Övladlarını istismar edən valideynlər

Övladlarını istismar edən valideynlər
23 avqust 2024
# 15:23

Kulis.az Həmid Piriyevin "İmtahan" adlı köşəsini təqdim edir.

Dünən imtahan nəticələri açıqlandı. Tələbə adını qazanan hamını təbrik edirəm!

Amma...

O uşaqların hamısı tələbə olmaq istəyirdimi? O uşaqların hamısı daxil olmaq istədiyi qruplarımı seçdi? Gəlin bunu aydınlaşdıraq.

Bizim cəmiyyətdə valideynlər, əsasən, uşaqlara gələcəyin təminatı kimi baxır.

Mən əziyyət çəkmişəm, səni böyütmüşəm, sən də mənim arzularımı yerinə yetirməlisən. Yoxsa çörəyim gələr sənin burnundan...

Bu, xüsusən, təhsildə özünü daha qabarıq göstərir. Uşağı yuxarı siniflərdən başlayırlar hazırlığa göndərməyə (əlbəttə, burda uşağı oxutdurmaqla bərabər, eldən dala qalma düşüncəsi də var: qonşunun uşağı hazırlığa gedir, mənimki niyə getməsin? Burda bir zəruri haşiyə çıxım ki, adətən uşaqları elə öz müəllimlərinin yanına göndərirlər hazırlığa. Yəni, müəllim məktəbdə öyrətməli olduğu (!) dərsi evində öyrədib əlavə pul alır. Uşaq başqa müəllimin yanına gedir deyə onunla prinsip aparan, qiymətini kəsən müəllimlər də az deyil).

Uşaq onuncu sinfə çatanda tələb artır (daha çox hazırlaş, daha yaxşı oxu!). On birinci sinifdə isə uşaq adətən minnət (o qədər əziyyət çəkib müəllimlərə pul tökmüşəm!) və təhdidlə (hünərin var universitetə girmə!) qarşılaşır. Valideyn təzyiqi bir yandan... üstəgəl, o qədər dərs yükü, imtahan stressi.... Elə hər il neçə abituriyentin intihar xəbərini oxuyuruq...

İmtahandan keçənləri isə ikinci mərhələ gözləyir: ixtisas seçimi. Və ya valideynlərin ixtisas seçimi. Çünki əksər uşaqlara seçim azadlığı verilmir. Ata-ana hansı ixtisası istəyirsə, uşaq məcburən o sahəyə getməli olur.

Bu, həm valideynlərin, yuxarıda dediyim kimi, uşağa gələcəyin təminatı kimi baxmasından (filan sahə daha gəlirlidi, onu oxu, çox qazan, mənə də yaxşı bax), bəzi hallarda isə valideynin özü üçün reallaşdıra bilmədiyi, ürəyində qalan arzusunu uşağının timsalında reallaşdırmaq istəyindən irəli gəlir (mən oxuya bilmədim, heç olmasa uşağım oxusun – deyənləri nə qədər görmüşük...).

Əlbəttə, istənilən valideyni dindirsən, uşağının yaxşılığı üçün belə etdiyini deyəcək. Etiraz edə bilmərik, hamı uşağının yaxşılığını istəyir. Amma bu müdaxilə yaxşı nəticə verəcəkmi? Bax, əsas bunu fikirləşmək lazımdır.

İxtisas seçiminə belə icazə verilməyən uşaq gələcəyini necə quracaq?

Xüsusən, oğlan uşaqları ilə daha ehtiyatlı olmaq lazımdır. Yəqin, fikir vermisiniz, universitetlərin qabağı dolu olur ikiyə bükdüyü dəftəri qayışına keçirdib dəstə-dəstə siqaret çəkən, qızlara baxan oğlanlarla. Çayxanalar da elə.

Dərsə həvəssiz gedən qız uşaqlarını da hamımız görürük.

Valideyn isə fəxrlə “uşağım universitetdə oxuyur” deyir.

Beləliklə, hər il nə qədər uşağın arzusu məhv olur, gələcəyi korlanır. Sırf valideyn ambisiyaları ucbatından.

Sonrasını da hamımız bilirik. “İş tapmaq olmur; dörd il universitet oxu, sonra da qal ortalıqda” deyə-deyə gəzirlər əlidiplomlu.

Bəlkə də, valideynlər həmin uşaqları nəfslərinə qurban verməsəydilər, cəmiyyətə daha faydalı vətəndaş bəxş etmiş olardılar.

Vacib deyil hamı oxusun, müəllim, həkim, hüquqşünas, mexanik, kompyuter mühəndisi ... olsun. Savadsız “mütəxəssis” olmaqdansa, sənət sahibi olmaq daha yaxşıdır.

Bir parça çörək hər yerdə var.

Çalışaq, uşaqlarımızı nakam arzularımıza, qohum-əqrəbamıza, “camaat nə deyər”ə qurban verməyək.

Gözəl gələcək naminə!

# 1680 dəfə oxunub

Müəllifin son yazıları

# # #