#

Səməd Vurğun satqındırsa...

Səməd Vurğun satqındırsa...
21 iyul 2017
# 10:20

Kulis.az gənc yazar Hikmət Orhun “Hikmət Hacızadə niyə haqsızdır?” yazısını təqdim edir.

Ədəbi mətnə münasibətdə siyasi konteksdən çıxış edəndə təbii olaraq, ədalət prinsipi pozulur. Söz yox, dünyada “Tom dayının daxması” kimi dövrün siyasi mənzərəsini dəyişən əsərlər də var, amma məncə, bədii əsər ümumilikdə ədəbi zövqün formalaşmasına xidmət etməlidir.

Bir şair, yaxud yazıçı ədalətli, vicdanlı olmağa, hər şeyə siyasi elitanın xoşuna gələcək tonda münasibət bildirməyə, toplumun tərəfində dayanmağa məcbur deyil.

Yaradıcı insan öz kiçik komasına çəkilib ömrü boyu qırmızı çaxır içə-içə serrozdan ölə də bilər, gecə-gündüz toplumun dərdini çəkərək meydanlarda döyüşüb, zindanlarda çürüyə də bilər.

Bu, onun seçimidir...

Sən onu sadəcə şəxsiyyət olaraq yarğılaya bilərsən, mətnə gələndə ədalətli olmağa məcbursan.

Əlahəzrət mətn həmişə siyasi proseslərin üzərində dayanır.

İctimai-siyasi hadisələrə münasibət isə vicdan göstəricisi deyil. Tarix şahiddir ki, müxtəlif zaman kəsimində siyasi fəaliyyətlə məşğul olan kifayət qədər vicdansız adam olub.

Bu günlərdə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadənin Kulis.az-a verdiyi müsahibədə xalq şairi Səməd Vurğun haqqında söylədiyi fikirlər kütlə tərəfindən birmənalı qarşılanmadı.

Səfir buyurur ki, Səməd Vurğun mənasızın biridir, qeyri-ciddi adamdır. Nə qədər də adam satıb. Camaatın beyninə soxublar onu, indiyə qədər də çıxmır ordan. “Ağcaqum çölündən qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir”. Niyə Ağcaqumda gedən qatar Piter fəhləsindən xəbərsiz olmalıdır? Mən bunu başa düşə bilərəm. Onda bu cür axmaq-axmaq şeylər var. Adamların beyninə yeridiblər. Küçə də veriblər adına, böyük heykəl də qoyublar. Ondan qat-qat güclü, şairlərimiz əzab-əziyyət içində ölüb. Hüeyn Cavid, Müşfiq...

Məncə, kütlə yuxarıdakı fikirləri tənqid etməkdə haqlıdır. Ona görə yox ki, heç Səməd Vurğuna aid olmayan bir-iki misradan çıxış edib, onu “mənasızın biri”, “qeyr-ciddi adam” adlandırıb. Yox, qəti şəkildə...

Cəmiyyət ona görə haqlıdır ki, cənab keçmiş səfir repressiya qurbanlarının sırasında görmədiyi üçün, əzab-əziyyət içində ölmədiyi üçün Səməd Vurğunu “axmaq-axmaq” fikirlərin sahibi, Hüseyn Cavidi, Mikayıl Müşfiqi... “daha güclü şair”, “doğru və səmimi” gözündə görür.

Kütlə ona görə haqlıdır ki, əlində heç bir dəlil-sübut olmadığı halda onun sevdiyi şairi nəsildaşlarını satmaqda ittiham edir. Adına küçə verilməyinə, heykəl qoyulmağına qıcıqlanır.

Təbii, şairin “Rəhbərə salam” şeirində yazdığı “Mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənəm, onlara yadam...” misraları adamın ağlını qarışdırır, amma bu misralar belə bizə onu “satqın” adlandırmağa haqq vermir.

Feysbukda yazdığım statusda da dediyim kimi, zaman dəyişər, xalq şairinin doğrudan da, kimlərisə satdığı sübuta yetirilərsə, bəyin fikirlərini ikiəlli dəstəkləyəcəyimə, Qazaxdakı iki heykəlindən birini şəxsən özüm uçuracağıma söz verirəm.

Sözümün üstündə durmağım üçün də “...məsələni köklü şəkildə həll etmək üçün ağına-bozuna baxmadan bütün arxivləri açmaq (başa düşürəm, təmiz utopiyadır!), zərgər dəqiqliyi ilə bütün faktlara aydınlıq gətirmək lazımdır. Əks təqdirdə insanların heysiyyətinə toxunmaq olar. Ölülərin isə heysiyyətinə qətiyyən toxunmaq olmaz. Ən azı ona görə onlar bizə cavab verə bilmirlər“.

Bəli, dırnaqda yazdığım fikirlərin müəllifi, professor Qorxmaz Quliyevin də buyurduğu kimi, indiki məqamda bu mövzuda susmaq ən gözəlidir.

İkincisi, istənilən şəxsiyyətə “mənasızın biri” demək olmaz, ən azı ziyalı mövqeyi deyil. Yazıb-oxuduğumuz dilin inkişafında müstəsna xidmətləri olmuş birinin haqqında belə fikir səsləndirmək, haqlı etiraza səbəb olmalıydı, oldu da...

Üstəlik, “Ağcaqum çölündən qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir” misralarının kimə aid olmasından asılı olmayaraq, dönüb qayıdıb onları şairin “mənasızlığına” misal göstərmək qarşıdakı insanda belə bir təəssürat yaradır ki, adam xəbərsizdir.

Səməd Vurğun elə mənim də dəhşət sevdiyim, oxuyanda cezv olduğum şairlərdən biri deyil, amma “Zəncinin arzuları” poemasını, “Tək məzar” şeirlərini oxuyan biri o fikri səsləndirməyə ehtiyat edərdi, Hikmət bəy isə nəinki müsahibədə, yazdığı son statuslarda da eyni fikri dönə-dönə deməkdən çəkinmədi.

Şəxsən mən fikrinin təsdiqi olaraq əlavə misallar gözləyirdim, amma oxuduqca belə anladım ki, onun Səməd Vurğun haqqında təsəvvürü müsahibədə dediyi iki misradan ibarətdir...

# 1394 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #