17 yaşlı nişanlısını öldürən gənc

17 yaşlı nişanlısını öldürən gənc
7 iyun 2018
# 16:20

Kulis.az Günel Eminlinin “Qatil daha məzlumsa...” yazısını təqdim edir.

Dünyaca məşhur rejissor Lyuk Besson haqqında deyilmiş bu məşhur ifadəni çox sevirəm: “O, bütün dünyaya muzdlu qatilə acımağı öyrətdi.” Bu ifadə onun məşhur Jan Reno və Natali Portmanın iştirakı ilə 1994-cü ildə çəkdiyi “Leon” fimi haqqında deyilib. Qara paltar geyinən, süd içməyi xoşlayan, yazıb-oxumağı bacarmayan, qadınlar və uşaqlara heç bir halda zərər verməyən, öz kiçik dibçəyinə (aqlaneoma) qulluq edən qatil obrazı bütün dünya tamaşaçılarına özünü sevdirdi. Harri Oldmənlə ölüm səhnəsi və Stinqin məşhur “Shape of my heart” mahnısının sədaları altında çoxumuzun gözləri də yaşarıb. Amma həyatda da belədirmi?

Doğrudanmı bütün qatillər və yaxud muzdlu qatillər belə filmlərdə təsvir olunan qəhrəmanlara bənzəyirlər? Bir neçə gün əvvəl Balaxanı qəsəbəsində dəhşətli qətl hadisəsi baş verdi. 19 yaşlı oğlan öz sevdiyi 17 yaşlı nişanlısının və onun anasının həyatına qəsd etdi. Qız başından və sinəsindən aldığı yaralara görə həyatını itirdi, anası isə ağır vəziyyətdə hələ də xəstəxanadadır. Ən dəhşətlisi odur ki, ana qızının ölümündən xəbərsizdir.

Bu qətl haqqında video çarxa baxıram. Əlbəttə, hadisəni eşitdikdə çox sarsılmışdım. Cinayəti törədənə ən ağır cəzanı arzulayırdım. Kadrlara baxıram. 19 yaşlı gənc qatilin simasına baxıb dərin peşmançılıq izləri axtarıram. Soyuqqanlılıqla hadisəni necə törətdiyini danışır. Telefonla sevgilisi ilə dalaşdığını, əsəbiləşdiyini və evlərinə gəlib onu öldürdüyünü rahat şəkildə etiraf edir. Anasının onun qarşısını kəsdiyini, qızın qaçdığını görüb ona arxadan atəş açdığını rahatca izah edir.

Burada peşmançılıqdan əsər-əlamət yoxdur. Peşmanlıq öz səhvini anlayanda baş verir. Amma bu gənc hələ nə etdiyinin dərk etmir. Necə dəhşətli iş gördüyünün, öz əllərini 19 yaşında qana buladığının fərqində deyil. Sanki “playstation”da oynadığı və öldürdüyü qurbanları bir düymə vasitəsilə dirildəcək qədər məsələyə hakimdir.

Bax, mənim o anda bu qatilə yazığım gəldi. Səhvini, günahını anlamayacaq qədər cahil olan bu qatilə acıdım. Qətllə bağlı videonu izləməmişdən qabaq bir neçə gəncimizin uğur hekayələrini anladan çarxlar izləyirdim.

“Google”da, “NASA”da, daha neçə beynəlxalq, dünya miqyaslı şirkətlərdə çalışan azərbaycanlı gənclərə baxıb, bu qatilə ikiqat üzüldüm. Onu mühitinin bu vəziyyətə necə gətirib çıxartdığını, əlləri uğurlu gələcəyinə deyil, qandalların arasına necə düşdüyünü görüb sarsıldım. Dünyanın texniki inqilab yaşadığı zamanda, genetik mühəndisliyin neçə möcüzələr astanasında olduğu dövrdə bu gəncin belə ibtidai beyni və cinayəti ilə dəhşət saçması paradoks yaradırdı. O da həmin gənclərdən biri ola bilərdi. Ona bu imkanı vermədilər, o, bu şansı özünə qazandırmadı.

17 yaşlı qızın 19 yaşlı gəncə verilməsi məsələsi sosial problemlərin necə də açıq olduğunu göstərir. Qatilin telefon danışığından sonra gül alıb, sevgilisi ilə barışmağa cəhd etmək əvəzinə, ov tüfənginə sarılıb onu qətlə yetirməsi ağrılı travmadan xəbər verir. Qatilin bir gün əzizlənib, öpülməyən uşaq olması təsəvvürümdə canlanır. Fikirləşirəm sevgi dolu uşaqların əlləri qana bulanmaz.

Onun ailəsinin, dostlarının, bir sözlə, mühitinin necə olması barədə video çarxdan eşitdiyim cümlə ilə qənaətə gəlirəm. Qızın bibisi danışır: “Bizə zəng edib dedilər ki, narkomanlar qohumlarınızı öldürür”. Bir qətl nə qədər məsələni qabardır: sevgisizlik, təhsilsizlik, normal mühitin olmaması, qəddarlıq, manyakal davranış və s.

Halbuki, bunların heç biri normal vətəndaş cəmiyyətlərində olmamalıdır. Qatillərə yazığımız gəlməsin. Qatillər bu dünyaya gəlməsin. Qatillər yetişdirib böyüdən cəmiyyət olmayaq. Uğur hekayələri bol olan gənclərdən ibarət cəmiyyət olaq, olmazmı?

# 1549 dəfə oxunub

Müəllifin son yazıları

# # #