Boşana bilmirəm, nə edim?

Boşana bilmirəm, nə edim?
24 noyabr 2020
# 11:04

Son günlər müharibə və zəfər xəbərlərinin kölgəsində davam edən narahat, nigaran, səksəkəli həyatımızda öz şəxsi çevrəmdə və sosial media qruplarında əksər qadınları narahat edən bir sual, problem diqqətimi çəkdi – boşana bilmirəm, nə edim?

Ən çox rast gəldiyim suallardan biridir bu, qadınlar arasında. Əgər digər sualın nə olduğu maraqlıdırsa, bu, “ən yaxşı burun düzəldən həkim hansıdır?” sualıdır.

Görünən odur ki, xanımların çoxu öz həyat yoldaşından və burnundan narazıdır. Hətta problem artıq dözülməz həddə çatıb. Əvvəllər maddi durumu yaxşı olmayan qadınlar “ərim evə baxmır, uşaqlara baxmır, əlinə düşəni içkiyə verir, orda-burda xərcləyir” kimi şikayətlər edirdi, indi isə iş o həddə çatıb ki, imkanlı kişilərin qadınları da dilə gəlib.

Söhbətlər belə başlayır:

- Qızlar, ərimin, şükür Allaha, hər şeyi yerindədir: ev, maşın, maaş... Uşaqlara və ailəyə necə lazımdır baxır. Nə arzulasam alıb önümə sərir, amma mən xoşbəxt deyiləm. Boşanmaq istəyirəm. Amma camaat deyəcək, sənin nə problemin var axı, nəyin çatmır? Üstəlik, üç uşaqla boşanıb kirayələrdə yaşamaq... Onlara baxa bilməyəcəm. Qızlar, çox pisəm, məsləhət verin.

İndi bir ağıllı qız ol, məsləhət ver görüm nə deyirsən bu yerdə?

Bizə həmişə deyirdilər ki, sevməyə, ərə getməyə tələsməyin. Universitetə girin, hər telinizdən bir oğlan sallanacaq.

Bütün anaların, xalaların dərdi odur ki, qızını “yaxşı yerə” ərə versin. Gələcəkdə maddi sıxıntı çəkməsin. Oğlanın işi, evi, maaşını olsun. Samballı ailədən olsun. İçməyi, çəkməyi də olmasa lap pakizə. Oxumuş olsun. Qız da oxusun e, amma bu, elə də önəmli deyil. Əsas odur, böyük-kiçik yeri bilsin, səliqəli olsun, biş-düşdən anlasın. Tərbiyəli olsun. Və ən əsası, ismətini, bakirəliyini ər evinə gedənəcən göz bəbəyi kimi qorusun.

Saçını kəsmək istəyən qızlar, dar geyinmək istəyən qızlar, hər halda ailədə eşitmisiz də bu sözü: “Ərə get, ərinin yanında nə istəsən edərsən, burda olmaz”.

Ya da bacısına bu donu soyun deyən qardaşlar, eşitmiş olarsız ananızdan: “Arvad alanda ona istədiyin qadağanı qoyarsan, mənim qızımla işin yoxdur.”

Uzun illərdir orta statistik azərbaycanlı ailəsində qız və oğlan uşaqlarının tərbiyə prinsipi eynilə bu cürdür.

El adəti ilə evlənib, min nəfərlik zalda gecə on ikiyəcən atılıb-düşüb, tost deyib, nəmər alıb, yengəni də yanlarına qoşub gəncləri yeni həyatlarına yola salırıq. Dalınca da kövrəlib missiya başa çatdı deyə rahat bir nəfəs alırlar.

Sonra nə olur?

Tanışlıqdan bəri səhv hərəkət etməmək üçün özünü tənzimləyən oğlanla o ağıllı qız xoşbəxt ola bilirmi evli, maşınlı, cer-cehizli həyatlarda? Bir il, iki il. Bir, iki uşaq. Qayğılar.

Yavaş-yavaş bir-birini tanıyan ər-arvad bir də onda ayılıır ki, biz əslində bir-birimiz üçün uyğun deyilmişik, xasiyyətimiz düz gəlmir, ortaq danışacaq mövzumuz yoxdur. Xoşbəxt deyilik. Kənardan baxanda hər şeyin ideal göründüyü, üçuşaqli bir ailə qəfildən biz xoşbəxt deyilik və ayrılırıq desə nə olar, təsəvvür edirsiz?

Cütlüklərin bir çoxu buna görə susub, yola vermək prinsipinə keçir. Bir-birinə, hətta özlərinə etiraf etməyə utanırlar bunu. Beləcə, “xoşbəxt qadınlar qrupu”na daha bir feyk istifadəçi qoşulur.

İkinci qrup isə başlayır heyfini bir-birindən çıxmağa. Dava, aqressiya, psixoloji və fiziki şiddət. Sanki işi o yerə çatdırmağa çalışırlar ki, kənardan baxanlar gəlib bunları zorla ayırsın, desin, boşanın daha, yola getmirsiz.

Üçüncü qisim də var. Onlar öz aralarında sözsüz, danışıqsız anlaşırlar. Evlidirlər, amma kim kimlə harda nə edir heç birinə maraqlı deyil. Kənardan baxanda isə xoşbəxt, ideal ailə tablosu görürük.

Kişilərdə necədir dəqiq bilmirəm, amma qadın xoşbəxt deyilsə, onu o evə nə uşaq bağlaya bilir, nə maaş, nə zər-ziba. Yaxşı şəraitin içində hər an daha da əzilir qadın. Nə yaşaya bilmir, nə də boşana.

O qədər çarəsiz bir vəziyyət yaranıb ki, adam bilmir o qadınların sualına necə cavab versin. Necə deyəsən axı boşan? Deyəcək, mən iki uşağa kirayədə necə baxacam? İş tapa biləcəm? İş tapdım, onun maaşı nə olacaq ki, hər ehtiyacımızı ödəyə bilim? Ortalama qadın maaşını beş yüz manat (bəlkə də az) götürsək, bu qadın neyləsin?

Hələ bir də kənardan danışanlar, burnunu onun-bunun həyatına soxanlar...

Boşanmaq üçün tutarlı səbəbin olmalıdır ki, onları susdura biləsən. Əvvəllər kişi xəyanət edib demək yetirdisə, indi deyəcəklər, nə var burda, kişi gəzər də. Ona görə bəh-bəhlə, təriflə seçilmiş ər namizədlər boşanan kimi olur “narkoman”. Çünki ağıllı və dərrakəli xalqım anlayır ki, narkomandırsa, boşanmalısan, elə insanla ömür çürütməyə dəyməz.

Hərdən düşünürsən ki, görəsən, insanlar niyə burunlarını bir-birinin həyatına soxur axı? Bəlkə də bu boyda burunu sifətdə daşımaq ağırlıq edir deyə müvəqqəti narahatçılıq verib kiminsə həyatında dincə qoyuruq? Amma bir vaxtdan sonra kiminsə həyatında unuduruq burnumuzu və nəticədə öz həyatımızda iylənmiş zibillərdən bixəbər yaşayırıq.

Mənim bu yazını yazmağım da kiminsə həyatına burun soxmaqdır bəlkə...

Məncə, qadın evlənəndə də, boşananda da vicdanlı olmalıdır. Vaxtilə əmiqızını çatlatmaq, qonşunu partlatmaq prinsipiylə uçaraq-qaçaraq ərə getdiyin insandan xoşbəxt ola bilməməyin acısını çıxartmaq olmaz. Sənin qədər o da qurbandır.

Kiminsə həyatını zəhərləmək belə asan olmamalıdır.

Balaca kəndlərin birində boşana bilməyən qadınlar gördüm. Əzab çəkən, şiddət görən, əsəbləri pozulmuş, maddi çətinliklər içində qıvrılan qadınlar. Boşana bilmirlər, çünki həm ətraf boşanan qadına “fahişə” damğası yapışdırır, həm də boşanma ərizəsi vermək üçün beş yüz manat ödəməlisən.

Səbəb kimdir? Nədir? Təhsilsizlik? Xeyr, kifayət qədər ali təhsilli qadınlar da var bundan əziyyət çəkən. Diplomu alıb ər evində suvenir kimi saxlasa da.

Maddi çatışmazlıq? Bu da deyil .

Səbəb tərbiyə sistemimizdəki boşluqdur. Adət-ənənə, şablonçuluq, “baxan-deyən” dərdi. Qadın və kişi olaraq insanların bir-birindən nə istədiyi, gözlədiyi, düşüncə tərzi heç kimə maraqlı deyil.

O qadınların fəryadını görmək mənə təsir edir, amma necə kömək edəcəyimi bilmirəm. Könül istərdi ki, onlara öz ideal münasibətimdən nümunələr gətirim, öz ailə həyatımdan, şah-şahalı sevgimdən danışım, deyim ki, baxın, mən nə ev, maaşın dalınca qaçmadım, nə də sevdiyim insandan maddi gözləntilərim oldu.

Ya da burun soxanların burnunu ovdum deyim.

Utana-utana deyirəm, bütün bu sadaladığım şeylərin hamısını iqnor etməyimə baxmayaraq məndə də nəticə dəyişmədi.

Deyəsən, olmayınca olmurmuş!

Heç nə, açın “yutub”u Mətanət İsgəndərli boğuq və xırıltılı səsiylə “Bir gün bulud ürəyindən keçərəm” mahnısını oxusun, oturub ağlaşaq...

# 9826 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #