Quşqovanlar diriləndə - Həmid Herisçinin yeni hekayəsi

Quşqovanlar diriləndə - Həmid Herisçinin yeni hekayəsi
16 yanvar 2024
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" çərçivəsində Həmid Herisçinin "Quşqovanlar diriləndə" adlı yeni hekayəsini təqdim edir.

Qocaman ağaclarla qədim divarlar arasında tam mehribançılıq, əmin-amanlıq min illərdi davam edirdi bu şəhərdə.

Şəhər, düzü, şəhərdən çox Şərqə oxşayırdı.

Yasdan, hüzr məclisindən sonrakı sakit vaxtlardı.

Uzaq künc-bucaqdan qəfil iki kölgə çıxdı. Yavaş-yavaş tədricən böyüdülər. Hacı Cabbar Naib küçəsinin kirli divarlarında bir-birilərini tapdılar.
Təbriz divarlarının lal kino kadrları, ağ-qara kinosu bu dəfə də çox təsirli idi. Çoxxxx. Uzun xronometrajlıdı. Saniyələr ötdü. Kölgələr, axır, dirildilər. Hacı Qulam Hüseyn ilə Yusif Miyanəçinin səsiylə danışdılar:
- Salam. Nə var, nə yox? Rəhmətə gedən var?

Həəə...tinbaşında səs-küydü. Daranq-durunqdu. Yekəpər yas çadırını sökürdülər. Yerə dəyən dəmir-dümürlərin, taxta-tuxta səsi bəlli bir müddət davam etdi. Səslər çox...çox əks-sədalıydı. Musiqiliydi. Qulam Hüseyn ilə Yusif Miyanəçinin qulaq pərdələrini titrətdilər. Elə ürəklərini də.
Yekə yaşıl tasın içində armudu stəkanları islatmışdılar. Məhəllə sakini Əbdül kişi çiyninə atdığı uzun soğanı dəsmalın ucuyla stəkənları bir-bir qurulayıb məcməyiyə düzürdü. Gün işığına tuturdu bəzilərini. Ləkə, barmaq izləri tapınca, üstlərinə üfürürdü ilıq nəfəsini.
Bəlkə də, kədərini.
Tamaşaçısını tapanda, diqqəti də artırdı, gözlərinin itiliyi, nuru da.

- Bir ay sonra, hiss edirəm, təzə yas çadırı qurulacaq məhəllədə. – Yusif Miyanəçi ürəklənib sükut fasiləsini pozdu.
Son cümə günü sevincində, get-gəlində Yusif öz bahalı əl telefonunu itirmişdi deyə, bərk acıdildi. Acıqlıydı. Hirsini bədxəbərlərlə, acı zarafatlarla çıxırdı hamıdan. Hamının cibində öz telefonunu güdürdü. Elə Qulam Hüseynin cibinə də gözünün ucuyla baxdı. Qıydı ala gözlərini.
- Nə deyirsən? - Qulam Hüseyn, qulağını azca bəri, Yusifin sifətinə yaxın gətirdi. Yaxşı eşitmirdi.
- Deyirəm, təzə çadır qurulacaq yenə burda. Bir ay sonra.
- Kimi deyirsən? – Qulam Hüseyn qulağını ovcuyla əhatələdi.
- Nafiyə Həştərudini deyirəm də. Arvadı lap qocadı. Lap.

Təbriz qəlyanları, hələ də Qacar dövrünü yaşayırlar. Üzərilərindəki Nasirəddin şah təsviri indiki zamanaya, hər cür müasirliyə hələ də meydan oxuyur.
Hə... Hacı Cabbar Naib qəhvəxanalarında Nasirəddin şah hakimiyyəti, şahlığı bu cür davam edirdisə...
Məhəllədə hakimiyyət bir başqa uzunömürlünün - Nafiyyə Həştərudinin inhisarında, güllü ağ çadrası ətrafındaydı.

Ağbirçəkdi. Ölümə, zalim Əzrailə qalib gəlmişdi elə bil. Ölmürdü. Deyirdi, qərib oğlu, balası Bakıdan öz evinə, Şəki xan sarayını xatırladan geniş xanimanına qayıtmayanacan Əzarailə can verməyəcək.

Yeddi oğlundan biri - çatmaqaş, sağatel Rəzi, hə, tərsliyə bir bax, Bakıya sığınmışdı Pişəvəri toz-tozanağından sonra. Nafiyyə qızlarını, altı oğlunu o vaxtdan unutmuşdu tamam. Bütün sevgisini qərib, qeyb balasına ötürmüşdü. Görmürdü o birilərini. Ancaq qeybdəkiylə danışırdı. Məktub yazdırtdırırdı Rəziyə elə hey. Novruz sovqatları -Təbrizin dadlı nəyi varsa, - yığırdı yekə kisəyə, ağzın möhürləyib Culfa gömrüyündən göndərirdi üzü Bakıya. Oğlu, nəvələri orda yeyib ağızları dada gəlsin. Nənəni unutmasınlar.
Qızlarından birini, ən gözəlini - ağsifət Behçəti Təbriz Universitetinin İnglis dili şöbəsində oxumağına ancaq bu səbədən icazə vermişdi.
"Oxusun. Əli qələm tutsun. Oğluma məktub yazsın hər həftəbaşı. Cümə günləri."

Nafiyyənin hüzurunda kimsə ağzının cümləsini axıracan deyəmməzdi. Bütün söhbətləri, cümlələri ortadaca kəsərdi o. Dərdini, öz “Qeyb İmam”ını, oğlunu bütün... tamam mövzulara qatardı. Dəxli oldu-olmadı. Fərqi yoxuydu Nafiyyəyə.

Miyana bağlarında alma dərənlərə demişdi, bəs almanın ən qırmızısını oğlu Rəzi dərib. Day ağaclar o cürə qızıl almalar gətirməyəcək oğlu Bakıdan geri dönməyənəcən.
Deyirdi, Şahnaz dükanlarındakı bütün manikenlər boy-buxunca, hə...eynən oğlu Rəzidi. Sifətləri eybəcərdi ancaq. Gözəllikdə oğluna çatmaqlarına hələ çox var.

Sinemalardakı bütün filmlərdə oğlunu axtarardı bu Nafiyyə. Film qəhrəmanı azca gözəl oldumu, saçını sağa daradımı, tapançadan sərrast ətəş açdımı, vəssəlam, Nafiyənin quru, ağarmış dodaqları başlardı titrəməyə. “Rəzi” adının ilk hecasını deyib də, ikincisinə day keçməzdi. Ehtiyatlanardı.

"Rə...", "Rə..." - çıxardı başıaşağı o qaranlıq kinozallarından. Filmlərin axırını gözləməzdi adətən. Qaranlıqda tərk edərdi kinozalı. Qoymazdı bədxahları, paxılları göz yaşlarını görsünlər.

Rusların “Hərb və sülh” filmində ancaq deyəsən, ikinci hecanı axır ki... Axır ki, özündən ixtiyarsız, tələffüz etmişdi. Filmin baş qəhrəmanı knyaz Balkonski bilmirəm, necə qrimləmişdi üzünü, başına hansı papağı qoymuşdu, anasıyla hansı səhnəni oynamışdısa, hə... Nafiyyənin quşu qonmuşdu bu filmə. Filmə dəfələrlə baxsa da, dalağı sancmışdı qəfil. “Rəzi” adını tam tələffüz etməmişdi.
Yarıda kəsilmişdi ana harayı...
Ancaq dodaqları, baxışları çox titrəmişdi genişformatlı sinema ekranları qarşısında. Axır, Behcətdən soruşmuşdu, bu aktyorun adı nəmənədi?

Təbrizdə bu ağbirçəyi hamı Nafiyyə Həştərudi kim tanırdı.
Məndən başqa. Mən bu qadının bir başqa gizli adını da bilərdim. O adın da ilk hecasını dilim ucuna gətirən kimi, vaxsey, inanmazsan, ağzım tam quruyardı. Quruyub ağarardı.

Elə bil caduluydu həmin o ad. Bir hərifini belə kimsə cürətlənib dilinin ucuna gətirə bilməzdi əsla. Əsla! Heç vaxt. Desə, qorxudan bilmirəm, yaxud bir başqa səbəbdənmi? Tükünü tam tökərdi yerə.
Nafiyyənin, bəlkə, özü yox... qara, ağ, yaşıl çadraları qoruyurdu bu sehirli adını.
Bir də elə o qədim xanimanı. Evin kişi hisəsi ayrıydı, qadın hissəsi ayrı. Nafiyyə çox vaxt ləngiyərdi hər ikisinin arasında. Rəzidən sonra kişi hissəsinə ancaq ağzıdualı girərdi.

Bu dəfə də içəri keçincə həəə... duruxdu. Kəlağayısının bir ucunu atdı çiyni üstə ki, hərəkətlərinə, duyğularına mane olmasın. Xeyri olmadı. Yenə də xoflandı. Bərk qorxdu həyətin sahibsiz bu kişi hissəsində.
"Pərvərdigira..." – sözüylə bitirdi bu sirli, uğursuz səyahətini.
Özü də, elə bil demədi bu sözü.
Ağladı.

***

Təkcə mən bu ağbirçəyin o gizli adına da bələddim. Ailə daxilində, öz aramızda işlədərdik, çox vaxt tələffüzünə heç nə mane olmayan, doğma dilimizə tam yatan, ahəng qanunlu bu üç hecalı sözü. O ad uşaqlar, doğmalar üçün idi elə bil.
Kələfinin ucu da burdaydı.

Dərdlərimizin əlacı da, bəxtin gətirib eşitsən əgər...hə, elə bu “ism ül-əzam”daydı.

Qısası, özümkimilərdən, özümüzkülərdən, adi adamların dilindən bu məhrəm adı eşitmək yasaqdı. Mümkün deyildi.
Başqa, çox qəliz bir ünvandan eşitdim mən bu adı uzaq 1970-cı ilin yayında.

Zaqulbadakı partiya sanatoriyasında dincəlirdik atam Rəzinin hesabına. Pəncərələrin hamısını açmışdıq. Uzaq üfüqlərədək uzanan Xəzər mənzərələri bizi bərk duyğulandırırdı hər an. Dənizlə gözlərimiz arasına bir köpəkoğlu girə bilməzdi, - deyərdim.
Bəzi him-cimli, alovlu, bədən əzaları oynaq qadınlardan başqa.
Dədəmin dəhlizdəki qara telefondan istənilən ünvana, hətta Moskvaya növbəsiz-filansız zəng vurmaq haqqı diqqətsiz qalmadı. Barəsində inanılmaz şayiələrə, dedi-qodulara gətirib çıxardı bu alovlu xanımlar arasında.
Həmin şəfqət bacıları, düzü, “şəhvət bacıları o qara telefona qibtəylə baxardılar. Gecikmiş sevgilərini həmin ətrafda, o dar dairəli coğrafiyada axtarardılar. Şəhvətli gözləri təkcə dəhlizin yox...eyvandan görünən dənizin də axırına gedib qayıtmağı bacarırdı elə bil. Qurbanları arasında bircə atam yoxdu, bir də sərt sifətli Cavanşir müəllim. Kitabxanaçı qadın yadımdadı, bir, taxçadakı Aleksandr Belyayevin “Amfibiya adam” kitabına baxdı, iki, atamla mənim ardımca. Bir an elə bildi, mən əsərdəki İxtiandıram, atam isə indiki dillə danışsaq, “bioxaker” cərrah Salvatore. Özünü əsərin digər qəhrəmanıyla - incə nəvazişli gözəlçə Quttierayla səhv salınca, anında alovlandı.
Cavanşir kişi o cür qadınların dilini yaxşı bilirdi. Qadınları alışdıran yox... yox... söndürən, soyudan baxışlara malikdi.
Bir gün o mənimlə də dostluq telləri qurmaq istədi. 19-cu əsrdə Rusiya Çarı Aleksandrın əmriylə çap edilmiş antik əsərlər külliyatını mənə bağışladı:
- Oxu. Sənə lazım məlumatlar burdadı. - deyib, kitablardan biri üzərinə rəngi solmaz sözlərini həkk etdi. Qələmi ilişmədi köhnə, xəstə kağızların dərin qırışlarına. İti sürətini axıracan saxlamağı bacardı.

Hiss etdim bu peşəkarlığını.
İnşallah, səhərəcən yatmayacam.
Kitabların yükü sağ çiynimi əydi. Qayıtdım kitabxanaya. Kitabxanaçı gözəlin İxtiandr şübhəsini axıracan doğrultdum.
Yunan müəllifi Polienin sətirlərində məni dayandıran, ləngidən hansı laməkan qüvvəydi, görəsən?
Hansı?
Əsər “Hərbi hiylələr” adlanırdı. İxtiandr olub bir qəvvas kimi bu kitabın dərinliyə baş vurdum. Bir sətirindən vurub yüzüncüsündə çıxdım. Dəniz...yox ey, kitab səthində uzun zaman başım görünmədi elə bil. Sahildəkiləri yox... kitabxanaçı qadını qorxutdum bir az.
Qadın:
- Nahara gecikərsiz. Əla kotletlər var bu gün. Qarabaşaqla çox dadlıdı haaaa.
- Yox, kotletlər nədi? Qarabaşaq qələt edir indi yediyim mənəvi qida qarşında! - Polienin hərbi sirləri məni valeh etmişdi. Orda hətta nənəmin gizli, yad qulaqlardan uzaq “ism ül əzəm”ı da vardı.
Yəni “Amağa” adı.
Polien yazırdı: “Sarmatların Amağa adlı kraliçası vardı. Əsir düşmüş ərini mühasirədən qurtarmaq naminə bax bu cür fəndləri hazırlamışdı”.

Özümlə danışmağa başladım. Arada hətta qorxu anları belə yaşadım. Dedim, kitabxanaçı qadın mənim bu daxili pıçıltılarımı birdən eşitsə, nə olar?
Yox. Kitabxanaçı şiş dodaqların boyayırdı. Diqqəti əl güzgüsündəydi.
Demək, Cavanşir kişi oxuyub bu sətirləri. Nənəmin də adını bilir. Nicat yolunu bax bu cür göndərib ünvanıma.
Hə. Kitabxanaçı səhv salmamışdı məni İxtiandrla. Amfibiya adam elə özümdüm. Öz dəniz “İblisimi” də tapıb qamarlamışdım.
Qərara gəldim:
- Hə, belə de. Demək, Amağanın iki min yaşı var ən azı. O vaxt da ölməyib. Ərini əsirlikdən qurtaracaq. Bu dəfə də oğlunu-atamı SSRİ həbs düşərgəsindən birdəfəlik qurtarar.

Polienin hərbi fəndlərini bir kağız üzərinə köçürdüm. Amağaya uzun məktub yazdım. Digərini atama. Məktub əvvəlcə çox uzundu. Sonra azca qısaltdım. Bəzi sərirlərini elə şifrələdim ki, nənəmdən başqa heç kim anlamasın. Təbrizdəki evimizin kişi hissəsi “Əndərun”, qadın tərəfi “Birun” adlanırdı. Əndərun adıyla bu məktubumda Rəzini işarələdim, “Birun” adyla gözüyaşlı nənəmi.
İndidən görürdüm göz yaşları necə məktub üzərinə damcılayır. “Əndərun” sözünün qara həriflərini necə amansızcasına əridir. Pozur.
Daxilim dinclik bilmirdi. Qarabaşaqlı katletlər hafizəmdən birdəfəlik silinmişdi.
Sakitcə yaxınlaşdım kitabxanaçıya:
- Sizdə boş şüşə tapılmaz?

Hə bax bu artıq səhvdi. Qadın bildi ki, çox məxfi mətn yazıb gələcək nəsillərə ünvanlamaq istəyəcəm. Boş şüşəyə qoyub Xəzərə atacam öz “zaman kapsulumu”.
Mənə bilə-bilə, qəsdən “Rus arağı” şüşəsini verib güdməyini çox sonralar bildim. Xəzərə atdığım “zaman kapsulu” uzağa - Mazandaran sahillərinə gedib çatmadı.
Xəzərin günahı yoxdu. Elə o kitabxanaçının da. Günahkar özüm idim.
Səhərisi gün sahildə o şüşənin qırıqların, qalıqların aşkarladım. Məktubu oxuyub üzərinə...
Qəfil qaya arxasından sanki bir dəniz qulduru çıxdı.
Cavanşir müəllimdi.
- Sadəlövhsən çox. Savadın əladı. Zərrəbinə ehtiyacın yoxdu. Sən kimilər qəvvas olub dəniz dibində mirvari ovuna çıxa bilər. İxtiandrı da məhz bu cür ovlar üçün hazırlayırlar. Məktubunu aldım. Əladı. - Cavanşir kişi mövzumuzun isti çayını nəlbəkiyə süzdü sanki. Gözlədi soyusun axıracan.
Əvvəl məni həbs etdi öz baxışlarıyla. Elə bil nəlbəkədə soyutdu məni. Sonra əfv fərmanımı imzaladı:
- Get evə.

Xəzər ləpələri sahildəki izlərimi də yudu elə bil, Cavanşir müəllimi də. Bir daha görmədim sərt simasını.
Məktubumu oxumuşdular. Sirlərimə bələd olmuşdular. Ən vacibi...
Nənəmin adı deşifrələnmişdi. Çoxdan bilirdilər nənəmin adını. Polienin kitabını da...
Qəsdənmi vermişdilər mənə?
İndi nədi? Nənəmi də təhlükə gözləyir? Ölə bilər sarmatların bu ölməz kraliçası? Əri, oğlu... Atam yad əllərdə çürüyəcək bəyəm? Polienin kitabını, sirrini açdım bu cavanşirlərə? Nənəmi təhlükəyə sürüklədim?
Daxili söhbətlərim səhərəcən bitmədi.

***

Bilirdim Rəzi də dinc durmayacaq bunun əvəzində. Heyfimi alacaq bu dəniz quldurlarından.
Axşam tərəfi o, dəhlizdəki qara telefonu çox güddü. İlk fürsətdəcə, tam tənhalığını sezincə qısa nömrəni yığdı:
- Yoldaş Cəbrayılov? Dəstəkdə mənəm. Tanıdınızmı? Hə, mənəm, yanılmadınız, yoldaş Rəzi Həştərudi. - Çox gözəl. Əlavə görüşümüzə şərait yaradın.

Sanatoriyadakı partiya fəalları acgözdülər. Evə dönərkən süfrədən duzu, istiotu duzqabı qarışıq apardıqlarına bir daha şahid kəsildim. Biz isə o dənizkənarı Zaqulba sanatoriyasından nə balışüzü qamarladıq, nə duz qabı.
Tam tərsinə. Bizdən nəsə aparmışdılar. Nənəmin gizli adını. Polienin hərbi sirlərini. Qurduğum əməliyyatın dəqiq planı, görünür, maraqlı görünmüşdü yuxarılara.

Yoldaş Cəbrayılov - Mərkəzi komitənin Xarici Əlaqələr şöbə müdiri xeyli susdu telefonun digər dəstəyində. Rəzi Həştərudi çox üflədi telefon dəstəyini. Arada bir “Ölmək istəyirəm” nidasını da dəstəkdən kənarda kiməsə eşitdirmək istədi. Cavabsız suallarından bezib telefon dəstəyini yerinə qaytardı. Tale ilə razılaşdı, hə... deyəsən.
Sonra qapımızdan xeyli aralı bir sarı taksi dayannıb yolumuzu gözləyirdi.
Ünvanı azdırmaq azarı o vaxtan qalıb gözlərimdə. Hərəkətlərimdə. İndi də taksini adətən yad ünvanlara sürdürürəm. Niyə? Aradan gör nə qədər sular axıb?
Silib aparıb hamımızı. O sarı taksini də. Səni də. Məni də.
Rəzinin çamadanı yüngül idi.
Baxışları, addımları isə çox ağır. Sükan arxasındakı şəxsdə sürücülərə aid bir cizgi-filan görmədim. Danışmadı yol boyu. Siqatetinin tüstüsüylə gözlərimizi yaşartmadı.
Gözlərimiz yaşarmışdı ancaq. Nəmlənmişdi öz-özünə. Rəzini Binə aeroportuna özüm yola saldım. Qərbi Almaniyaya getmək icazəsini şükür, nəhayət ki, yalvar-yaxar yoldaş Cabrayılovdan almışdı.
Son görüşümüz də ola bilərdi bu. Baxışlarımız cütləşdi lap axırda. Çətinliklə aralandıq. Stüardessanın səsini səndən tez eşitdim. Sən isə hələ də öz səslərini, artıq ananın səsini eşidirdin elə bil.
Nafiyə Həştərudinin. Amağanın.
Sonrası, ağ duman pərdəsi arxasındadır indiyəcən. İndi də stüardessalara məxsus incə səsləri, aeroportların sayrışan işıqlarını görüncə, elanları səsgücləndiricidən, mavi ekranlardan eşidəndə karıxıram. Yazı lövhələrindəki qaçan sətirlərdə həəəə... elə bil adına rastlayıram. Duruxuram. Zamanda səyahətə çıxıram.
O günlərimə qayıdıram.
O mövzunun mikrafonu heç vaxt yan ötmür məndən. Daxilimi bütöv oxuyur. Daxilimdə nə varsa kristallaşır, minerallaşır bu vaxt. Mendeleyev cədvəlində dəmir tərkibli yeni metala, matereyaya, materiala çevrilir.


***

O gündən gözlərinin acısı getmir. Ağzının zəqqum dadı da.
Yeni il səhəri gözüyumulu cumdun yenə də hamam otağına. Dedin, su yuyub aparar kədərli xatirələrini. Ancaq...
Ancaq “Aquafresh” diş məcunu bu dəfə səxavətini, ruzusunu tam kəsdi səndən.
Bir sıxdın, iki sıxdın əzik, arıq-tırıq, boşalmış qutusunu. Əbəsdi bütün hərəkətlərin.
Üçüncü dəfə cürətləndin. Novrağı sovrulmuş güzgüdə özünə baxdın. İstədin, güc alasan özündən. Aradakı məsafəni qısaltdın hətta. Gah yaxına gəldin, gah çox uzaqlaşdın güzgüdən.
Vaxt ötdü. Saniyələr axdı. Güzgüdə heç nə, heç kim görünmədi. Nə Nafiyə Həştərudi, nə Rəzi. Zəif siluetin canlandı bir-iki saniyə, vəssəlam. Sonra itdi öz-özünə. Əridi tam.
İkiqat əsəbləşib diş məcununu bir də möhkəmcə sıxdın.
Eyyyy... bu olmadı da.
Həyatın çoxdan avtopilotdadır. Çoxdan səninlə nə məsləhətləşir, nə fikirləşir.
Bakı metropoliteni ingiliscəyə keçdiyi gündən başlayıb, təxminən, bu çillən. Qarabasmaların.
Bütün gücünü, səbrini bir nöqtədə cəmləyib yenidən sıxırsan bu etibarsız diş məcununu.
Köhnə xatirələrini.
Nəhayət, avtopilot rejimindən məcburi çıxırsan. Qayıdırsan istər-istəməz, könülsüz... öz itmiş reallığına. Öz yetimliyinə. Özünə. Yenə də Rəzini, o səfəri, nənəni xatırlayırsan.
Qismətində, yaddaşında bu görüntülərdən artıq, əlavə heç nə yoxdu.
"Əclaf diş məcununa bax eyyy. İndiyəcən ruzusunu əskiltməzdi səndən. Az da olsa, haqqını zərrə-zərrə ödəyərdi..."

Düzü, bu acı mənzərənin ilk anonsunu dünən Yeni Yasamalın kirli küçələrində yaşadın. Ayaqların öz-özünə hərəkətə gəlib “Azlotoreya ilə bəxtini son dəfə sına!” reklam qalxanının düz önünə gətirdi səni. Çox yubandın bu şirinvədəli ünvanda.
Kürəklərini soyuq divarlara təslim etsən də, nooolsun? Daxilində hələ də barışmayıbsan öz taleyinlə.
Diş məcunun da, həəə... etibarsız çıxdı. Həyatın da. Hələ o birilərini qatmıram bu qara siyahına.
Vatsapın da köhnəlib. Proqramçı Müseyibə müraciət etmək, təzəsini yükləmək isə həm vaxt istəyir, həm də...
Əlini öz yırtıq cibinə salmaq.
Dünən içdiyin geydirmə “Şampan” çaxırının zibilidi. Acısı ola bilər, düz bir həftə ağzından getməsin.
Hə... İndi bütü lal, söyüşsüz cəhdlərin artıq tam əbəsdi.
Allah! Ölmək istəyirəm!
Üstəlik, bu etirazın da artıq çox zəif səslənir qup-quru, acı, saralmış dilindən.
Uşaqlıq vaxtları, yadına sal, daha musiqili, daha inandırıcı idi bu cür çoxhecalı nalələrin.
Nidası elə bil Allahın özündəndi.
Yadına sal o uzaq, al üfüqlərdən o tərəfdəki köhnə günlərini. 1976-ci il Qərbi Almaniya, Təbriz mənzərələrini. Amağanı. Nafiyyə Həştərudini. Rəzini.
Xatırla. Qorxma. İşlətdiyin bütün diş məcunları ancaq bu vaxt öz itmiş bərəkətini bərpa edəcək sənin üçün. Ac diş fırçanı, nəhayət, doyuzduracaq.
Xatırla o mənzərələrini. Xatırla.

***

Hacı Qulam Hüseyn çeçələ barmağıyla kar qulağını eşələdi . Üşüdü. Yaxasının boş düyməsini axtardı sonra həmin barmağı ilə.
- Deyirsən, arvad görüşdü oğluynan Almanda? Çilləsi bitdi? İndi öləcək axır? Elə?
Yusif Miyanəçinin sifətində sadəlövhlüyün bircə zərrə işarəsi, nişanəsi parlamadı.
- Görüşüblər, həəəə. Noolsun? Arvad Rəzini tanımayıb. - İkisi də xırp! - anında səslərini kəsdilər. Lal baxışları bütün Təbriz mənzərələri üzərindən sürüşüb bir nöqtədə - zibillikdəki sınıq güldan üzərində dayandı.
Ələ gələsi deyildi. Atmışdılar küçəyə. Sahibsizdi. Köhnə yiyəsi yoxdu, təzəsi çətin tapılaydı Təbrizdə. Süpürgəçi artıq gözaltı etmişdi. Süpürgəsini artıq uzatmışdı üstünə.
Hacıyla Yusif bu mənzərənin də labüd sonunu gördü əvvəlcədən... İnanmadı o güldanın ikinci həyatına.
Elə Nafiyyənin də.

Arvadı Almaniyaya apardılar ki, arzusu çin olsun. Oğlunu görüb ölsün.
Qızlarının nəxşəsiydi. Bəlkə də, kiçiyinin. O köpəkqızının. Əziyyət çəkir anasından. Deyirdi, muradına çatsa, ölər. Canını Nafiyyədən qurtarmaq istəyirdi.
Alınmadı nəxşə.
Hə... İki min yaşlı sarmat kraliçası Amağa, Polienin acığınamı nədi, yoxsa Hacı Qulam Hüseynin, yoxsa doğmaca qızının? İndi dəqiq deyə bilmərəm, vallah... həm tarixin ssenarisini pozmuşdu, həm də öz acı taleyinin. Hə də, realist olaq - öz qohumlarının.
Bütün bu köpəkuşaqlarının. Köpəkqızlarının.

İki min əvvəlki ssenarini Almaniyada pozub Təbrizə qayıtmışdı. Əsir ərini, üzr istəyirəm, oğlunu yad birisi saymışdı. Demişdi, yaşmağı arxasından:
- Oğlumu verin mənə. Bu mənim balam deyil.

Çadrasının, kəlağayısının düyününü dünyaya açmamışdı sonra bir daha. Bərk-bərk bürünmüşdü öz Şərq çadrasına. Çəkilmişdi öz İçəri Şəhərinə. Orda əbədi olaraq itmişdi birdəfəlik. Dərk etmişdi ki, uzaq 1946-cı ilin soyuq dekabrında o öz sevimli oğlundan birdəfəlik...bəli, ömürlük ayrılıb. Sonra görüşə də bilərlər hətta. Noolsun?

Sonrakı hadisələri danışmağa dilim gəlmir. Çox acıdı bu səhnələr. Oxşar kadrları kinolarda axtarın. Bəlkə, tapdız.
Hər birimiz bir qədim ssenarini, yaxud yeni Hollivud kinofilmini yaşamağa, təkrarlamağa məcburuq. Təhkimliyik. Ancaq Nafiyyədə qısa qapanma vermişdi həyatın sınanılmış kinomotaqrafik qanunu. İndiyədək ekranlarda özünü doğrultmuş, tamaşaçıları ağlatmış bütün ssenarilər burda öz “Əlhəd daşı”na çırpılmışdı elə bil. Boş çıxmışdı. Aktyorları da, üstəlik, züy tuta bilməmişdilər bu acı həyat reallıqlarına.
Həyat kastinqindən salamat, uğurlu ayrılmamışdılar.
Almaniyadakı görüşdə, bu növbəti əsl “Elba sahilindəki görüşdə” Nafiyyə öz Rəzisini tanımamışdı.
Yeni aktyora, yeni Rəziyə ehtiyac yaranmışdı. Nafiyənin böyük həyətinə göz dikmiş alverçilər, ərazi mafiyası vəziyyətdən xəbər tutunca barmaqlarını dişlədilər.
O ərazi əqrəbxanadı. Arvad isə əqrəb. Belə getsə, ölməyəcək.
Təzə Rəzini məşhur Tehran kinorejissoru Mohsen Mahmalbaf yaratmalıydı. Uyğun ssenarini “Farabi film” kinostudiyasında yazdılar.
Tanışam bu ünvanla. İşçilərinin hamısı gümüşüzüklülərdi. Rəzinin geyimini, libaslarını, belindəki tapancasını, qədim şəkillərə baxıb bu ünvanda qondardılar. Ancaq tərslikdən arvad hiss etdi saxtarkarlığı:
- Bu da oğlum deyil. İtilin gözümdən!

Hacıyla Yusif Miyanəçinin tünd kölgələri yenidən görüşdü Hacı Cabbad Naib divarları üzərində. Bu dəfəki nəxşə lap qəlizdi.

***

Şahnaz xiyabanından elə-belə, yan ötmək mümkün deyil. Özünə, yaxud əzizinə mütləq nəsə alacaqsan burdakı bahalı dükanlardan. Dirilərin tamah dişi, tamah gözü həmişə buranı axtarır Təbrizdə.
Dükan vitrinləri önündə ləngiyənləri çoxdu.
Arxa küçədə satılan ölü andırlarına, köhnə paltarlara isə kimsə yaxın durmur. Camaat qorxur Şahnazın bu arxa dükanlarından.
Pişəvəri dövrünün rus papaqlarını, hərbi geyimlərini tapmaq indi çətindi bu ölüxanalarda. Əsl müşküldü.

Sükutu qəlyan xorultusu pozdu:
- Bostanabada gedin. Kəndlilər quşqovanlara geyindirərlər o vaxtkı geyimləri.
Hacı Qulam Hüseyn əsəbləşərək Yusif Miyanəçiyə tərs-tərs baxdı. Sonra Rəzinin mauzerli, rus papaqlı, hərbi geyimli şəklini dükançının masası üzərinə vızıldatdı:
- Oxşar geyimlər lazımdı bizə. Film çəkirik. Rejissoru Mohsen Mahmalbafdı. Sabah Tehrandan Təbriz gəlir. Pişəvəri dövrünün rekvizitləri, geyimləri lazımdı. Əliyandıdayıq.

Dükançı, min ilin qoca qurduydu. Amağa kimi iki min yaşı olmasa da, azı, beş yüz yaşı vardı - deyərdim.
- Hə... Gedin Bostanabada. Filminizi də orda çəkərsiz inşallah.


***

Fikrin Avropa şəhərlərinə getməsin. Təbriz kimi Şərq şəhərlərində avtobus dayancaqlarında təkcə sərnişinlər yox... yoxxxx... hamı, şəhərin bütün avaragorları, o cümlədən, elə bil həyatın özü də dayanır. Alverçilər anında belə yerləri xudmanı bazara çevirirlər.
Bostanabad avtobusu gecikirdi yaman. Hacı Qulam Hüseynlə Yusif Miyanəçi ətraflarına diqqətlə boylandılar.
Burdakı məhəllə dərzisi olsun, yaxud məktəb ləvazimatları satan dükan. Fərqi yoxdu. Qarşısından həmişə oğrun-oğrun kölgələr ötəcək. Başlarını həmişə çiyinləri arasında gizlədəcəklər. Borclulardı. Nisyə dəftərlərindədir adları.
Ambar divarlarındakı əksləri də çox kədərlidi. Mətbəx bıçaqları da həmişə kütdü. Tiyələri qaralıb çoxdan.


Tinbaşı al-əlvan “Gillette” reklamları gözə girsə də, noolsun? Nə xeyri? Dördülgüclüsünün də üzünə, təzə reklamına baxan tapılmır burda. Kişilərin əksəriyyəti üzütüklüdü.
Kəndlilər dayanacaqdakı “Gücölçən”dən ayrılmaq istəmirdilər. Yumruğu yumruq dalısıycan ilişdirirdilər burdakı Ağ div müqəvvasına. Sahibi gizli solçu, “Tudə”çidi, bəlkə də. Müqəvvanı amerikanlıya oxşadıb. Dünya imperializmi ilə Təbriz bazarında öz gizli sinfi mübarizəsini bu cür aparır guya. Təbrizdə soruşsaz ki, kəndlilər harda...deyərdim ancaq “Gücölçən”də öz son və ilk qələbələrini əldə edə bilərdilər.

Digər ünvanlarda -qumarxanalarda, qəhvəxanalarda, tikinti meydançalarında, fahişələrin qucağında bu kənd balalarını ancaq məğlubiyyət, məyusluq, xəstəlliklər gözləyirdi. Saralmış “Yeni sezona köhnə qiymətlərlə!” kimi xoşvədəli yazı lövhələri artıq heç kimi, xüsusən, bu kənd balalarını aldada bilməzdi. Yazıqlar tam savadsızdılar.
Reklamların ancaq şəkillərinə baxardılar.
Yığılmışdılar köhnə, şahdanqalma avtobus dayanacağına. “Gücölçən”də son baxtlarını sınayırdılar. Avtobusları gecikirdi.

Sizinki də çox yubandı. Axır nazlana-nazlana gəldi.
Yusiflə Hacıya arxadakı ən küskün, əzik oturacaq qismət oldu.
Qismət. Bu yerə də min şükür.
Məğlubların sınanmış yerinə, acı ünvanına bənzəyirdi avtobusun bu tozlu skamyası. Sərnişinlərin hamısı birtəhər, yan ötdü bu əzik, kirli oturacaqdan. Hətta ağır çantalarını da etibar etmədilər bu uğursuz, cərimə skamyasına bənzər oturacağa.
Siz bacarmadız. Bu tale təyinatınızla anında barışdız.
Rejissor Mahmalbaf da gəldi oturdu yanınızda.

Artıq gec idi. Hava qaralmaqdaydı. Avtobusunuz Bostanabad dairəsinə, dərəsinə girincə dazbaş sürücünüz dar döngədə sürəti azaltmağa məcbur qaldı. Çıraqlar zülmətin bağrını tən ortadan yarıb, gedib qədim məzar daşları üzərində ləngidi. Qızılı həriflər, adlar, mürəkkəb naxışlar, rəmzlər üstdə bir an gəzişdi ehtiyatlana-ehtiyatlana. Tez də sağa-sola sürüşdü. Qədim yazılarda, qarışıq sətirlərdə bəlkə, son ümüd nöqtəsini, xoş müjdəli bir rəmzi, naxışı axtardı elə bil.
Axır axtardığını - qədim çovqan oyunu təsvirlərini ilahi nura qərq etdi.

- Bicliyə bax ey. Dərvişlər bilirlər, bu döngədə sürət azalacaq. Rəmzləri, məzardaşları məhz bax bu nöqtəyə tapşırıblar. Sərnişinlərdən biri, fürsət tapıb istifadəsiz muzey bələdçisi, sənətşünas istedadını sərgiləməyi bacardı.

Döngəni çətinliklə ötdünüz. Qədim rəmzlər, məzardaşları gözlərinizdən silinincə yenidən qatı zülmətə qərq oldunuz.
Sürücünüz az qalırdı, o qədim dərvişlərə, təsvirlərə yalvarsın. Daz başı üstdəki üçkünc duası sağa-sola yellənirdi. Vəziyyətin ciddiliyini vurğulayırdı.
Duanın sağa-sola yellənməsi də yəqin təkcə elə yolunuzun təsirindən, təkanlarından deyildi.
Kiminsə sifəti tərlədi. Silməyə orda-burda dəsmal axtardı. Əl atdı cibinin dərinliyinə.
Sərnişinlərimizdən biri çantasından qondarma “Həci pivəsi”ni düz vaxtında çıxarsa da, əli havada qaldı.
- Qaranlıqdı buralar. Bostanlarda qorxulu müqəvvalar, qanadlı ruhalar çoxdu. Pivənin yeri deyil. Düşün. Bostanlar, müqəvvalar, quşqovanlar burdadı. Əcinnələr, odey, o biri sıradadı.

***

Dan yeri yenicə sökülürdü.
Pişəvəri dövrünün canlı muzeyi, rekvizitləri, doğrudan da, məhz burda - ucsuz, bucaqsız Bostanabad tarlalarında, əkinlərindəydi. Rus papağı çoxdu kəndlilərin başında. Evə qayıdanda papaqlarını könülsüz quşqovanlara etibar edərdilər.

- Başına qoyunca, vallah, işləmək istəyirsən. Fikrin indiki papaqlarımıza getməsin. – bostanabadlılardan biri sözlə kifayətlənməyib, keçdi əmələ. Papağı basdı gözləri üstə. Quru, qədim arxa qədər torpağı qaza-qaza getdi.

Saysız müqəvvalar ay işığında bir cür dirilirdi bu uzun əkinəcəklərdə, gün batanda bir başqa cür öz tamaşaçısını qorxudurdular. Əcinnələr də, deyəsən, çox da uzaqda deyildilər burdan. Küyə, səsə hay verdilər anında.
Qəribə səslər dəqiqəbaşı adamı diksindirird bu gen, üfüqə qədər uzanan səliqəli yam-yaşıl əkinəcəklərdə.
Kəndlilər Pişəvəri mövzusundan bərk çəkinirdilər. Adını eşidincə qəmli gözləri uzaq üfüq xəttinəcən gedib gəlirdi. Deyirdilər, xaraba hamamın beş addımlığında Cin piri var.
- Odey orda. Paltarların çoxu ordadır. Rəhmətəgedənlərin paltarlarına qarışıblar. Görsəz, seçərsiz lazım olanları.

Guya cinlər də gecələr Pişəvəri əskərlərinin libasına bürünürlər. Papaqlarını yan qoyurlar indiyəcən.
Həə, vallah. Ruslar kimi.
Gün işiğında bir ayrı, başqa dünya vardı Bostanabadda. Ay işığında isə tamam fərqli bir dünya öz həndəsə qanunlarını qururdu buranın qədim xarabalıqlarında. Gölgələri düzxəttli, itixətliydi. Bıçaq kimi yarırdılar gecənin bağrını.

- Bu il qurd-quş çoxdi əkinlərdə. Quşqovanlara Pişəvəri dövrünün kastyumlarını geyindirmişik.
- Kar edib?
- Həəə...vallah. Görmürsən, məhsul boldu bazarda?
- Biz hamballar bazarda beli bükülü gəzirik. Yükümüz ağırdı bu il. – mövzunu axır kənd hambalları, əli qabarlı, dizi yamaqlı muzdurlar qapadı.

Qonşu kənddəndilər.
Ancaq bostanabadlıların nəzərində elə bil Amerikadan, dünyanın ən uzaq nöqtəsindən gəlmişdilər.
Gözlərində tam yad birisiydilər.
Quşqovanları tərkisilah etmək, soyundurmaq xeyli vaxt, söhbət, bəhanə tələb etdi. Pişəvəri irsindən, retrosundan, geyimlərindən ayrılmaq istəməyənlər az deyildi burda. Müqəvvəların yerini xain kimi göstərələnlər də tapılırdı aralarında.
- Bizi siyasətə qatmayasız ha. – deyirdilər. – Pişəvəri dövrü paltarları Təbrizdə yasaqdı indi. – deyənlərin əynində də o cür paltarlar vardı.
Quşqovanlardan seçilmirdilər.

***

Biri elə bil Pişəvəri dövrü genaralıydı. Medalları da vardı. Paqonları da. Kəmərindən taxta mauzer də sallanırdı.
Arvadın axırına elə bu quşqovan çıxacaq. Oğlu Rəzinin özüdü ki, var. – Yusif Miyanəçi, quşqovana iki-üç fərqli nöqtədən baxdı. Yaxınına gəldi. Sonra azca uzağa çəkildi.
Səsi bütün kəndi sardı. Əkin tarlalarındakı kəndliləri də diksindirdi. Yabaları havada quruyub qaldı bir müddət.
Özüdü!
Dua oxuyan da tapıldı. Sonra bir kor seyid gəlib ovcunu uzatdı bu müqəvvaya.
Kənd mollası Hacı Gülhüseyn mövzuya nöqtə qoydu birdəfəlik:
- Vaxsey...Bu dirlib ki...

Müştərilər cürətlənib guya başladılar film çəkməyə. Dedilər, Kanna gedəcək bu şedevrləri. Müqəvvanı Məşədi İbad hambalının belində avtobusa oturtdular. Bilet alanda təbrizlilər demiş “büləsünə”... heç nə... dözmədim bu acı mənzərəyə.

- Dərisinə saman təpiblər! Görürsüz?
Acı detallar, axıra saxlanılmış etiraflar, xatirələr həəə... mən gördüm, kənd qocalarını diksindirdi necə.
Kənd bir an özünün ən qanlı, ölüm-itimli günlərinə qayıtdı.
Dar ağacındakılara oxşatdılar bu... bu... Quşqovanımızı...

Gözlərim yaşardı, doldu... nə doldu, vallah. Naləmi içimdə boğmaq asan olmadı mənə. Qışın bu oğlan vaxtında Bostanabadın yarpaqsız, lüm-lüt ağ çinarları da elə bil bizimləydi. Seçdiyimiz quşqovanı ağ-appaq rəngə qərq etmişdilər. Yanvar günəşində ağ qüvvələrin yeganə təmsilçisidi bu ağ çinarlar. Qara rəngli nə varsa, çinarların əhatə dairəsinə düşüncə, vəssəlam. Canını şeytanına tapşırırdı. Sıfırlanıb yox olurdular.
Beləcənə, ağ çinarların yedəyində, quşqovan cildində qayıdırdın öz evinə.
Ağ çinarların əhatəsində sənə ölüm yox idi elə bil. Avtobusa qayıdıb yenə də əvvəlki yetim yerimdə əyləşdim.
Səni Təbrizə aparırdılar, Rəzi.
Ananı öldürməyə.

# 8293 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #