Duz basıram yarama vətən yerinə – Güneydən şeirlər

Duz basıram yarama vətən yerinə – Güneydən şeirlər
16 avqust 2022
# 17:00

Kulis.az “Sözün güneyi” layihəsindən miyanəli şair Mustafa Şeyxpurun şeirlərini təqdim edir.

Dünyanın son qladiatoru mən idim

Amsterdamdan fahişələr qorxusundan qaçdım
Təbrizə çatmadan yerə düşdü adresim, itdim.
Deməmişdilər sənə,
bu uçaq da gecikə bilər,
bu yol da uzana bilər,
bu sən də yox ola bilər.
Yoxsa mənlə fahişələrin nə ilgisi ola bilər?
Bir şəhərdən qaçdımsa,
başqa şəhərə çatmadımsa,
de, sən de, Mustafa!
Sənə bu şəhərlərin nə ilgisi var?
Tərk edincə, buludları yağmağa başlayır.
Yuxularım Parisdə pozulmuşdu,
bağdadlı bir şairin gecəsinə düşdüm,
qorxmalı idim bir az,
Ortadoğuydum,
oxunmasam partlayacaqmış kimi idim.
Bu cinayət üzündən şəhərləri bir-bir tərk etmişəm.
Mənim şəhərim qaldımı?
de, sən de, Dünyam
sənin yanındadırmı o şəhər?
Gecəyarıları şəhərləri tərk etmişəm,
gecəyarıları qaçmışam
tərk edilmək qalmış hər yerə
Təbrizə belə...
Mən şəhərlərin məğzub sevgilisiyəm,
ölkələrin yasaq peyğəmbəri,
gəlincə sevmişəm,
gedincə...

Qutsal kitabımı hər uçaqda itirmişəm,
polislər pasportumu oxumağa başlamışdılar,
mən kitabımı axtarırdım...
Venizdə bir gəminin bütün xatirələrin oğurlamışdım
Milanda asılmaq cəzası kəsildi
Romada aslanlarla savaş, dedilər
qaçdım...
Təbrizdə bir dostumun əllərinə vuruldum
yaz, dedilər – əllərim titrədi.
Yasaq dil idim – dodaqlara uçuq düşdüm
“Gülüstan qabağı”nda cibimə qızıl gül əkildi.
qaçdım...
hər şəhərdə gül açdım,
hər şəhərdə gül.
İndi isə sənsiz hər meydanda dilənçiyəm,
hər şəhərdə qərib,
hər şəhərin “Gülüstan bağı”nda yalqızam,
hər şəhərin “Saat qabağı”nda sənsiz,
hər şəhərin “Baba bağı”nda kimsəsiz,
nədən belə olub, nədən?
de, anam, sən de.
hansı saatda, hansı torpağa qoydum bacımı?
Yoxsulluq qapımdan aslanıb,
əlimdən yapışır axşamüstü,
evimə dönmək istədim,
sus, dedi.

Kərkuk-İraq
2019

***

İndi dünyanın balkonundayam

Adını şeir qoy istərsən,
mərhəm olmayanda – yarama vətən,
işsiz qalanda – azadlıq,
çörəksiz qalanda – eşq.
Adını şeir qoy, istərsən.
bu otağın pəncərəsi sizə açılmayacaqsa
və evimin içində yalqızlıq,
balkonunda sənsizlik,
dərdə çevrilməyəcəksə,
hər şeyi ağrılarıma tapşırıb,
Parasitamol röyalarımı atıram
pəncərədən eşiyə.
İndi dünyanın balkonundayam, maskasız.
əlcəksiz, sənsiz, kimsəsiz.
ağzından sevgi sözləri çıxacaqsa,
sən də maskanı boş ver!
sonra buludlara qoşulalım,
quşlara,
sonra mavi maskanı yelə tapşır,
bütün maviləri pəncərəmizə taxalım,
buludlarını soyun istərsən, sevişəlim.
Adı şeir dəyil, bəs nədir?!
baş ağrılarıma mərhəm olmayanda gözlərin,
duz basıram yarama vətən yerinə,
sən də bunları sev istərsən,
amma ac, amma susuz,
demə ki, yoxsulluq qaranlıqla ortaqdır,
dərd evidir, qorxaqdır.
Öpüşməyəcəyiksə,
maskanı çıxartsan da nə fayda,
məni başa düşmürsən, düşmə,
bu şeirin canı mənim əllərimdə isə,
qanı sənin boynundadır,
yumma gözlərini...

İyun, 2020
Tehran

***

Tabloların ardından

Üçüncü şeirimi divara asdılar,
sən yox idin o zaman,
bir savaş sonrasıydı, bəlkə,
pəncərələrdən köçürdü məna,
qapılarda susurdu salam,
birinci dönə orada öldüm.

Barışmaq istəmirdim özümlə,
səni yalnız buraxmışdım,
dodaqlarında bir öpüş susmuşdu,
gözlərində bir şeir göyərmişdi,
mən yazmırdım onları,
üçüncü şeirim idi, oysa;
tablolarda dururdu.

Birinci şeirim doğulmadı,
kürtaj etdi anası,
mənim dodaqlarım zəncirə vuruldu,
sənin gülüşlərindən müzələr doğuldu,
tablolarda gülümsədin,
hər kəs sevdi,
ikinci ölümüm gülüşlərindən başladı.

İkinci şeirimi qurban etdim,
bir payız axşamına,
tüm haraylar susunca doğulmuşdu,
sən gedincə gəlmişdi,
gecikmişdi...
Üçüncü dönə öldüm,
bir şairin son ölümü olar intihar,
hər şeirin doğuluşu qədər acı.

Səndən sonra
üçüncü şeirimi duvara asdılar,
mən susdum.
barış ödüllərinə dönsə də edam çənbərəsi,
nəmneçə ulduzlu hotellərə çevrilsə də zindanlar,
acı gülüşlərini sevsələr də turistlər,
səndən sonra
yetim qalmış şeirlərin dünyasını kim sevəcək?
zindan divarlarında silinməyən adları kim oxuyacaq?
kim güləcək güllələrə?

Hər dönə ölsələr də şairlər, nə fayda...
hər ölümdən şeir doğulursa,
sevgilərdən şeir qoxusu gəlməyəcək,
hər dönə tanınmayan adreslər veriləcək taksilərə,
avtobuslar heç xiyabanı tərsinə getməyəcək,
Bir mən duracağam bu duraqda,
bir mən susacağam,
bir mən öləcəyəm,
bilinməyən adreslərdə...

Təbriz, 2015

Нет описания.


# 3171 dəfə oxunub

Oxşar xəbərlər

"Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər

"Yenidən birləşmək üçün dartınan sınıq aynanın parçaları kimi" - Güneydən şeirlər

17:00 16 yanvar 2024
Gündüzü yandırın - Rza Bərahəninin şeirləri

Gündüzü yandırın - Rza Bərahəninin şeirləri

10:40 11 may 2023
Qapımı döydü polis - Güneydən yeni şeirlər

Qapımı döydü polis - Güneydən yeni şeirlər

17:09 30 mart 2023
Öpüşmək qadağan olmadan öncə - Güneydən şeirlər

Öpüşmək qadağan olmadan öncə - Güneydən şeirlər

16:00 18 mart 2023
Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

Sürgünəm iç-içə yuxular içində - Güneydən şeirlər

17:00 13 oktyabr 2022
Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər

Köksündə olsa da azadlıq həvəsi... – Güneydən şeirlər

17:00 2 sentyabr 2022
# # #