Qadın bunları etməsə şiddət görməz

Qadın bunları etməsə şiddət görməz
21 oktyabr 2019
# 10:31

Kulis.az “Qadın şiddətinə son deyənlər nəyi unudurlar?” adlı yazısını təqdim edir.

Təkcə son bir ayda ölkədə 9 qadın ailədaxili münaqişələrin qurbanı olub, onlarla qadın döyülüb, yaralanıb, xəsarət alıb. “Cənnət anaların ayağı altındadır” deyən kişiləri zorakılığa nə vadar edir?

Bu aqressiya hardan qaynaqlanır?

Bir çox hallarda hər hansı bir hadisədə tərəflərin hər ikisi məsuliyyət daşıyır. Zorakılıq hallarını aradan qaldırmaq üçün qadınlar da müəyyən şeyləri bilməli və kişiləri təhrik edə biləcək hərəkətlərdən çəkinməlidirlər.

Zərif cinsin özünü, həyatını, şəxsiyyətini qoruması üçün bütün bunlar vacibdir.

Qadının ləyaqətinin alçaldılması da hardasa ölümə bərabərdir.

Çox rastlanan bir nümunə. Tutaq ki, kişi evə içkili gəlir, qadın onun bu vəziyyətinə dözə bilməyərək hay-küy qaldırır. Kişi isə içkili olduğundan özünü idarə edə bilmir və arvadına əl qaldırır.

Halbuki qadınlar bilməlidir ki, içkili kişiylə əsla konfliktə girmək olmaz. Düzdür, içkili kişiyə dözmək çətindir, amma bir az səbr edin, həyat yoldaşınız ayılıb özünə gəldikdən sonra onunla bu haqda danışmağa cəhd edin.

Başqa bir nümunə. Qadın kişini qısqanır, evdə dava salır, təzyiq edir. İşdə olanda dəfələrlə həyat yoldaşının telefonuna zəng edir, onu kompüter proqramından izləyir, getdiyi yerləri təqib edir. Razılaşın ki, bu qədər gərgin yüklənən qadın məntiqli düşünmək qabiliyyətindən də məhrum olar. Bu təqibetmələr əlbəttə ki, “irimiqyaslı” konfliktlə nəticələnir ki, sonunda da qadın zərər çəkir.

Razılaşın ki, qadın və kişi psixologiyaları fərqlidir. Gerçəkliyə çox bənzəyən bir lətifə var; qadına xoşbəxt olmaq üçün qızıl, brilyant, şuba və s gərəkdir, kişi isə yalnız televizor pultunu və dinclik arzulayır.

Elə isə kişilərə arzuladıqlarını - televizor pultunu və dinclik verək (Televizor pultunu ailənin idarəetmə sükanına da bənzətmək olar).

Və əlbəttə ki, kiçik azadlıqları da kişilərə çox görməyin. Ümumiyyətlə, hər bir insanın özünü azad hiss etməyə ehtiyacı var. Bir-birinə özünü azad hiss etmək imkanı verən cütlüyün birliyi möhkəm və davamlı olur.

Yasaqlarla üzləşən insan həmişə azadlığa can atır. Bəlkə də onun nə olduğunu və nə kimi nəticələrə gətirib çıxaracağını bilmir, elə bilmədiyi üçün də bu ona şirin və cəlbedici görünür.

Sizə bir sual verim: fasiləsiz danışan və deyinən qadını necə susdurmaq olar?

Razılaşaq ki, qadınlar bəzən lazım olduğundan çox danışır və deyinirlər. Deyingən arvad kişilərin qorxulu röyasıdır.

Yadıma gəlir ki, yaşı ötmüş deyingən bir qız vardı. Elə bu xüsusiyyətinə görə evdə qalmışdı. Yaşı qırxı ötəndə özünə söz verdi ki, deyingənliyin daşını atacaq. Amma qozbeli qəbir düzəldər. Bu qız da deyingənlikdən qurtula bilmədi. Yəqin ki, sona qədər tək qalmasının səbəbi də elə bu idi.

Deyingən qadını susdurmağın çarəsi yoxdur. Belə hallarda kişilər ya qapını çırpıb gedir, ya da qadına əl qaldırırlar.

Çox az hallarda kişi qadının şikayət və gileylərini sona qədər sakitcə dinləyir. Belə adamlar psixoloji cəhətdən sabit və durğun insanlardır. Hər kişi buna qadir deyil.

Atalar deyib, “ər-arvad savaşı, yaz yağışı”. Amma bizim dövrdə ər-arvad davası doluya, qara, tufana bənzəyir.

Yəqin polislər də elə hesab edir ki, ər-arvadın savaşı yaz yağışı kimi az çəkir. Çünki polis çox vaxt ər-arvad davasına qarışmaq istəmir. “Öz aranızda həll edin”, - deyirlər. Əgər qətl hadisəsi yoxdursa, onları bu məsələyə cəlb etmək müşküldür.

Halbuki heç kim qarantiya verə bilməz ki, bu dava-dalaş xəta-bəlasız ötüşəcək.

Məsələn, bir müğənninin öz həyat yoldaşını döyərək öldürdüyü deyilirdi. Bu dedi-qodular səngisə də, o müğənninin hər dəfə səhnəyə çıxışı mənə həmin o mərhum qadını xatırladır.

Bəlkə də bu şayiələr əsassızdır, amma atalar deyib, od olmayan yerdən tüstü çıxmaz.

Bu söhbətlər mənə Türkiyədə bir il ərzində öldürülmüş 770 qadının xatirəsinə düzəldilən, 770 tuflidən ibarət abidəni də xatırladır.

Həmin abidədə zorakılıqla üzləşən hər bir qadının göz yaşlarının izi var.

Yaxın vaxtlarda gənc yazıçının ailəsində problemlər yaşanmışdı. Ər-arvad arasında baş verənlər ailənin sınırları içində qalmayıb ictimaiyyətin müzakirəsinə çevrildi.

Əksəriyyət gənc yazıçını arvadını döyməkdə suçlayırdı. Amma suçlamaq, ittiham etmək asandır, bu hallarda anlamağa, problemi çözməyə çalışmaq, yol göstərmək lazımdır.

Hadisə ictimailəşəndə o ailənin dağılmaqdan başqa yolu qalmır.

Halbuki vaxtında yardım göstərilsəydi, bəlkə də ailəni dağılmaqdan xilas etmək olardı.

Mütəxəssislər tərəfindən ailədə baş verən konfliktlərin diaqnostikası aparılmalıdır, müvafiq strukturlar aktivləşməli və öz köməyini göstərməlidir.

Məsələn, konfliktdə olan cütlüyə yardım etmək, yol göstərmək olar. Əgər anonimlik saxlanılarsa, kişilər bu prosesdə iştirak etməkdən boyun qaçırmaz, məlumdur ki, insanlar psixoloji cəhətdən öz səhvləriylə üzləşməkdən yayınırlar. Ər və arvada növbəti dəfə öz hüquqlarını izah etmək, kişiyə nə kimi məsuliyyət daşıdığını, zorakılığın, şiddətin nə kimi cəzalara gətirib çıxaracağını başa salmaq lazımdır.

Kişi anlamalıdır ki, onun qadını da onunla eyni hüquqa malikdir və onunla öz şəxsi mülkiyyəti kimi davrana bilməz.

“Qadın şiddətinə son” deyək, amma şiddətə qədərki yolları incələyib nəticə çıxarmağı da unutmayaq.

# 4425 dəfə oxunub

Müəllifin son yazıları

# # #