“Alçaqlar! Əclaflar!” - Qazaxda Səməd Vurğun davası

“Alçaqlar! Əclaflar!” - Qazaxda Səməd Vurğun davası
28 iyul 2017
# 11:00

Kulis.az Səməd Vurğun polemiaksı ilə bağlı Qazaxda yaşayan şair-publisist Hikmət Orhunun “Kürəyi gülləyə gələn...” yazısını təqdim edir.

Hər şey Hikmət Hacızadənin başının altından çıxdı. Səməd Vurğunu top atəşinə tutan, qazaxlıların beyninin qurdunu oynadan o, “gülləyə” tuş gələn mən...

Görüm, onu dilindən cızdağa düşsün.

***

Bilənlər bilir, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri Barat Vüsalla uzun zamandır danışmıram.

Yeniyetmə yaşlarımda uşaqlıq eləsəm də, məzmunsuz adam olduğu üçün son vaxtlar haqqında tənqid yazmağı belə özümə rəva bilmirdim, amma bu günlərdə Hikmət bəyə verdiyi biabırçı cavabı oxuyandan sonra əlim dinc durmadı, yazdım ki, belə savadsız və istedadsız arqumentdənsə Səməd Vurğunu söysə daha yaxşı idi.

Ürəyində xal qalıb.

Ki, iki-üç gün qabaq Qazaxda yerləşən Ədəbiyyat Muzeyində erkən nikahlar və onların ağır nəticələrindən danışan filmin nümayişindən çıxanda uzaqdanca məni süzdüyünü sezdim.

Elə baxırdı, görsən, deyərdin, muzey bunun dədə mülküdür, mən yağı düşmən. Gəlmişəm yağmalamağa...

İki dəqiqədə bir qıcıq verirmiş kimi, gəlib uşaqlara söz atır, sual verirdi ki, yenə hansısa qadını zorlayıblar, onu müdafiə edirsiniz obyektimdə?

Dilinin ağrısın aldığım biri qayıtdı ki, səni müdafiə edəsi deyilik ha! İkincisi, muzey dövlətin mülküdür, istəsə səni də qovalayar, məni də...

Cavab tapa bilmədi. Odlandı, nə odlandı...

Qapının qarşısında şüvən saldı: öncə şair dostumuz Taleh Mansuru qısnayıb elədiyi, eləmədiyi bütün yaxşılıqları başına qaxdı, sonra məni...

Yenə məzmunsuz arqumentlər, rabitəsiz çıxışlar: “Səməd Vurğunu bəyənmirsiniz, alçaqlar, əclaflar!”

İnsafən Taleh yaxşı dözdü; kirimişcə uzaqlaşdı ki, bəlkə, sakitləşə, amma “sinə cıra-cıra” mənə yaxınlaşdı: “Biri də sən əclaf!”

...Bəli, qazaxlıların şah damarına toxunan Hikmət Hacızadə, Səməd Vurğunu müdafiə edə-edə “kürəyi gülləyə gələn” mən...

Yazdığım yazını gözünə soxmamış, özünü, yaradıcılığını söydürməmiş əl çəkmədi. Ölümünə sürünən ilan kimi üstümə-üstümə şığıyırdı...

Talehin təhqiramiz sözlərlə qovulmasından sonra boğazımda düyünlənən zəhəri onun üstünə töküb uzaqlaşmaq istəyirdim, gördüm, camaat marıqda dayanıb şikarını gözləyən qarğa-quzğun kimi üstümə tökülüşdü: “Sən kimsən Səməd Vurğunu tənqid edirsən?”, “Onun yaşına gəl, sonra yekə-yekə danışarsan...”

Biri də kənardan müdaxilə elədi: “Yox, Səməd qağa kimi öl, sonra danışarsan...”

Ona sevinirəm ki, dostlar yanımda idi, Barat müəllimin məni başımıza yığılan Qazax və Səməd Vurğun təəssübkeşlərinə döydürmək niyyətini başa düşüb ordan uzaqlaşdırdılar.

O isə hələ də susmamışdı. Susmaq bilmirdi, əsib coşurdu. Zəiflərin xasiyyətidir, beş-on adamı bir yerdə görəndə qaz götürür. Talehi nişan verib dediyi axır sözlər heç vədə yadımdan çıxmaz: “Sənə prezident təqaüdünü mən verdirmişəm, ay əclaf!”

Məndə belə təəssürat yarandı ki, ədəbiyyatdakı uğursuzluqlarını, istedadsızlığını biz gənclərin üzərində hakimiyyət quraraq kompensasiya etmək istəyir.

Yazığım gəldi...

# 1861 dəfə oxunub

Müəllifin son yazıları

# # #