Kulis.az Günel Natiqin "Kişilərə dur deyin!" romanının üçüncü hissəsini təqdim edir.
– Cənab kapitan, öldürülmüş adam haqqında araşdırma apardıq. Haqlıydınız, mərhum yalnız qanuni xanımıyla kifayətlənməyib. Bir neçə qadınla əlaqəsi olub.
– Aydın məsələdir ki, əlinə pul düşən hər binəva öz xoşbəxtliyini zərif cinsdə axtarır. Qadınları əlcək kimi dəyişən adam qadın qəzəbindən qorxmağı ağlına belə gətirmir. Sən hələ gəncsən, özün də maymaqsan, yadında saxla ki, qadının sevgisi kimi nifrəti də ifrat olur. Xəyanət olunmuş, unudulan qadın hər şey eləyə bilər.
– Hətta mərhumun həyat yoldaşı kimi ağlı başında bir qadın olsa belə?
– Mələk kimi görünən qadınlardan daha çox qorxmaq lazımdır, çünki onların qəzəbi qəfil kükrəyir.
– Cənab Lələyev, yoxsa eyham vurursunuz ki, xəyanət edilmiş qadın motivinin üzərində dayanaq?
– Hər bir motivin üzərində durmalıyıq... Bura bax, qəzetlərə, saytlara nəsə sızıb?
– Yalnız qətl haqqında məlumat verilib, təfərrüatlar barədə saytlara xəbər ötürülməyib.
– Bu yaxşı oldu, yoxsa feministlər aqressiyalarını göstərməyə, plakatlarını gözümüzə soxmağa fürsət axtarırlar. O dəqiqə bar-bar bağıracaqlar ki, cinsi ayrı- seçkiliyə yol verirsiniz, dominantsınız, zülmkarsınız, bizi kəsib-doğrayırsınız, daha nə bilim nələr. Bu həyasız feministlərin qabağında bir ordu dayanmaz.
… … …
Div doğum tarixini deyəndə Ayla duruxdu. Bu adam onun atasıyla eyni ayda, eyni gündə doğulmuşdu. Doğmalıq və düşmənçilik bir adamda özünü bəlli etmişdi. Atası ilə anası bütün həyatlarını bir-birilə mübarizəyə həsr etmiş və qalibi təyin eləyə bilməyib sülh bağlamışdılar. Amma ara-sıra atəşkəs pozulurdu, həm də çox şiddətli şəkildə. Anası güclü xəsarətlərlə xəstəxanalıq olurdu. O, feminist olmağa qərar verəndə əvvəl atasını, sonra isə bütün kişiləri məğlub etmək istəyirdi. Ümumiyyətlə, qadınları kişilərdən daha ağıllı və güclü sayırdı.
– Əgər qadınlar ağıllıdırsa, niyə böyük ixtiraçılar arasında bircə qadın da yoxdur? – atası demişdi.
– Çünki kişilər qadınları inandırıb ki, onların ağlı toyuq ağlıdır və heç nə yarada bilməzlər.
– Əgər qadının ağlı varsa, niyə kişilər onları inandıra bilir? Qadının ağlı, yəqin, özünə bəs eləmir. Qızım, nə qədər gec deyil, kişi idarəçiliyini qəbul elə, – atası yarızarafat-yarıgerçək deyirdi.
O isə atasına nifrət edirdi. Anasına zərər yetirdiyinə, incitdiyinə, ən başlıcası da, fiziki gücündən istifadə etdiyinə görə. Aylanın fikrincə, bu ədalətsizlik idi.
Sonra atası başqa qadını sevib evdən getdi və bir müddət sonra birlikdə xaricə daşındılar. Amma anası nəinki rahat nəfəs aldı, hətta, əksinə, daha da hirsli və əsəbi oldu. Nadir hallarda üzü gülürdü, Ayla bunun da günahını atasında görürdü. Adam az-az hallarda onlarla əlaqə saxlayırdı, çünki bilirdi ki, onun zəngləri qızını sevindirmir, əksinə, bir az da qıcıqlandırır.
İndi ailədə əsl matriarxat mühit yaranmışdı.
– Sən gərək amazonkaların arasında olaydın, – rəfiqəsi demişdi.
– Mən olduğum mühitdə matriarxat yaratmaq istəyirəm. Kişi idarəçiliyində olduğumuz yetər. Nə vaxta kimi kişilərin tabeçiliyində olacağıq? Nə vaxta kimi qadın cəmiyyətin ikinci dərəcəli üzvü olacaq? Bir şair yazmışdı ki, kəndimizdə qadının yeri öküzdən sonra gəlir.
– “Öküz” deyəndə kişiləri nəzərdə tutursan?
– Yox, canım. Mal-qaranı deyirəm. Yəni hətta öküz də qadınlardan hörmətli sayılıb.
– Harda? Bizdə?
– Nə fərqi var axı? Belə deyək, insanın zehnində. Əlbəttə, şərqdə qadınların həyatı daha ağırdır, amma səni inandırım ki, Amerikada da qadınlar ayrı-seçkilikdən şikayət edir. Düzdür, onlar Şərq qadınlarının vəziyyətini görmədikləri üçün belə düşünürlər. Seksizm hər yerdədir.
– Seksizm, yəni...
–Yəni cinsi ayrı-seçkilik! Qadını ictimai mühitdən təcrid etmək, ailə başçısının qadın olmaması, qadına qarşı şiddət, qadını cinsi obyekt olaraq görmək... Nə vaxtsa planetin kişi adlı nümayəndəsi bütün bu etdiklərinə görə cavab verəcək!
– O dünyada?
– Bilmirəm, hansı dünyada. Amma gec-tez cvab verməli olacaq. Yüz ildən, iki yüz ildən sonra, bəlkə də, elə sabah.
– Elə günü sabah?
– Əlbəttə! Çevriliş bir göz qırpımında da ola bilər!
– Kişilər nə kimi əvəz ödəyəcək?
– Bilmirəm, bəlkə də, ən böyük silahından məhrum ola bilər.
– Bəs... – rəfiqəsi pıqqıldamışdı. – Onda bəşəriyyət necə var olar?
– Bir şəkildə var olar. Yəqin ki, Yaradan bunun da çarəsini tapar.
Div həm dost, həm də düşmən idi. Bir növ mehriban düşmən. Ayla onu özünə yaxın buraxmışdı, amma bir məsəli də unutmurdu: "İtlə dostluq et, amma çomağını əlindən yerə qoyma". Həm də Divin qadın təşkilatı məsələlərində yardımçı olduğunu unutmurdu, düşmən cəbhənin üzvü kimi yenə onlara gərək ola bilərdi. Bir növ kəşfiyyat əhəmiyyətli işlərdə ondan faydalanmaq olardı.
Div onu yeni düşüncə tərzi kimi qəbul etmişdi. Həyata müxtəlif bucaqlardan baxmağı sevən Div onun həyata baxışını maraqla seyr edirdi. Qızın feministliyi ona bir az gülməli gəlirdi və imkanı olsaydı, bu söhbətlərə doyunca gülərdi. Aylanın qəzəbinə tuş gələcəyindən qorxub, xəfif ironiya belə etməyə cəhd göstərmirdi. Bir dəfə isə Aylanın qadın və kişi hüquqlarının bərabər olduğu haqda iddiaları onu özündən çıxartdı:
– Yəni sözündən belə çıxır ki, qadın da kişilər kimi ürəyi istədiyi qədər küçələrdə gəzib-dolaşa, həyatına başqa kişiləri daxil edə bilər?
– Mən də bu sualla qarşılıq verim: kişi həyatına başqa qadınları daxil edə bilər?
– Bizim mentalitet başqadır, Ayla. Hər halda, müsəlman cəmiyyətində yaşayırıq. Qadının yeri onun isti yuvasıdır. Kişi isə bu yuvanın qoruyucusu. Qadın anadır, müqəddəsdir!
– Kişilər hər sözdə, hərəkətdə qadınlara necə nifrət duyduqlarını biruzə verirlər. Niyə axı bizə yarlık yapısdırırsız: qadın anadır, müqəddəsdir! Bəlkə, mən ana ola bilməyəcəm! Deməli, əsl qadın ola bilmərəm?
– Ayla, məgər sənə nifrət duyuram? Mən qadını ucaldıram!
– Siz qadını ucaltmırsız, qadın obrazını ucaldırsınız. Biz qadınları isə həmin yüksək, ali obrazla mübarizə aparmağa məcbur edirsiniz.
Həmin bakirə obrazına çata bilməyən və bədbəxt olan nə qədər qadın var, heç bilirsən? Siz qadınları qəlibə salırsız və qəlibdən kənara çıxan, qəlibə sığmayan qadınlara nifrət edirsiz.
Div fikrə getmişdi, Ayla isə qəribə tərzdə gülümsünmüşdü.
... ... ...
“Mən gözəl qadınam, mən sevilən qadınam, bütün baxışlar mənim üzərimdədir”
Begüm yol gedə-gedə bu sözləri öz-özünə təkrarlayırdı. Ona görə yox ki, gözəl olduğunu özünə təlqin edirdi, ona görə ki, bu sözlər onun ruhuyla harmonik ahəngdəydi. O, heç nə deməsəydi də, bütün varlığı bu sözlərin ahənginə uyğun olacaqdı.
Yaxın vaxtlarda olan bir hadisədən sonra hərbçi ərinin xatirəsinə az-çox hörmətini də itirmişdi.
Həmin gün konsertdən qayıdırdı, maşını park edib bloka girəndə qara paltarlı bir xanımın məhzun baxışlarını öz üzərində hiss elədi.
Bu baxışlar onun pal- paltarında, boy- buxununda, üzünün cizgilərində gəzdi.
Mənzilə girəndə "Ərim"in bu gün gəlməyəcəyini xatırladı. Onsuz da onun evdə olub-olmaması Begümün planlarını dəyişmirdi, çünki çox vaxt adam ona uyğunlaşmağa çalışırdı.
İstədiyi yeganə şey köpüklü vannada uzanıb caz dinləmək və su ilə musiqinin həzzi içində qeyb olmaq idi. Amma qapının zəngi onu köpüklü xəyallardan ayırdı.
Qapının gözlüyündən baxanda bayaq blokun girəcəyində onu öz baxışlarına biçən qadını gördü. Yəqin, axtardığı adamı soruşacaq, ya da...
Qara paltarlı qadın elə bil onun ürəyindən keçəni qapının dalından oxudu:
– Mən sizə görə gəlmişəm, qapını açsanız yaxşı olar.
Bir neçə saniyədən sonra qara paltarlı qadın artırmada onun qarşısında dayanmışdı, qəzəb saçan gözlərini ona dikərək və hikkəsini yatırmağa çalışaraq danışırdı:
– Yəqin ki, məni tanıdın. Mən sənin ərinin bədbəxt etdiyi qadınam. Tanıdın?
Begüm heç vaxt görməsə də, onu tanıdı. Əri bu qadınla görüşməyə gedəndə həyatını itirmişdi.
– Ünvanı səhv salmamısınız? Ayrı qapıya getməli olmadığınızı dəqiq bilirsiniz? – Begüm bacardıqca sakit səslə dedi.
– Məni dolayırsan? Sən guya süddən çıxmış ağ qaşıqsan? Sənin hansı yuvanın quşu olduğunu bilirəm. Ərini barmağında dolayırdın, guya bilmirəm? Guya bilmirəm, hansı hoqqalardan çıxırdın?
– Mənim keçmişimi sorğulamağa gəlmisən? – Begüm danışarkən səsini azacıq da olsa qaldırmırdı. – Burda nə işiniz var, onu deyin?
– Sənin keçmişinə də qara daş, özünə də! Sən bilirsən ki, ərinin üzündən mənim həyatım qaraldı? Mənim tərbiyəli ailəm vardı, ərim el içində üç kişidən biriydi, indi mən adamların gözündə fahişəyəm, o isə qatil! O, həbsxanalarda çürüyəcək, mənsə iki uşağımla acından öləcəm. Üstəlik, hamı qəbrimə də tüpürəcək!
– Məncə hər kəs öz haqqını aldı, – Begüm sakitcə dedi.
Qadın arxaya çəkildi ki, bu rüsvayçı gerçəklikdə yalnız Begümü iri planda gördüyünü ifadə etsin. Bununla belə, baxışlarında qəzəbdən çox həsəd və peşmanlıq vardı.
– Sənsə bu həyata layiqsən, hə? İndi statusun nədi? Gəzəyən ərin məsum dul qadını! O qadın ki, indi hər şeyi var, həm təmiz adı, həm var-dövləti, həm məşuqları!
Begüm qəhqəhə çəkdi. Yalnız diqqət kəsilən onun qəhqəhəsinin alt qatındakı əsəb titrəyişlərini sezə bilərdi.
– Deyəsən, indi də məşuqlarıma göz dikmisən! Ünvanı de, bir-ikisini sənin evinə göndərim.
Qadının gözləri hədəqəsindən çıxdı. Begümün üstünə yeridi.
– Sənə yaşamaq asandı, hə? Sənə hər şey asandır!
Begüm yerindən tərpənmədən gözlərini qadının üzünə dikib sakit səslə:
– Bu dünyada hamı əkdiyini biçir, – dedi. – Əgər bunu bilsəydin, sənə də yaşamaq asan olardı. Bir də... evli kişilərlə gəzmək, ərin başına corab hörmək... nə vaxtdan sənin üçün çətin olub?
– Mumla! Utanmaz, arsız qadın! Sənin kimi usta ola bilmədim mən! Amma sən bunun cavabını verəcəksən! Mənim itirəcək heç nəyim yoxdur! Elə bilirsən, səninlə bacarmaram?! Səni bir barmağımla yox edərəm!
Qadın dolu bədəniylə Begümə monstr kimi göründü, amma özünü o yerə qoymayıb sakit səslə dedi:
– İtirəcək bir şeyin olmadığını düşündüyün üçün səhv yola düşmüsən. Kaş ki vaxtında ailəni və uşaqlarını düşünərdin. Barı indi ağlını başına yığ və evinə get.
Qadın ətrafına göz gəzdirdi.
– Mən hamısını düşünmüşəm. Çantamda tapança var. Ərimin yadigarı, – istehzayla gülümsədi. – Görünür, son güllə sənin qismətinmiş.
Qadın bunu deyib əlini ağır-ağır çantasına apardı. Begüm onun dediklərinə inanmasa da, qeyri-ixtiyarı gözləriylə əlini izlədi. Qadın əlini çantadan çıxarmadan dedi:
– Mənim burda olduğumu heç kim bilmir. Kameralar? Onlar məni tanımaz. Elə bilirsən, bu mənim öz görünüşümdür? Yox, qadası, – o güldü, – başımdakı parikdi. Gözlərimdəki rəngli linza. Üzümü qrimlə elə boyamışam ki, doğma anam da məni tanımaz. Sənin ölümündə isə məndən şübhələnmək heç kimin ağlına gəlməz. Adamlar məntiqlə düşündüklərini sanırlar. Əgər sənin ərinlə gəzmişəmsə, demək, məntiqlə düşünsək sən məni öldürməlisən.
– Məni öldürsən nə olacaq ki? Xoşbəxt olacaqsan? – Begüm sanki yırtıcı heyvanı qıcıqlandırmaqdan qorxurmuş kimi asta səslə dilləndi.
– Hər halda, ədalətli olacaq. Biz qadınlar axı anadangəlmə qısqancıq. Bir birimizə gizlicə paxıllıq edirik. Düşünəndə ki, sən dünyada yoxsan, yaşamaq asan olacaq. Necə ki indi sənə asandı. Ha-ha-ha...
Qadının əlləri hələ də çantadaydı. Begüm bir anlıq götür-qoy etdi. Onun çantadan silahı çıxarması heç on saniyə çəkməyəcək. Bu on saniyə içində ən yaxın otağa qaçıb, pəncərədən köməyə adam çağırmaq olarmı? Bəlkə, yalan deyir, çantada heç nə yoxdur? Onu qorxutmaq, ağlatmaq, yalvartmaq istəyir? Bəlkə, başqa bir niyyəti var, ondan nəsə almaq istəyir: imzalı kağız ya başqa nəsə?
Bir neçə saniyənin içində düşüncələr at kimi çaparaq bir-birini qovdu, Begüm naməlum hisslərin əsirinə çevrilirdi ki, birdən qapı açıldı, "Ərim" ağır-ağır içəri girdi.
Qadın qanrılıb adama baxdı, bir anlıq özünü itirdi, sonra birdən qəhqəhə çəkdi:
– Hahaha! Təzə məşuqundu? Vaxt itirmirsən, üç-dörd ayın içində təzəsini tapmısan. Bunu necə edirsən? Fahişəliyi yaxşı bacarırsan, söz yox.
"Ərim" irəli yeridi:
– Sən kimsən? Ağzını dağıtma! – Begümə döndü. – Bu kimdir? Niyə imkan verirsən, öz evində səni təhqir etsin?
Begüm nəzərlərini çantadan ayırmadan bacardıqca sakit tonla:
- Xahiş edirəm, rahat ol. Anlaşılmazlıq vardı. Xanım indi gedir. Elə deyil? – gözlərini çantadan ayırmadan təlqinedici səslə dedi.
– Getmək? Ha-ha. İkinizi də gəbərdəcəm. Aşiqlə məşuqu bir-birindən ayırmaq günah olar.
– Begüm, bu dəlini sən rədd etmirsənsə, mən rədd edərəm. – Ərim irəli yeriyib qadının qolundan yapışdı, qapıya doğru çəkdi.
Qadın qəhqəhə çəkdi.
– Romantik cəngavər irəli şığıyıb sevgilisini iblis qadının əlindən qurtarır. Ha-ha-ha. Amma əldən iti ol, sevgilinin o biri məşuqu gələnə kimi işini gör qurtar. Ha-ha-ha. Xalxın növbəsinə girmə. Aaa, yaxşı da, gedirəm, bir dayan, özümü düzəldim.
“Ərim” nifrətlə əlini çəkdi. Qadın özünü elə göstərdi ki, guya pencəyini düzəldir, diqqət çəkmədən əlini çantasına saldı və Begüm adamı xəbərdar etməyə macal tapmamış tapançanı onlara tuşladı. Adamın gözləri böyüdü, qeyri-ixtiyarı əlini qabağa uzatdı:
– Zarafat yeri deyil, heç zarafat yeri deyil, sizin kim olduğunuzu bilmirəm, amma biz danışıb hər şeyi yoluna qoyarıq. Eşidirsiniz? Di tapançanı aşağı salın.
Qadın dəli bir qəhqəhə çəkdi.
– Ha-ha-ha. Romantik qəhrəman bəs hara yox oldu? Sevgilisini küpəgirənin əlindən qurtaran... Küpəgirən. Ha-ha-ha. Əsl küpəgirən kimi ikinizi də yox edəcəm. Nağıllardakı böyük səhvi düzəltmək lazımdır. Axır ki, küpəgirən döyüşü udacaq. Çünki küpəgirən sizdən yaxşıdır. Onun bir üzü var, sizlərin min üzü.
– Ağlını başına yığ. – Begümün handan-hana dili açıldı. – Müqəddəs Məryəm deyilsən sən. Sən məgər zərərçəkənsən? Sən mənim ailəmi dağıtmısan. Ərimi məndən soyutmusan. Ərimi ölümə itələmisən. Bu faciənin bir günahkarı var, o da sənsən! Səndən hesab sorulmalıdır, ancaq sən bizdən hesab sorursan! Sən doğrudan dəli olmusan!
Qara paltarlı qadın bir anlıq dinməzcə ona baxdı, sonra dilləndi:
– Bəlkə də, dəli olmuşam. Çünki sənin kimi aferist deyiləm. Mən sənin kimi olmağı bacarmadım. Mən ərinin sevmədiyi bir qadındım. Mən həyatımda bir dəfə də, bircə gün də olsa sevilmək istəyirdim. Mən sevgi acıydım. Sənin ərinə rast gələndə, bədbəxt bir qadındım. O məni sevdi, ya da elə sandım. Nə bilim, təcrübəm yoxdu. Sənin kimi təcrübəm yoxdu.
Qadın Begümün dik gözlərinin içinə baxdı. Begüm gözlərini yayındırdı.
– Məni sevdiyini dedi. Heç vaxt eşitmədiyim sözləri eşidirdim, nəhayət, arzuolunan qadın idim. Məni sevdiyini deyəndə ağladım. İnanırsan? Sənin, yəqin, ağlına da gəlməzdi heç vaxt. Ağlına gəlməzdi, sevgi etirafı eşidəndə ağlamaq... İlk dəfə idi ki, özümü sevirdim. Bir kişinin sevgisi mənə bütün qüsurlarımı unutdurmuşdu, anlayırsan? Artıq nöqsanlarımı görmürdüm, özümü dünyanın ən gözəl qadını sanırdlm. Mən, gəncliyindən bəri gözünün içinə baxa-baxa ərinin “eybəcər” dediyi qadın!
Qadın təəssüflə başını buladı. Begüm düşündü ki, "Ərim" bu fürsətdən istifadə edib tapançanı qadının əlindən ala bilər, amma adam yerində donub qalmışdı. Yad qadının sözləri onu sanki hipnoz etmişdi.
– Amma hər bir xoşbəxt anın bir əvəzi olur. Hər halda, mənim taleyimə belə yazılıbmış. Mənim yöndəmsiz olduğumu deyən, hər fürsətdə ağzıma, burnuma lağ edən adam xoşbəxt olduğumu gördü, əslində, mənim xoşbəxtliyimi qısqandı, çünki bu vaxt ərzində məni bədbəxt görməyə, bədbəxt etməyə öyrəşmişdi. Əslində, xoşbəxtliyimi gözü götürmədi. O adam üçün mən bir heçdim, gözündə dəyərim yoxdu. O, məndən, mənim xoşbəxtliyimdən intiqam almaq üçün onu öldürdü.
– Axı bütün bu faciədə mənim günahım nədi? – Begüm ilk dəfəydi ki, səsini qaldırdı.
– Sənin günahın – mənim ola bilmədiyim kimi qadın olmağındır. İstədiyi vaxt sevib, istədiyi vaxt rədd edən, amma yenə də sevilən və daim xoşbəxt olan. Bəlkə də, sənin xoşbəxtliyinin intiqamını almaq istədim? Amma o xoşbəxtlikdən mənə nə. Yenə əzəlki bədbəxtliyinə qayıdan, əslində, həmişə bədbəxt olan mənə nə?
Qadın yorğun halda tapançanı çantaya qoydu, ondan bir addım aralıda gözlərini qırpmadan hərəkətlərinə göz qoyan qadına baxıb qapıdan çıxdı.
– Başımızın bəlası getdi, – Begüm heç nə olmamış kimi təbəssümlə dedi.
"Ərim" təlaşlı görünməsə də, yüngülləşmiş kimi də deyildi.