Niyə belə aqressivik?

Niyə belə aqressivik?
20 fevral 2014
# 13:02

Firuzə Qurbanlı

Adətən hər hansı bir ölkəyə gedəndə insan ilk olaraq oranın vətəndaşları ilə öz ölkəsinin insanlarını, şəhərin görünüşü ilə doğma şəhərinin görkəmini müqayisə edir. Bu yaxınlarda qardaş ölkənin paytaxtına növbəti səfərimdə də bu müqayisələr məni çoxdandır ki, narahat edən bir məsələnin üzərində dayanmağa vadar etdi.

Şükür Allaha, son illərdə ölkəmizdəki hərtərəfli inkişaf şəhər görkəmi ilə bağlı müqayisədə Bakımızı hər zaman qalib çıxarır. Bir-iki xırda məsələləri nəzərə almasaq bu sahədə problem yoxdur. Amma olsa belə bu insanların xarakteri ilə bağlı olan problemin qarşısında önəmli deyil. Hər addımbaşı mağazada, avtobusda, taksidə 'buyurun əfəndim”, “təşəkkür edirəm”, “çox sağ olun” kəlmələrini eşitdikcə insanların bir-birinə niyə belə mehriban və hörmətlə davrandığına təəccüblənməyə bilmədim.

Onların üzərindəki əsəbi ifadəni görməmək, avtomobil siqnalı səsi eşitməmək mənə qəribə gəldi. Hətta küçədə simit satanlar belə insana elə gülərüzlə cavab verir ki, az qala cibindəki bütün pulu simitə sərf etmək istəyirsən. Hələ avtobus və taksi sürücülərini demirəm. Geyimləri və danışıq mədəniyyəti ilə məmurlardan fərqlənmirlər. Piyadalara nəzakətlə yol verir, ətrafdakı maşınları siqnallayıb söyüş söymürlər. Mağazalarda satıcılar sizi çoxdandır görmədiyi qohumu kimi qarşılayır. Bir şey almasan belə eyni nəzakətlə yola salırlar. Səfərimin ilk iki günü bütün bunlar məni təəccübləndirdi. Sonra öz təəccübümə təəccübləndim. Adi bir insani rəftar, hər kəsdə olması lazım olan nəzakətin məni bu qədər təəccübləndirməsindən qorxdum açığı.

Böyüyən şəhər sindiromu

Bəs niyə biz bu qədər aqressivik?

Hansısa bir müəssisə və ya idarəyə sənəd üçün müraciət edəndə orada çalışanların rəftarı barədə mənim qədər yazan olmayıb bəlkə də. Buna görə də bu mövzunun üzərində çox dayanmıram. “Asan xidmət” bu problemi qismən aradan qaldırsa da küçədə insanların üzlərindəki aqressivlik, bir-birilərinə hörmətlə yanaşmaması hələ də mövcuddur. Düşünürəm bunun iki səbəbi var. Birincisi böyük şəhər sindiromudur.

İllərdir bütün elm adamları araşdırmalar apararaq bar-bar bağırırlar ki, kənddə yaşayan insanlar daha xoşbəxt olurlar. Həyatları nə qədər çətin olsa da hər zaman gülümsəməyi, tanımadıqları insanları belə böyük nəzakətlə qarşılamağı bacarırlar. Şəhərdə yaşayan insanlar isə hər gün müşahidə olunan tıxac, iş stressi səbəbindən gərgin olurlar. Bu da onların bir-biri ilə münasibətinə təsir edir. Açığı, hamımızın hər gün küçədə, işdə şahid olduğu mənzərə alimlərin bu araşdırmalarını doğru çıxarır. Düşünürəm ki, hər gün əhali sayı artan Bakımızda müşahidə olunan sıxlıq bu problemin başlıca səbəbidir. Gününün ən azı 2 saatını tıxacda itirən işçi əlbəttə əsəbi olar. Bura şəhərin yüksək səs-küyü də əlavə olunca vəziyyət daha da gərginləşir.

İnsan sevgisi

İkinci səbəbsə qəlbimizdə insan sevgisinin olmasıdır. Mən övladımıza və digər yaxınlarımıza olan sevgimizi nəzərdə tutmuram. Hər kəsi insan olduğu üçün sevməkdən, hörmət etməkdən bəhs edirəm. Mövlana demişkən, yaradılanı yaradandan ötrü sevmək lazımdır. Yəni bir-birimizə hörmətlə yanaşmaq, insanlara məmur, yerlimiz və ya imkanlı olduğu üçün deyil, sadəcə insan olduğu üçün hörmət etmək o qədərmi çətindir?!

Tanımadığımız insan görəndə ağlımıza ilk olaraq onun haradan olduğu sualı gəlir. Görəsən hansı rayon və ya şəhərdəndir? Axı bunun nə önəmi var? Onsuz da bölünə-bölünə ovuc içi boyda qalmışıq. Bir də özümüz-özümüzü bölgələrə bölüb, münasibətimizi ona görə qururuq. İnsana vəzifəsinə, cəmiyyətdə tutduğu mövqeyə görə yox, sadəcə insan olduğu üçün hörmət etsək onda münasibətlərimiz daha səmimi və mehriban olar.

Qonaqpərvərliyimiz...

Düşünməyin ki, mən digər millətləri bizdən üstün tuturam. Xeyr, bu əsla belə deyil. Bizim kifayət qədər üstün cəhətlərimiz var. Sadəcə ünsiyyət mədəniyyətinin bir balaca inkişaf etdirilməsinə ehtiyac var. Üstün cəhətlərimizə gəlincə, onlardan ən başlıcası qonaqpərvərliyimizdir. Süni səmimiyyətimiz olmasa da təbii qonaqpərvərliyimiz var. Son tikəmizi belə ilk dəfə gördüyümüz qonaqlarımıza verərik. Maddi maraqlarımızı çox şeydən üstün tutsaq da hər şeydən üstün tutmarıq. Xəsis deyilik, əliaçıq xalqıq. Digərləri kimi soyuqqanlı deyilik. Özümüzü hər kəsdən üstün sayıb başqalarını kiçik görmürük. Əksinə, hər zaman başqa xalqları özümüzdən üstün bilib onları başımızın üstündə tutduq. Onlara özümüzdən daha çox hörmət edirik.

Azərbaycanlı olaraq azərbaycanlılara hörmətlə yanaşmasaq da başqa millətin nümayəndəsinin qulu, köləsi olmağa hazırıq. Qonaqpərvərliyimiz çox vaxt faciələrə yol açdı. Amma yenə də qonaqpərvərliyimizdən heç bir şey itirmədik.

O zaman ortaya belə bir sual çıxır: Bu qədər gözəl xüsusiyyətlərə malik olan xalqa bu aqressivlik yaraşırmı?

Məncə, ehtiyacımız olan tək cəhət bir-birimizi sevmək bacarığına sahib olmaqdır.

# 2994 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #