Əllümə – Gi de Mopassanın hekayəsi

Əllümə – Gi de Mopassanın hekayəsi
19 iyul 2022
# 18:20

Kulis.az Günel Eminlinin tərcüməsində Gi de Mopassanın “Əllümə” hekayəsini təqdim edir.

Dostlarımdan biri mənə demişdi:

– Əlcəzairə səyahətin zamanı, işdir, yolun Bürc-Əbbabın yaxınlığından düşsə, köhnə dostum, polkovnik Obalı mütləq ziyarət edərsən.

Mən hər ikisinin, həm Obalın, həm də Əbbabın adını unutmuşdum. Sırf təsadüf nəticəsində onunla görüşənə qədər bu polkovnik bir dəfə olsun yadıma düşməmişdi.

Bir ay boyunca bu əsrarəngiz ölkəni qarış-qarış pay-piyada gəzirdim. Əlcəzairdən Şerşelə, Orleanvilldən Tiara qədər uzanan bəzən sıx meşələrlə örtülü, bəzən də tamam çılpaq təbiət öz əzəməti və gözəlliyi ilə məni valeh eləmişdi. Dağ silsilələrinin arasında qışda da çağlayan bulaqlardan yaranmış dar vadilərdə sıx şam meşələri var idi. Yarğanların üzərinə düşən nəhəng ağaclar həm ərəblərə, həm də ölü kötüklərin ətrafına dolanıb onlara yeni həyat bəxş edən sarmaşıqlara körpü kimi xidmət edirdi. İnsan ayağı dəyməyən dağ arası yoxuşlardan və oleandr kolları ilə ətrafını bürümüş bulaqlara gözoxşayan mənzərə açılırdı.

Amma bu səfərin ən şirin xatirəsi mavi dənizdən zirvəsində sidr ağacları ilə dolu Təniyət-əl-Haad meşəsini gizləmiş Uarseni dağlarına uzanan dərəli-təpəli, yamaclı yollarda, cığırlarda axşam gəzintiləri idi.

Həmin gün mən yolumu azmışdım. Təzəcə zirvəyə adlamışdım ki, qarşımda silsilə təpələr arasından geniş Mitici düzənliyi peyda oldu. Gözlərim sıra dağların arxasından bir qaraltı sezdi. Bu, yerli ərəblərin qəribə səslənsə də, “Xristian qadının türbəsi” adlandırdıqları sərdabə idi. Əfsanəyə görə bu sərdabə Mavritaniya xəlifəsinin ailə məqbərəsi olub. Cənub yamacı tərəfdən üzüaşağı enməyə başladım. Qəfildən səhranın kənarından başı göylərə ucalan dağlara qədər qarşımda dalğalı, təpəli düzəngah açıldı. Təpələrin rəngi bir-birinə sıx tikilmiş xurmayı aslan dərilərini, bəzi yerləri isə dəvənin dik, sarı, qabarıq, tüklü hürgücünü xatırladırdı.

Bir dağın yamacındakı dolanbac cığırların izinə düşərək sürətli addımlarla yoluma davam edirdim. Sərin dağ havasında gəzişərkən heç nə səni narahat etmir: fikirlərin, bədənin, ürəyin bütün qayğılardan azaddır. Həmin gün həyatımızı cəhənnəm əzabına döndərən hər şeydən uzaqda, yalnız dağdan enməyin verdiyi zövqlə baş-başa idim. Aşağı endikcə uzaqdan ərəblərin məskən saldıqları köçləri, düşərgələrindəki daxmalardan qalxan boz dumanı sezirdim. Bəyaza bələnmiş kişili qadınlı fiqurlar yavaş-yavaş ətrafda gəzişir, otlaqlarda gəzən sürülərin zınqırov səsləri axşam havasına ayrı rəng qatırdı.

Yolboyu qarşıma çıxan ayıqulağı ağacları başlarını aşağı əymiş və qırmızımtıl meyvələri cığırlara tökülmüşdü. Meyvələri qan damlalarını xatırladan bu əzabkeş ağacların budaqları sanki qan tərləmişdilər.

Bu ətraf yerlər elə bil böyük faciədən sonra qan yağışına tuş gəlmişdi, qırmızı meyvələri ayağımla əzdikcə qatil izlərimi arxamca qoyurdum. Arada əlimi qaldırıb ən dəymişini dərib ağzıma atırdım.

Öküzün ətrafından qalxan buğ kimi vadi solğun sislə örtülürdü. Sahara səhrasını tamamlayan üfüqdə dağ silsiləsinin üzərində Bibliya səması açılırdı. Uzun-uzun qızıl rəngli çalarlar qan qırmızısı ilə əvəzlənirdi, yenə qırmızı, yenə qızıl: bəşəriyyətin tarixini özündə əks etdirən iki əsas söz. Arada bu rənglər öz arasında yaşılı lacivərdi üfüqə dönüb, nakam arzular kimi sonsuz və uzaq görsənirdi.

Ah! Necə də hər şeydən uzaq idim. Adamla dolu Paris bulvarlarından nə qədər uzaq idim. Hər yeri gəzən, zövq alan, bütün qayğılardan azad əsl sərgərdana çevrilmişdim.

Gecə düşəndə anladım ki, həm də yolumu azmışam. Zülmət var gücü ilə hücum çəkmişdi, dağ silsilərindən başqa heç nəyi ayırd edə bilmirdim. Aşağıda düzənlikdə çadırlar gözümə sataşdı və mən aşağı düşərək qarşıma çıxan ilk ərəbdən yolu soruşmaq qərarına gəldim.

Məni başa düşmüşdümü? İnanmıram, o, uzun-uzadı mənə nəsə izah elədi, amma mən yenə də heç nə anlamadım. Məyusluğa qapılaraq artıq xalçaya bürünüb bu düşərgədə gecələməyi düşünürdüm ki, birdən ərəbin ağzından çıxan qarmaqarışıq sözlərin arasında mənə tanış olan Bürc-Əbbab adını eşitdim.

Təkrarlayaraq:

– Bürc-Əbbab?

– Hə, hə.

Mən ona 2 frankın ucunu göstərdim. Bu, əsl sərvət idi. O, qabağa düşərək irəliləməyə başladı. Mən də onun arxasınca gedirdim. Göz-gözü görməyən zülmətdə qarşımda irəliləyən solğun kölgənin dalınca sürünürdüm. O, ayaqyalın olsa da, yeyin-yeyin gedirdi. Mən isə arabir daşlı-çınqıllı cığırlarda büdrəyirdim.

Qəfil bir işartı göründü. Biz postu xatırladan çöl pəncərəsiz bəyaz evə çatdıq. Qapını tıqqıldatdım. Həyətdəki köpəklər hürüşdülər. Fransızca kimsə soruşdu:

– Kimdi?

– Cənab Obal burada yaşayır?

– Bəli.

Qapı açıldı və cənab Obal qarşımda dayanmışdı. Cənab Obal qəlyan dodaqlarında və ev tərliklərində olan, Herakla bənzəyən nəcib üzlü biri idi. Tanışlıq verərkən o iki əlini də mənə uzatdı:

– Özünüzü evinizdəki kimi hiss edin, cənab.

On beş dəqiqədən sonra mən artıq şam yeməyini acgözlüklə içəri ötürürdüm, ev sahibi isə mənimlə üzbəüz oturaraq hələ də qəlyan çəkirdi.

Onun həyat tarixçəsini bilirdim. Qadınlara böyük məbləğdə sərvəti sovurandan sonra əldə qalan pulu ilə Əlcəzairə gəlmiş və bu torpaqlarda üzümlüklər yetişdirirdi.

İşlər yaxşı gedirdi. Üzündən həyatından məmnun olduğu görünürdü. Heç cür ağlıma sığışdıra bilmirdim ki, həyatdan zövq alan bu parisli tək-tənha bu çöllərdə necə belə ibtidai, yeknəsəq həyat tərzinə uyğunlaşa bilib. Ondan bu barədə soruşmağı qərara aldım:

– Çoxdandı burdasız?

– Artıq 9 ildir.

– Heç darıxmırsız?

– Yox, bu yerlərə əvvəl-axır öyrəşirsən. Hətta sevməyə başlayırsan. Siz inanmazsınız, bu ölkə insanda özümüzün də bilmədiyi necə gizli heyvani instinktləri aşkara çıxardır. Əvvəl-əvvəl izaholunmaz bağla, bütün duyğu orqanlarımızla buraya bağlanırıq. Hava və iqlim iradəmizin əksinə olaraq bədənimizi özünə tab edir, ətrafa şəfəq saçan gün işığı isə ruhumuzu qidalandırır və şən əhval bəxş edir. Başımıza döyən günəş sanki sel kimi içimizə axır və ruhumuzun qaranlıq tərəflərini yuyaraq bizi tam şəffaf edir.

– Bəs qadınlar?

– Hə, düzdür. Qadınlar üçün darıxıram.

– Darıxırsız?

– Hə, darıxıram, amma azacıq. Burada, ərəb qəbiləsində səni gecə darıxmağa qoymayan yerli əhalidən həmişə kimisə tapmaq olar.

O, mənə qulluq edən, rübənd altındakı gözləri ilə gecəni yaran cavan ərəbə dönərək dedi:

– Məhəmməd, get, lazım olanda çağıracam. Sonra mənə dönərək davam etdi:

– O, fransızca anlayır. Mən isə onunla əlaqəli bir əhvalatı danışmaq istəyirəm.

Məhəmməd otaqdan çıxan kimi o davam etdi:

– Təxminən 4 ilə yaxındır ki, bu ölkədəyəm, amma hələ də tam alışa bilməmişəm. Dillərini qırıldaya-qırıldaya, yarı-yarımçıq danışa bilirəm. Aradabir Əlcəzairə bir neçə günlük səfər etmək məcburiyyətində qalıram.

Keçmiş gözətçi postu olmuş bu fermanı, bu bürcü aldım. Buraya yaxın yerli əhali yaşayan qəsəbə də yerləşir. Oradan mən tez-tez öz üzümlüyüm üçün işçi qüvvəsi cəlb edirdim. Bura səfər edərkən sizin indicə gördüyünüz bu yaraşıqlı oğlanı xidmətçi tutdum. Məhəmməd bin Ləmxarə Ulad – tac qəbiləsindən idi və mənə çox bağlanmışdı. Açıq səma altında yatmağa adət etmiş bu oğlan evdə yatmaqdan imtina edərək qapının yanında özünə çadır qurdu ki, asanlıqla onu pəncərədən haylaya bilim.

Yəqin, günlərimin necə keçdiyindən xəbəriniz var. Bütün günü torpağın becərilməsi və yetişdirilməsi ilə məşğul oluram, arada ova çıxır, gömrük postlarının zabitləri ilə nahar edir, ya da onları evimə dəvət edirəm.

Əyləncəyə qaldıqda isə... sizə dediyim kimi, gəzintilər zamanı bəzən hansısa ərəb yersiz şəfqət göstərərək mənə qəbilədən qadınlar gətirmək istəyirdilər. Mən bəzən razılaşır, çox vaxt isə başım ağrayacaq deyə bu təkliflərdən imtina edirdim.

Bir gecə yayın əvvəli, torpaqları yoxlayandan sonra evə döndüm. Məhəmməd mənə lazım oldu, bu dəfə onu çağırmadım, birbaşa çadırına girdim.

Gözəl qırmızı yun xalçanın üzərində biləyi ilə gözlərini bağlamış yarıçılpaq qadın yatırdı. Çadırdan içəri düşən işıq selində onun bədəni par-par yanırdı və ərəb qəbilələrində baş çəkdiyim və gördüyüm ən gözəl əndamlardan birinin bu qadına məxsus olduğunu anladım. Bu tərəflərdə qadınlar boydan uca, qədd-qamətləri düz və mütənasib, üz cizgiləri isə çox gözəl olurdu. Doğrusu, utandım, çadırdan çıxaraq evimə getdim.

Ah, mən qadınların dəlisiyəm! Bu görüntü məni ildırım kimi vurdu və içimdə alışan əvvəlki ehtirası oyatdı. Məhz o məhvedici ehtirasın quluna çevrilərək mən buralara məhkum olunmuşdum. İyul ayı çox isti keçirdi və bütün gecəni gözümü Məhəmmədin çadırından çəkməyərək pəncərənin yanında keçirdim.

O biri gün Məhəmməd otağa daxil oldu və mən düz onun gözlərinin içinə baxdım. O isə utancaq və günahkarcasına başını aşağı saldı. Görəsən, bildiyimdən xəbəri var idi?

– Məhəmməd sən evli idin? O, pörtərək cavab verdi:

– Xeyr, müsyö.

Mən onu fransızca danışmağa və məni ərəbcə öyrətməyə məcbur edirdim, bəzən onun dili bu iki dildən qarışaraq əməlli-başlı qarışıqlıq yaradırdı.

Mən davam etdim:

– Bəs çadırındakı qadın hardandır? O donquldandı:

– Cənubdandır.

– Aha, cənubdandır. Bəs sənin çadırına necə gəlib çıxıb? O mənim sualıma cavab verməyərək dedi:

– O, çox gözəldir.

– Deməli belə... Bir də sənin qarşına belə cənubdan gözəl qadın gələndə zəhmət çək, onu öz çadırına deyil, mənim otağıma gətir. Anladın?

O, ciddi görkəm alaraq cavab verdi:

– Bəli, müsyö.

Boynuma alıram ki, gün ərzində xalça üzərində uyuyan bu ərəb gözəlini xatırladıqca həyəcan keçirirdim. Nahar vaxtı evə gələndə Məhəmmədin çadırına getmək üçün içimdə dəli istək baş qaldırdı. Axşam həmişəki kimi o mənə qulluq edirdi, az qala, mən də ondan soruşmaq istəyirdim ki, o nə vaxta qədər dəvə tükündən olan çadırında bu cənublu gözəli gizləyəcək.

Saat 9 radələrində otağımdan çıxaraq itlərdə güclü olan ov instinkti kimi mən də qarşısıalınmaz istək qarşısında həyətə hava almaq bəhanəsi ilə düşdüm. Konus şəkilli çadırdan içərisində yanan ocağa görə çölə işıq seli süzülürdü.

Sonra mən daha da uzağa getdim. İstəmirdim ki, Məhəmməd məni öz çadırının yanında görsün.

Bir saatdan sonra otağıma qayıdarkən çadırda onun qaraltısını sezdim. Açarı çıxararaq bürcümə qayıtdım. Burada mənimlə bərabər işlərimdə mənə kömək edən iki fransız və əlcəzairli yaşlı aşpaz qadın yaşayırdı.

Mən pillələrlə qalxaraq qapımın kandarında işığı görüb təəccübləndim. Qapını açıb içəri girdim. Şam yanan masanın yanında qamışdan hazırlanmış kətildə qədim heykəllər kimi bəzənmiş qız oturmuşdu. Onu üzü, qolları, ayaqları, hətta göbəyi belə cənublu qadınların istifadə etdiyi gümüşü əşyalarla bəzənmişdi. O, sakitcə mənim gəlməyimi gözləyirdi. Sürmə ilə bəzədilmiş gözləri üzümə dikilmişdi. Vücuduna çəkilmiş dörd mavi ulduz şəkilli döymələr alnına, yanaqlarına və buxağına xüsusi gözəllik qatırdı. Əllərini qolbaqlarla həbsə salmışdı və kirimişcə belinə qoymuşdu. Əyninə çiyinlərindən sıyrılıb düşən qırmızı ipək paltar geyinmişdi.

İçəri daxil olanda itaətkarcasına gəlib bütün taxdığı ləl-cəvahirat ilə birlikdə təşəxxüslə qarşımda dayandı.

– Sən burda neynirsən? – deyə ərəbcə soruşdum.

– Mənə əmr edildi ki, bura gəlim.

– Kim əmr edib?

– Məhəmməd

– Yaxşı. Əyləş.

Oturdu, mən də ona yuxarıdan aşağı baxmaqda davam elədim. Siması özünəməxsus incəliklə seçilirdi. Üzündə Buddaya məxsus sirli nəsə vardı. Çözə bilmədim. Al dodaqları və sinəsi qaradərili qanı qatışığından xəbər verirdi, amma əlləri və çiyinləri bəyazlığı ilə göz oxşayırdı.

Bilmirdim, nə edim; utanırdım, həyəcanlıydım və onun gözəlliyi qarşısında ram olmuşdum. Fikirlərimə hakim olmaq üçün mən ondan haradan gəldiyini, buralara necə gəlib çıxdığını və Məhəmmədlə necə əlaqədə olduğunu soruşmağa başladım. Amma o mənim ən maraqsız suallarıma cavab verirdi. Odur ki, mən yenə də onun haqqında heç nə öyrənə bilmədim. Haradan gəldiyi, onu kimin göndərdiyi, xidmətçimlə onun arasında nə baş verdiyini yenə də anlamadım.

Ona “çadırına qayıt” əmrini vermək istəyirdim ki, o mənim niyyətimi anladı və əllərini qaldırdı, əllərindəki bütün qolbaqlar cingildədi və boynuma sarılıb hökmünə tabe edərək özünə tərəf çəkdi.

Kişini başdan çıxarmaq istəyən gözləri vəhşi pişik baxışları kimi parlayırdı. Ona qarşı çıxa bilmirdim və içimdə alışıb yanan ehtiras vulkanı məni yandırıb-yaxırdı. Bu baxışlar, əslində, təbiətdəki həmişə erkəklərin qalib gəldiyi erkək və dişi cinsinin mübarizəsi idi.

Onun qolları arasında idim və dodaqlarımız birləşəndə, onu möhkəm qucaqladım. Bütün bədəni mənim ağuşumda qolbaqların səsindən cingildədi.

O, çox sağlam, heyvana xas cəldliyi ilə seçilirdi. Xüsusi zərifliyi və rayihəsi ilə ceyranı xatırladırdı. Öpüşlərində qeyri-adi və sirli nəsə var idi və tropik cənnətin meyvələrinin dadını yadıma salırdı.

Sonra... daha sonra... Səhərə yaxın onu çadırına göndərmək istəyirdim. Elə bilirdim ki, gəldiyi kimi də geri qayıdacaq. Onunla necə hərəkət edəcəyimi dəqiq bilmirdim.

Mənim bu niyyətimi anlayan kimi pıçıldadı:

– İndi məni qovsan, gecənin bu vaxtı hara gedəcəm. İzin ver, ayağının altında xalçanın üzərində yatım.

Necə imtina edə bilərdim? Neyləyə bilərdim? Fikirləşdim ki, indi Məhəmməd aşağıda durub və pəncərənin işığında bizim siluetləri izləyir. Bu və digər çalpaşıq fikirlər get-gedə məni çuğlayırdı.

– Yaxşı, qal. Söhbət edərik.

Ani qərar idi. Əgər tale üzümə gülübsə, bu qadını bəxş edibsə, mən də onu hərəmxana qadını kimi öz yanımda saxlamaq qərarını verdim. Əgər bezdirsə, onu asanlıqla rədd edəcəm. Bu torpaqlarda – Afrika çöllərində qadın ruhu və cismi ilə tam kişiyə tabedir.

Ona dedim:

– Sənlə mehriban davranacam. İncitməyəcəm. Amma sən də kim olduğunu və haradan gəldiyini mənə deməlisən.

O nə cavab verəcəyini anladı və mənə öz həyat hekayətini danışmağa başladı. Amma adım kimi əmin idim ki, bu, başdan-ayağa saxta və uydurma əhvalat idi. Çünki ərəblər hər vəchlə yeri gəldi gəlmədi yalan danışmağı sevirdilər.

Yerli ərəblərin ən qeyri-adi və tam anlaya bilmədiyim xarakteri məhz onların yalançılığı və saxtakarlığı idi. İslam onların qanına hoparaq təbiətini dəyişdirib, fərqli əxlaq yaradıb, onları digər millətlərdən tamamilə ayırmışdı. Onlar hətta ağ qaradan fərqlənən kimi digər irqlərdən fərqlənirdilər. Elə yalançı idilər ki, heç bir sözlərinə inanmaq mümkün deyildi. Onlar bunu öz dinlərindən öyrənmişdilər? Deyə bilmərəm. Bunun üçün onların arasında yaşamaq və təhlil etmək lazımdır ki, yalan necə onların ruhuna, qanına hopub, onların ikinci təbiətlərinə çevrilərək həyat ehtiyaclarına dönübdür.

Deməli, o mənə həyat hekayətini danışarkən dedi ki, o, Uled Sidi Şeyx qəbiləsindən şeyxin qızıdır. Onun anası qəbilələri tərəfindən tuareqlərə hücum zamanı oğurlanan qara dərili və ərəb qanı qatışığından olan qadın olub. Qara dərililər hərəmxanalarda öz həssaslıqlarına və incəliklərinə görə fərqlənirdilər. Heç bu qarışıq qan qızda özünü büruzə vermirdi. Lakin al dodaqları və dik sinəsi bunun əksini deyirdi. Diqqətlə baxanda bu fərqliliyi sezmək mümkün idi. Qalan hissələrində isə o gözəl cənublu irqinə məxsusluğunu göstərirdi. Ağbəniz, cəld, düzgün üz cizgiləri ilə hind heykəllərini xatırladırdı. Gözlərinin böyüklüyü və bir-birindən nisbətən uzaqda yerləşməsi onu daha çox hind ilahilərinə bənzədirdi.

Onun əsl həyat tarixçəsini öyrənmək mənə müyəssər olmadı. O, dayanmadan uzun-uzadı gördüyü, müşahidə elədiyi hadisələri, xatirələri qəbilədən qəbiləyə, çadırdan çadıra səyahətlərini özünəməxsus uşaq sadəlövhlüyü ilə dil boğaza qoymadan üyüdüb tökməkdə davam edirdi.

O bütün bunları millətinə xas məğrurluqla və ciddiliklə danışırdı. Susanda artıq anladım ki, onun bu uzun hekayətindən heç nə yaddaşımda ilişib qalmadı. Özümdən soruşdum ki, bu yelbeyin qız mənə danışdığı bu boş əhvalatlarla özü haqqında və haradan gəldiyi əsl mətləbləri gizləməkdə məqsədi nədir?

İstər-istəməz bu millət haqqında fikirlərə qərq oldum. Biz onların torpağında, ya da onlar bizim torpağımızda yan-yana ömür sürürük. Onların dilini öyrənirik, çadırın o tayında axıb gedən həyatlarının izləyicisinə çevrilirik, amma yenə də 60 il burada yaşamağımıza baxmayaraq, onlar haqda təsəvvürümüz belə yoxdur. Eləcə də öz evimdə baş verənlərdən, qapımın düz yanında qurulmuş bu cındırı çıxmış qamışdan çadırda belə nə baş verdiyindən xəbərim yoxdur. Eləcə də Əlcəzairdə, Mavritaniya evlərində yaşayan sivil ərəblərin nə düşündüyü, hansı hava ilə nəfəs aldıqları barədə də təsəvvürümüz yoxdur. Şəhər evlərinin divarları arxasında, dəvə yunundan pərdələr arxasında bizim yanımızda sirli, qapalı, itaətkar, gülümsər və yalançı məxluqlar yaşayır. İnanmazsız, mən bu dəqiqə binokl vasitəsilə başqa qəbiləyə baxmağa başlasam, orada nə qədər bizim yatsaq belə yuxumuza girməyəcək və bilmədiyimiz fərqli inancların, adət-ənənələrin qorunduğunu və riayət olunduğunu görəcəyik. Dünyada məğlub edilmiş heç bir millət bunlar qədər belə inadkarcasına qapalı qala bilməzdi. Biz də boş-boşuna bunları öyrənməyə çalışmazdıq.

Elə bu vaxt anladım ki, mənə bu gecə təslim olmuş ərəb qızı ilə aramda təbiətin irqlərimizin arasında qoyduğu sonacan anlamadığım mistik keçilməz sərhəd var.

Adını soruşmaq ağlıma gəldi:

– Adın nədir?

O, bir neçə dəqiqə susdu, sanki mənim varlığımı belə unutmuşdu. Mənə baxan gözlərində onu bir-neçə saniyədən sonra ağuşuna alacaq yuxu selini hiss etdim.

Əsnəyərək cavab verdi:

– Əllümə.

– Yuxun gəlir?

– Hə.

– Onda yat.

Kirimişcə yanımda uzandı, alnını haçalanmış qolları üzərinə qoyaraq dərin yuxuya getdi. Bu vəhşi gözəlin yuxuya necə getdiyini izləmək mənə xoş hisslər yaşadırdı.

Yanında uzanaraq son baş verən hadisələrə don geyindirməyə çalışırdım. Niyə Məhəmməd onu mənə verdi? O bu hərəkəti hansı hisslərlə edirdi? Bu suala cavab vermək çətin idi. O ya bununla mənə sonsuz sədaqətini nümayiş etdirir, ya da bunun altında daha məkrli siyasət gizlədirdi. Qadın məsələlərinə gəldikdə ərəblər bir tərəfdən ciddilik, digər tərəfdən utancverici itaətkarlıq göstərirdilər. Onların bu qarışıq əxlaq məsələləri özləri kimi çox mürəkkəb idi. Bəlkə də, çadıra qəflətən girərək mən Məhəmmədin planlarını pozmuşdum. Bəlkə də, o öz əlbirini, tərəfdaşını, məşuqəsini mənə əvvəlcədən göndərmək fikrində olub.

Bu xülyalar məni o qədər yordu ki, özüm də hiss etmədən dərin yuxuya daldım. Qapının cırıltısına yuxudan oyandım. Məhəmməd həmişəki kimi məni oyatmağa gəlmişdi. O, pəncərəni açaraq günəş şüalarını hələ də yuxuda olan Əllümənin üzərinə buraxdı. Məhəmməd xalçanın üzərindən təmizləmək üçün şalvarımı, kürkümü və gödəkçəmi götürdü. O, yanımdakı qadına gözünün ucuyla belə baxmadı. Nə hərəkətlərində, nə yerişində, nə simasında Əllümənin otaqdakı varlığını büruzə verəcək bir nişanə var idi. Gün işığı, otaqda hərəkətlilik, təmiz səhər havası Əllüməni yuxudan durmağa vadar elədi. O, əllərini yuxarı qaldıraq gərnəşdi, üzünü çevirdi, əvvəlcə mənə, sonra eyni laqeyd baxışla Məhəmmədə baxaraq dedi:

- Acmışam.

- Nə yemək istəyirsən?

- Kaxua.

- Kofe və yağ çörək?

- Hə.

Yatağımızın başında əlində mənim paltarlarım olan Məhəmməd əmrə müntəzir dayanmışdı.

- Əllümə və mənim üçün səhər yeməyi gətir.

O, üzündə nə bir təəccüb, nə bir etiraz olmadan otaqdan çıxdı. Sonra mən bu gənc ərəb qızdan soruşdum:

– Evimdə qalmaq istəyirsən?

– Hə, istəyirəm.

– Sənə ayrıca otaq verəcəm və qulluğunda bir xidmətçi qadın da dayanacaq.

– Sən çox səxavətlisən. Mən sənə minnətdaram.

– Əgər özünü pis aparsan, səni qovacam.

– İstədiyini edəcəm.

Əlimi təşəkkür əvəzi öpdü.

– Məhəmməd əlində səhər yeməyi olan sini ilə içəri girdi. Ona dedim:

Əllümə burada yaşayacaq. Dəhlizin sonundakı otağa xalılar sərdir və Əbd əl-Qadir-əl-Xadərin arvadını çağırtdır. O, Əllümənin qulluğunda dayanacaq.

– Baş üstə, müsyö.

Bir saatdan sonra işıqlı otağa yerləşən bu ərəb gözəlinə baş çəkmək üçün otağına getdim. Əllümə məndən yalvarıcı səslə böyük güzgülü kamod istədi. Ona bu hədiyyəni söz verərək otaqdan çıxdım. Mən çıxanda o dəvə yunundan toxunmuş xalının üzərində bardaş qurub, dodaqlarında siqaret sümürən ona xidmət edəcək yaşlı ərəb qadını ilə söhbətə başı qarışmışdı. Xidmətçi qadınla yüz ilin tanışları kimi söhbət edirdilər.

Bir aya yaxın idi ki, yadplanetli saydığım bu qıza bağlanmışdım və hədsiz xoşbəxt həyat sürürdüm.

Onu sevmirdim, bu ibtidai ölkənin qadınlarını sevmək mümkün deyildi. Bizimlə onların arasında, hətta onların və öz kişilərinin arasında şimal lacivərd çiçəyi aça, qönçələyə bilmir. Bu cür qadınlarda heyvani instinktlər hələ də qalıcı olduğu üçün hissləri tam formalaşmamış və məhəbbətin poetik ruhunu təşkil edən sentimental həzz verə bilmirlər. Bu qeyri-adi qadınların bizdə oyatdığı hisslərin ağıl və ruhla heç bir əlaqəsi yox idi. Bu qadınlar da digərləri kimi bizi əsarətləri altında saxlayırlar, lakin bu daha fərqli, daha az əziyyətli və əzablı olur.

O qıza hiss etdiklərimi indi də izah edə bilmərəm. Artıq sizə demişdim ki, bu yerlərin insana qəribə təsiri olur. Afrika səhraları ilə, sənətsiz, ruhu inkişaf etdirə bilən əyləncələrsiz, bütün bədənimizi bizə yad olan cazibəsi ilə əsiri edir. İqlimin əlverişliyi, havanın sığalı, səhərlərin və gecələrin xüsusi ahəngi bizim hisslərimizi özünəməxsus şəkildə tərbiyə edir. Əllümə məni beləcə gizli-sirli cazibələri, qüvvəsi ilə, ağuşunda sərsəm uymağımla, tənbəl Şərq qucaqlaşmaları və itaətkarlığı ilə məni valeh etmişdi.

Mən ona tam azadlıq vermişdim. Evi istədiyi vaxt tərk edə bilərdi. Bir gündən bir zöhr vaxtında adətən qonşu qəsəbədəki üzümlüyümdə işləyən işçilərin arvadlarının yanında olurdu. Milianadan onun üçün gətizdirdiyim qırmızı ağacdan hazırlanmış güzgülü kamodda bütün günü aynaya baxırdı. O, utanmadan, çəkinmədən öz gözəlliyindən həzz alırdı. Güzgünün qarşısında hərəkətlərini bütün diqqət və ciddiliyi ilə izləyirdi. Dabanı üzərinə qalxır, ayaqlarına, baldırlarına tamaşa edir, uzaqlaşır, yaxınlaşır, sonra bu oyundan usanaraq güzgünün qarşısında qoyduğu böyük yumşaq mütəkkəyə əyləşir və güzgüdəki əksindən gözünü çəkməyərək düşünürdü.

Son vaxtlar hiss edirdim ki, səhər yeməyindən sonra evdən çıxır və axşama yaxın qayıdırdı. Narahat halda Məhəmməddən onun hara getdiyini soruşdum:

– Narahat olmayın. Ramazan ayı yaxınlaşır. Yəqin ki, dua etməyə gedir, – deyə məni sakitləşdirdi.

Məhəmməd də Əllümənin burda yaşamağına, deyəsən, sevinirdi. Amma mən bir dəfə də olsun onların arasında gizli, şübhəli heç nə hiss etmədim.

Hazırkı vəziyyəti öz axarına buraxaraq yaşamağa öyrəşirdim.

Tez-tez torpaq sahələrimə nəzarət edərkən, üzümlüyə və əkin sahələrimə baş çəkərkən uzun-uzadı gəzintilərə çıxırdım. Yəqin ki, Əlcəzairin gözəl meşələr ilə tanışsınız. Keçilməz yarğanları, dağ bulaqlarını bağlayan sidr ağacları, oleandrların olduğu dar vadilər çay qırağı boyu sərilmiş Şərq xalçalarına bənzəyirlər. Sizin, yəqin, xəbəriniz var ki, bu yerlərdə, bəzən insan ayağı dəyməyən keçidlərdə, təpələrdə ağ qübbəli tərkidünya münzəvilərin məzarlığına rast gəlmək olur. Bura qonşu qəbilələrdən məzarlıqda şam yandırmaq üçün münzəvinin xüsusi pərəstişkarları gəlir.

Bir dəfə gecə vaxtı evə qayıdanda belə bir qübbəli sərdabənin açıq qapısından içəridə dua edən qadın gördüm. Dizləri torpaqda dua edən bu ərəb qadını gözəl mənzərə yaradırdı. Külək sərdabənin içində şam ağacından qopan iynəyarpaqları künclərə sovururdu. Mən daha yaxşı görmək üçün yaxınlaşdım və birdən Əllüməni tanıdım. O mənim burda olmağımı görmürdü. O, astaca, pəst səslə öz dünyasında nəsə pıçıldayırdı və Allahın sevimli qulunun məzarlığına öz dərdlərini danışırdı. O, arada səsini kəsir, dinşəyir və elə bil unutduqlarını xatırlamağa çalışırdı. Bəzən isə elə gəlirdi ki, o, cavabı eşidir, hətta cavaba qarşı şübhələrini də bildirirdi. Gəldiyim kimi səssiz də geri qayıtdım və günorta yeməyinə evə çatdım. Axşam onun arxasınca adam göndərdim və o narahat halda hüzurumda dayandı.

– Burda otur, – deyə ona yer göstərdim.

O, əyləşdi və mən onu öpmək üçün qabağa uzananda başını geri çəkdi. Təəccüblənərək soruşdum:

– Nə olub? Nə baş verib?

– Artıq Ramazan ayıdır.

Qəşş eləyib güldüm.

– Sərdabə sahibi Ramazan ayı boyunca öpüşməyi qadağan edib?

– Mən ərəb qadınıyam, sən isə yadellisən.

– Bu böyük günahdır?

– Əlbəttə.

– Deməli, sən sübhdən bu yana heç nə yeməmisən?

– Heç nə.

– Gün batandan sonra yemisən?

– Hə.

– Gecə düşəndən sonra özünə yemək icazə vermisənsə, deməli, başqa əyləncələri də icazə vermək olar.

O, təhqir olunmuş kimi başını dik qaldırıb qürurla cavab verdi:

– Əgər ərəb qadını Ramazan ayında yadelliyə ona toxunmağa icazə versə, o əsrlər boyu lənətlənəcək.

– Bu bir ay belə davam edəcək?

– O, çox qəti şəkildə cavab verdi:

– Hə, bütün Ramazan ayı boyunca.

Mən əsəbiləşmiş kimi özümü göstərib dedim:

– Onda get Ramazanı öz doğmalarının arasında qeyd elə.

O, birdən əlimi tutub sinəsinə yaxınlaşdırıb dedi:

– Yalvarıram, hirslənməyin. Görəcəksiz, mən özümü necə yaxşı aparacam. İstəyirsiz bir yerdə qeyd edək Ramazan ayını? Sizə qulluq edəcəm, nə istəsəniz verəcəm, bircə əsəbiləşməyin.

Gülümsəməkdən özümü zorla saxladım. O, öz kədərində belə necə sadəlövh və gözəl görsənirdi. Onu yatmağa göndərdim.

Bir saatdan sonra artıq yatağa girməyə hazırlaşanda qapını iki dəfə zəif tıqqıltı ilə vurdular.

Mən qışqırdım:

– Gəlin.

Əllümə əlində yağda qızardılmış toplarla, qurudulmuş şirniyyatlar və yerli ərəblərə məxsus bütün şirniyyat növləri ilə böyük sinidə qarşımda dayandı. O öz gözəl dişlərini çöldə qoyaraq gülürdü:

– Biz bir yerdə bayramı keçirdəcəyik.

Ramazan ayı ərəblərdə oruc saxlamaq, yeməkdən çəkinərək nəfsinə qalib gəlməklə bağlı bayramdır. Onlar sübhdən oruc tutur və şər qarışanda, ağ və qara sapdan seçilməyən vaxta qədər davam edir. İftarını açan ərəblər kiçik yemək məclisi düzəldib sübhə qədər yeyirlər. Belə çıxır ki, Ramazan bir növ ərəblər üçün gündüzü gecəyə, gecəni isə gündüzə çevirir. Amma Əllümə öz imanında möhkəm idi. O divanın üzərinə sinini qoyub şirin topu öz uzun barmaqları ilə ağzıma qoyub dilləndi:

– Çox dadlıdır. Dadına bax.

Bir dişləm götürdüm, həqiqətən, çox ləzzətli idi.

– Hamısını özün bişirmisən?

– Hə, özüm.

– Mənim üçün?

– Hə, əlbəttə, sənin üçün.

– Məni Ramanzan ayına təşviq edirsən?

– Hə, hirslənmə. Hər gecə sənə belə ləziz təamlar gətirəcəm.

Necə də əziyyətli ay keçirtdim. Şirin təamlara bürünmüş qadağalarla dolu ay. Qayğıyla əhatə olunmuş və qadağa edilmiş cənnət meyvəsini arzu edən kimi arzulamaq, lakin inadkarlıq qarşında uduzmaq..

3 gündən sonra bayram günü yetişdi və onu məxsusi olaraq qeyd etdim, amma sonra Ramazan ayını unutdum.

Yay da çox yorucu və isti keçirdi. Payızın ilk günlərində hiss etdim ki, Əllümə çox narahat, qayğılı və ətrafındakı hadisələrə çox laqeyd olmağa başlayıb.

Bir gecə onun arxasınca adam göndərdim. Otağında yox idi. Elə bildim ki, hardasa evdə gəzişir və onu tapmağı əmr etdim. Lakin elə bil yoxa çıxmışdı. Pəncərədən hayladım:

– Məhəmməd!

Yuxulu səslə:

– Bəli, müsyö.

– Bilmirsən, Əllümə hardadı?

– Yox, müsyö. Əllümə itib?

Bir dəqiqə keçməmiş xidmətçim həyəcanlı şəkildə otağıma girdi.

– Əllümə itib?

– Hə də.

– Ola bilməz.

– Tap onu.

O, bir anlıq fikrə dalaraq duruxdu. Sonra Əllümənin otağına gedərək şərq üslubunda ora bura atılmış paltarlarına baxmağa başladı. O, əsl xəfiyyə kimi diqqətlə paltarları nəzərdən keçirdi, köpəklər kimi paltarları qoxladı və nəticəni çıxartdı:

– Gedib, həmişəlik gedib.

Qorxurdum ki, o dərin yarğanlardan birinə yıxılıb əzilə bilər. Ona görə bütün qəsəbəni ayağa qaldırdım. Hamıya onu tapması əmrini verdim.

Əllüməni bütün gecə, səhəri günü və bütün həftəni axtardılar. Amma onun izinə düşə biləcək heç bir ipucu tapılmadı. Mən darıxırdım, ev mənə boş və həyatsız, həyatım isə mənasız görünürdü. Həm də ağlıma narahat fikirlər gəlirdi. Qorxurdum ki, onu, bəlkə, qaçırıblar, hətta öldürüblər. Bu barədə həmişə Məhəmmədə öz narahatlığımı və qorxularımı bildirəndə o, qətiyyətlə təkrar edirdi:

– Yox o sadəcə gedib.

Həmişə gedib deyəndə də “rxezal” deyərdi. O, ərəb dilindən tərcümədə ceyran demək idi. Bununla o, Əlümənin ceyran kimi iti qaçdığını və indi uzaqlarda olduğunu bildirmək istəyirdi.

Üç həftə keçdi. Mən artıq onu görəcəyimə ümidimi itirmişdim ki, Məhəmməd sevincdən par-par yanan gözləri ilə içəri girib dedi:

– Müsyö, Əllümə qayıdıb.

Yataqdan sıçrayaq dedim:

– Hardadır?

– İçəri girməyə cürət etmir. Bax, ağacın altındadır.

Əlini uzadaraq pəncərədən zeytun ağacının altında ağımtıl kölgəyə əlini uzatdı.

Geyinib çölə çıxdım. Bu cır-cındıra bürünmüş adama yaxınlaşıb böyük qara gözləri, döymə ulduzları və vaxtilə məni məftun edən bu gözəl simanı tanıdım. Ona yaxınlaşdıqca ona olan qeyzim artırdı və mən ona əl qaldırmaq, incitmək, hirsimi yatırtmaq istəyirdim.

Uzaqdan qışqırdım:

– Hardan gəlmisən?

O, cavab vermədi. Hərəkətsiz dayanmışdı. Sanki mənim zərbələrimi itəatkarcasına gözləyirdi.

Ona yaxınlaşdım. Əynindəki cındırlar ipəkdən və yundan idi. Amma tozdan boz rəngə çalırdı və çox çirkli idi. Onun bu görünüşü məni məyus etdi. İtə əl yelləyər kimi ona baxıb yenə təkrarladım:

– Hardan gəldin?

– Ordan.

– Hardan?

– Qəbilədən.

– Hansı?

– Öz qəbiləmdən.

– Niyə mən tərk elədin?

Ona əl qaldırmayacağımdan əmin olandan sonra cürətlənib davam elədi:

– Belə lazım idi. Mən artıq evdə qala bilmirdim.

Gözlərinin nəmçidiyini görüb mən də axmaq kimi mütəəssir oldum. Ona tərəf əyildim və uzaqdan bizi izləyən Məhəmmədi gördüm. Bir də soruşdum:

– Axı niyə getdin?

Onda o mənə nəql etməyə başladı ki, onu çoxdandı bu ev, bu cür yaşayış tərzi sıxırmış. O, qəbiləsində yaşayıb sürü otararaq səhralarda gəzmək və göylə, ulduzlarla aranı kəsən damı yox, nazik çadır görmək istəyirdi. O, öz köçəri həyatı üçün burnunun ucunun göynədiyini dedi. O bunu elə səmimiliklə danışdı ki, mən, həqiqətən, ona acıdım və dedim:

– Niyə mənə demədin ki, müvəqqəti getmək istəyirsən?

– Sən məni buraxmazdın.

– Əgər qayıdacağına söz versəydin, buraxardım.

– Sən mənə etibar etməzdin.

Hirsimin soyuduğunu görüb gülərək dedi:

– Gördün ki, qayıtdım və mən burdayam. Mən bir neçə gün orda olmalıydım. Hər şey bitdi, keçdi və mən sağlamam. Qayıtdım və hər şey yaxşıdır. Çox şadam. Sən çox mehribansan.

Gedək evə.

O, ayağa qalxdı. İncə barmaqlarından tutdum. Nümayişanə, öz sırğaları, qolbaqları və taxdığı neçə-neçə bəzək-düzəyilə cingildəyə-cingildəyə evə tərəf yol aldıq. Məhəmməd bizi gözləyirdi. İçəri keçməzdən qabaq:

– Əllümə, özünüzküləri görmək istəsən, mənə de. Sənə icazə verəcəm.

O, inanmayaraq:

– Söz verirsən?

– Verirəm.

– Mən də söz verirəm.

Və əlini qaldırıb alnına qoydu: mənə ağır olanda, burda yaşamaq dözülməz hala çatanda mənə icazə verdikdən sonra ora dönəcəm.

Mən Əllüməni otağına ötürdüm. Məhəmməd də bizim arxamızca əlində bir bardaq su gətirdi. Əllümənin qulluğunda duran Əbd-əl-qadir-əl-Xadarın arvadına hələ xəbər çatmamışdı ki, onun xanımı qayıdıb.

Otağına keçər-keçməz Əllümə uzun ayrılıqdan sonra bir-birinin qucağına atılan ana-bala kimi öz güzgülü kamodunun qarşısına keçdi. Özünə bir neçə saniyə tamaşa edərək, üz-gözünü əyərək hirsli səslə güzgüyə tərəf baxıb dedi:

– Dayan görüm, kamodumda bir neçə ipək paltarım var. Mən yenə gözəl olacağam.

O, güzgünün qarşısından bəzənərkən mən otağı tərk etdim.

Həyatımız qaldığı yerdən davam etməyə başladı. Və mən get-gedə daha çox bu qızın qəribə, fiziki gözəlliyinin quluna çevrilirdim. Bir növ böyüyü kimi ona himayədarlıq etmək istəyirdim.

Hər şey altı ay ərzində yaxşı gedirdi və mən hiss edirdim ki, o yenə də narahat, əsəbi və qəmlidir.

– Özününkülərə qayıtmaq istəmirsən?

– İstəyirəm.

– Mənə deməyə cürətin çatmırdı?

– Yox, çatmırdı.

– Get, icazə verirəm.

O əlimi qaparaq minnətdarlıq əlaməti kimi öpdü və səhəri gün yoxa çıxdı.

Yenə keçən dəfəki kimi üç həftədən sonra tozun-torpağın içində, yenə cındırından cin hürkən halında qayıtdı. Bu dəfə də günəşdən qaralmış, köçəri, səhra həyatını dolğun yaşayıb qayıtmışdı. İki il ərzində o beləcə dörd dəfə gedib gəldi.

Mən onu sevinclə qarşılayırdım. Qısqanıb-zad eləmirdim. Fikrimcə, əvvəllər yaşadığım ölkədə qısqanclıq yalnız sevgi hissi olduqda yaranırdı. Əlbəttə, onu xəyanət üstə tutsam, sözəbaxmaz köpək kimi elə yerindəcə gəbərdərdim. Amma yenə də şimalda hiss edə biləcəyim qısqanclığın gətirdiyi o əzablı, alovlu dillərini burada duya bilmirdim. Mən onu xüsusi heyvana, ata və itə bağlanan bir insan kimi sevirdim. Bu, gözəl və həzz vermək üçün yaradılmış heyvan idi.

Deyə bilmərəm, bizim aramızda necə uçurum var idi. Amma arabir bizim ürəklərimizin bir yerdə vurduğu və bizi isitdiyi vaxtlar da olub. O, mənim evimin, həyatımın ayrılmaz parçasına çevrilmişdi. Onu fiziki məhəbbətlə sevir və ona bağlanmışdım.

Bir gün Məhəmməd otağıma baxışlarını məndən gizlədərək girdi. Onun bu halını görüb soruşdum:

– Hə, nə olub?

– Əllümə getdi. Güldüm.

– Getdi? Hara?

– Həmişəlik getdi, müsyö.

– Necə yəni həmişəlik?

– Hə, müsyö.

– Başın xarab olub?

– Yox. Müsyö.

– Niyə getdi? Necə getdi? Danış görüm. Tez ol!

O, qibtə olunacaq qədər lal-dinməz dayanmışdı. Birdən şəhərin mərkəzində qarşılaşdığımız ərəblər kimi öz Şərq təmkinini bir kənara qoyub əl-qolunu ölçə-ölçə əsəbi halda danışmağa başladı.

Bütün qışqırıqlardan mən yalnız onu anladım ki, Əllümə mənim çobanıma qoşulub qaçıb. Mən Məhəmmədi sakitləşdirməyə çalışıb bütün təfərrüatları ondan öyrənməyə başladım.

Bu elə də asan olmadı. Amma o danışanda öyrəndim ki, o artıq bir həftəyə yaxın imiş ki, mənim məşuqəmi izləyirmiş. Əllümə keçən ay mənim işçimin sürü üçün təyin elədiyi çobanla görüşmək üçün oleandr düzənliyinə və kaktus cəngəlliyinə gedirmiş. Bu gecə də Məhəmməd onun evi tərk etdiyini görüb və onun qayıtmağını gözləməyib. O elə hey öz-özünə donquldanırdı:

– Müsyö, o getdi, o getdi.

Bilmirəm, bu niyə belə oldu, amma mənə də Məhəmmədin bu sözləri sirayət etdi və bir daha əmin oldum ki, Əllümə bu qaraçı çobana qoşulub qaçıb. Bu, çox axmaq, yöndəmsiz bir davranış idi. Amma düşüncəsiz hərəkətlər etmək əsl qadın təbiətinə xas əlamət idi.

Ürəyim sıxıldı, qan beynimə vurdu və bu adamı təsəvvür etməyə çalışdım. Birdən xatırladım ki, onu keçən həftə elə sürünün yanında görmüşəm və o mənə çox diqqətlə baxırdı. Bu çox sağlam görkəmli, gündən qaralan dərili, cır-cındırın içində batmış əsl vəhşi ərəb idi. Çaqqal baxışları ilə adamı deşirdi.

Artıq əmin idim. Əllümə bu alçaqla qaçıb. Niyə? Çünki bu Əllümə idi, səhraların qızı. Parisdə olsaydıq, trotuarlara məxsus qız ya hansısa faytonçu, ya da küçə avarası ilə qaçardı.

– Yaxşı, Məhəmməd. Gedib, cəhənnəmə gedib. Məni tək qoy. Yazılası məktublarım var.

Mənim sakitliyimi görüb o təəccübləndi. Ayağa qalxaraq pəncərəni açdım və cənub tərəfdən əsən sirokko küləyini ciyərlərimə çəkdim.

Düşündüm: “İlahi, axı o qadındır. Onların niyə belə elədiyi, niyə qaçdığı, niyə tərk etdiyi bizə heç vaxt aydın olmayacaq?”

Hə, bəzən bilirik, bəzən bilmirik. Amma yalnız bunu ehtimal edirik.

Niyə bu avara çobana qoşulub qaçdı? Çünki artıq bax bir aydır ki, cənubdan hər gün bu cür külək əsir.

Bu artıq tutarlı səbəbdir! Bircə rüzgar bəs edir! Bəzən heç qadınlar, ən gözəlləri, ən arzuolunanları niyə belə etdiklərinin fərqində olmurlar. Küləyin istiqamətinə yönələn bayraq kimidirlər. Sadə xəfif bir meh, əsinti əgər dəmirdən, misdən, olan bir aləti tərpədə bilirsə, eləcə də bir hərəkət, təəssürat da qadını da belə addım atmağa təhrik edir. Onda artıq o qadının kənddən, şəhərdən, hətta səhradan olması belə vacib deyil. Bəlkə, sonradan onlar nəsə anlamağa çalışsalar, etdikləri hərəkətin səbəbini biləcəklər. Lakin indi, bu saat, bu an onlar nə etdiyinin fərqində deyillər. Çünki təsadüfi hadisələr, təəssüratlar, toxunuşlar onların ruhunu və bədənini oyadaraq öz şıltaq hisslərinin qurbanlarına çeviriblər.

Cənab Obal ayağa qalxdı. Otaqda gəzişərək mənə baxıb təbəssümlə dedi:

– Bax səhrada məhəbbət məhz bu cür olur.

– Əgər Əllümə qayıtsa?

O donquldandı:

– Ay ifritə qız. Qayıtsa, sevinərəm.

– Siz ona çobanla qaçmağını bağışlayardız?

– Aman Allahım! Əlbəttə ki, hə. Qadınların hərəkətini ya bağışlamaq, ya da göz yummaq lazımdır.

# 3271 dəfə oxunub

Müəllifin son yazıları

# # #