İstanbul elitası ermənilərdən ötrü niyə ölür?

İstanbul elitası ermənilərdən ötrü niyə ölür?
12 avqust 2024
# 14:00

Kulis.az İlham Əzizin “And olsun zeytuna və tinə” adlı yeni yazısını təqdim edir.

“Netflix” platformasında “Zeytin ağacı” serialının ikinci sezonu ekranlardadı, çox izlənir, rekordlar qırır. Serial üç qadının taleyindən bəhs edir və yüksək texnologiya, dəbdə olan aktyor-aktrisa ansamblının iştirakıyla çəkilib. Bu filmlər kommersiya məqsədi güddüyündən sənət və sənətkarlıq məziyyətlərindən çox söz açmayacam.

Fəqət nəzərə alsaq ki, belə filmlərin auditoriyası böyükdür, bəzi məsələləri deməsək olmur. Filmlər cəmiyyətlərin ekranlaşdırılmış güzgüsüdür.

Əvvəlcə, gərək Türkiyə serial sənayesi, onun xarakteri, bizim kimi ölkələrə göndərdiyi mesajları çək-çevir edək, xüsusilə, seçilmiş bir serial haqda danışanda mənzərə tam aydınlaşsın. Sovet dağılandan sonra “Yeşilçam” bizim də ellərə ayaq açdı. Kamal Sunalın uşaq səmimiyyəti ilə çəkildiyi filmlər əlimizdə partladı, hamı baxdı, hamı güldü, bir iki epizodlarından savayı, tez də unuduldu. Biz bu filmlərə ona görə güldük ki, çox bayağı zarafatlardı, Sovet də bizə bayağı şeyləri qadağan etmişdi, bayağılığa ac cəmiyyət idik.

Yadınızdadırsa, o vaxtlar indiki “Xalq artistlərini” televiziyalara buraxmırdılar, adları da “ara müğənniləri” idi. Həmin dövrün bizə sel kimi axan filmləri də elə “ara filmlər”, bayağı işlər idi. Ancaq 70-80-lərdə Türkiyədə sənət filmləri də vardı, hətta Kannda mükafat da almışdılar. Bizə “ağır” filmlər lazım deyildi, Sovetin zindan kimi mədəniyyətinin altından yenicə çıxmışdıq. 2000-lərin texnoloji bumu başladı, hər şey yenidən şəkilləndi, filmlərin keyfiyyəti birə yüz artdı, mövzular fərqli oldu, insanlar istehlakçı xəstəliyinə düçar oldu, trendlər və paradiqmalar dəyişdi. Allah tərəfi, türklər bunu tez həzm elədi, türk serial və film sektorunda inanılmaz yüksəliş baş verdi, qısa zamanda dünyanı başına alıb getdi. Çin, Cənubi Amerika, Rusiya kanalları bu serialların müştərisinə çevrildi.

Bizim cəmiyyətdə vəziyyət daha dramatik oldu. Yaxın dil, eyni din elə vəziyyət yaratdı ki, dilimiz böyük yaralar almağa başladı, əzildi. İndi hər yer türkcə danışan uşaqlarla dolub-daşır. Bütün dünyada türk seriallarının pasiyentləri, əsasən, böyük çoxluqla qadınlardır. Türklər bunu dəqiq bilir. Müraciət də birbaşa qadınlaradır. Bütün dinlərin, ideoloji cəmiyyətlərin qırmızı xətti olan “əxlaq dəyərləri”ni alt-üst etməklə, insanların içində illərlə yığılıb qalan psixoloji baryerləri uçurdular, qadın azadlığı, demokratiya kimi ciddi mövzuları bayraq edib bütün müqəddəs şeyləri murdarladılar. Bizə bu seriallar daha çox ziyan verdi. O seriallar bizə ayaq açandan bəri boşanma statistikasına nəzər salsanız, hər şey sizə aydın olacaq.

Çünki biz öz dinimizdən, öz dilimizdən olan adamlardan gördük bu dəhşətli rəzalətləri, insestləri, fahişəlikləri…

Biz nümunə gördük, əvvəllər də bu vardı, ancaq başqa ölkələrdə, yad adamlarda, ona görə bizim həyatımıza ayaq aça bilmirdi. Artıq iş-işdən keçib, seriallar həyatımızın düz ortasındadır. Qadınlarımızın ömrünə oturub, uzun zaman da çıxacağına inanmıram.

Gəlin, bu serialların fundamentinə nəzər salaq. Varlı həyat, işləməyən, yağ-bal içində yaşayan qlamur qadınlar, uzun, yaraşıqlı, idmançı görkəmli kişilər, bahalı evlər, maşınlar. Bir sözlə, hər bir adamın xəyalı.

Mövzular: xəyanət, insest, LGBT, feminizm, kriminal.

Saman altından yeridilən əsas xətt isə ailə dəyələrinin mənasızlığı, özünbaşına yaşamaq, bu yolda bütün müqəddəs şeylərin yerlə bir edilməsi.

Uzun illər belə şeylərin dilə gətirilməsi qadağan edilmiş cəmiyyətlərin içində yığılmış enerjinin bu cür partlamasından təbii heç nə yoxdur. Türklər də, maşallah olsun, belə fürsəti qaçırmazlar. Avropalıdan çox avropalı oldular. Artıq qərb bu cür şeylərə qarşı sənət dili ilə mübarizə aparır, biz indi başlayırıq.

Əslində, seiallarda olan həyat qətiyyən Türkiyədə yoxdur. Böyük qismi ortodoks dindar olan, az qala, aclıq səviyyəsində yaşayan bu cəmiyyət heç özü də bilmir bəla haradan gəlir. Adamlar yaşamaq uğrunda mübarizə aparır, ailə fərdləri hamısı ən ağır şərtlərdə işləyir. Yəni bu türk millətinin içindən gəlmir, ora da hardansa idxal olunur. Elə bil ki, oranı kirayə götürüb zəhərli mallar istehsal edirlər, artıq qarşı çıxmağa da gücləri çatmır.

Bu mövzu böyük mövzudur, elmi araşdırma tələb edir. Biz qayıdaq yazının əvvəlindəki “Zeytin ağacı” serialına. Bu serialı seçməkdə xüsusi bir məqsəd var, onu da sonda biləcəksiz. Serialda əsas personaj olan qadınlar Ada, Leyla, Sevgidir. Üçünün də taleyi universitet yataqxanasında kəsişib, ömür boyu davam edir.

Ada həkimdir, uğurlu həyat hekayəsi var. Ailəsi ilə problemləri başdan aşır. Anasını danışdırmır. Tək başına karyera qurub. Serialın sonuna kimi qabağına çıxan göyçək kişilərin heç birini qapısından boş qaytarmır. Evlilikləri qısa aralarla bir-birini əvəzləyir. Hamısı imkanlı, yaraşıqlı oğlanlardır. Boşanmaları, sadəcə, bezməyi ilə bağlıdır. Qız mütəmadi olaraq ərdən bezir. Yeni ər tapması da an məsələsidir. Ayrılığına bir gün qalmış, hardasa, saçı saçımdan uzun, boyu-boyumdan uzun bir qaqaş peyda olur.

Leyla bloggerdi, izləyiciləri, iki uşağı var, əri dələduzdur. Min hoqqadan çıxan əri türmədədir, tez-tez qlamur arvadından pul çəkir. Leyla general qızıdır, ailəsi onu qəbul etmir. General deyib ki, qıçını qır, otur evdə, səni adam balası kimi ərə verim, razılaşmayıb, indi maddi çətinlik çəkir. Anası araya girib atayla qızı barışdırmaq istəyir, alınmır, ana da general ərini seçir, heç altdan-altdan da qıza kömək etmir. Film yay aylarını əhatə edir, Ada ilə Leyla ev bilmirlər, çöl bilmirlər həmişə çimərlik geyimində fırlanırlar.

Bircə Sevgi başqadır. Sevgi xərçəng xəstəsidir, gözəl qəlbi var, anasını çox sevir, anası da onu. Ana qızına görə əzab çəkir. Atasını görməyib, Sevgi ana bətnində olanda atası İstanbulda öldürülüb. Heç qəbri də bəlli deyil. Sevgi xəstəliklə mübarizə aparır, heç kimi xəstəliyinə şərik etmək istəmir. Hətta xərçəngin metastaz verdiyini hamıdan gizlədir. O qəsəbədə fərqli, bizə oxşayan adam balası kimi bir oğlanla tanış olur, bir-birinə vurulurlar. Oğlan da vəfalı çıxır, özünü Sevgiyə həsr edir. Sevgi atasından qalma bir dənə şəkillə onu axtarmaq qərarına gəlir. Metastazı öyrənən rəfiqələr onun arzusunu çin etməkçün Sevginin atasını axtarmağa girişirlər. Çox sadə variantla kəndi öyrənib ora yola düşürlər. Qəbri tapırlar. Sevgi atasının qəbriylə danışanda həddən artıq xarizmatik bir kişi peyda olur, onu tanıyır. Sən demə bu kişi Sevginin babasıdır. Onları evinə aparır. Baba illərlə nəvəsini gözləyib, kənddən hamı köçüb, bircə bu kişi nə kəndini, nə də nəvəsini ata bilib, yurdunda qalıb. Ağsaqqal həm də loğmandı, bitkilərin dilini bilir. Nəvəsinin gözündən onun xəstəliyini görür, ona səhərə kimi çiçəklərdən dərman hazırlayır. Sevgi özü də, atası da, anası da, babası da mükəmməl, vəfalı, yurdsevər, insan aşiqi adamlardı.

İndi tapın görək bu Sevgi kimdir?

Düz tapdınız, ermənidir!

Türk generalı qızına heç bir tərbiyə verə bilməyib, həyatı öyrətməyib, ömür boyu övladı ilə küsülü yaşayır. O biri tərəfdə də erməni, İbn Sina tipində.

Bu nə əziklikdi, bu nə kompleksdir?

İstanbul elitası niyə ölür ermənilərdən ötrü, bu nə bəladır?

İndi razısız ki, bizə seriallar zəhər kimi yeridilir?

Bir azərbaycanlı haqqında film çəkərlər? Yox!

Əli bəy Hüseynzadə indi fəxr etdikləri Cümhuriyyətin ideoloqudur, ondan niyə bir film çəkmirsiz? Çünki bu işlərə nəzarət sizin əlinizdə deyil!

İpi əldən vermisiz!

Yadımdan çıxmamış deyim, Sevginin atasını da quldur türklər öldürüb, özü də qızıl dükanında! Ermənilər elə-belə iş görməzlər, əlləri qızıl adamlardı…

“And olsun Zeytuna və Tinə”, yalandır, yalandır!

# 5231 dəfə oxunub

Müəllifin son yazıları

# # #