Xalq yazıçısı və şairlərinin regional bölünməsi

Xalq yazıçısı və şairlərinin regional bölünməsi
13 dekabr 2012
# 08:00

Azərbaycan Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) sədr postu və ittifaqa nəzarət uğrunda mübarizə aparan qüvvələr hər fürsətdə istər açıq, istərsə də gizli şəkildə region amilindən istifadə etməyə çalışıblar. Və zaman-zaman da bu kartdan məharətlə yararlanıblar.

Xalq yazıçıları Mehdi Hüseyn və Süleyman Rəhimov qarşıdurmasında ikincinin başçılıq etdiyi cəbhənin qazaxlıların Yazıçılar Birliyində və ədəbi cameədə hökmranlığına qarşı ciddi-cəhdlə apardığı mübarizə çoxlarına aydındır. Kulis.az saytında bu günlərdə dərc olunmuş “Regionların böyük ədəbiyyat savaşı” sərlövhəli araşdırmada onların münasibətlərinə ətraflı toxunulub.

Xalq Yazıçısı İsa Hüseynov da bu yaxınlarda Kulis.Az-a verdiyi müsahibəsində “qazaxlıların alığını aşırmaq” istəyən Süleyman Rəhimovu özünün ən böyük düşməni hesab etdiyini və təzyiqlər qarşısında Mehdi Hüseynin onu müdafiə etdiyini söyləmişdi.

Görəsən ittifaqa sədr seçiminin, fəxri adların verilməsinin kökündə əndazəni aşmış yerlibazlıq, yoxsa istedad dayanırdı? Hər halda bu sualın cavabını bir oxucular, bir də allah bilir. Yazıçılar Birliyinə sədrlik etmiş, Xalq Yazıçısı və Xalq Şairi fəxri adı ilə təltif olunan qələm adamlarının regionlar üzrə bölgüsünü aparmaqla yuxarıdakı suala cavab tapmaq niyyətim yoxdur. Bu təsnifatla sadəcə hansı regionun ədəbiyyatımızda daha ağır çəkiyə malik olduğunu aydın təsəvvür etmək olar. Qeyd etməliyəm ki, bölgüdə şair və yazıçıların anadan olduğu yer əsas götürülüb.

1934-cü ilin iyunun 13-də Azərbaycan yazıçılarının I qurultayında yaradılan Azərbaycan Yazıçılar İttifaqına sədrlik etmiş 10 nəfərdən dördü qazaxlıdır – Seyfulla Şamilov, Səməd Vurğun, Mehdi Hüseyn və İsmayıl Şıxlı. Bakı-Şirvan regionundan isə sədrlik postunda əyləşənlər Rəsul Rza, İmran Qasımov və Anar olub. Dərbənd, Qubadlı, Cənubi Azərbaycandan isə müvafiq olaraq Məmmədkazım Ələkbərli, Süleyman Rəhimov və Mirzə İbrahimov ittifaqa rəhbərlik ediblər.

Xalq yazıçısı və şairlərinin çoxluğuna görə isə Bakı-Şirvan regionu birinci yerdədir. 24 Xalq Yazıçısı və 19 Xalq Şairindən 21-i Bakı-Şirvan regionunun payına düşür: Xalq Yazıçıları - Yusif Səmədoğlu, Anar, Elçin, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Çingiz Abdullayev, Əzizə Cəfərzadə, Hüseyn Abbaszadə, Qılman İlkin, İmran Qasımov.

Xalq Şairləri - Vaqif Səmədoğlu, Süleyman Rüstəm, Qabil, Nəbi Xəzri, Balaş Azəroğlu, Məmməd Rahim, Rəsul Rza, Ənvər Məmmədxanlı (Göyçay), Fikrət Qoca (Ağdaş), Xəlil Rza Ulutürk (Salyan), Əbülhəsən (Şamaxı).

İkinci yerdə isə 10 fəxri adla qərb regionu gəlir. Bu 10 nəfərdən 8-i qazaxlıdır. Xalq Şairləri - Nigar Rəfibəyli (Gəncə), Zəlimxan Yaqub (Borçalı), Səməd Vurğun, Hüseyn Arif, Osman Sarıvəlli, Nəriman Həsənzadə, Mirvarid Dilbazi. Xalq Yazıçıları - Mehdi Hüseyn, İsmayıl Şıxlı və İsa Hüseynov (hamısı Qazax).

Qarabağ regionundan 4 nəfər Xalq Yazıçısı adına layiq görülüb: Süleyman Rəhimov (Qubadlı), İlyas Əfəndiyev (Füzuli), Sabir Əhmədli (Cəbrayıl) və Bayram Bayramov (Ağdam).

Cənubi Azərbaycandan 3 ədəbiyyat xadimi fəxri ad alıb: Xalq Yazıçısı - Mirzə İbrahimov.

Xalq Şairləri - Söhrab Tahir və Həkimə Billuri.

Naxçıvandan Əkrəm Əylisli və Hüseyn İbrahimova Xalq Yazıçısı, Məmməd Araza Xalq Şairi adı verilib.

Şimal regionundan Bəxtiyar Vahabzadə (Şəki) və Cabir Novruz (Xızı), Cənubdan Sabir Rüstəmxanlı (Yardımlı) Xalq Şairi, Gülhüseyn Hüseynoğlu (Masallı) isə Xalq Yazıçısı adı ilə təltif olunublar.

Ermənistanda anadan olan iki Xalq Yazıçımız var: Əli Vəliyev və Mövlud Süleymanlı.

# 2699 dəfə oxunub

Müəllifin son yazıları

# # #