Rəhim Əliyev: “O, deyirdi ki, Əkrəm Azərbaycan ədəbiyyatının şərəfini müdafiə etdi” – Müsahibə

Rəhim Əliyev:  “O, deyirdi ki, Əkrəm Azərbaycan ədəbiyyatının şərəfini müdafiə etdi” – Müsahibə
27 iyun 2024
# 11:17

Kulis.az yazıçı, tənqidçi Rəhim Əliyevlə müsahibəni təqdim edir.

Vədələşdiyimiz vaxta az qalıb. Metrodan çıxıb Elmlər Akademiyasına tərəf tələsirəm. Gedə-gedə verəcəyim sualları beynimdə sıralayıram. Rəhim müəllimi 2013-cü ilin 30 dekabrından tanıyıram. O vaxtlar Rasim Qaracanın “Bakıtab” kitab mağazası vardı, orda tanış olmuşduq. On bir ildir mütəmadi görüşürük, az qala hər həftə. Böyük hörmətim var ona – həm yazıçı kimi, həm böyük kimi. Amma birinci dəfədir müsahibə alacağam ondan.

Akademiyanın həyətindəki çayxanaya az qalmış uzaqdan görürəm onu. Həmişəki rahat oturuşuyla stula dirsəklənib, armudu stəkandan çay qurtumlayır.

Yanına çatıb görüşürəm, stul çəkib otururam. Bu çayxananın stulları dəmirdəndi, ağırdı.

Əliylə mürəbbə qabına işarə edir:

– Uşağa dedim, moruq mürəbbəsi gətirsin. Moruq turşməzədi də, adamın mədəsini sığallayır. Amma bu getdi bilmirəm nə gətirdi. Ye, bax gör nədi bu?

Boş stəkana özümçün çay süzüb mürəbbədən nəlbəkiyə tökürəm. Dadı elə moruğa oxşayır.

– Moruqdu da, deyəsən.

– Yox, moruq deyil. Nə bilim nədi.

– Hər halda, giləmeyvədi, - deyirəm. Gülür. – Başlayaq?

Başını razılıq mənasında tərpədir. Rəhim müəllim yazıçıdan daha çox, tənqidçi kimi tanınır. Qoy elə birinci sual da bu barədə olsun.

Rəhim müəllim, Sovet dövründəki ədəbi tənqidlə müstəqillik dövründəki ədəbi tənqid arasında nə kimi fərqlər var? Vəziyyət yaxşılığa dəyişib, yoxsa pisliyə?

Çox böyük fərq var, Həmid. Düzü, mən o vaxt, lap cavan vaxtımdan cürbəcür tənqidi yazılar yazırdım. Belə yazım da var ki, “Nə üçün tənqid yoxdur?”. O vaxt avtoritetlər mane olurdu. Məmurlar, böyük vəzifəli adamlar mane olurdular. Amma tənqid azad olmalıdır. Halbuki, mətbu orqanlarda onsuz da az olan yeri tuturdu vəzifəli adamlar haqqında yazılar. Hərəsinin də öz tənqidçisi vardı. Bizdə böyük illüziya var idi ki, deməli, müstəqillik dövrü gələcək, azadlıq olacaq və əsl tənqid olacaq. Ancaq təəssüf ki, belə olmadı. Bunu demək nə qədər acı olsa da, fakt belədir. SSRİ dağılandan sonra heç bir redaksiyadan mənə zəng edib tənqidi yazı tapşırmayıblar. Bir dəfə Ayaz Vəfalı mənə zəng elədi ki, Ağəddin Mənsurzadənin xatirəsinə bir yazı yaz, ondan sonra belə bir şey olmayıb. İndi əks bir proses gedir, imkanlı, pullu, vəzifəli adamlar gəlib aparıcı yazıçı olur. Bəziləri titullar da alır, haqlarında namizədlik, doktorluq işləri yazılır, kitablar çıxır. Əsl tənqiddən əsər-əlamət qalmayıb. Yəni ki, pulun cəmiyyətdə hakim mövqeyə keçməyi vəziyyəti belə gətirib. Axı sovet vaxtı pul leqal şəkildə hakim mövqedə deyildi. Amma indi müstəqillik dövrüdür, kapitalizmdir. Pullu adamların hər cür imkanı var və onlar ədəbiyyatda əsas rol oynayırlar. Bütün təriflər də onlar haqqında gedir. Ümumiyyətlə, ədəbi epitetlərin mənası-filanı itib. Yəni, indi tənqid Sovet vaxtı olduğundan çox-çox pis vəziyyətdədir və ya, bəlkə də, heç yoxdur. Lenin o vaxt deyirdi ki, kapitalistlərin ədəbiyyat işi pul kisəsindən asılıdır, yəqin, elə bir dövr gəlib çatıb.

Bəs gələcəyi necə görürsünüz?

Mənə elə gəlir ki, tənqidlə əlaqədar vəziyyət daha da pisləşir. Bir şey də var ki, ictimai rəy yoxdur. Sovet vaxtı zəif də olsa, ictimai rəy var idi. Adamlar müəyyən şeylərdən utanırdılar, çəkinirdilər. Yuxarıdan da ədəbiyyata nəzarət var idi. İndi bizim dövlətimiz ədəbiyyatın problemlərinə qoşulmur. Bir az pul ayırır, amma daxildən müdaxilə etmir. Sən “Ədəbiyyat qəzetini” açsan görəcəksən ki, ən böyük yazıçılar elə Yazıçılar Birliyində rəhbər vəzifədə olan adamlardır, qalanları yoxdur. Tehran Əlişanoğlu kimi adam Rasim Qaracanın avanqardizmi haqqında məqaləsini “Ədəbiyyat qəzeti”ndə çap etdirə bilməyib, saytların birində dərc elətdirib, mən də ordan oxudum. Özüm də heyran qaldım ki, axı bu qəzet Akademiyanın müxbir üzvünün, neçə il həmin qəzetdə müavin işləmiş tənqidçinin məqaləsini niyə çap etmir? Bilmək olmur. Çünki Rasim Qaracanın vəzifəsi yoxdur, ona görə saymazlıq edirlər, müəyyən şeyləri heç vecə də almırlar.

Siz gənclikdə daha çox ədəbi tənqidlə məşğul olmusunuz. Nəsr yazmağa gec başlamısınız. Elə nəsr kitablarınızın arasında fasilə də çox olub. “Göndərilməyən teleqram” 1984-cü ildə çap olunmuşdu, ikinci kitabınız “Bütövlənməyən borc” isə 1996-cı ildə.

Bu elə bir mövzudur ki, mən utanıram bu barədə danışmağa. Aslan Quliyev yazıb ki, məni niyə öldürdünüz? (Aslan Quliyevin “Onlar məni öldürdü” memuarı nəzərdə tutulur – H.P.). Məni heç kim öldürmədi, mən “Ədəbiyyat və incəsənət” qəzetində doqquz il tənqid şöbəsində işlədim, onun da yeddi-səkkiz ilini şöbənin müdiri oldum. Yəni, mənim hər cür səlahiyyətim vardı. Amma bununla belə, hekayələrimi çap etdirə bilmirdim. O vaxt çap olunmaq çətin idi. Əsgərlikdən qayıdandan sonra bir hekayə yazmışdım, 1976-77-ci illərdə. “Öpüş” hekayəsi.

“Zülmətdə çəhrayı” kitabınıza da salmısınız onu (Rəhim Əliyevin 2015-ci ildə çap olunan hekayə kitabı – H.P.).

Hə. Amma birinci “Göndərilməyən teleqram” kitabında çıxmışdı. O vaxt onu aparıb “Ulduz” jurnalına verdim. Nəsr şöbəsinin müdiri dedi ki, bilirsən, bu hekayə mənə sənin yazdıqlarından və yaza biləcəklərindən çox yüksək göründü, filan. Nəsə belə başladı, hekayəmi təriflədi, amma hekayə çap olunmadı. Yəni ki, “Ulduz”da, “Azərbaycan”da illərlə nəsə çap etdirmək mümkün deyildi. Çünki bu jurnalların işçilərinin hamısı yazıçı və şair idi. Tutaq ki, “Ulduz” jurnalının redaktoru Sabir Azəri idi, müavinləri də şair və yazıçılar. Elə hərəsi bir dənə öz əsərini verirdi, hansısa nəşriyyatın müdirindən povest gəlirdi, Yazıçılar İttifaqının katiblərindən birinin əsəri gəlirdi, jurnal dolurdu. Yəni, Sovet vaxtı fiziki cəhətdən yazıçı ola bilməzdin, hər nə qədər ədalətsiz olsa da. Çünki senzura vardı, öz kitabını buraxdıra bilməzdin. Hökumət də kitabları dörd ildən bir buraxırdı. Dəhşətli bir ədalətsizlik idi. Mən Musa Yaqubun, başqalarının bioqrafiyalarına baxıram. Musanın da uzun müddət kitabları çap olunmayıb. Dörd ildən bir. Kimin vəzifəsi yox idisə, onun üçün belə bir yazılmamış qanun var idi. Ancaq vəzifəli adamların – Yazıçılar İttifaqının rəhbərləri, nəşriyyatların direktorları, baş redaktorları – bunların tez-tez kitabları çıxardı. Xalq yazıçıları Mərkəzi Komitənin üzvləri idi, onların qonorarı da ayrı idi. Belə qəribə, fabrik kimi bağlı bir yer idi ədəbiyyat. Yəni, o vaxt mümkün deyildi. Yazılar çap olunmayanda adam yazmır. Mən də yazmırdım. Buna görə ardıcıllığımla qürrələnə bilmərəm. Yazıçılıqda tərs ardıcıllıq lazımdır. O da məndə olmayıb. Yəqin bunu tənqidlə, işlə məşğul olmaq kompensasiya edirdi, yaradıcı enerjimi aparırdı. Amma son vaxtlar görürəm ki, müəyyən şeyləri bədii şəkildə demək daha doğrudur. Ona görə axırıncı romanımı yazdım.

Roman demişkən, axır bir ilin içində iki kitabınız çap olunub. Biri keçən il çapdan çıxan “Tağ ev” romanıdır, biri də keçən ay çapdan çıxdı, “Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri”. Əvvəlcə bir-iki kəlmə romanınızdan danışaq. Bilirəm ki, uzun müddət işlədiniz onun üstündə. Səhv eləmirəmsə, 2015-ci ildə başlamışdınız yazmağa.

2016-da.

Hə... Yəni, o prosesi mən də az-çox qıraqdan izləyirdim. Müəyyən hissələri də siz yazdıqca oxumuşdum. Və həm də bilirəm ki, o roman sizin üçün çox əziz əsərdir. Çünki orda siz öz nəslinizin tarixini yazmısınız. “Tağ ev” haqqında ümumilikdə nə deyə bilərsiniz? Onu necə təqdim edərsiniz?

Bu həm asandı, həm də çətin. Atamın Solovkidə on il (1928-1938) yatıb qayıtmış dayısı olub. Uşaqlığım onun haqda miflərlə keçib. Solovkidən sonra Maxaçqalada yaşayıb, Bakıya qayıtmasına icazə verilməyib. 1945-ci ildə məişət zəminində özünü güllələyib. Cavan vaxtımdan onun haqda roman yazmaq istəmişəm. Amma tale elə gətirdi ki, bunu yetmiş yaşda yazası oldum. Ata nənəm Ramanada ikimərtəbəli mülkdə yaşayırdı. Həmin mülkə atamın dayısının həyəti deyirdilər. Nənəm o həyəti xeyirverməz sayırdı, özü də orda vəfat elədi. Həmin mülk 20-ci illərdə müsadirə olunmuşdu. XX qurultaydan sonra anam dörd uşaqla Moskvaya Molotovun qəbuluna gedib mülkün qaytarılmasına nail oldu. Biz o həyətə köçməli idik. Amma ata nənəm müharibədə iki oğlunu itirmişdi, atam sağ qayıtmışdı, atama dеdi ki, Nadir, o həyətə köçmə, o həyətdən yiyəsi özü xeyir görməyib, özüm köçəcəyəm ora. Nənəm gəlin gəldiyi üç gözlü, quyusu və iri həyəti olan evini atama verib, atasının xeyirverməz mülkünə köçdü. Roman həm də əsl sahiblərinə - nənəmin üç qardaşına qismət olmayan o həyətin tarixçəsidi.

Rəhim müəllim, əvvəllər deyirdiniz ki, romanda Sovet dövrünü də yazmaq istəyirsiniz. Amma roman 1922-ci ildə bitir.

Romanı başlayanda elə fikrim vardı. Amma Nəriman Nərimanovun, Əhməd Əhmədovun faciələrini yazmaq özümə də aydınlatdı ki, İkinci Azərbaycan Respublikası Leninin sadəlövh Nərimanova sırıdığı böyük yalan idi, onun ləğvi Çar vaxtındakı qaydaların qayıtması idi. Bolşevik partiyası XIX əsrin ikinci yarısından Rusiyada tüğyan edən siyasi terrorizmin hakimiyyətə gəlməsi idi. Bu terrorun tarixi bu gün də Rusiyada məxfidir. Bolşeviklər marksist kimi yazırdı, amma terrorist kimi hərəkət edirdilər. Qəzet və jurnallarda milli məsələdən yazırdılar, əməldə isə hər şeyi Çar “oxrankasının” zabitləri icra edirdi. Onlar, məsələn, bizim Mərkəzi Komitənin yaradıcısı Semyon Kondratyev Çar vaxtında olduğundan on qat qəddar və qanunsuz işləyirdi.

Nərimanovdan sonra Moskva siyasi mənliyi olmayan adamlardan istifadə edirdi, mətbuat böyük və əzbərlənmiş yalanlarla dolu idi, mən bu çirkabla əlləşməkdən vaz keçdim. SSRİ, Corc Oruel dediyi kimi, “Həqiqət Nazirliyi” tərəfindən idarə olunurdu. Adlar dəyişirdi, amma mahiyyət yox. Mən bunları yazmaqdan vaz keçdim. Rus nəsrində bu məsələlər var kifayət qədər. Bizim ədəbiyyatda da var, güclü deyil, amma var.

Romanın qəhrəmanı Abtalıb elə bil milli hərəkatla öz arasında məsafə saxlayır.

Həmid, düz tutmusan, Abtalıb millətçi deyil, ermənilərə nə atası, nə özü nifrət edir. O balaca da olsa, kapitalist oğludur. Mülkiyyətçi sinfə nə məhəbbət, nə də nifrət ideologiyası ona əl verir. Həm də ki, ömrü boyu millətdən danışanlar axırda məni məyus ediblər. Güruh halında sevgiyə inanmıram.

Bəzi oxucular Tanya və Sara kimi müsbət qadın qəhrəmanlara görə sizə irad tutublar. Onların yerinə azərbaycanlı qadınların obrazı yarana bilərdi?

Əlbəttə, hər şey ola bilərdi. Amma bu qadınların prototipi olub, onlar süjetin ayrılmaz hissəsidir. O vaxt bizim kişilər içirdi, amma qadınların açıq-saçıq davranışı yox idi. Mən də razıyam ki, bizim nəsrimizdə Azərbaycan qadınının parlaq obrazları az yaranıb. Deməli, yazmaq və yaratmaq lazımdır, yol açıqdır...

Çayımızı çoxdan içib qurtarmışıq.

– İçirsən, yenə gətirsən? – soruşur.

– Yox, bəsdir.

– Onda duraq bir az gəzişək.

Durub çayın hesabını ödəyirik. Akademiyanın həyətindəki hündür ağacların kölgəsində gəzməyə başlayırıq. Növbəti sualımı verirəm

Bir az da “Yeni Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” haqqında... O kitabda yığdığınız məqalələr, oçerklər birinci dəfədir çap olunur, yoxsa müəyyən hissəsini çap etdirmişdiniz əvvəlcə?

İki əsas oçerk təzədir. Biri Mirzə Fətəli Axundov haqqındadır, onu keçən il Qəbələdə yazdım. Axundovun realizmi mənim diplom işim olub. O işi tapa bilmədim. Yaxşı ki, tapa bilmədim, təzədən yazdım, böyük bir oçerk alındı. Bir də axırıncı oçerk, adı da bir az qəribə səslənir: “Müstəqillik dövründə demokratik ədəbiyyat və onun nomenklatura ədəbiyyatına qarşı mübarizəsi”. Bu fəsli elə bu kitabı hazırlaya-hazırlaya, axırıncı bir ilin içində yazmışam. Düzdür, Aslan haqqında oçerkim var idi, onu təzədən işləmişəm. Əsas hissəsi isə AYO-çular, onların təmiz tənqid uğrunda, ədəbiyyata bağlı olan tənqid uğrunda mübarizəsi, Yazıçılar Birliyi ilə polemikaları, mübahisələri haqqındadır... Bunlar artıq tarixin faktlarıdır. Bax, o fəsli mən təzə yazmışam. Orda Rasim Qaraca haqqında da oçerk var, Həmid Herisçi haqqında da, Seymur Baycan haqqında da. Əsas böyük oçerklər bunlardı.

Bir də kitabda Əkrəm Əylisli haqqında oçerk var.

O tam oçerk deyil. Müstəqillik dövrü ədəbi hadisələri içində Əkrəmin “Daş yuxular” əsərinin böyük önəmi var ki. Onun kitablarını yığıb yandırdılar, az qala məhkəmə qurdular Əkrəmin əleyhinə. Onda, 2013-cü ildə Əkrəm haqqında məqalə yazmışdım. Müəyyən səbəblərə görə mən onu o vaxt çap etdirmədim. İndi həmin məqaləni demokratik tənqidin nümunəsi kimi kitaba daxil etmişəm. Çünki bizdə Qarabağ müharibəsinə iki münasibət var. Bir münasibət odur ki, bu müharibə böyük bir qəhrəmanlıq tarixidir, ikinci münasibət odur ki, hər müharibə insanlar üçün faciədir. Əkrəm də Qarabağ hadisələrinə, ermənilərə münasibətini yazıçı kimi yazıb və bunu hər iki xalqın faciəsi kimi verib. Seymur Baycan da “Quqark” romanında o cür vermişdi. Əsl ədəbiyyatın müharibəyə başqa cür münasibəti ola bilməz. Publisistika ayrıdır. Siyasətçi, hərbi xadim ermənilərdən danışanda söyə də bilər, nifrət də yağdıra bilər. Amma yazıçı yazırsa, ədəbiyyatın, yazıçılığın fundamental prinsipləri bunu tələb edir ki, müharibəyə insanlığın, hər iki xalqın böyük faciəsi kimi yanaşasan. Əkrəmin də mövqeyi belədir. Hətta rəhmətlik Çingiz Hüseynov Əkrəm haqqında yazmışdı ki, o, Azərbaycan ədəbiyyatının şərəfini müdafiə etdi.

Müstəqillik dövrünün ədəbi tənqidindən danışdıq, amma axırıncı sualı istəyirəm ədəbiyyata aid yox, ümumi verim. Hansı hadisəni müstəqillik dövrünün ən mühüm hadisəsi hesab edirsiniz?

Xankəndidə keçən qələbə paradını. Bizim xanlıqlar Rusiya tərkibinə daxil ediləndən Qarabağ erməniləri Azərbaycan siyasətində hegemon olublar, çünki ermənilər birinci Qarabağ xanlığını Rusiyaya qatdılar, dalısınca qalanlarını. Layihədə əsas rol oynadılar. İki yüz illik müstəmləkə administrasiyasında hər şey onların əli ilə idarə olundu. Hətta Azərbaycanın sovetləşməsi də Şaumyanın rəhbərliyi ilə icra olundu. Azərbaycan-Rusiya münasibətlərində biz özümüz subyekt deyildik, bu iş məxfi olaraq ermənilərə verilmişdi. Azərbaycanda “rus-erməni ittifaqını” birinci Nərimanov ifşa etdi. Onu öldürdülər. Heydər Əliyev hakimiyyətə gələn kimi Rusiya ilə münasibətlərdə özü siyasi subyekt olmağa başladı. Xankəndidəki qələbə paradı isə Rusiya-Azərbaycan münasibətlərində erməni amilinin həmişəlik aradan getdiyini rəmzləndirən çox böyük tarixi hadisə idi.

Müsahibə üçün təşəkkür edirəm.

– Sən sağ ol, - deyir. – Vaxtın olanda gəl görüşək.

– Mütləq, - deyirəm. – Mütləq görüşəcəyik.

# 4458 dəfə oxunub

Müəllifin son yazıları

# # #