Adamın iliyinə işləyən hekayə

Adamın iliyinə işləyən hekayə
28 iyul 2020
# 09:11

Şərif Ağayarı tanıyandan bəri “ürəyimdə bunun bığı niyə yoxdur, olsaydı necə olardı” fikirləri başımdan çıxmayıb. Bir neçə variant da fikirləşmişəm. Siz də düşünün, məsələn, Şərif 17-18-ci əsrdə yaşayıb yaratsaydı, başı buxara papaqlı, bığı burma, əli qazlələkli olardı. Və yaxud bütöv saqqallı və s.

Mənimçün dünyada iki bığlı qəhrəman var: Eynşteyn, Stalin. Eynşteynin atomu parçalaması, elmdə etdiyi kəşflər hamıya məlumdur. Nə yazıq ki, müasir gənclər onu şəkillərinin altına yazılan “maşını yuma, yağış yağacaq” tipli yazılardan tanıyır. Amma hansı şəkli olur-olsun, adamın bığı sözünü deyir.

Stalinin bığı da ki, məlumdur. İki misal çəkdiyim adamın bığının altından çıxan sözlər çox ciddi anlam daşıyıb. Biri dünyanı min il qabağa atsa da, birinin bığının altından çıxanlar Sovet İmperiyasında yaşayan, bəlkə də dünyanı min il, milyon il qabağa aparacaq insanların qətlinə səbəb olub.

Bığ barədə fikirlərimin yazı halına düşməsinə səbəb ermənilərin növbəti xəyanəti günlərində Şərif Ağayarın Kulisdə çıxan “Sonsuz” hekayəsi oldu. Hekayədə çox personaj yoxdur. Ancaq həll etdikləri məsələnin konturu çox böyükdür, ciddi mətləblərə işarədir. Mənim fikrimcə “alınan mətnlər”in hamısı belədir və ya belədir ki, “alınıb” deyirlər.

Hekayə oxucunun iliyinə işləyən küləkli göl ətrafında qərar tutan insanların həyatından fraqmentlərdir.

Gümüşü bığlı Hümmət kişi sağa-sola məsləhət verən, oğlu Fəqanı addımbaşı küçümsəyən, fərsizliyinə işarə vuran, hər hadisəyə xüsusi yozumu olan ahıl yaşlarında kişidir. Fəqanın da atasına içində müqaviməti var, amma üzə vuranda yumşalır. Fəqan atasının bəzi sözlərinə “bığlı sözlər” deyir. Bu o deməkdir ki, bu sözlər ağızdan çox gümüşü bığların məhsuludur.

Hümmət kişi yuxarıda adı çəkilən - dünyanın məhvərinə barmaq eləmiş kişilərin yerli variantıdır. Onun fikirlərindən “bığlı sözlər”i çıxarsan, təcrübədən alınmış yaxşı nəsihətlər də var. Ata ilə oğulun arasındakı mübarizənin tarixi yeni deyil. Əsas olan yazıçının onu necə sərgiləməsidir.

“Yaxşı it matahdı, Fəqan! Adamlarda da belədi. Yaxşı adam azdı, dünya doludu sənin kimi fərsizlərlə!”

Burdakı eyniləşmə çox amansızdır. Amma tək bununla da bitmir. Addımbaşı oğlunu evlənməməkdə suçlaması, onunla Sonsuz Səhradla danışdığı səslə danışması, bu səbəbdən Fəqanın təklikdə bədəninə şübhə ilə nəzər salmasını da “ata-oğul” mübarizəsinə aid etmək olar.

Əsərin qəhrəmanlarından biri eyni anda müxtəlif yerlərdə peyda “olan” Sonsuz Səhraddır. Bu ləqəbi ona Hümmət kişi verib. Çox maraqlıdır ki, o da bu ləqəbdən incimir, Hümmət kişinin hər buyruğuna müntəzirdir. Əsərdə Sonsuz Səhradın kəndin dişi küçüklərini, "xəyanət edən itlərini cəzalandırması, iti canavarlar yesin deyə aparıb söyüd ağacına bağlaması və sonda küçüklərin basdırılmasını evlənməyən Fəqanın etməsi “sonsuzluq” təsbehini əmələ gətirir, bu detallar da onun muncuqlarıdır.

İslamdan qabaq mövcud olan, hal-hazırda bəzi inkişaf etməyən ölkələrdə də davam edən qız uşaqların diri-diri basdırılması və ya müasir dövrdə abort vasitəsilə öldürülməsi problemlərini müəllif sadələşdirib, bədii dillə sətir altından ötürüb.

Bu, çox dəhşətli iş Sonsuz Səhradın ölümündən sonra Fəqana tapşırılır. O, cəhd etdiyi yerdə Qəzənfərin uşaqların görür: sıraya düzülmüş əllərində əppək, rəngli-rəngli uşaqlar, amma biri lüm-lüt. İtin yuvasında da rəngli-rəngli balalar, film kadrı kimi gözümüzdə canlanır.
Bir də hekayə boyu göl tərəfdən bir “külək” əsir, adamı əldən salır.

Fəqan nə o uşaqlara qıyır, nə itin rəngli balalarına.

İnsan həyatında bir neçə dəfə rastlaşa biləcəyi dilemma!

Əsərdə məni valeh edən məqamlardan biri də Sonsuz Səhrad öləndən sonra yaranan boşluqdu. O boşluq ki, Sonsuz Səhrad”dan sonra hamı o boşluğa düşür. Bu boşluq o məkanın boşluğu deyil, qara dəlikdi, insanları özünə çəkir, batırır.

Ümumiyyətlə, Şərifin hekayələrindəki ironik-dramatik hadisələrin dadı bir başqadır.

“Göl tərəfdən əsib adamı iliyindən üşüdən külək” Stalinin bığlı sözlərinin ardınca Sibir sürgününə gedən, oranın şaxtasında-sazağında donan sənət, ədəbiyyat adamlarımızın nəfəsidir, həmişə üstümüzdən əsəcək.

Hekayəni ədəbiyyatşünaslıq baxımından təhlil edirlər və edəcəklər. Mən sadəcə, öz hisslərimi ifadə etdim.

Alt qatı dərinlərə gedən bu ironik-dramatik hekayəyə görə müəllifə təşəkkür edirəm

Nədənsə yazı boyu Şərifə hansı bığ formasının daha çox yaraşdığını tapa bilmədim. Bəlkə özü desin?

# 3993 dəfə oxunub

Müəllifin son yazıları

# # #