#

Erməni qadın azərbaycanlı kişini necə xilas elədi?

Erməni qadın azərbaycanlı kişini necə xilas elədi?
22 may 2013
# 15:16

Yaxın tarixdə, 1988-ci ildə alovlanan Azərbaycan-Ermənistan münaqişəsi Cənubi Qafqazda yaşayan iki xalqın – azərbaycanlılar və ermənilərin arasında keçilməz bir sədd çəkdi. Münaqişənin episentri Dağlıq Qarabağa görə iki respublika arasında baş verən siyasi gərginlik, daha sonra müharibə region üçün sağalmaz yaralar vurdu. Zənnimcə, müharibəni ilk kimin başlaması haqda mübahisə yersizdir...

Ermənilər “ağır məşəqqətdən” sonra, milyonlarla insanın ağrı-acısı üzərindən hava, su kimi istədikləri Qarabağa “qovuşdular”. Gəlin, “qovuşma”ya aparan yolun əvvəlinə qayıdaq.

1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin Soveti vilayətin Azərbaycan SSR-dən ayrılmasını və Ermənistan SSR-ə birləşdirilməsi qərarından sonra münaqişənin ilk qurbanları - Əli Hacıyev və Bəxtiyar Quliyev həlak olur.

İki gəncin ölümü Ağdam camaatını ayağa qaldırır. Xankəndində ermənilərlə haqq-hesab çürütmək istəyən ağdamlıların qarşısı kəsilir. Kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı, üç dəfə “Lenin” ordeni almış Xuraman Abbasova örpəyini qəzəblənmiş kütlənin qarşısına ataraq ağdamlılara “DUR!” deməyə özündə güc tapır. İdarə olunmaz kütlə bu addımdan sonra hücumdan imtina edir.

Məlum faktla tanış olandan sonra görkəmli rus şairi Yevgeni Yevtuşenkonun şeir həsr edib təqdir etdiyi Xuraman Abbasovanı özlüyümdə dəfələrlə qınamışam. Düşünmüşəm ki, ermənilərin viran qoyduğu Ağdamın sakinləri nəyin bahasına olursa-olsun Xankəndinə getməli, ermənilərə yerlərini göstərməli idi. Nahaq yerə Xuraman Abbasova örpəyini ayaqlar altına atıb. Ermənilər onlara dərs vermək fikrinə düşən ağdamlıların, qarabağlıların, bir sözlə azərbaycanlıların qanı ilə Qarabağı selə qərq etdilər. Bəlkə, ağdamlıların yürüşü vəziyyətin gedişini bizim xeyrimizə dəyişə bilərdi. Bəlkə də, Xuraman Abbasova örpəyini başından açmasaydı vəziyyət daha da dramatik olardı. Bəlkələr çoxdur. Nə isə...

Dünən saytımızda yuxarıdakı faktla bağlı Yevtuşenkonun Xuraman Abbasovaya həsr etdiyi şeiri oxuyan tanış biri Tbilisiyə gedən zaman avtobusda bənzər bir situasiyaya qulaq şahidliyi etdiyini dedi.

Oxuyacağınız hadisə qonşu Gürcüstanda yaşanıb, hadisənin “qəhrəmanı” isə Kvemo-Kartli (Borçalı) regionunda yaşayan azərbaycanlıdır.

Haqqında nəql edəcəyim kuryoz əhvalatın “qəhrəman”ı becərdiyi göyərtini paytaxt Tbilisidə satmaqla ailəsini dolandırırmış. Növbəti iş səfəri zamanı soydaşımız işini bitirəndən sonra boğazını yaşlamaq üçün özünü şəhərdəki xəngəlxanalardan birinə verir. Xəngəldən yeyib, çaxırdan içən qardaş şərabın təsirindən sərməst olur. Vəziyyəti fışqırıq çalan qardaş hesabı ödəyərək yellənə-yellənə yola düzəlir.

Kəndə qayıtmaq üçün qarşısına çıxan ilk taksiyə əyləşən soydaşımızın bəxtindən, daha doğrusu bəxtsizliyindən maşında erməni milliyyətinə mənsub iki qardaş da olur. Qarşılarındakı sərxoşun azərbaycanlı olduğunu yəqin edən ermənilərin “erməni damarı” tutur və onlar özündə olmayan azərbaycanlıya yaxşıca toy tutmaq qərarı verirlər.

Beləliklə, maşını birbaşa yaşadıqları evə döndərirlər. Fors-major vəziyyətlə üzləşən, içkidən ayılmayan çağırılmamış qonağı çaxıra “qonaq” edən ermənilər azərbaycanlını təpikləməyə başlayır və onu “Qarabağ kimindir” sualına cavab verməyə məcbur edirlər.

Çaxır dənizində üzən, dirəniş göstərməyə taqəti belə olmayan azərbaycanlı “Qarabağ ermənilərindir” deməklə çulunu sudan çıxarmağa çalışır. Burda bir haşiyə çıxmağa məcburam. Soydaşımızın “Qarabağ ermənilərindir” cavabı sizləri sarsıtmasın. Biz adətən, erməni əlinə düşən vətəndaşlarımızın gözlənilən sualına “Qarabağ Azərbaycanındır” cavabını eşitmişik. Odur ki, bu cavaba necə və nə cür cavab verməsi hər bir insanın vicdanına bağlı olan məsələdir. Digər tərəfdən, insanları belə söhbətlərə görə qınamağın da tərəfdarı deyiləm.

Hə, nə başınızı ağrıdım, köməksiz vəziyyətdə olan azərbaycanlının köməyinə qardaşların anası gəlir. Soydaşımıza qahmar çıxan erməni ana örpəyini oğlanlarının ayaqları altına atır ki, türkə, azərbaycanlıya, müsəlmana (seçimi özünüz edin) toxunmayın, amanın bir günüdür. Örpək qarşısında baş əyən qardaşlar “qonağı” analarının müşayiəti ilə yaşadığı kəndə gətirirlər. Vəziyyəti ürəkaçan olmayan soydaşımız indi necədir, nə işlə məşğul olur bu haqda heç nə deyə bilmərəm. Mən, Xuraman Abbasovaya həsr olunmuş şeiri oxuyanda buna bənzər bir əhvalatı xatırlayan birinin dediklərini heç bir patetikasız-filansız yazdım.

Bəli, bir erməni qadın, bir erməni ana Xuraman Abbasova kimi hərəkət edib, örpəyini oğlanlarının ayaqları altına sərib. Həmin erməni ananın atdığı addım gecikmiş də olsa, hər halda təqdirə layiqdir. O ananın örpəyi bir insanın həyatını xilas edib.

Əgər bu hadisə 25 il əvvəl olsaydı... 25 il əvvəl bir qrup erməni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün ayağa qalxıb silaha əl atanda bu erməni analardan biri qabağa çıxıb Xuraman Abbasova kimi örpəyini kişilərin ayaqları altına sərsəydi onda nə bu qanlı müharibə olardı, nə də bu qədər günahsız qanlar tökülərdi.

Onda... 25 il əvvəl... Bu gün bir azərbaycanlının bir-iki başıpozuq cinayətkar ünsürün qurbanı olmasını istəməyən bu anadan cəmi bircə nəfər olsaydı, cəmi bircə nəfər cəsarətli ana tapılsaydı, onda bizim bu balaca regionumuz da cəhənnəm yox, bəlkə də cənnət olardı. Axı bu cənnət deyilən yer də anaların ayağı altındadı...

# 4943 dəfə oxunub

Müəllifin son yazıları

# # #