Seks təklifini rədd etdiyi üçün işdən qovulan qadınlar

Seks təklifini rədd etdiyi üçün işdən qovulan qadınlar
13 iyun 2019
# 09:00

Kulis.az Günel Natiqin “Necə təyin etmək olar ki, bu zarafatdır, yoxsa seksual harassment?” adlı yazısını təqdim edir.

“Harassment” sözü Amerikada çox populyardı. Təxminnən seksizmlə eyni anlamı daşıyır. Bura atmacalar, təqib etmələr, ədəbsiz eyham və təhdidlər də daxildir. “Harassment” terminindən artıq bütün dünya istifadə edir.

“O mənim əlimə və çiynimə toxunur, tez-tez mənə tərəf əyilirdi”

Kompliment adı altında edilən ədəbsiz təriflər də “harassment” hesab edilir. Bəzən kişilər əllərini yelləyib “deyəsən belə getsə kompliment də edə bilməyəcəyik”, - deyirlər. Amma kompliment altında çox şey nəzərdə tutula bilər. Hətta kişi sətiraltı anlamda qadına seks təklifində də buluna bilər.

Bu, formal olaraq kompliment sayıla bilər, amma qadını pis vəziyyətə salar, ona utanc hissi aşılayar, qadın mənəvi travma alar və s.

Mütləq bir-iki nəfər çıxıb deyəcək ki, heç dəxli var! Güllə yarası almamısan ki! Komplimentdən xoşun gəlmirsə, özünü elə göstər, guya eşitmədin. Və ya heç nə olmamış kimi davran.

Amma fikir verməmək və ya heç nə olmamış kimi davranmaq mümkün deyil. Araşdırmalar göstərir ki, işdə harassment qadınlara katastrofik təsir göstərir, iş göstəriciləri aşağı düşür, özlərinə güvəni azalır, panikaya qapılırlar və s. Əksər qadınlar bu səbəbdən işləriylə vidalaşmalı olurlar, təhsili atırlar və s.

Bir sözlə, harassmentin fəsadları dağıdıcı ola bilər.

Harassment yalnız seksual xarakter daşımır. Məsələn, tutaq ki, bir adam digərini yaşına, milli mənsubiyyətinə, dərisinin rənginə, dini inancına, seksual oriyentasiyasına görə lağa qoyur. Tutaq ki, iş yerində kimsə sizin dini baxışlarınıza xor baxır. Və ya sizdən dini inancınıza zidd olan bir tədbirdə iştirak etməyinizi tələb edirlər. Bu da harassmentdir.

Qəhrəmanımızın adı Esmiradır. Sürücülük kurslarına gedir. Əvvəllər dərslərə çox həvəs göstərirmiş. Dərslərdən soyumağının səbəbi isə instruktorun ona qarşı yol verdiyi sözləri, hərəkətləri olub.

“Kurs zamanı o guya təsadüfən mənim çiynimə və dizimə toxunur, idarəetməyi öyrədirmiş kimi mənə tərəf əyilirdi. Özümü küncə sıxılmış hiss edirdim”, - Esmira deyir.

Esmiranın narazılığını görən instruktor aşağılayıcı tona keçir. Onun maşın sürmək üçün kifayət qədər qabiliyyəti olmadığını, ona görə mənimsəyə bilməyəcəyini, ancaq onunla yaxın münasibətlərdə olarsa idarə etməni öyrədə biləcəyini deyir.

Bu sözlərdən sonra Esmira özünə güvəni tamamilə itirir və imtahan vaxtı ciddi yanlışlığa yol verir. “Mən az qala qəza törədəcəkdim”, - qız xatırlayır.

Bu qəzadan sonra qəhrəmanımız çətin ki özünü toparlasın.

Əgər qadın parkda təkbaşına oturubsa, demək kişilərə “mən təkəm” mesajını göndərir

Küçə harassmenti - seksizmin bu növü kimə tanış olmasa da azərbaycanlılara yaxşı tanışdır. Tutaq ki, küçəylə gedirsən və birdən yaxınlıqdan səs gəlir: “Əcəb ceyrandır! Lap maraldı e!”

Ya da hansısa mahnıdan bir ağız zümzümə edirlər. Əlqərəz, bir şey uydurub demək problem deyil. Yetər ki, söz mənzilbaşına çatsın.

Hərçənd bir amerikalı xanım müğənni məşhur mahnıda “qadın olmaq nə üçün yaxşıdır”, fikrinə arqument gətirib deyir ki, əgər oğlanlar fit çalırlarsa, deməli sənin ardınca fit çalırlar.

Amma küçə harassmentində yaxşı heç nə yoxdur. Düzdür, bəzən bu atmacalar gülüş doğurur, amma bu məsum atmacaların arxasında zorakılıq hallarına gətirib çıxaran təhlükəli niyyətlər də ola bilər.

Ya da tutaq ki, siz parkda əyləşib kitab oxuyursuz, bir nəfər isə yaxınlaşıb nə oxuduğunuzu soruşur. Bir sözlə, hüzurunuzu, dincliyinizi pozur. Kişilər belə düşünür ki, qadın onun mülkiyyətidir və əgər parkda təkbaşına oturubsa, demək kişilərə “mən təkəm” mesajını göndərir.

Bu səbəbdən bir qadın dənizkənarında təkbaşına gəzib-dolaşa bilməz, təkliyin və dənizin kefini çıxara bilməz. Nəinki kişilər, hətta qadınlar da “görəsən niyyəti nədir” deyə yozub-yozmalayacaqlar. Maraqlıdır ki, kişiylə gəzintiyə çıxan qadın da eyni düşüncə təhlükəsi altındadır.

Bir sovet filmində belə bir məzəli şüar var: “Qadın insanın ən yaxın dostudur”. Bəzən bu ifadənin komiklikdən uzaq gerçəyi haqqında düşünməli olursan.

“O qadın özü məndən xoşlanırdı”

Statistikaya görə, kişilər ilk gördükləri qadını seks obyekti kimi qiymətləndirirlər. Qadının xarici görünüşü ilk növbədə “testdən keçir”. Hətta rəhbər qadın da əvvəlcə zahirən dəyərləndirilir. “Görəsən direktor gözəldir?” Kişilərin belə bir vərdiş mexanizmi işə düşəndə avtomatik olaraq qadını peşəkar sferadan çıxarır. Qadını gözəlliyinə görə qiymətləndirməyə başlayanda o artıq nəzərinizdə peşəkar kimi dəyərini itirir. Bəzi kişilər bununla özlərinə təsəlli verirlər: “O, rəis ola bilər, amma onsuz da mənim statusum onunkundan böyükdür, çünki mən kişiyəm”.

Şirkətlərin birində bir rus qadın 60 yaşlarında olan rəisdən şikayət etmişdi. Şikayətdə deyilirdi ki, rəis eyhamla ona bəlli təklifdə bulunub. Qadın hündürboylu, cüssəli, qaraqabaq, rəis isə balacaboy, tosqun... Rəisə şikayət barədə dediklərində o, qorxuya düşüb. Belə bir təklifdə bulunmadığını, əgər günahı varsa, üzr istəməyə hazır olduğunu bildirib. Balacaboy rəisin hündürboylu qəzəbli qadının qarşısında acizliyini təsəvvür edə bilirsiniz? Bu, həm gülməli, həm də təəssüf doğuran bir durum idi. Ağsaqqallıq yaşına gəlib çatmış yaşlı-başlı adam özünü niyə belə gülünc vəziyyətə salsın ki?

Ara sakitləşəndən sonra isə rəis camaata deyirmiş ki, heç mən elə bir çirkin qadına nəzər salaram? O mənim heç zövqümdə deyil. O özü məndən xoşlanırdı.

Kişilərin özlərini sığortalamaq üçün belə strategiyadan istifadə etdikləri heç kimə sirr deyil. Amma fakt faktlığında qalır ki, bir də rəis o qadına başqa niyyətlə baxmağa cəsarət etmədi.

Sosioloqlar və psixoloqlar deyir ki, harassment daha çox sekslə deyil, mövqe ilə bağlı məsələdir. Müəyyən status qazandıqdan sonra insanlar daha az empati qurur və başqalarının emosiya və hisslərinə daha az sayğı göstərirlər. Psixoloqlardan biri bu qənaətə gəlib ki, üstün mövqeyi olan adam özünü daha yaraşıqlı hesab edir və bu özgüvən də ona etik olmayan hərəkətlərdə bulunmaq imkanı verir.

Rəisin təklifini rədd etdikdən sonra işdən qovulan qadınlar

Qanunvericiliyi inkişaf etmiş bir çox ölkələrdə seksual təzyiq cinayət sayılır. Harassment isə kadr məsələlərinə də təsir göstərdiyi təqdirdə (əgər onun nəticəsində hər hansı bir işçi işindən məhrum olarsa) cinayət hesab edilir.

2002-ci ildə Avropa İttifaqı cinslərin hüquqi bərabərliyi haqqında təlimata düzəlişlər edərək iş yerində harassmentin qanuna zidd olduğunu bəyan etdi. İş yerində seksual təzyiq “şəxsiyyətin alçaldılması” kimi təsnif olundu.

ABŞ-da da konkret harassmentə dair qanun yoxdur, amma belə hallarda 1964-cü ildə insan haqları barədə qəbul edilmiş qanuna əsaslanırlar. Bu qanun iş yerində irqinə, dininə, cinsinə, mənşəyinə görə hüquqi ayrı-seçkiliyi qadağan edir.

İş yerində harassmentlə bağlı ilk şikayətlər irqi bərabərsizliyə uğrayan zərərçəkmişlərdən gəlib. Seksual harassment isə qadın və kişilərin hüquq bərabərliyinin pozulmasının bir forması kimi ilk dəfə ABŞ-da 1976 və 1977-ci illərdə qəbul edilib. İki Cənubi Amerikalı qadın məhkəmədə sübut etdilər ki, rəisin seksual təklifini rədd etdikdən sonra işdən qovulublar.

Kənardan belə görünə bilər ki, iş yerində seksual xarakterli hər hansı bir hərəkət, zarafat Amerikada harassment kimi qəbul edilir. Amma heç də belə deyil. Xüsusi komissiyanın formulasına görə ən əhəmiyyətli və bir neçə dəfə təkrarlanan seksual xarakterli hərəkətlər qanun pozuntusu kimi qəbul edilir. Xüsusilə əgər bu hal zərərçəkmişin işinin şərtlərinə təsir göstərirsə.

Maraqlıdır ki, onilliklər boyu bu məsələlərin məhkəməyə çıxarıldığı Amerikada da insanlar konkret hansı hərəkətin, yaxud sözün harassment olduğundan xəbərsizdir. Məsələn, “Vaşinqton Post” qəzetinin sorğusunda iştirak edən qadınların yarıdan çoxu əks cins tərəfindən xoşagəlməz eyhamlar və təkliflərlə üzləşdiyini deyib. Sorğuya cəlb edilən kişilərin əksəriyyəti isə bildirib ki, bara, restorana getmək dəvətini - qadın bunu istəməsə belə - harassment hesab etmirlər.

Amerikanın universitetlərində də bu hallarla üzləşən insanlar var. Kiçik bir dəlil göstərmək kifayətdir ki, müəllim universitetdən qovulsun. Ona görə gözlənilməz situasiya ilə (bu, şər-böhtan da ola bilər) qarşılaşa biləcəklərindən qorxan müəllimlər hər ehtimala qarşı qapını yarıaçıq qoyurlar.

Məktəbdə çirkin olay

Bu günlərdə sosial şəbəkədə paylaşılan, qanına qəltan olmuş bir kişinin fotosu izləyənləri dəhşətə gətirdi. Məlum oldu ki, bu adam kənd məktəbinin müəllimidir. Şagird qızın dediyinə görə, ona qarşı hansısa əxlaqsız hərəkətə yol verib. Qız evdə müəllimdən şikayət edib. Qəzəblənmiş qohum-əqraba da müəllimlə haqq-hesabını belə çürüdüb: küçənin ortasında kişiyə müxtəlif xəsarətlər yetirib.

İkitərəfli düşünmək də eyni dərəcədə çətindir. Qızın dedikləri həqiqətdirsə, 60 yaşlı bir adamın, “mənəviyat qoruyucusunun” belə bir çirkin davranışa yol verməsi faktı acınacaqlı bir durumdur. Eyni zamanda, yaşlı bir adamın amansızlıqla döyülməsi, üstəlik fotosunun sosial şəbəkələrdə yayılması daha çirkin bir olaydır. Günahkara cəza verilməsinin sivil formaları da var.

Nə qədər ki, problemləri zorakılıq yoluyla həll etdiyimizi düşünəcəyik, problemlər də bizi təqib etməkdə davam edəcək. Əgər bu kimi halların baş verməsini istəmirsinizsə, üzləşdiyiniz problemi sivil qaydada həll etməyə çalışın. Əks halda problem öz sərhədlərini aşıb fəlakətə çevriləcək.

Harassment- sadəcə termin deyil, həm də bu kimi problemləri hüquqi yolla həll etməyin mümkünlüyünü bildirən, cəmiyyətə ötürülən bir mesajdır.

# 6307 dəfə oxunub

Müəllifin son yazıları

# # #