Nar ağacına çevrilən huri - Fəridə

Nar ağacına çevrilən huri - Fəridə
16 yanvar 2024
# 15:40

Kulis.az yazıçı Fəridənin xatirəsini təqdim edir.



Məktəbdən qayıtdığımız yolun düz ortasında, döngənin başında bir-birinə dolanmış üç nar ağacı vardı.

Nənəm deyirdi ki, o nar ağacı əfsunludu.

Dərsdən tək qayıtdığım günlərdə - yolda heç kim gözə dəymirdisə, gedib onun bir addımlığında dayanırdım, heyran-heyran baxırdım.

Dəfələrlə dilək də diləmişdim, düzü, nar ağacı diləklərimin heç birini yetirməmişdi, amma mən ümidlə gözləməyi, arzulamağı sevirdim.

Bir dəfə bir dostumla yolumuz kəndə düşdü, nar ağacının yanına çatanda maşını saxlatdım. Məşhur dilək ağacını göstərmək istəyirdim. Ona bu ağacdan çox danışmışdım. Kəndlə bağlı təsəvvürü buz bulaqlar, gen dərələr, sıra dağlar olan şəhəruşağı dostum da ağacın adını eşidib, ən azı, mənim qədər həyəcanlanmışdı.

Ona demişdim ki, bu dilək ağacından nə istəsən, yetirir. Sadəcə, gərək gözləməkdən bezməyəsən: "Səbrini bas, unutma, dilədiyin sənindir, arxayın ol..."

Demişdim ki, qol-budağından sallanan qırmızı cır-cındır uzaqdan baxanda onu bəzənmiş təzə gəlinə oxşadır.

Demişdim ki, gecələr bu nar ağacı qənirsiz huriyə dönür, səhərəcən kəndi dolaşır, sübh doğan kimi bu döngədə ağaca çevrilir.
Həə, nənəmin atası öz gözləriylə görübmüş o hurini.
Səhər tezdən bir xatun qaça-qaça özünü salıb döngənin başına, əllərini qaldırıb havaya, sonra da ağaca dönüb...

Taksidən düşüb nar ağacına yaxınlaşdım. Sonra çevrilib ona baxdım. Əllərini cibinə salıb sağa-sola boylanırdı. Deyəsən, nar ağacını görmürdü.

- Budu? - Bir-iki dəqiqədən sonra arxadan səsi eşidildi.

- Oxşamır? - Çevrildim.

Gülümsədi, heç nə demədi.

Çox sonralar mənə etiraf etdi ki, o qurumuş kol-kosu, budaqlardan sallanan rəngi qaçmış, bozumtul lentləri görəndə gülməmək üçün özümü zorla saxlamışdım. Sənin danışdığın nar ağacı hara, o quru kol-budaq hara?!

Həyatımızdakı insanlar da belədi. Sehri də, əfsunu da, eşqi də, doğmalığı da sənin içindəki qədərdi, sənin boyadığın rəngdədi.

Ona görə də heç kimə izah edə bilməzsən ki, filankəsi nəyə görə sevirsən...

Sən mənim nar ağacımsan...

Rənginlə, əfsununla beynimin bir küncündə bitib, gecələr insana çevrilən nar ağacım...

# 880 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #