
-Yox, ay baba, Şuşanı çox dağıtmayıblar. Evimizə hələki gedib baxa bilməmişəm. Biz başqa istiqamətdəyik. İnşallah, girəvə edib gedib yurd-yuvamıza da baş çekəcəm.-deyən, Kərəm atası ilə, babasının daimi söhbətlərindən demək olar Şuşanı küçəbəküçə, evbəev əzbər tanıyırdı.
Şuşanın dağıdılmamasını nəvəsinin də ağzından eşitməsi Üzeyir kişinin ürəyini bir daha sərinlətdi:
-Hə ay bala, bir də nəsə soruşacaqdım, amma yadımdan çıxdı-deyən baba da əslində soruşacağı sualı unutmamışdı. Ata və oğul da onun nə soruşmaq istədiyini yaxşı bilirdilər. O Kamranını soruşmaq istəyirdi, amma Nigar anadan fərqli olaraq heç vaxt soruşmurdu.
Daha bir gün sonra gecə, atasının “Urraa” deyib əl çalma səsinə Anar və evdəkilər yuxudan dik atıldı. Üzeyir kişini “Müharibə qurtardı, müharibə qurtardı” deyə əlini əlinə vurub yaşına heç uyğun olmayaraq uşaq kimi atılıb düşən görən bütün ailə ona qoşuldu. Hamı bir-birini qucaqlayir, sevincdən ağlayırdı. Bu arada küçədə göyə atılan fişənglərin səsini eşidən bütün ailə bayıra yüyürdü. Gecədən xeyli keçməsinə baxmayaraq qonşular sevdikləri bu ailəni təbrikə gəlir, pir kimi insan bildikləri Üzeyir kişini bir daha qucaqlayıb öpürdülər.
Səhər açılar açılmaz Anar yenə atasını yol hazırlığını bitirib onu gözləyən vəziyyətdə gördü:
-Sabahın xeyir, ay ata. Elə bil yenə harasa yığışmısan,- deyərək gülümsündü.
-Demişdin ki, müharibə qurtarsın səni Şuşaya aparacam. Müharibə də bu gecə qurtardı.
-Ay ata, demişdim müharibə qurtarsın, yollar açılsın sonra aparacam. Hələ heç on saat deyil müharibə bitib. Oralarda bilirsən nə qədər mina var. Söz verdiyim kimi səni ilk fürsətdə Şuşaya aparacam. Elə bilirsən mən getmək istəmirəm. Mənim də Şuşa deyəndə ürəyim sızıldayır. Amma nə etmək olar? Səbr etməkdən başqa çarəmiz yoxdur.
Üzeyir kişi yenə məyus halda çamadanı qapının yaxınlığına qoyub bayıra çıxdı. Səkinin kənarına oturaraq gözlərini uzaqlara zillədi. Bu necə ola bilirdi Şuşası alınıb, nəvəsi ordadı, özü isə gedə bilmir. Əvvəllər heç olmasa yuxularında doğma Şuşasını gəzir, müvəqqəti də olsa xoşbəxt olurdu. İndi həmin yuxuları da qeybə çəkilmişdi.
Bir neçə gün sonra Kərəm yenidən zəng elədi:
-Salam, ay baba. Necəsən? Sənə şad bir xəbərim var,-dedi.
Baba heç salamı belə almadan:
-Hə, ay bala. Məni aparmağa gəlirsən? Atana nə qədər deyirəm, dirənib-durub ki mümkün deyil, mina belə getdi, icazə belə gəldi.
Babasına müsbət cavab verə bilməyəcəyindən kövrələn Kərəm:
-Baba, atam düz deyir, hələki bura gəlməyiniz mümkün deyil. Amma söz verirəm ki, mülki şəxslərdən bura ilk gələnlərdən biri sən olacaqsan.
Baba məyus halda:
-Bəs sən nə şad xəbər verəcəkdin belə?-dedi.
-Hə baba, bax mən gedib evimizi tapmışam. Demək olar ki, salamatdır.
Kişinin kefi əməlli açıldı, gözləri parıldadı:
-Nə danışırsan, bala. İçəri girə bildinmi?
-Hə, baba, içəri də girdim. Ev yaxşı vəziyyətdədir. Yaşayış olub deyə, evə pis baxılmayıb.
Yaşayış olub deyəndə Üzeyir kişinin ürəyi çıpındı:
-Kim yaşayıb ay bala, bir işarə gördünmü?
Sual Kərəmi çaşdırdı, bir qədər fikirləşib:
-Ay baba, kimlər olacaq, ermənilər yaşayıb da. Nə işarə qoyacaqlar ki, canlarını götürüb qaçıblar,-deyən Kərəm, babasının bu sualı nəsə başqa mənada soruşduğunu hiss etdi.
Aldığı cavab heç ürəyindən olmayan Üzeyir kişi bir neçə saniyə susdu. Bunu hiss edən Kərəm onun qəlbini almaq üçün:
-Nədir, ay baba, sevinmədin? Şuşamız alınıb, evimiz də ki, necə qoymuşduqsa demək olar elə. Evlər var ki, yalnız bünövrəsi qalıb. Qaldı Şuşaya gəlməyinizə, inşallah, tezliklə o da olacaq, söz verirəm sənə. Gəlib özüm gətirəcəm. Darıxdırma özünü.
-Nə deyim ki, ay bala. Sən də özünü qoru. Amma çalış çox gec olmasın.
-Məndən narahat olma, baba. Söz verirəm, səni tezliklə Şuşana gətirəcəm.
Amma bu tezliklə söhbəti altı ayadək uzandı. Bu müddətdə vaxtının çoxunu televizorun önündə keçirən Üzeyir kişi Şuşa və Qarabağla bağlı fraqmentlərin heç birini gözündən yayındırmır, hətta dəfələrlə baxmaqdan yorulmurdu. Digər vaxtlarda isə Şuşaya gedəcəyi günün xəyalları ilə yaşayırdı. Tez-tez də evin açarlarını yoxlayırdı. Arada lap istəmişdi ki, nəvəsindən ermənilərin evə necə girdiklərini, qapını sındırıb sındırmadıqlarını da soruşsun, amma hər dəfə bu sualı verməkdən özünü saxlamışdı.
Altı ay Üzeyir kişiyə iyirmi səkkiz ildən uzun gəldi. Bu nə idi belə, sanki günləri dartıb uzatmışdılar. Gecələr isə sonsuz kim gorünürdü, hərdən elə bilirdi sabah heç açılmayacaq. Atasının çox fikir çəkdiyini görən Anar hətta bir neçə dəfə Üzeyir kişini maşınına mindirib Şuşaya aparan yollardakı son buraxılış məntəqələrə qədər aparır, hələ ki postdan keçməyin mümkün olmadığını ona öz gözü ilə göstərirdi. Atası bu səfərlərə gedəndə yol boyu dil dodağa qoymasa da, qayıdanda ağzından bir kəlmə söz çıxmazdı. Anar onu nə qədər danışdırmağa çalışsa da, kişi susub durar, nəmli gözləri ilə ancaq getdikcə uzaqlaşan Qarabağ torpaqlarına baxardı. Ara sıra da gözləri oğlunun gözlərinin içinə zillənər, dəqiqələrlə gözlərini o gözlərdən ayırmazdı. Baxışları ilə yalvarırdı ki, onu Qarabağdan uzaqlaşdırmasın, Şuşasına qovuşdursun. Amma aylar ayları əvəz edirdi.
Nəhayət, Üzeyir kişinin uzun müddət gözlədiyi o xəbər gəlib çıxdı. Evə sevinclə daxil olan Kərəm yaxında olan atası ilə görüşmədən birbaşa babasının üstünə şığıyaraq onu bərk-bərk qucaqladı.
-Baba, ay baba, hazırlaş gedirik. Gözlədiyin gün axır ki gəlib çatdı. –dedikdən sonra babasını buraxıb atasına sarılaraq “Ata, sən də hazırlaş. Hər ikinizi Şuşaya, doğma Şuşamıza aparacam. İcazələr hazırdı.”
Gözlənməyən qonaqdan və ən əsası gözləsələr də qəfil olan bu xəbərdən donub qalmış baba və atasını Kərəmin:
-Nə durmusuz, vaxt gedir axı. Nə qədər tez çıxsaq bir o qədər yaxşıdır,-sözləri silkələdi.
Qulaqlarına hələ də inanmayan babası:
-Nə danışırsan, bala? Yəni elə bu gün gedirik?
-Ay baba, nə bu gün elə bu saat gedirik. Hazırlaşın çıxaq.
Tez qapının ağzındakı çamadanının üstünə yüyürən Üzeyir kişini göstərərək atası Kərəmə göz vurdu:
-Baban çoxdan hazırdı. Mən də onu çox yubatmaram. Paltarımı dəyişib çıxıram.
Hazır olub Kərəmin avtomobilində yerlərini tutmaları heç yarım saat çəkmədi. Üzeyir kişi sanki sərxoş idi. Yol boyu danışır, gülür, oğlu və nəvəsi ilə zarafatlaşırdı. Yalnız işğaldan azad edilmiş ərazilərə daxil olduqda dağıdılıb məhv edilmiş şəhər və kəndləri gördükdə kefi xeyli pozuldu. O bu yerlərə dəfələrlə gəlmiş, buraların güllü-gülüstan vaxtlarını görmüşdü. İndi isə yerlə bir edilmiş evlər, kəsilib doğranmış bağlardan ibarət viranələrdən keçirdi. Tez-tez dodağının altında “Allah sizə ləhnət eləsin” deyərək saqqalına məst çəkirdi. Nəhayət, uzaqda Şuşanın dağları göründü. Bu dağları görən kimi yenidən Üzeyir kişinin kefi yerinə qayıtdı. Yenə söhbətləşməyə başladı.
-Heyf, Kərəmə uşaq vaxtı bu dağların havasından doyunca udmaq qismət olmadı, yoxsa gör nə boyda olardı,-deyərək Anara göz vurdu.
Kərəm gülərək:
-Baba, bu havadan udmaya-udmaya atamdan da, səndən də hündürəm, udsaydım nə boyda olardım ki?-dedi.
-Udsaydın azı iki bu boyda olardın.-deyən babanın sözlərinə hər üçü güldü.
Şuşa azad edildikdən sonra Şuşaya Şuşadan çıxdıqları gündə getmək qismət oldu Üzeyir kişiyə və oğluna. Analarının fəryad etdib Kamransız getmərəm dediyi yerdə Üzeyir kişi nəvəsinə maşını saxlatdırdı. Orda maşından düşərək heç nə demədən piyada getməyə başladı. Kərəm etiraz etmək istədikdə Anar oğluna:
-Oğlum, sən get bizi evimizin yaxınlığında gözlə. Yəqin baban bu gün maşına minməyəcək. Elə mən də,-dedi.
Maşından enən Üzeyir kişi bir neçə dəfə dərindən nəfəs aldıqdan sonra aramla şəhərin mərkəzinə doğru irəliləməyə başladı. Həmişə gözəl olan Şuşa may ayında daha füsunkar idi. Hər tərəf gül çiçək idi. Evlərə, həyətlərə yaxınlaşdıqda hər bir evə, həyətə divara diqqətlə baxaraq bəzən xəyallara dalan Üzeyir kişi hər daşa, hər ağaca əli ilə toxunmağa çalışırdı. Hətta bəzi ağacları, daşları əli ilə dəqiqələrcə tumarlayır, dodağının altında nəsə danışırdı. Anara elə gəlirdi ki, atası bu daşlarla, ağaclarla dərdləşirdi. Üzeyir kişi evindən öncə özünü qəbristanlığa yetirdi bütün qohumlarının sındırılmış daşlarını öpərək oxşadı. Yalnız burda üzünü oğluna tutub danışdı:
-Oğlum, Nigarımı gətirib burda, bax burada(əli ilə yeri işarə edərək) dəfn edərsən. Düz mənim yanımda. Amma aramızda bir adamlıq boş yer saxlayarsan.-deyərkən yaşarmış gözləri ilə Anara baxdı.
Anar dərhal atasının bu yeri kimin üçün nəzərdə tutduğunu bildi, amma düz mənim yanımda sözünü hansı mənada dediyini heç cür anlamadı. O, dolmuş gözlərini atasından yayındırmağa çalışaraq:
-Ay ata, inşallah, anamızı özün gətirib burada dəfn edərsən. Sən hələ uzun illər bizimlə bərabər olacaqsan, Şuşada nəvə-nəticə toyu edəcəksən.
Ata oğlunun sözünə gülümsəməsi ilə cavab verdi. Demək olar qəbristanlığın əksər qəbirlərini ziyarət etdikdən sonra evlərinə doğru yol aldılar. Evin qarşısında gözləyən Kərəm hərbçi dostları ilə birgə həyətdə samovar qaynadıb, şirniyyat süfrəsi açmışdı.
Bəzən dünyada ağla gəlməz, məntiqsiz işlər də olur. Üzeyir kişinin də həyətinin darvaza məsələsi bunlardan biri oldu. Ermənilər onun darvazasına əl dəyməmiş, bir qədər aralıdan başqa bir qapı qoymuşdular. Darvaza o vaxt evdən çıxanda Anar necə bağlamışdısa eləcə də qalırdı. Yəqin hasarın həmin hissəsi dağılmış, ermənilər də təmir əvəzinə başqa bir həyətdən əllərinə keçən bir qapını ora bərkitməklə məsələni həll etmişdilər. Üzeyir kişi açıq olan qapıya deyil, özünün qoyduğu darvazanın üstünə getdi. Cibindən çıxardığı açarla bir dəfəyə paslı qıfılı açdı. 28 ildən sonra bir qıfılın əlbəəl belə asanca açılmasının özü də bir möcüzə idi. Həyətə girdikdən sonra dəfələrlə evinin başına fırlandı, əli ilə divarları oxşadı, bir-bir əkdiyi ağaclara baş çəkdi, onları suladı. Həyətdə işini bitirdikdən sonra evə girən Üzeyir kişi otaqların hamısını tək-tək gəzdi hər otaqda xeyli xəyallara dalaraq keçmişə qayıtdıqdan sonra yenidən həyətə çıxdı. Kərəm babasını gətirənədək evin səliqəsinin qeydinə də qalmağa vaxt ayırmışdı.
Həyətə çıxan Üzeyir kişi birdən ətrafındakıları unudaraq gür səslə, gözlərindən yaş axıda-axıda:
-Anam Şuşam, atam Şuşam, Nigar Şuşam, Kamran Şuşam, gül ətirli, bülbül səsli Şuşam! Heç bilirsən, mən sənin üçün nə qədər darıxmışdım?! Körpə uşaq anası üçün darıxan kimi darıxmışdım. Qaranquş yuvası üçün darıxan kimi darıxmışdım. Sənsiz hər günüm bitməz əziyyət idi. Sümüklərim sızıldayırdı sənin üçün, Şuşam mənim. Mən səni yatanda belə unutmadım, bütün yuxularım sənli oldu, Şuşam mənim, atam mənim, anam mənim. Sən nə qədər əziz imişsən. Sən nə qədər şirin, doğma imişsən. Doğurdanmı sənin dəyərini bimək üçün səndən bu qədər müddət ayrı qalmalı idim.
Üzeyir kişi doluxsunmuşdu. Səsi titrəyirdi. Qəhər onu boğsa da, az qala bir nəfəsə deyirdi:
-Yalnız sənə qovuşmaq üçün ölmədim, ölə bilmədim. Allah da canımı almadı. Şükür sənə, İlahi. Şükür olsun sənə ki, mənə bu günü qismət etdin, Şuşamı gördüm. Bütün dualarımda Şuşanı mənə göstərmədən canımı alma demişdim, sən də almadın. Şükür sənə, İlahi, məni arzuma çatdırdın.-deyə ətrafdakıların çaşqın baxışları altında Şuşası və Allahı ilə danışırdı. Hamının gözündən yaş axırdı. Sükutu Kərəmin dostlarından biri pozdu.
-Can baba, sənə İsa bulağının suyundan samovar qaynadıb çay dəmləmişik. Gəl birlikdə çay içək.
Baba hamı ilə birlikdə süfrəyə əyləşdi bir neçə stəkan çay içdikdən sonra üzünü Anara tutub:
-Məni qardaşınla son dəfə görüşüb ayrıldığın yerə apar,-dedi.
-Baba uzun yol gəlmisən, bir tikə çörək ye, sonra yenə hara desən gedək.-deyən Kərəmə heç fikir vermədən baba gözlərini Anara zillədi. Anar cəld ayağa qalxdı. Kərəm yenidən nəsə demək istədikdə, atası:
-İsrar etmə, oğlum, buranın suyu və havası babana və mənə bu dəqiqə ən gözəl yeməkdir, –dedi.
Onlar yenidən maşına əyləşdilər, Kərəmin dostları da bir maşında onların arxasınca yollandı. Anar onları şəhərədən bir qədər aralıda, Şuşaya giriş yollarının birinə yaxın bir əraziyə gətirdi. Maşından düşən hər kəs maraqla bu kələkötür sahəyə baxırdı. Mahir adam buranın illər əvvəl səngər olduğunu ilk baxışdan anlayardı. Anar ərazini atasına göstərərək:
-Ata, qardaşımla sonuncu dəfə bu ərazidə görüşüb, vidalaşmışıq.-dedi.
Atası:
-Yox, oğlum, sən mənə lap dəqiq de. De görüm buranın harasında ayrılmısız.
Anar yavaş-yavaş irəliləyərək bir çökəyin yaxınlığına getdi:
-Ata, lap dəqiqi bu çökəkdə. İndi dayaz olmağına baxmayın, o vaxtlar dərin səngərlər vardı burda.
Ora yaxınlaşan Üzeyir kişi yerə çöməlib əlini torpağa sürtərək:
-Qardaşın burda yatır, Anar. Öz dostları ilə birlikdə bu əziz torpağın altında yatırlar. Bax, elə burda. Necə qoyub getmisənsə həmin yerdə də qalırlar. Tapdım, səni oğlum, səni də tapdım. Şükür sənə, İlahi. İlahi şükür ki, oğlum torpaq altda qaldı, qurda-quşa yem olmadı. Şükür ki, onun da dostlarının da bundan sonra bir məzarı olacaq. Şükür ki, anasının və atasının yanında olacaq.
Üzeyir kişinin hər şeyə şükr edərək yanaşması da onu ətrafındakıların gözündə bir daha müqəddəsləşdirirdi. Anar atasının qoluna girərək onu yerdən qaldırdı.
-Ata, indi başlayaqmı qazmağa?
-Yox, oğlum, məni məscidə apar. Buranı sabah qazarsız.
İki maşın aramla Gövhərağa məscidinə doğru yaxınlaşırdı. Maşının açıq pəncərəsindən vuran mehdən gözlərini qıyaraq ətrafını acgözlüklə seyr edən Üzeyr kişinin saç və saqqalı yellənərək ona başqa bir nuranilik verirdi. Məscidin önünə çatdıqdan sonra hər bir kəs baba ilə bərabər namaz qılmaq üçün dəstəmaz aldı. Dəstəmaz alan Üzeyir kişi üzünü məscidə tutaraq:
-Gövhərim, ağam mənim, mən gəldim. Bağışla, gec gəldim. Bağışla bu qədər gecikdik. Amma yenə şükr olsun qovuşduruna. Gör nə qədər insan yurd həsrəti ilə dünyadan köçdü. Gör nə qədər insan evinin açarını son ümidlə, son dəqiqəsinədək cibində gəzdirərək dünyasını dəyişdi. Gör nə qədər şəhid tabutunun üzərinə cehizlik dəstlər sərildi. Qəbul elə məni ağam,-deyə-deyə məscidə ayaq basdı.
Hamı bir cərgə olub babanın iki tərəfində səf tutdu. Baba ilk duanı hamının eşidəcəyi səslə verdikdən sonra pıçıltı ilə ibadətə başladı. Son rükətin son səcdəsindən hamı qalxdıqda Üzeyir kişinin tərpənmədiyini gördülər. Bir neçə saniyə hamı ürəyinə bəd bir şey gətirmədən gözlədi. Anar ehmalca əyilərək atasının çiyninə toxundu:

-Ata, ay ata!

Sözlərinin ardınca cəld yerə çökərək atasını özünə sarı dartdı. Atasının başını yerdən qaldırdıqda onu yüz yaşlı qoca gördü. Demək uzun illər onu, qocalmağa və ölməyə qoymayan elə Şuşa həsrətinin özü imiş. Anarın gözlərinin yaşı, dili-dodağı qurudu. Atası bir anda azı iyirmi il qocalmış və ölmüşdü. O, atasını qucağına sıxıb xısın-xısın ağladı. Onun atası elə Şuşanın özü idi. Ata Şuşa.

# 40724 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #