Kulis.az Həmid Piriyevin yeni yazısını təqdim edir.
Yenə də tərcümə problemləri gündəmdədir və yenə də hadisənin baş qəhrəmanı “Qanun” nəşriyyatı və nəşriyyatın direktoru Şahbaz Xuduoğludur.
Amma bu dəfə söhbət ümumi tərcümədən yox, müəyyən bir kitabdan gedir. Bell Huks (Bell Hooks) təxəllüsü ilə tanınan Qloriya Cin Uotkinsin (Gloria Jean Watkins) “Feminizm hər kəs üçündür” kitabından.
Bell Huksun "“Feminizm hər kəs üçündür” kitabından
Əvvəlcədən deyim ki, sözügedən kitabı oxumamışam, heç üzünü də görməmişəm, ümumiyyətlə, o tip ədəbiyyat oxumuram və yəqin ki, bu kitabı haçansa əlimə götürməyim ehtimalı da sıfıra bərabərdir. Bu yazımda səslənən iradlardan və Şahbaz bəyin o iradlara cavabından danışacağam.
Hadisə necə inkişaf etdi?
Sosial şəbəkə istifadəçilərindən biri sözügedən kitabın dördüncü fəslinin başlanğıc səhifəsini paylaşdı. Digər istifadəçilər tərcüməni tənqid etdilər. Sonra paylaşımlar və tənqidlər çoxalıb kütləvi hal aldı və nəhayət, Şahbaz bəy iradlara cavab statusu yazdı.
Sözügedən fəslin adı belə “tərcümə edilmişdi”: “ƏLƏŞDİRƏL BİLİNCƏ YÖNƏLİK FEMİNİST EYİTİM”.
İstifadəçilər də (oxu: potensial oxucular) haqlı olaraq, bu kitabın hansı dildən hansı dilə tərcümə edildiyi ilə maraqlandı. Doğrudan maraqlıdır, bu hansı dildir belə? Mən “Tarixi-Nadir”dən əlavə “Uliss”in azərbaycancaya tərcümə edilmiş birinci fəslini də oxumuşam (Zahid Sarıtorpağın tərcüməsində), amma bu tərcümədən baş açmadım. Türkcə desən, türkcə deyil, azərbaycanca desən, o da deyil. Bu, olsa-olsa, iki dilin zorla bir-birinə calaq edilmiş versiyasıdır (el arasında buna dilin təhqir edilmiş versiyası deyirlər).
Kitabın tərcüməçisi əslən Cənubi Azərbaycandan olan Türkan Urmuludur. Türkan xanımın yaradıcılığı ilə çox da yaxın tanışlığım yoxdur, amma bildiyim qədər, Cənubi Azərbaycanın ən aktiv gənc yazarlarından biridir. Türkiyədə təhsil alanda “Ban” adlı ədəbiyyat jurnalı da təsis etmişdi və o jurnalın birinci nömrəsi Bakıya da gəlib çıxmışdı. Amma jurnalın növbəti nömrələri gəlmədiyi üçün sonrakı taleyindən xəbərim olmadı. Bəlkə də elə birinci nömrə axırıncı oldu?!
Türkan Urmulu
Belə başa düşürəm ki, Türkan xanım da ortaq türkcənin tərəfdarıdır (əks halda, belə “tərcümə”yə başqa səbəb tapa bilmirəm). Nəzərinizə çatdırım ki, ortaq türkcə xəyalları indinin məsələsi deyil. Hələ yüz otuz il qabaq Əli bəy Hüseynzadə bu yola qədəm qoymuşdu. Ondan sonrakı ədəbiyyatçıların bütöv bir nəsli də bu ruha kökləndi. Amma Azərbaycanda Sovet hakimiyyətinin qurulması bu prosesin qarşısını aldı və Azərbaycanda Sovet hakimiyyətinin ilk on beş ilində başda Cəfər Cabbarlı, Seyid Hüseyn və Tağı Şahbazi Simurğ olmaqla, yeni nəsil ədəbiyyatçılar indi yazdığımız ədəbi dili zərrə-zərrə formalaşdırdı.
Gözlənildiyi kimi, tarix təkrar olundu, illər ötdü, dövr yetişdi, yeni ortaq türkcə tərəfdarları boy göstərməyə başladı və ortaya biabırçı mənzərə çıxmağa başladı. Elə təkcə Patrik Modiano Nobel mükafatı alandan sonra dilimizə çevrilən ilk romanını xatırlamaq kifayətdir. Araz Gündüz romanı “Kimliyi bəlli olmayan qadınlar” adıyla tərcümə etmişdi. Ada bax e – “Kimliyi bəlli olmayan qadınlar”. Hələ də yadıma düşəndə gülürəm. Bunu “Naməlum qadınlar” yaz, qurtarsın getsin də.
Şahbaz bəyin cavabına keçməmiş, axırıncı bir şeyi də vurğulayım. Şəbəkə istifadəçilərinin yazdığına görə, “Feminizm hər kəs üçündür” kitabının redaktoru Güntay Gəncalpdır. Başqa bir ortaq türkcə sevdalısı. Güntay bəyin tərcüməsində Nəval Əl Səədavinin “Sıfır nöqtəsində qadın” romanını oxumuşdum çoxdan. O kitab da “oxul”, “baxanlıq” və s. kimi türk sözləri ilə dolu idi...
Güntay Gəncalp
İndisə Şahbaz Xuduoğlunun cavabı:
“Təbrizdə doğulur, farsca təhsil alır, Türkiyəyə gedib türkcə təhsilini davam edir, oradan daha yüksək təhsil üçün Avropaya üz tuturlar. Dünya elmlərinə yiyələnirlər, onların da deməyə fikirləri yaranır.
Təhsil aldıqları Türkiyə türkcəsi, yaxud ingilis dilində rahat yazırlar, müdafiə edirlər. Amma yenə də bəzi ürək sözləri var ki, onu məhz öz dillərində qələmə almaq istəyirlər.
Bir tərəfdən Türkiyə türkcəsi, Azərbaycan türkcəsi, digər tərəfdən Təbriz, Ərdəbil ləhcəsi qarışır bir-birinə.
Onlar bizim türkcənin qrammatikasına bələd deyillər. Oxuduqları kitablar və müşahidələr nəticəsində yazı vərdişləri qazanıblar.
Bunu gözəl başa düşürəm. Bəzən biz o yazıları redaktə ilə tam təmin edə bilmirik, bəzən isə özləri redaktədən imtina edirlər.
Bütün bunlara baxmayaraq, İrandan gələn heç bir yazıya yox demirəm və deməyəcəyəm. Onların dilinə irad tutub əl çalanlar daha dərin düşünə bilmirlər, daha uzağa baxa bilmirlər.
Cənubdan nə qədər yazı, kitab gəlsə, hamısını nəşr edəcəyəm.
Düzdür, yazı dili inkişaf etməyib, amma bu işi aparan fədakar insanlarımız az deyil. Hamısına hər cür dəstək vermək lazımdır.
Onların yaradıcı fəaliyyətini gündəmə çevirmək, "bu nə dildə yazır?” demək etik deyil.
P.S. Yadınızdadır, bir zamanlar qəzetlərin son səhifəsində yazılırdı, müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. Düzdür, indi o cümləni hamı silib, amma biz hələ də həmin prinsipləri qoruyuruq”.
Şahbaz bəy əsl fədakar adamdır, bunu tam səmimiyyətimlə deyirəm. Doxsanıncı illərin ilğımı xatırladan ədəbi durğunluğundan sonra ilk dəfə o sinəsini qabağa verib nəşriyyat açmağa cəsarət etdi. Əgər bu gün Azərbaycanda kitab bazarı az-çox varsa, canlıdırsa, bunun ilk səbəbkarı elə Şahbaz bəydir. N qədər yerli yazarın kitabını pulsuz da çap edib, reklam da edib. Şəxsən mənim özüm də “Qanun”la intensiv olmasa da, tərcüməçi kimi çalışmışam. O nəşriyyatda tərcüməmdə üç kitab çap olunub. Həmişə də şəxsimə qarşı hörmət görmüşəm.
Əlbəttə, qüsurları da var, hətta lazım olandan daha çoxdur. Lakin ancaq qüsurları sayıb, yaxşı işlərini deməmək ədalətsizlik olar. Necə deyərlər, igidi öldür, amma haqqını yemə.
Şahbaz bəyin ən böyük qüsuru isə kitab bazarını bərbad tərcümələrlə doldurmasıdır. Bilirsiniz nə qədər oxucu sizin nəşriyyatın bərbad tərcüməsinə görə daha azərbaycanca kitab oxumur, Şahbaz bəy?
Bu kitab da o qəbildən.
Bu kitabı, belə bir “tərcümə”ni alıb oxuyan oxucu ikinci dəfə azərbaycanca tərcümə alıb oxumaz. Düz də edər. Necə ki, edirlər.
Siz isə özünüzə haqq qazandırmaq üçün başqa tərəfdən yanaşırsınız. “İrandan gələn heç bir yazıya yox demirəm və deməyəcəyəm.” Əlbəttə, zəif nöqtəmizi yaxşı bilirsiniz axı. Cənubi Azərbaycan, otuz milyon soydaş...
Amma bir şeyi unudursunuz. Tərcümə ədəbiyyatı müəllif ədəbiyyatı deyil. Müəllif öz kitabını hansı dildə istəsə, yaza bilər. İstəyir, lap moltanı dilində yazsın. Kimin ixtiyarı var ona söz deməyə? Cənublu soydaşlarımızın öz ləhcələrinə uyğun yazdıqlarını məmnuniyyətlə oxuyuruq. Elə sizin nəşriyyatda da bir neçə cənublu müəllifin kitabları çap olunub.
Amma tərcümə ədəbiyyatı ayrı. Əgər əsərin orijinalında neologizmlər və ya həmin cəmiyyətə uyğun vulqarizmlər işlənməyibsə, tərcümə dilin qaydalarına maksimum uyğun olmalıdır. Bunu ki, siz daha yaxşı bilməlisiniz, Şahbaz bəy.
Amma siz durub səhvinizi etiraf etmək yerinə, özünüzə haqq qazandırır, hələ üstəlik, irad tutanları borclu da çıxarırsınız.
Bunun yerinə, bu iki gün ərzində əlavə neçə oxucunuzu itirdiyinizi hesablasanız, daha yaxşı olar.